• şənbə, 27 Aprel, 05:21
  • Baku Bakı 14°C

Vazkeçilməz, amma həddi keçilməz

13.11.18 17:07 886
Vazkeçilməz, amma həddi keçilməz
Hər il noyabr ayında Dünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir. Məqsəd mikrob əleyhinə preparatlara davamlılıq problemi barədə dünya ictimaiyyətini məlumatlandırmaq və antibiotiklərə davamlılığın daha çox inkişaf etməsinə və yayılmasına yol verməmək üçün bu sahədə qabaqcıl təcrübəni ictimaiyyət, səhiyyə işçiləri və bu istiqamətdə siyasətin işlənib hazırlanmasına cavabdeh olan şəxslər arasında təbliğ etməkdir.
Dünya Səhiyyə Təşkilatının (DST) informasiya portalı xəbər verir ki, antibiotiklərin kəşfindən sonra bu dərman vasitələri müasir təbabətin əsasını təşkil edib. Bununla belə, antibiotiklərdən qeyri-rasional və yanlış istifadə olunması insan və heyvan sağlamlığı praktikasında mikrob əleyhinə preparatlara davamlılığın yaranmasına və yayılmasına şərait yaradır. Mikrob əleyhinə preparatlara davamlılıq - mikroorqanizmlər, məsələn, bakteriyalar onların müalicəsində istifadə olunan dərman vasitələrinin təsirini hiss etməyəndə yaranır.
Antibiotiklər ən çox istifadə edilən dərman preparatıdır desək, yanılmarıq. Hətta bu dərman vasitəsi həkim məsləhəti olmadan da istifadə edilir. Yadımdadır, uşaq vaxtı bir az soyuqlayan kimi, anam heç bir həkimlə məsləhət etmədən antibiotik iynəsi vururdu. Təbii ki, anamın etdiyi böyük səhv idi. Nəinki antibiotik, heç bir dərman həkimlə məsləhətləşməmiş qəbul edilməməlidir.
Məsələ ilə bağlı fikir bildirən həkim-fitoterapevt Elnur Eldaroğlu deyir ki, preparatlardan tez-tez istifadə etmək heç də arzuolunan deyil: "Payız və qış ayları zökəm xəstəliklərinin ən çox yayıldığı dövrdür. Xüsusilə immun sistemi zəif olanlar bəzi xəstəliklərə qarşı həssas olurlar. Soyuq aylar ərzində bir neçə dəfə virus infeksiyalarına yoluxanlar antibiotiklərdən istifadə etmək məcburiyyətində qalırlar. Lakin bu preparatlardan tez-tez istifadə etmək heç də arzuolunan deyil. Antibiotiklər, əslində, bakteriyaları məhv etmək üçün nəzərdə tutulan dərman preparatlarıdır. Tənəffüs sistemi, bağırsaq, böyrək və sidik yolları xəstəlikləri zamanı antibiotiklərdən geniş istifadə olunur. Lakin xəstəlikdən asılı olaraq antibiotiklər dəyişir və onun uzun müddət istifadəsi düzgün deyil. Antibiotiklər mikrobların artıb-törəməsinin qarşısını alan, onları məhv edən maddədir. Bu maddə təbii və ya yarımsintetik şəkildə bitki və kimyəvi mənşəli məhsullardan alınır. Orqanizmə daxil olan istənilən antibiotik kənar mikrobların məhvinə hədəflənir. Yersiz istifadə olunanda isə, bizə lazım olan bakteriyaları da öldürür ki, nəticədə balans pozulur”.
O bildirdi ki, hazırda mindən çox antibiotik istehsal olunsa da, onların 200-ü daha çox istifadəyə yarayır. Bəzi həkimlər ən sadə xəstəlik zamanı da antibiotikdən istifadə edilməsini məsləhət görürlər. Lakin bu sahədə ən yaxşısı qoyulan diaqnozdan sonra müalicənin təyin edilməsidir: "Düzgün diaqnozun qoyulması ilə xəstəliyin müalicəsində antibiotikə ehtiyac olub-olmadığını müəyyən etmək mümkündür. Məsələn, öskürək zamanı bəlğəm əkilməlidir. Aşkar olunan bakteriyaya qarşı hansı antibiotikdə həssaslıq varsa, məhz onu qəbul etmək lazımdır. Qrip virusuna yoluxma zamanı aptekdən antibiotik almaq səmərəsizdir”.
Həkim antibiotikin təbii bitkilərdən əldə edilməsindən danışdı: "Xüsusilə uşaqlar xroniki xəstəliklərdən əziyyət çəkəndə və uzun müddət dərman qəbul etdikdə, propolisdən istifadə olunması daha məqsədəuyğundur. Payız-qış aylarında profilaktika məqsədilə həmin arı məhsulundan faydalanmaq olar. Propolislə yanaşı, orqanizmin müqavimətini artırmaq üçün çiçək tozu, udi-hindi tozu və s. istifadə etmək mümkündür. Məsələn, adaçayını dəmləyib içmək də yaxşı vasitədir. Cökə, qreypfrut şirəsi qəbul etmək də tövsiyə olunur. Virus əleyhinə ən yaxşı təsir göstərən bitkilərdən biri də dəmrovotu və exinasiyadır”.
Həkim-fitoterapevtin dediyinə görə, bu məqsədlə çox vaxt zəncəfil, darçın, kəklikotu bitkilərindən də istifadə edilir, əslində isə həmin bitkilərin qətiyyən antibiotik təsiri yoxdur. Daha çox tərqovucu və tonuslandırıcı təsir göstərsə də, patogen (xəstəlik yaradan) bakteriyalara təsir etmir.
Tibb üzrə ekspert, professor Adil Qeybullaantibiotiklərdən lazımsız istifadə olunmasını yolverilməz hesab edir: "Nəticədə antibiotiklərə qarşı həssaslıq itir və yeni nəsil antibiotiklərin yaranmasına ehtiyac yaranır. Bu, ciddi problem olaraq qalır. Antibiotiklər yalnız təyinatı üzrə istifadə olunmalıdır. Əgər xəstədə konkret infeksiya varsa, həmin virus tapılmalı və ona uyğun antibiotik təyin olunmalıdır. Bizdə bir az qızdırması və ya soyuqdəyməsi olan adamlar da dərhal antibiotikdən istifadə edirlər. Bu cür xəstələrə çox vaxt həkimlər tərəfindən antibiotiklər təyin edilir. Xəstələr sərbəst şəkildə antibiotikləri apteklərdən ala bilirlər”. A.Qeybulla hesab edir ki, aptek şəbəkəsindən antibiotiklər yalnız həkim resepti ilə alınmalı, bu tip məsələlər qanunla tənzimlənməlidir: "Əgər dünyada bunun analogiyası, sınaqdan keçən modeli varsa, bizondan niyə istifadə etməməliyik?”

Professor antibiotikdən tamamilə imtinanı mümkün hesab etmir. Belə ki, antibiotik septiki vəziyyətlərdə insanlarda infeksiya yarananda xəstəni vəziyyətdən çıxaran və ölümdən qurtaran yeganə preparatdır: "Təbabətdə antibiotiksiz hərəkət etmək mümkün deyil. Vərəm kimi dəhşətli bir xəstəliyə antibiotik hesabına son qoyulur. O cümlədən, insanların ölümünə səbəb olan minlərlə infeksiyaya antibiotik vasitəsilə qalib gəlinir. Ona görə də antibiotikdən imtina mümkün deyil. Antibiotikdən imtina o zaman mümkün olar ki, onun yerinə analoqu yaransın”.

G.Azadə
banner

Oxşar Xəbərlər