• cümə, 26 Aprel, 23:05
  • Baku Bakı 22°C

Uğursuzluqları uydurma yalanlarla ört-basdır etmək cəhdi

05.11.19 18:31 2118
Uğursuzluqları uydurma yalanlarla ört-basdır etmək cəhdi
Əli Kərimli gördü ki, xalq radikalları, Azərbaycan əleyhinə fəaliyyət göstərən destruktiv qüvvələri dəstəkləmir

Xalqın etimadını itirmiş radikal müxalifətin bütün fəaliyyəti Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları gözdən salmağa yönəlib. Onlar hələ də hesab edirlər ki, 90-cı illərin əvvəlində olduğu kimi, indi də bu yolla siyasi hakimiyyəti ələ keçirəcək, ölkəni istədikləri kimi idarə edə biləcəklər. Lakin Azərbaycan ictimaiyyəti radikalların bu qeyri-ciddi istəklərinin reallaşmasına imkan vermir, onların antimilli çağırışlarını sərt şəkildə qınayırlar. Məhz bunun nəticəsidir ki, indiyə qədər keçirilən bütün seçkilərdə radikal müxalifət partiyaları səs toplaya bilməyib, biabırçı məğlubiyyətə uğrayıblar. Radikalların indiyə qədər keçirdikləri aksiyalarda da 1000-2000 nəfərdən artıq insan toplaşmayıb. Bu məğlubiyyətdən, cəmiyyət tərəfindən davamlı şəkildə rədd edilməkdən nəticə çıxara bilməyən radikallar siyasi gündəmdə qalmaq naminə ara-sıra mitinqlər keçirir, iqtidar ünvanına əsassız ittihamlar irəli sürür, beləliklə də həyat tərzinə çevirdikləri müxalifətçiliklərini davam etdirirlər.

Oktyabrın 19-da radikallar növbəti belə bir aksiyaya, daha doğrusu, hüquq-mühafizə orqanlarının rəsmi xəbərdarlıqlarına əhəmiyyət vermədən şəhərin mərkəzində qanunsuz toplaşmaya, ictimai-siyasi sabitliyi pozmağa, nəqliyyatın intensiv hərəkətini pozmaqla vətəndaşların hüquqlarını pozmağa uğursuz cəhd ediblər. Amma polisin ayıq-sayıqlığı nəticəsində qısa zamanda qanunsuz aksiyanın qarşısı alınıb, asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən, tabesizlik nümayiş etdirən bəzi şəxslər saxlanılıblar. O cümlədən AXCP sədri Əli Kərimli də polis tərəfindən saxlanılıb, digər şəxslər kimi onun da qanun çərçivəsində izahatı alındıqdan sonra sərbəst buraxılıb. Bununla da siyasi sifarişlə polisə müqavimət göstərmək, güc tətbiq etmək, əhali arasında çaşqınlıq yaratmaq istəyən Ə.Kərimlinin planı növbəti dəfə iflasa uğrayıb. Bir daha məlum olub ki, xalq radikalları, Azərbaycan əleyhinə fəaliyyət göstərən destruktiv qüvvələri dəstəkləmir, onların antimilli çağırışlarına səs vermir.

