AZE | RUS | ENG |

Uzaq Kanadada “Qarabağ Azərbaycan dili” - Fotolar

Uzaq Kanadada “Qarabağ Azərbaycan dili” - Fotolar
Vüsalə Əhmədova: Heç bir təmənna güdmədən dilimizi, milli adət-ənənələrimizi yaşatmağa çalışırıq”

Xarici ölkələrdə yaşayan azərbaycanlıların dilimizi yaşatmaq istiqamətində səyləri Ana dilimizin qorunması istiqamətində atılan mühüm addımlardır. Ölkəmizdən kənarda böyüyən uşaqların öz dillərini unutmaması, öz milli-mənəvi dəyərlərinə bağlılığı qoruyub saxlaması üçün bu cür təşəbbüslər kütləvi olmasa da, az da deyil. Uzaq Kanadada fəaliyyət göstərən Ana dili məktəblərinin fəaliyyəti isə xüsusi ilə təqdirəlayiqdir. Kanadanın paytaxtı Ottava şəhərində fəaliyyətdə olan "Qarabağ Azərbaycan dili”  də bu qəbildəndir. Məktəbin baş təlimatçısı və müəlliməsi Vüsalə Əhmədova "Kaspi”yə müsahibəsində bu istiqamətdə səylərini təkcə azərbaycanlı olması ilə əlaqələndirmir, həmçinin Vətənini sevməsi, təəssübünü çəkməsi ilə izah edir.
 
 
 
- Ottavada fəaliyyət göstərən "Qarabağ Azərbaycan dili” hansı məqsədlə yaradılıb? 
- "Qarabağ Azərbaycan dili” məktəbi Ottava şəhərində 2011-ci ilin sentyabr ayından fəaliyyətə başlayıb. Bu haqda o zaman ilk olaraq "Azərtac” xəbər vermişdi. Bu məktəbi açmaq təşəbbüsü yaxın rəfiqəm Nigar Əliyevaya məxsusdur. Bizim Qarabağ məktəbini açmaqda məqsədimiz vətəndən kənarda boya-başa çatan övladlarımıza öz doğma dilimizi unutdurmamaqdan ibarətdir. Öncə məktəbimizə Nigar xanım dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə "Nizami Gəncəvi” adını vermək istədi. Lakin sonra "Qarabağ” adının hazırkı dönəm üçün aktual olması nəzərə alındı. Xüsusən bu gün ölkəmizdən kənarda "Qarabağ ”adının səslənməsi çox önəmlidir. Məktəbimiz Ontario vilayətinin Təhsil Nazirliyinin nəzdində olan Fransız Katolik məktəb bordunun himayəsi altındadır. Bu bordda 35-dən artıq beynəlxalq dillər məktəbi fəaliyyət göstərir. Onlardan biri də bizik. Məktəbdə hər həftənin bazar günləri 2 saat yarım müddətində 4-14 yaş arası uşaqlara doğma dilimizin zənginlikləri, tariximiz, bu günümüz, milli adət-ənənələrimiz, rəqs, mahnı və şeirlər öyrədilir. Mən məktəbdə baş təlimatçı və müəlliməyəm. Nigar xanım şagirdlərə rəqs dərslərini öyrədir. Keçən ilin sonlarından məktəbə köməkçi müəllimə kimi Sevda xanım da qoşulub. 
 
- İndiyə qədər məktəbdə nə qədər uşaq təhsil alıb? Təhsilin səviyyəsi onları qane edirmi? Nəticələr necədir?
- Fəaliyyətə 7 şagirdlə başladıq. Hazırda isə 14 şagirdimiz var. Səbinə Əliyevanın müəllifi olduğu ingilis dillilər üçün "Azərbaycan dili” kitabını təmənnasız olaraq məktəbimizə bağışlaması bizi həm ruhlandırıb, həm də çox sevindirib. Açıldığı gündən məktəbimizə həm maddi, həm də mənəvi dəstəyi Azərbaycanın Kanadadakı keçmiş səfiri, hal-hazırda isə Çexiya Respublikasında səfir olan Fərid Şəfiyev göstərib. İlk kitabları və milli geyimləri isə o  vaxt Ottavada səfərdə olan Ombudsman Elmira Süleymanova təşkil etdi və bizimlə görüşüb öz xeyir-duasını verdi. Fərid müəllimdən sonra müvəqqəti işlər vəkili Ramil Hüseynli də bizim məktəbə maddi və mənəvi yardımını və dəstəyini daim göstərib. Onu da deyim ki, məktəbimizə mənəvi dəstəyi "ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovadan da görmüşük. Buna görə də bu gözəl insanlara minnətdarıq!
 
 

- Övladlarını ingilis dilində oxumağa istiqamətləndirən azərbaycanlılar öz ana dillərini xaricdə yaşatmağa nə qədər cəhd edirlər?
- Bizim məktəbdə heç doğma dilində danışa bilməyən uşaqlar da təhsil alıb. Hal-hazırda onlar doğma dilimizdə danışır, sərbəst yazıb oxuya bilirlər. Burada valideynlərin istəyi də rol oynayır. Onlar övladlarını dilimizi öyrənməyə yönəldirlər. Bununla belə, mən məktəbimizdəki şagirdlərin azlığından şikayətlənirəm. Ottavada çox sayda azərbaycanlı ailələri var. Amma övladlarını bizim məktəbə gətirməyə tənbəllik edirlər. Bəziləri "doğma dilində danışsa ingiliscə ləhcəsi olacaq” və ya "onsuz da öz dilimizdə danışırıq, bundan artıq bilib nə edəcək” deyirlər. Bu cür biganə yanaşmalar çox üzücüdür. Arzu edərdim ki, Ottavadakı Azərbaycan cəmiyyəti bu baxımdan daha fəal olsun! Bir çox dövlətlərdə fəaliyyət göstərən Ana dili məktəbləri ilə artıq tanış olmuşuq. Çox sevindirici haldır ki, belə məktəblər fəaliyyətdədir. Kanadanın Koordinasiya Şurasının Ottavadakı rəhbəri elə bizim məktəbin yardımçı müəlliməsi Sevda Həsənovadır. Necə deyərlər, güc birlikdən doğar. Toronto şəhərində Yeganə Cəfərovanın müəllimlik etdiyi "Ana dili” məktəbi fəaliyyət göstərir. Bildiyimə görə, Edmontonda da belə bir məktəb var. Ottavada sayımız çox azdır. Amma buna baxmayaraq, burada ana dilimizdə məktəb açmağa nail olmağın özü ən böyük nailiyyətimiz sayıla bilər. Öz dilini qoruyub saxlamaq üçün valideynlərin üzərinə böyük məsuliyyət düşür. Uşaqlarınızla ingilis dilində danışmayın. Narahat olmayın, onlar onsuz da həm ingilis, həm də fransız dilini mükəmməl öyrənəcəklər. İnsanın şəxsiyyət kimi formalaşması üçün öncə onun ana dilində danışması vacib amildir. Mənim övladlarım Kanadada doğulmalarına baxmayaraq, hər ikisi ana dilində təmiz danışır. Mən bununla həm ana, həm də müəllimə kimi fəxr edirəm! Bizim məktəbin gələcəkdə də fəaliyyət göstərməsi üçün şagirdlərə ehtiyac var. Heç bir təmənna güdmədən sırf dilimizi, milli adət-ənənələrimizi yaşada bilmək, AZƏRBAYCAN adını Kanadada tanıtdırmaq üçün üzümü Ottavada yaşayan əziz soydaşlarımıza tutub deyirəm: xahiş edirik, övladlarınızı  "Qarabağ məktəbi”nə gətirin! Yeni dostlar, yeni insanlarla, həmyerliləri ilə birlikdə həm dilimizi öyrənsinlər, həm də əylənsinlər!” 
 
- Məktəb Ana dilimizin yaşadılması istiqamətində gördüyü işlərdən başqa hansısa ictimai fəallığı göstərə bilir? 
- "Qarabağ məktəbi” 7 illik fəaliyyəti müddətində bir çox mötəbər tədbirlərdə iştirak edib və öz rəqs nömrələri ilə beynəlxalq ölkələr sırasında Azərbaycanımızı layiqincə təmsil edib. Kanadanın Ontario vilayətində məhz bizim məktəbin sayəsində Azərbaycan dili beynəlxalq dillər siyahısına əlavə edilib. Şagirdlərimiz "Qarabağ-Azərbaycan dili məktəbi” şüarı altında Ottava Parlamentində rəqs və şəhərlərlə çıxış ediblər. Onların çıxışları yüzlərlə turist və yerli sakinin marağına səbəb olub. Məktəb olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Novruz bayramı, 20 Yanvar, Xocalı soyqırımı və s. bu kimi tarixi gün və bayramları yüksək səviyyədə qeyd edirik. Valideynlər, o cümlədən diasporumuzun üzvləri bir yerə yığışır, Azərbaycanın ənənəvi bayramları, tarixi və anım günlərini qeyd edirik. "Qarabağ” məktəbi olaraq Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ölümünün 6-cı ildönümü münasibətilə Ottavanın Minto parkında onun xatirə lövhəsinin önündə anım mərasimi keçirdik. Bu mərasimə Toronto və Monrealdan da qonaqlarımız qatıldılar. Həmçinin başqa millətlərin tədbirlərinə dəvətlər aldıqda böyük məmnuniyyətlə çıxış edir, bayrağımızı hər fürsətdə dalğalandırırıq. Azərbaycan gerçəkliklərini, milli adət və ənənələrimizi tanıtmağa çalışırıq. Məktəbin adının "Qarabağ Azərbaycan dili məktəbi” olması Kanada əhalisinə "Qarabağ Azərbaycanındır” mesajını verir. Dövlətimizi tanıtmaq üçün təşkil etdiyimiz bayram tədbirlərinə, sərgilərə də Kanada vətəndaşlarını, o cümlədən başqa millətlərin nümayəndələrini dəvət edir, onlara ölkəmiz haqqında yazılan kitab və jurnallar təqdim edirik. Məktəbimizin şagirdləri bayrağımızı, dövlətimizi həm tanıtmaq, həm də təmsil etməkdən qürur duyurlar. Sevindirici haldır ki, bu ilin yay aylarından başlayaraq Azərbaycanın Diaspora Komitəsi bizim məktəblə maraqlanır. Biz fəaliyyətimizi Azərbaycanın tanıdılması, həqiqətlərinin dünyaya çatdırılması istiqamətində qurmuşuq və bu yöndə də davam edəcəyik.
 
Təranə Məhərrəmova
 




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9292
GEL 1 1 Gürcüstan larisi 0.6379
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1461
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1876
CHF 1 1 İsveçrə frankı 1.7128
KWD 1 1 Küveyt dinarı 5.5895
TRY 1 1 Türkiyə lirəsi 0.3157