AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Viza probleminin asan həlli

Viza probleminin asan həlli

İqtisadiyyat
03 İyun 2016, 11:27 1863
Vətəndaşlara xidmətdə şəffaflığı və çevik mexanizmi Asan Xidmətin timsalında görməkdəyik. Hansı sahədə çətinliklərlə üzləşirdiksə və həll yolunu Asan Xidmətə tapşırmaqda görürük. Bu günlərdə daha bir xidmət "Asan”a həvalə edildi.

Belə ki, Prezident İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir, "ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

"ASAN Viza” böyük uğur gətirəcək”

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov "ASAN Viza” sisteminin təsis edilməsi ilə bağlı jurnalistlərə açıqlama verib. Bildirib ki, sərəncama əsasən, bütün vizaların alınması vahid portal vasitəsilə həyata keçiriləcək. Xarici vətəndaşlar, turistlər Azərbaycana gəlmək istədikləri təqdirdə "ASAN Viza" portalına müraciət edəcəklər. Portalda bütün sənədlər, zəruri informasiyalar təqdim ediləcək və vizanı da həmin portaldan elektron formada, e-maillərinə təqdim edilməklə almaq mümkün olacaq. Yəni heç bir dövlət və özəl quruma müraciət etmədən onlayn qaydada vizanı əldə edəcəklər.
İ.Kərimov deyib ki, Xarici İşlər Nazirliyi tərəfindən elektron viza ala biləcək ölkələrin siyahısı müəyyənləşdiriləcək. Siyahısı müəyyən edilən ölkələrin vətəndaşlarına elektron viza veriləcək: "Əlbəttə, digər viza alma prosedurları da öz qüvvəsində qalır. Vizanın verilməsi 3 gün ərzində həyata keçiriləcək və bu prosesə Xarici İşlər Nazirliyi tərəfindən diqqət yetiriləcək. Çox qısa müddət ərzində elektron vizanı tətbiq edəcəyik”.
Bu dəyişikliyə beynəlxalq reaksiya da müsbət olub. Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması haqqında fərmanını təqdirəlayiq hesab edirlər: "Bu fərman çox böyük əhəmiyyətə malikdir. Avropa İttifaqı ölkələrindən Azərbaycana turist axının çoxalmasına şərait yaradacaq. Bildiyiniz kimi, bu yaxınlarda Aİ-Azərbaycan biznes forumu keçirilib. Forumda qeyd olunan məsələlərdən biri də viza prosedurlarının sadələşdirilməsi idi. Bu baxımdan, hesab edirəm ki, "ASAN Viza" böyük uğur gətirəcək”.

VİZA probleminin qısa zamanda, asan həlli

Millət vəkili Fazil Mustafa qəzetimizə açıqlamasında bildirdi ki, bu qərarı bütövlükdə viza alanların vəziyyətini yüngülləşdirmək üçün atılan addım hesab etmək olar: "Asan Xidmətin təcrübəsi ortadadır. Ölkədə idarəetmədə kifayət qədər çevik mexanizm yaranmasına xidmət edir. Korrupsiyadan uzaq xidmət anlayışına sahibdirlər. Bu da imkan yaradır ki, bu qurum vasitəsilə digər sahələrdə olan müəyyən çətinliklər ortadan qaldırılsın. Verilmiş qərar vizaların verilməsi sahəsindəki problemlərin müəyyən qurumların koordinasiyası və ASAN-ın da himayəsi altında daha asan və qısa müddətdə həllinə imkan yaradacaq.
Ümid edirəm ki, bu sahədə insanların indiyə qədər rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün müsbət irəliləyişlər olacaq. Çünki burada da müəyyən süründürməçilik və digər mənfi hallar ola bilirdi”.
Millər vəkili qeyd etdi ki, viza məsələsində sadələşdirilmə həm də ölkəyə turistlərin gəlməsi baxımından da önəmlidir: "Bu dəyişiklik xaricilərin bu prosedurdan daha rahat keçmələrinə şərait yaradacaq. Viza məsələlərinə çətinlik insanlarda narahatlıq yaradır. Tezliklə viza məsələsinin həll olunması turizm məsələsində də ümumi işin xeyrinə olacaq”.  

Daha çox turist cəlb etmək məqsəddirsə...

Azərbaycan Turizm və Menecment Universitetinin prorektoru Eldar Aslanov bildirdi ki, vizaların verilməsi sahəsindəki dəyişiklik ölkəmizə turist axınına müsbət təsir göstərəcək: "Bu çox düzgün və yerində atılmış addımdır. Ölkədə baş tutan tədbirlər, uzun illərdir aparılan siyasətin nəticəsi kimi Azərbaycanda turizmin həm bu il, həm də qarşıdan gələn illərdə ciddi inkişafını gözləyirik. Belə bir dövrdə viza rejimində yaranacaq və yaşanan problemlər bizim ziyanımıza ola bilərdi.
Elektron vizanın tətbiqi və bunun ASAN Xidmət xətti ilə edilməsi təqdirəlayiq addımdır. Məncə, ASAN bir Azərbaycan markasıdır. Hamımız bir vətəndaş kimi onların təqdim etdikləri xidmətlərdən yararlanırıq və sosial xidmətlər sahəsində nə qədər çevik, effektli iş rejimi qurduqlarını görürük. Elektron vizanın xidmətə verilməsi xarici turistlərin qarşılaşdıqları problemlərin həllinə gətirib çıxaracaq”.
E.Aslanov deyir ki, daha çox ölkədən və daha çox turist cəlb etmək məqsəddirsə, viza almağın sadəliyi əsas şərtlərdən biridir: "İstənilən turistin bəyəndiyi ölkəyə getməsi üçün qərar verməsinə məsafənin, nəqliyyatın və vizanın çox ciddi təsiri var. Əgər viza rejimi mürəkkəbdirsə, uzun zaman alırsa, yorucu olursa, bu, insanları sevdikləri ölkələrə getməkdən yayındıra bilər. Bizdə yerli və beynəlxalq mütəxəssislər də bu problemi qaldırırdılar ki, Azərbaycana viza verilməsi zamanı rastlaşılan problemlər həmin ölkələrdən qrup halında turist gəlməsinə maneçilik törədir. Sözsüz ki, belə bir addım atılması da buna dəlalət edir ki, viza verilməsi sistemində bir islahat edək. Yəni islahata ehtiyac yarandığı üçün bu addım atılıb”.
E.Aslanov qeyd etdi ki, qonşu ölkələrdəki geosiyasi vəziyyət, dünyada yeni iqtisadi reallıqlar, Azərbaycan manatının kursunun avro və dollara qarşı ucuzlaşması ölkəmizə turist axınına pozitiv təsir edən amillərdir: "Onların sırasına isə viza sistemindəki dəyişikliyi də əlavə etdikdə, bu, daha yaxşı nəticələr əldə etməyə imkan verəcək. Nəinki turist axınının çox olacağını görəcəyik, artıq elə şəhərə çıxanda bunu artıq görürük”.

Məmnunluq yaradan xidmət

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirdi ki, Azərbaycan ölkəyə daha çox turist cəlb etmək istəyir. Bunun üçün isə elektron vizanın tətbiqinə ehtiyac var idi: "Biz o ölkələrdənik ki, dünyanın bütün yerlərində səfirliyimiz yoxdur. Amma ölkəmizə daha çox turist cəlb etmək istəyirik. Azərbaycanın gözəl təbiəti, şəhərləri var. Həm də bir çox beynəlxalq tədbirlərə, yarışlara ev sahibliyi edirik. Elektron viza artıq qanunvericiliyə daxil olub. İndi bu xidmətin həyata keçirilməsinin ASAN-a həvalə edilməsi tam məntiqlidir. ASAN-ın göstərdiyi xidmət proseslərin asan, şəffaf olması ilə fərqlənir. Viza məsələsinin ASAN Xidmətə həvalə edilməsi bizim uğurumuz olacaq. Bu dəyişiklik ölkəmizə gəlmək istəyənlərin sayına təsir göstərəcək”.
S.Məmmədov deyir ki, bu dəyişiklik ölkəyə gələn turistlərin sayına təsir göstərəcək. Amma daha önəmli məqam xaricilərin ölkəmizə gəlmək üçün göstərilən xidmətlərdən məmnun qalmasıdır: "Biz özümüz də xaricə gedirik. Qayıdanda ya məmnun oluruq, ya da narazı qalırıq. Məmnun qaldığımız ölkəyə fürsət olan kimi bir də gedirik. Narazı qaldığımıza isə əlacsız qalanda üz tuturuq. Biz məmnunluq yaratmaq istəyirik. Necə ki vətəndaşlara ASAN Xidmətdən çıxanda məmnun çıxırlar, bu dəyişiklikdə də onu gözləyirik. Avstraliya kimi ciddi, sərhədlərini mühafizə edən ölkə belə çoxdan elektron viza sisteminə keçiblər. Bəzi ölkələrin elektron viza ilə bağlı böyük təcrübələri var. Biz isə bu dəyişikliklə onlardan bir addım irəli oluruq”.

Aygün Asimqızı