Hərtərəfli biabır olan AXCP sədri yeganə çıxış yolunu sosial şəbəkə üzərindən ictimaiyyətə müraciət etməkdə, öz uğursuzluqlarını uydurduğu yalanlarla ört-basdır etməkdə görüb. Dünən yazdığı statusda qeyd edib ki, guya Azərbaycan müxalifəti 2005-ci ildən sonra heç vaxt 2019-cu ildəki qədər güclü olmayıb, cari ilin 19 yanvarında və 19 oktyabrında keçirilən mitinqlər son 14 ilin ən güclü aksiyası olub, kimlərdəsə qorxu yaradıb, ciddi beynəlxalq reaksiyalar doğurub və sair. Belə yerdə adama sual verərlər ki, ay Ə.Kərimli, bir sünnət toyuna toplaşan adam sayında aksiyaya adam toplaya bilmirsənsə, hansı "möhtəşəmlikdən” danışırsan? Yaxud, 10 milyon əhalisi olan Azərbaycanın 2 min nəfəri sənə virtual dəstək verib, "Facebook” statuslarına "like” qoyursa, bu o deməkdir ki, səni xalq dəstəkləyir?
AXCP sədri öz yalanlarına o qədər aludə olmuşdu ki, 19 oktyabrda açıq-aşkar qanunsuzluğa əl atmışdı. Ancaq "burnu ovulandan” sonra geri çəkilməyə məcbur oldu. Gördü ki, nə Azərbaycan 90-cı illərin əvvəlindəki ölkə deyil, nə də xalq o dövrün hər bəyanata, hər nağıla inanan xalqı deyil. Acı reallıq şapalaq kimi Ə.Kərimlinin sifətinə çırpılandan sonra Milli Şura və AXCP-nin noyabrın 2-də şəhərin mərkəzində keçirmək istədiyi növbəti qanunsuz aksiya təxirə salınıb. Halbuki, Bakı Şəhər İcra Hakimiyyəti 19 oktyabrda olduğu kimi bu dəfə də onlara paytaxtın Qaradağ rayonunun ərazisində aksiya keçirmək üçün yer ayırmışdı. Əgər Ə.Kərimlidə potensial olsaydı, iddia etdiyi kimi geniş xalq kütləsi onu dəstəkləsəydi, Qaradağdakı stadionda mitinqini keçirərdi. Amma stadionda tək qalacağını əvvəldən hiss edən Ə.Kərimli şəhərin mərkəzində qanunsuz aksiya keçirməkdə israr edirdi. Bu isrardan əl çəkməsini də indi guya hansısa təxribatlardan yayınmaq, bir müddətdən sonra meydanlara daha böyük qüvvə ilə çıxmaq istəyi ilə "əsaslandırıb”.

Yurddaş Partiyasının sədri Mais Səfərli mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Ə.Kərimli və onunla bərabər mitinq keçirmək arzusunda olan insanlar öz hədəflərini indiyə qədər müəyyən edə bilməyiblər. Partiya sədrinin fikrincə, həmin şəxslər nə istədiklərini heç özləri də bilmirlər: "Onlar mücərrəd şüarlarla çıxış edir, mücərrəd bəyanatlar verirlər. Hədəflərin, istəklərin aydın olmaması cəmiyyətdə böyük suallar doğurur. Belə məlum olur ki, onlar cəmiyyət tərəfindən dəstəkdən məhrum olunmuş, etimadlarını, elektoratlarını itirmiş qüvvələrdir. Hazırda AXCP-nin ancaq adı qalıb. Bu təşkilatın strukturları tamamilə dağılıb, vaxtilə Əli Kərimlinin ətrafında olanların mütləq əksəriyyəti onunla yollarını ayırıb. Buna səbəb AXCP sədrinin yanlış siyasəti, demokratizmin təmin edilməməsi, diktatorsayağı idarəetmədir. Nəticə etibarilə də bu partiya uzun illərdir müxalifətdədir, bütün seçkilərdə məğlub olur, zaman keçdikcə daha da radikallaşır. Belə bir təşkilatın "lideri” suyun üzündə qalmaq, "boğulmamaq” üçün saman çöpünə əl atır, absurd bəyanatlar səsləndirir, qanunsuz aksiyalar, mitinqlər keçirməklə, ictimai-siyasi sabitliyi pozmaqla gündəmdə qalmağa çalışır”.


Partiya sədri deyib ki, əgər Ə.Kərimlinin mitinq keçirmək, ətrafına minlərlə adamı toplamaq potensialı varsa, Qaradağ rayonundakı stadionunda bu niyyətini həyata keçirə bilər: "AXCP sədrinin inadla Bakı şəhərinin mərkəzində mitinq keçirmək istəməsi qarışıqlıq yaratmaq istəməkdən başqa bir şey deyil. 19 oktyabrda şəhərin mərkəzində onların törətdiyi əməllər buna əyani misaldır. Radikallar dərk etmək istəmirlər ki, Azərbaycanda bu gün müşahidə etdiyimiz inkişafın təməlində ictimai-siyasi sabitlik dayanır. Bu sabitliyi pozmaq ölkənin inkişafına qarşı çıxmaq deməkdir. Radikallar da öz davranışları ilə məhz bunu edirlər. Ona görə də həmin şəxslərin qanunsuz davranışlarının, icazəsiz aksiya keçirmək cəhdlərinin qarşısı alınır”.

Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər