• cümə, 26 Aprel, 11:36
  • Baku Bakı 12°C

“Uşaqlara söz çatdırmağın ən yaxşı forması musiqidir”

26.10.13 08:44 3242
“Uşaqlara söz çatdırmağın ən yaxşı forması musiqidir”
Ötən həftə Mahnı Teatrında Bakı Musiqi Akademiyası, “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin təşkilatçılığı və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin təqdimatı keçirilmişdi. Dünən isə həmin müsabiqənin ikinci turunun nəticələri açıqlanıb.
Nəticələr barədə “ELS-Müstəqil Araşdırmalar Mərkəzi”nin direktoru, “Yeni uşaq mahnıları - 2013” layihəsinin rəhbəri İradə Yaqubova “Kaspi”yə açıqlama verdi. O, müsabiqənin keçirilməsinin zəruriliyindən danışaraq bildirdi ki, nəzərdə tutulan müsabiqə son illər Azərbaycanda tamamilə unudulan uşaq mahnılarının inkişafına yol aça bilər: “Musiqi insanın beyni üçün ən gözəl ritmdir. Bu gün uşaqlara daha çox musiqi lazımdır. Çünki uşaqlar musiqini dinləyəndə haradasa sakitləşir və yatmağa başlayırlar. Musiqi böyüklərin olduğu qədər də uşaqların ruhunun qidasıdır. Belə ki, onu ilk olaraq anaların dilindən eşidən uşaqlar körpə yaşlarından ana laylası ilə böyüyürlər. Və ana laylası ilə başlayan musiqi uşaqların böyüdükcə daha yüksək səviyyələrə qalxması və onların formalaşmasına səbəb olur. Mütəxəssislər də söyləyirlər ki, musiqi sayəsində uşaqların həyata baxışı dəyişir. Bu doğrudan da belədir. Uşaqlara nəyisə öyrətmək istəyiriksə, bunu mahnı ilə etsək, daha yaxşı olar. Çünki onlara söz çatdırmağın ən yaxşı və yüngül forması məhz musiqinin özüdür”.
İ.Yaqubovanın sözlərinə görə, musiqi uşaqların zövqünü formalaşdırmaqda çox mühüm vasitədir. Bu, uşaqların humanizm ruhunda formalaşmasına, onlardakı yaradıcı qabiliyyətlərin üzə çıxarılmasına əhəmiyyətli şəkildə təsir göstərir. Belə ki, uşaqların harmonik tərbiyəsinə cəhd göstərməklə onların estetik duyumunun inkişaf etdirilməsinə qayğıkeşliklə yanaşmaq lazımdır. Söhbətimiz zamanı İ.Yaqubova son 20 ildə dövlət siyasətinin uşaqların inkişafına yönəldiyini vurğuladı və bu sahədə bir çox işlərin görüldüyünü qeyd etdi. Bildirdi ki, hazırkı zamanda uşaq mahnısının inkişafı dayanmış vəziyyətdədir. Ona görə də durğunluğu aradan götürmək üçün diqqəti uşaq mahnılarına cəlb etmək, xüsusən də gənc bəstəkarların diqqətini bu sahəyə yönəltmək niyyətindədirlər.
Layihənin rəhbəri yeni uşaq mahnılarının yaradılmasında gənc bəstəkarların rolunun vacibliyini vurğulayaraq, bu gün uşaq musiqiləri müsabiqəsinə ehtiyac duyulduğunu söylədi: “Qeyd etdiyim bütün prosesləri izlədikdən sonra qərara aldıq ki, belə bir müsabiqəyə start verək”.
Nəzərinizə çatdıraq ki, əvvəlcə müsabiqənin şərtləri hazırlandıqdan sonra iyulun 2-dən etibarən münsiflər heyətinin formalaşdırılmasına başlanılıb. “Yeni uşaq mahnıları - 2013” müsabiqəsinin 12 üzvü qeydiyyatdan keçib. Oktyabrın 14-nə qədər müsabiqəyə mahnılar təqdim edilib. Ayın 22-də ilkin dinləmələrə başlanılıb. Dünən isə ilk seçim turu həyata keçirilib. Müsabiqəyə 19 bəstəkardan 73 mahnı daxil olub. Onlardan 37-si ikinci mərhələyə keçib. Gələn həftə isə 37 mahnının yekun seçiminə başlanılacaq, qaliblər müxtəlif diplom və hədiyyələrlə qiymətləndiriləcək. Müsabiqə başa çatdıqdan sonra Rəşid Behbudov adına Mahnı Teatrında final qala konsert keçiriləcək və müsabiqədə yer tutan musiqilər orada səsləndiriləcək.
Qeyd edək ki, musiqiləri Oqtay Zülfüqarov, Oqtay Rəcəbov, Mehriban Əhmədova, şairlər Baba Vəziroğlu, Vahid Əziz, professor Minarə Dadaşova, Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova və başqaları qiymətləndirir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər