• şənbə, 27 Aprel, 05:49
  • Baku Bakı 14°C

“Vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi növbəti dəfə nümayiş olundu”

06.07.18 19:02 2078
“Vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi növbəti dəfə nümayiş olundu”
İyulun 3-də Mingəçevir şəhərində fəaliyyət göstərən ən böyük İstilik Elektrik Stansiyasının (İES) 6-cı enerji blokunda partlayış baş verib, yanğın törəyib. Həmin blok enerji istehsalı ilə məşğul olduğundan və paylayıcı stansiyalara enerji ötürdüyündən, hadisə nəticəsində respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranıb. İyulun 4-də prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətə dair müşavirə keçirilib. Müşavirədə çıxış edən dövlət başçısı Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza nəticəsində ölkəmizin enerji təchizatında ciddi problemlər yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, görülmüş operativ tədbirlər nəticəsində bir neçə saatdan sonra enerjinin verilməsi bərpa edilib, məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb. Komissiya qarşısında bir neçə vəzifə qoyulduğunu xatırladan ölkə başçısı deyib ki, onların arasında əsas vəzifə məsələni araşdırmaqdan və qəzanın səbəblərini aşkar etməkdən, gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamaqdan ibarətdir.Prezident İlham Əliyev xüsusilə vurğulayıb ki, iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır. O, baş vermiş hadisədə günahı olan bütün insanların müəyyən edilməsini və cəzalandırılmasını tapşırıb. Prezident yanında keçirilən müşavirə, orada səslənən fikirlər, enerji sistemindəki çatışmazlıqlar, Gəncədəki terror aktı, xalq-iqtidar birliyi və sair məsələlərlə bağlı "Kaspi”nin suallarını millət vəkili, politoloq Elman Nəsirov cavablandırır.
- Elman müəllim, ilk öncə Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş verən qəza və onun aradan qaldırılması üçün həyata keçirilən tədbirlərlə bağlı münasibətinizi öyrənmək istərdik.
- Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəzadan sonra ölkənin energetika sahəsində böhran yaşandı. Lakin müvafiq qurumların proseslərə müdaxiləsi nəticəsində bu, uzunmüddətli olmadı. Ümumilikdə görülmüş işlər nəticəsində paytaxt Bakı da daxil olmaqla, Azərbaycanın digər ərazilərinə elektrik verilişi bərpa olundu, həyatın bütün sahələrində normal iş fəaliyyəti yenidən öz ahəngində davam etdirildi. Hadisədən dərhal sonra Prezidentin mətbuat xidməti məlumat yayaraq, məsələnin dövlət başçısının daim nəzarətində olduğunu bəyan etdi. Bununla yanaşı, prezidentİlham Əliyev "Azərbaycan İstilik Elektrik Stansiyası”nın yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzaladı. Komissiyaya baş nazirin birinci müavini sədr, energetika naziri sədr müavini təyin edildi. Komissiyanın tərkibinə daxili işlər, fövqəladə hallar nazirləri, Baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, "Azərenerji” ASC-nin prezidenti, "Azərişıq” ASC-nin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru daxil edildi. Dövlət Komissiyasının qarşısında dayanan əsas vəzifə hadisənin baş verməsi səbəblərini araşdırmaq və bu barədə Prezidentə məlumat vermək idi. Eyni zamanda, bu komissiya qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirməli və həyata keçirməli, görülmüş işlər haqqında dövlət başçısına mütəmadi məlumat verməlidir. Bununla yanaşı, Baş Prokurorluq baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri ilə birlikdə təxirəsalınmaz istintaq tədbirləri həyata keçirəcək. Son olaraq isə iyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətə dair müşavirə keçirildi, dövlət başçısının sərəncamı ilə yaradılmış komissiyaya daxil olan şəxslərin məruzələri dinlənildi. Ümumi olaraq gəlinən qənaət budur ki, Mingəçevirdəki "Azərbaycan İstilik Elektrik Stansiyası”nda baş vermiş qəzaya həm əlaqədar qurumlar, həm də hökumət və dövlət rəhbərliyi çevik reaksiya verib. Bunun nəticəsində hadisənin fəsadları tez bir zamanda aradan qaldırılıb, Azərbaycanın uzunmüddətli qaranlığa qərq olmasının qarşısı alınıb.
- Prezidentin yanında keçirilən müşavirədə ölkənin enerji sistemindəki vəziyyət təhlil olundu, Mingəçevir İES-də baş verən qəzanın səbəbləri barədə fikirlər bildirildi. Orada qaldırılan məsələlər barədə nə deyə bilərsiniz?
- Bir qədər əvvəl vurğuladığım kimi, iyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətə dair müşavirə keçirildi. Bu müşavirədə "Azərbaycan İstilik Elektrik Stansiyası”da baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası üzvləri ayrı-ayrılıqda hesabatla çıxış etdilər. Müşavirənin keçirilməsində başlıca məqsəd qəzanın səbəblərini, nəticələrini araşdırmaqdan, bundan irəli gələn məsələlərin müzakirəsindən ibarət idi. Dövlət başçısı İlham Əliyev son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulduğunu vurğuladı. Diqqətə çatdırıldı ki, son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilib, 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Bunun nəticəsində Azərbaycanın hazırkı enerji potensialı 6400 meqavata çatdırılıb. Bunun 2500 meqavatı son 15 il ərzində yaradılıb. Ölkə başçısı Azərbaycanın bütün bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Astara, Xaçmaz, Şəki, Quba rayonlarında yeni elektrik stansiyalarının tikildiyini, həmçinin su elektrik stansiyalarının yaradıldığını söylədi. O qeyd etdi ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin deyə, mühüm işlər görülsə də, bir qəza nəticəsində bütün enerji sistemi sıradan çıxıb. Dövlətimizin başçısı bu məsələnin çox ciddi suallar yaratdığını vurğuladı. O, bu suallara cavab verilməsinin zəruriliyini bildirdi. Dövlət Komissiyasından tələb edildi ki, bu suallara tezliklə cavab tapılsın, ciddi araşdırma aparılsın, indiki vəziyyəti şərtləndirən amillər üzə çıxarılsın. Prezident müşavirədəki çıxışında birmənalı olaraq bildirdi ki, ciddi araşdırmaların aparılması nəticəsində günahkarlar müəyyən edilərək məsuliyyətə cəlb olunmalıdır. Prezident İlham Əliyev yaranmış gərginlik fonunda əhalinin göstərdiyi mövqeyə, səfərbər olmuş cəmiyyətə, vətəndaş həmrəyliyinə və dövlət başçısının siyasi kursunu dəstəklədiyinə görə xalqımıza minnətdarlığını bildirdi. O, baş verənlərin eyni zamanda sınaq olduğunu və Azərbaycan xalqının bu sınaqdan şərəflə çıxdığını dilə gətirdi. Bu, bizim böyük nailiyyətimizdir. Bununla yanaşı, dövlət başçısı hadisə baş verən sektora görə məsuliyyət daşıyan məmurları kəskin tənqid etdi. Bildirdi ki, onların səhlənkarlığı ucbatından bu qəza baş verib. Nəticədə bu isti havada insanlara əziyyət verilib, iqtisadiyyata böyük ziyan vurulub. Bütün bunlar prezidentin baş verənləri şəxsən nəzarətdə saxladığını növbəti dəfə nümayiş etdirdi. Qeyd olundu ki, Dövlət Komissiyası xüsusi tədbirlər planı hazırlamalı, Azərbaycan xalqı gələcəkdə bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özünü qoruya bilməlidir.
- Prezidentin də söylədiyi kimi, Azərbaycan xalqı bu sınaqdan da şərəflə çıxdı. Lakin bu hadisələrdən şəxsi maraqları üçün yararlanmağa çalışanlar, bulanıq suda balıq tutmaq istəyənlər də tapıldı. Onlarla bağlı nə demək istərdiniz?
- Yaranmış vəziyyətdən bəzi radikal siyasi ünsürlər öz mənfəətləri üçün istifadə etməyə də çalışdılar. Onlar Azərbaycanda vətəndaş itaətsizliyi formalaşdırmaq üçün cəhdlər göstərdilər. Hətta texniki səbəbdən törənən qəzaya siyasi don geyindirmək, manipulyasiya etmək istədilər. Belələri baş vermiş hadisəyə görə insanları siyasi hakimiyyətə etiraz etməyə səslədilər. Məqsədləri bu idi ki, insanların düşdüyü çətin vəziyyəti siyasi məqsədlər üçün vasitəyə çevirsinlər. Hər zaman olduğu kimi, bu dəfə də onların bu arzuları ürəklərində qaldı. Azərbaycan xalqı birlik-bərabərlik nümayiş etdirdi, dövlət başçısının da vurğuladığı kimi, bu sınaqdan şərəflə çıxdı. Vətəndaş həmrəyliyi, xalq-iqtidar birliyi növbəti dəfə nümayiş olundu. Elə buna görə də baş vermiş qəza hadisəsi artıq arxada qalıb, həyat öz axarına qayıdıb. Eyni zamanda, bu hadisənin baş verməsi enerji sektorundakı bəzi problemləri bizim diqqətimizə çatdırdı. Prezident də müşavirədə bu məsələ üzərində dayanaraq vurğuladı ki, strateji obyektlərin generatorla təmin olunması məsələsi həllini tapmalıdır. Ümidvarıq ki, tezliklə Dövlət Komissiyasının yekun rəyi bilinəcək və baş vermiş hadisədə günahı olan şəxslər məsuliyyətə cəlb olunacaqlar.
- Elman müəllim, Mingəçevirdəki hadisənin ardınca Gəncə şəhərində icra hakimiyyətinin başçısına sui-qəsd oldu. Bu hadisəni təsadüfi saymaq olarmı?
- Cinayətkar elementlər hər zaman öz əməllərini həyata keçirmək üçün münbit şərait axtarırlar. Baş Prokurorluq,Daxili İşlər Nazirliyivə Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda göstərilir ki, Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd edən Yunis Səfərovun radikal dini qruplaşmalarla sıx əlaqəsi olub. Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən, əvvəlcədən planlaşdırılmış terror aktıdır. Araşdırmalar nəticəsində aydın olub ki, o, 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşayıb və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgəSuriyaƏrəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib. Yəni, bu adam terrorçu olub, terrorçuların yanında döyüş təlimləri keçib. Hətta onların Azərbaycanda şəriət dövləti yaratmaq barədə iddiaları olub. Fikir versəniz, sosial şəbəkələrdə Yunis Səfərovu müdafiə edənlər onun dini təəssübkeşliyini qabardırlar. İddia edirlər ki, guya o, bu addımı İmam Hüseyn yolunda atıb. Beləliklə də terrorçunun əməlinə dini-siyasi don geyindirməyə çalışırlar. Belə çıxır ki, bu adamlar Azərbaycanda yaşanan qısamüddətli enerji böhranı, vətəndaşların üzləşdiyi bir günlük çətinlik fonunda ümumilikdə əhalidə narazılıq formalaşdırılacağını proqnozlaşdıraraq, məhz həmin dövrə sui-qəsd cəhdini salıblar. Qanuni hakimiyyətə, onun nümayəndəsinə silahlı hücum gerçəkləşdirməklə ölkədə xaos yaratmaq istəyiblər. Başlıca hədəfləri Azərbaycanın konstitusion quruluşunu dəyişərək şəriət dövləti yaratmaq olub.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər