• cümə axşamı, 28 mart, 18:39
  • Baku Bakı 13°C

Vergi Məcəlləsinə edilən dəyişikliklərin hansı əhəmiyyəti var?

20.11.19 10:30 1254
Vergi Məcəlləsinə edilən dəyişikliklərin hansı əhəmiyyəti var?
Ekspertlər deyir ki, məsuliyyətli vergi ödəyiciləri daha çox güzəşt əldə edəcək, gizli iqtisadiyyatın miqyası kiçiləcək
Bu günlərdə Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, dəyişikliklər haqqında məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Vergi Məcəlləsinə bu dəfə edilən dəyişikliklər əhatəsinə, miqyasına görə Azərbaycan tarixində ən mühüm dəyişikliklərdir. Onun sözlərinə görə, Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur ki, bu da Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bəs görəsən Məcəlləyə edilən bu dəyişikliklərin hansı əhəmiyyəti var? Vergi ödəyiciləri bu dəyişikliklərə adaptasiya ola biləcəkmi?
İqtisadçı alim Vüqar Bayramov söylədi ki, Vergi Məcəlləsinə edilən dəyişikliklər bir sıra sahələri əks etdirir: "İlk növbədə dəyişiklikdə tətbiq edilən vergi müddətinin uzadılması nəzərdə tutulub. Eyni zamanda, dəyişikliyə əsasən sənaye parklarında fəaliyyət göstərən şəxslər də vergi hüququ əldə edəcək. Bu baxımdan vergi güzəştlərinin müddət və dairəsinin genişləndirilməsi müsbət qərardır. Sahibkarların bu güzəştdən istifadə etməsi baxımından da vacib məsələdir. Sahibkarlar bu güzəştlərdən daha çox istifadə etməklə öz fəaliyyətlərini genişləndirə biləcək. İndiki halda bu çox vacib və qarşıya qoyulan prioritetlərdən biridir. Eləcə də vergi nəzarətinin gücləndirilməsi mühüm məqamlardan biridir. Nağdsız hesablaşmaların tətbiqi dairəsinin genişləndirilməsi ilə bağlı məsuliyyətin artırılması ilə nağdsız hesablaşmalardan və post-terminallardan daha çox istifadəyə nail olunacaq. Bu kontekstdən yanaşdıqda, vergi nəzarətinin gücləndirilməsini müşahidə edəcəyik. Bütün bunlar xüsusilə vergi mədəniyyətinin formalaşması baxımından əhəmiyyət daşıyır. Dəyişikliklər daha məsuliyyətli vergi ödəyicilərinin daha çox güzəşt əldə etməsinə və dövlət tərəfindən dəstəklənməsinə imkan verəcək. Edilən dəyişikliklərdə həm fiziki, həm də hüquqi şəxslərin fərqli güzəşt mexanizmlərindən istifadəsinə imkan yaradılıb. Bu da nəticə etibarı ilə vergi yükünün azaldılması və vergi xidmətlərinə çıxış imkanları baxımından vacibdir. Smart post-terminalları ilə bağlı uzun müddətdir müzakirə olunan yeni sistemin gələn ildən tətbiq olunacağı gözlənilir. Bu da plastik kartlar vasitəsi ilə ödəniş edən vətəndaşlarımızın bonuslar əldə etməsinə imkan verəcək ki, beləliklə, gizli iqtisadiyyatın miqyası kiçiləcək. Məcəlləyə edilən dəyişikliklər vətəndaşların bonus sistemindən daha çox istifadəsinə və praktiki olaraq leqal iqtisadiyyatın təşviq olunmasına imkan yaradacaq. Vergi ödəyicilərinin bu dəyişikliklərə adaptasiyası, düşünürəm ki, çətin olmayacaq. Çünki edilən dəyişiklərin böyük bir qismi vergi güzəştlərini əhatə edir”.
İqtisadçı millət vəkili Azər Badamov bildirdi ki, Vergi Məcəlləsinə mütəmadi olaraq dəyişikliklər həyata keçirilir: "2018-ci ilin sonunda məcəlləyə 200-ə yaxın dəyişiklik edildi. 2019-cu ildə biz bu dəyişikliklərin müsbət nəticələrinin şahidi olduq. 10 ay ərzində vergi və gömrük xidmətindən dövlət büdcəsinə 850 milyon manatdan çox əlavə vəsait daxil olub. Bu göstərici struktur islahatlarının və edilən dəyişikliklərin nəticəsi kimi dəyərləndirilə bilər. Şəffaflığın təmin olunması nəticəsində böyük uğurlar əldə olunub. Bu il də məcəlləyə yenidən dəyişiklik edildi. Əsas məqsəd kölgə iqtisadiyyatının aradan qalxmasına və şəffaflığın tam təmin olunmasına nail olmaqdır. Sahibkarla vergi münasibətləri yeni bir əməkdaşlıq səviyyəsinə keçəcək. Bu dəyişikliklər nəzarətin güclənməsinə və vergidən yayınmaların qarşısını almağa imkan yaradacaq. Bununla yanaşı, beynəlxalq transmilli şirkətlərin fəaliyyətinə nəzarət daha da yaxşılaşacaq. Beləliklə, ölkəmizdə vergi siyasətinin daha dolğun və dəqiq həyata keçirilməsinə töhfə verəcək”.
İqtisadçı ekspert Rəşad Həsənov qeyd etdi ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi Azərbaycan iqtisadiyyatının inkişafı və biznes mühitini daha da yaxşılaşdırmaqdır: "Ümumiyyətlə götürdükdə, mühitin daha da optimallaşdırılmasına ehtiyac var. Amma təcrübə göstərir ki, belə dəyişikliklərin tez-tez həyata keçirilməsi sahibkarlar üçün müəyyən çətinliklər yaradır. Kütləvi dəyişikliklər uzun müddətli dövrdə biznesin planlaşdırılmasında müəyyən çətinliklər yaradır və inzibatçılığın formalaşmasını çətinləşdirir. Amma bu dəyişikliklərin müəyyən zərurətdən yarandığını da nəzərə almaq lazımdır. Amma hazırki şərtlər daxilində Vergilər Nazirliyi bəzi məsələləri öz kontekstindən qiymətləndirir və digər qurumların təklifləri daha az nəzərə alınır. Bununla yanaşı, edilən dəyişikliklərdə müəyyən məqamlar var ki, şəffaflığın təmin olunmasında rol oynayacağı gözlənilir. Tikinti şirkətlərinin sadələşdirilmiş vergi ödəyicisi olaraq fəaliyyətinin məhdudlaşdırılması, əslində dəyər zəncirinin müxtəlif halqalarında şəffaflığa və qeyri-rəsmi sahibkarlıq fəaliyyətinin əhatə dairəsinin azalmasına gətirib çıxara bilər. Sadələşdirilmiş vergi ödəyiciləri hesabatlılıq baxımından daha primitiv formada fəaliyyət göstərir. Onlar istehlak etdiyi mal və xidmətlərin dəyərini təsdiq edən sənədləri tələb etməkdə o qədər də maraqlı deyil. Bu dəyişikliklər son nəticədə xərclərin sübutu üçün müəyyən əsaslar yaradır. Bu xərclərin sübutu öz növbəsində mərhələli şəkildə bu seqmentdə istehlak olan mal və xidmətlərin dəyərini tələb edən sənədlərin olmasına zərurət yaradacaq. Beləliklə, tikinti sektoru ilə əlaqəli olan digər sahələrdə də müəyyən qədər şəffaflığa nail olunacaq”.
İqtisadçı bildirdi ki, dəyişikliklərin müəyyən bir qismi post-terminalların və bu istiqamətdə öhdəliklərin yerinə yetirilməsi məsələlərinin sərtləşdirilməsinə həsr olunub: "Bu da öz növbəsində nağdsız iqtisadiyyatın inkişafı üçün infrastrukturun təkmilləşdirilməsinə gətirib çıxaracaq. Çünki ən böyük problemlərdən biri regionlarda post-terminalların olmaması ilə bağlıdır. Bu da nağdsız ödəniş imkanlarının məhdudluğuna gətirib çıxarır. Nəzərə almaq lazımdır ki, beynəlxalq praktikada bəzi hallarda nağd dövriyyə ilə gizli iqtisadiyyat eyniləşdirilir. Nağd iqtisadiyyat olan ölkələrdə gizli iqtisadiyyatın miqyası adətən daha böyük olur. Bu baxımdan, iqtisadiyyatın rəsmiləşdirilməsi istiqamətində mühitin daha da yaxşılaşdırılması üçün müəyyən addımların atılmasına ehtiyac var. Bunlardan biri də infrastrukturun təkmilləşdirilməsi və bu istiqamətdə sahibkarlıq subyektlərinin qarşısına qoyulan öhdəliklərin daha dəqiq yerinə yetirilməsinə şərait yaradacaq. Məcəlləyə edilən dəyişikliklərin bir qismi məhz bunu əhatə edir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər