“Uşaqlar tərəfindən sevilmək elə də çətin deyil” - Fotolar
Bu gün 1 iyundur.
Bu tarix bütün dünyada Uşaqların Müdafiəsi Günü kimi qeyd edilir. Günün əsas
məqsədi dünya ictimaiyyətinin diqqətini uşaqların müharibə təhlükəsindən
qorunmasına, sağlamlıqlarının mühafizəsinə, onların təhsil və tərbiyəsinin
demokratik ənənələr əsasında qurulmasına yönəltməkdir.Uşaqlar bizim
gələcəyimizdir, gələcəyimizi sağlam, yararlı yetişdirmək isə bizim öz
əlimizdədir. Hər şey isə uşaqlıqdan, lap elə körpəlikdən başlayır. Bu gün kiçik
yaşda uşaqları yetişdirən, onları yönləndirən, daxillərində olan potensialları
üzə çıxaran təhsil ocaqları, mədəniyyət mərkəzləri barmaqla sayılası qədərdir.
Onlardan biri isə Azərbaycanı beynəlxalq uşaq festivallarında təmsil edən
Abdulla Şaiq adına Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən "Oyuq”
teatr-studiyasıdır. Bu studiya uşaqların elə uşaq yaşlarından istedadlarını üzə
çıxarır və onlara öz uşaqlığını yaşamaları üçün geniş imkanlar yaradır.Studiyanın uşaq qrupunun rəhbəri, ssenarist, rejissor Səidə
Haqverdiyeva məhz bu gün bizim qonağımız oldu. O, uşaqlara olan sevgisindən
və onların sevgi dolu dünyasından danışdı:
- Əslində, hər
gün uşaqların günüdür. Ancaq 1 iyun tarixdə fidan balaların müdafiəsi,
qorunması günü kimi, həm də bayram kimi qeyd olunur. İlin bütün günləri
uşaqlara sevgi və qayğı göstərməliyik. Axı gələcək dediyimiz sehrli dünyanı
onlara əmanət edəcəyik. Unutmayaq ki, harada uşaq varsa, orada səmimiyyət,
sevinc, ümid olur. Uşaqlara həmişə məhəbbətlə yanaşılır, onları sevgi və qayğı
ilə əhatə etməyə çalışırlar. Mən uşaqları sülh və savaşsız bir ölkədə görmək
istəyirəm.
- Səidə xanım, uşaqların sizə sevgisi sonsuzdur. Biz
özümüz də dəfələrlə bunun şahidi olmuşuq. Onlarla dil tapmaq, qəlblərini ələ
almaq çətindirmi?
- Uşaqlar
tərəfindən sevilmək gözəldir. Çünki onlar təmənnasız və çox safdırlar. Həm də
çox həssas. Özlərinə olan münasibətdəki səmimiliyi də, saxtalığı da o qədər
asan hiss etdirirlər ki... Amma qürurla deyim ki, bu məsələ - yəni onları
sevərək sevimlisi olmaq elə də çətin deyil. Uşaqlara hansı sevgini
göstərirsənsə, qarşılığını da olduğu kimi alırsan. Onlar səndən necə münasibət
görürlərsə, sənə qarşı da o cür münasibət göstərirlər. Uşaqlara nifrətlə
yanaşsanız, həmin nifrəti özünüzə qarşı görəcəksiniz. Onların düşüncələri
tərtəmizdir. Böyüklərlə görüşəndə, əgər qarşı tərəfə sevgimiz yoxdursa, müəyyən
mənada onları sevirmişik kimi davranırıq. Ancaq uşaqlarda bu belə deyil, onlar
necə hiss edirlərsə, elə də daranırlar. Uşaqları çox sevirəm. Onlar dünyanın ən
saf məxluqları, ən saf mələkləridirlər. Onları necə sevməmək olar? O qədər
əyləncəli, məsumdular ki, onlara olan sevgim səbəbsizdir. Uşaqlar istər öz
valideynləri, nənə-babaları, doğmaları, istərsə də digər insanlar, xüsusən
böyüklər üçün həmişə sevinc mənbəyidir. Uşaq məsumiyyət, saflıq və
dürüstlükdür. Onlar səadətimizin açarı, sevincimizin ilk və ən məsum ünvanıdır.Üz-gözündən
sadəlik, səmimilik, mehribanlıq, xoşbəxtlik yağan, Allahın ən ali yaradılışını
necə sevməmək olar?
- Onlarla işləmək sizi yormur ki?
- Əslində, mən
yorğun, kədərli olanda uşaqlarla ünsiyyətə girirəm. Onlar məni əyləndirir,
kədərimi unutdurur, öz ilıq təbəssümləri ilə kədər dumanımı dağıdırlar. Nə
yalandan təsəlli edir, nə boş vədlər verirlər, sadəcə və sadəcə ürəklərindəki
böyük sevgini gözlərində işığa, dodaqlarında təbəssümə çevirib ötürürlər.
Hər tipdə,
xasiyyətdə uşaq var. Onların kaprizlərinə, arzularına, istəklərinə bələd olmaq
lazımdır. Uşaqlar böyüklərdən xüsusi münasibət
tələb edirlər. Təbii ki, bütün uşaqlarla eyni davranmaq mümkün deyil.
Biri çox danışır, biri az danışır, biri çox sual verir, biri istəyir ki, sən
onu əzizləyəsən, gözəl sözlərlə vəsf edəsən. Uşaqlarla işləmək üçün ilk növbədə
onların psixologiyasına bələd olmaq və ehtiyacı olduğu şəkildə davranmaq daha
məsləhətdir. Onlarla işləmək çətindir, amma xoşdur.
- Sizcə, bu gün uşaqlarımızın hüquqları kifayət qədər
qorunurmu?
- Dövlətimiz
hər zaman öz qayğısını uşaqlardan əsirgəmir. Körpələrin azad, firavan yaşaması
üçün həmişə zəruri addımlar atılıb, müxtəlif proqramlar reallaşdırılıb, fərman
və sərəncamlar imzalanıb, irimiqyaslı aksiyalar reallaşdırılıb. Respublikamızda
uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Azərbaycan
Respublikasının Konstitusiyası və bir sıra qanunverici və normativ-hüquqi
aktlarla tənzimlənir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi məqsədilə hökumət
ilk növbədə uşaqların sosial müdafiəsinə yönəlmiş mühüm addımlar atır. Valideyn
himayəsindən kənar uşaqlar uşaq evləri ilə təmin edilir, onlar dövlətin
himayəsindədirlər. Tək dövlət deyil, eyni zamanda, vətəndaşlar da uşaq
məsələsinə çox həssas yanaşırlar. Təbii ki, hər kəs uşaqları sevməyə, qorumağa borcludur.
- "Oyuq” teatr-studiyası qısa zaman kəsiyində özünə
tamaşaçı sevgisi qazanmağı necə bacardı? Bunun xüsusi bir sirri varmı?
- Bunun ciddi
bir səbəbi yoxdur, sadəcə biz məsuliyyətli bir işlə məşğuluq. Studiyada çalışan
müəllim heyəti bu sənətdə sözünü demiş peşəkar pedaqoqlardır. Onlar uşaqlara
hər hansı bir sənəti öyrətmir, eyni zamanda sevgi, qayğı göstərir, uşaqların
sevgisini qazanıb onlarla ailə ortamı yaratmağa çalışırlar. Bizim
konsertlərimizdə, tədbirlərimizdə şahidi olursunuz ki, uşaqlarımız həmyaşıdları
ilə mehriban davranırlar. Çünki onlarda aqressiya yoxdur. Sahib olduqlarını
ətrafı, yaşıdları ilə bölüşürlər və hər şeyə həssas yanaşırlar. Studiyaya gələn
hər bir uşaqda zamanla bu vərdişlər formalaşır. Biz uşaqlara sənətdən əvvəl
bunları aşılayırıq. İnsanlarla kobud davranmağın zərərlərini başa salırıq.
- Bəs, "Oyuq” studiyası hansı zərurətdən yarandı?
- Əvvəllər
televiziyada çalışırdım və uşaqlarla ünsiyyətdə olmurdum. Kukla Teatrında
işləməyə başlayanda gördüm ki, tamaşaçı qismində iştirak edən uşaqlar tamaşa
bitdikdən sonra səhnəyə can atırlar. Hətta bir dəfə gördüm ki, tamaşa bitdi və
bir uşaq kuklanı əlinə alıb, az öncə izlədiyi aktyorun səsi ilə kuklanı
oynatmağa başladı. O uşaq hələ də bizim studiyamızda fəaliyyət göstərir. Həmin
uşağın bu hərəkəti xoşuma gəlmişdi. Bilirsiniz ki, Kukla Teatrının tamaşaçı
kontingenti uşaqlardan ibarətdir. Tamaşalar nümayiş olunduqdan sonra uşaqların
kuklalara, səhnəyə böyük həvəsinin olmasının şahidi olurdum. Kukla Teatrında
nəzdində böyüklər üçün studiya fəaliyyət göstərsə də, kiçik yaş qrupu uşaqlar
üçün studiya yox idi. Rəhbərliklə danışıb, təklif etdim ki, uşaqlar üçün
studiya yaradılsın. 2013-cü ildə müsabiqə elan etdik. Müsabiqəmizdə 600 uşaq
qeydiyyatdan keçmişdi. Onlardan 48-i seçildi. O uşaqlarla "Hər birimiz bir
çiçək” adlı böyük tamaşa hazırladıq. Bu tamaşa gözəl qarşılandı. Həmin
uşaqlarla da studiyamızda fəaliyyətə başladıq. Getdikcə daha istedadlı uşaqları
cəlb etdik və balacaların "Oyuğ”u böyüyüb səhnədən-səhnəyə, ölkədən-ölkəyə,
festivaldan-festivala getdi...
- İstedadlı uşaqları studiyaya necə cəlb edirsiniz?
- Uşaqları
müsabiqə yolu ilə cəlb edirik. Hər il sentyabr ayında müsabiqə elan edirik.
Müəllimlərimiz, pedaqoqlar o uşaqlarla söhbət aparırlar. Söhbət zamanı uşağın
nəyə qadir olduğunu dərhal hiss edərək, kimin
bizə gərəkli olub-olmadığını müəyyənləşdiririk. Bir növ onların istedadı,
səhnə, sənət, səs keyfiyyətləri ilə bağlı ilk imtahanımızı edir və sıralarımıza
daxil edərək daha da təkmilləşmələrinə cəhd göstəririk. Sevinirəm ki, buna nail
də oluruq. Proses elə də asan olmur. Amma uğurlu sonluq bütün əziyyətlərimizi
unutmağımıza bəs edir.
- "Oyuq” uşaqlara nə qazandırır?
-
Sosiallaşmağı, fikirlərini düzgün şəkildə ifadə etməyi. Onlar burada öz
komplekslərini aşırlar. Ətrafındakı ailəsi, həmyaşıdları, doğmaları və digər insanlarla
ünsiyyət qura bilirlər. Ən əsası, malik olduqları və sadəcə ən yaxın
ətraflarına bəlli istedadlarını onlarla, minlərlə insana nümayiş etdirə
bilirlər.
- Studiyada uşaqlara nələr tədris olunur?
- Studiyada 6
peşəkar pedaqoqumuz çalışır. Hansı ki, onlar bu gün Azərbaycan incəsənəti
sahəsində sözlərini demiş sənət adamlarıdır. Onlar uşaqlara səhnə danışığı,
səhnə hərəkəti, musiqi, bədən plastikası, bədəni tanıma və psixologiya dərsləri
keçirlər.
- Uşaq psixologiyası necə tədris olunur?
- Psixologiya
dərsləri oyunlardan ibarətdir. Uşaqlar oynayaraq öz psixoloji durumlarını
ortaya çıxarmış olurlar. Oyun oynamağı hər bir uşaq çox sevir. Çünki oyun
zamanı onlar yeni nələrsə öyrənir, həm də əylənirlər. Bir uşağın oyunu,
simvolik olaraq öz dünyasını əks etdirir. Oyun oynamağın uşaq üçün əyləncəli
bir fəaliyyət olması ilə yanaşı, uşağın idraki inkişafını dəstəkləmək, təmin
etmək kimi faydaları var. Oyun uşaqların sağlam inkişafı üçün vacib bir
ünsürdür. Uşaqlar oyun oynadıqca, problem həll etmə bacarıqları, eləcə də
fiziki olaraq inkişaf edirlər.
- Uşaqların xoş günündə onlara nə arzulayırsınız?
- Həyatlarını,
necə arzulayırlarsa, elə də yaşasınlar. Valideynlərinin sözlərini dinləsinlər,
təhlükələrdən uzaq durmağa çalışsınlar. Azad fikirli və hüquqlarının tələbkarı
olsunlar. Valideynlərinin istədiyi yox, özlərinin arzuladıqları peşənin ardınca
getsinlər və yanılmadıqlarını hər kəsə isbat etsinlər. Ən əsası, xoşbəxt
olsunlar, sağlam böyüsünlər və vətənlərini sevib onunla qürur duysunlar.
Layiqli vətəndaş olsunlar.
Xəyalə Rəis
Bu yazı "İntellekt Araşdırmalar Mərkəzi” İctimai
Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Teatr mədəniyyətinin
formalaşması istiqamətində TV və radio proqramların hazırlanması” layihəsi çərçivəsində
hazırlanıb.