• cümə, 26 Aprel, 20:48
  • Baku Bakı 22°C

Uorlikin süni optimizmi

07.01.15 09:29 1115
Uorlikin süni optimizmi
Yeni il başlayandan Ermənistan silahlı qüvvələri atəşkəsi dəfələrlə pozub, erməni diversiya-təxribat qrupu bir neçə dəfə mövqelərimizə soxulmağa can atıb. Bütün hallarda Azərbaycan ordusunun layiqli cavab atəşi, əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olub. Məhz belə bir vaxtda ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Twitter” mikrobloqunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə öz mövqeyini paylaşıb. Qeyd edib ki, 2015-si il Dağlıq Qarabağ münaqişəsi üçün sülh və davamlı nizamlanma ili olmalıdır. O, zorakılığın yenilənməsinin çıxış yolu olmadığını da vurğulayıb.
ABŞ diplomatının mövqeyini “Kaspi”yə şərh edən politoloq Qabil Hüseynli söylənilənləri süni optimizm kimi qiymətləndirib. Deyib ki, cari ilin Dağlıq Qarabağ münaqişəsi üçün sülh və davamlı nizamlanma ili olması üçün həm C.Uorlikin dövləti, həm də ATƏT-in Minsk Qrupuna həmsədr olan digər dövlətlər xüsusi səylər göstərməlidir: “İndiki şəraitdə Ermənistanın son davranışları, xüsusən də yeni il ərəfəsində və yanvar ayının ilk günlərində Azərbaycan mövqelərini, dinc əhalinin yaşadığı məntəqələri atəşə tutması, bölmələrimizin yerləşdiyi yerlərə hücumlar etməsi onu göstərir ki, təcavüzkar dövlət hələ də sülh danışıqlarına hazır deyil. Hələlik Ermənistanı sülh yoluna, sülh danışıqlarına dəvət edən dövlət də yoxdur. Əksinə, beynəlxalq hüququn normalarını kobud şəkildə pozan Ermənistanın başını sığallayan, ona xüsusi himayəçilik göstərən dövlətlər daha çoxdur. ABŞ da bu məsələdən kənarda deyil. Uorlik bilməlidir ki, təcavüzkar, işğalçı Ermənistan və təcavüzə məruz qalan, ərazisinin 20 faizi işğal olunan Azərbaycan var. Belə olan halda təzyiqlərin kimə qarşı yönəldilməsini müəyyən etmək çox asan məsələdir. Ermənistanı sülh danışıqlarında konstruktiv yola dəvət etmək üçün ABŞ və digər həmsədr dövlətlər xüsusi səy göstərməlidir. Yalnız belə olan halda sülh danışıqları irəliləyə bilər. Ona görə də Uorlikin süni optimizmini bölüşmürəm, 2015-ci ildə sülh danışıqlarında hansısa irəliləyişin olacağını da gözləmirəm”.
Cəbhəboyu ərazilərdə düşmən tərəfdən atəşkəsin pozulması halının intensivləşməsinə diqqət çəkən siyasi şərhçi bildirib ki, Ermənistan hətta amerikalı həmsədrin “Twitter”də nə isə yazmasına, tərəfləri zorakılıqdan çəkindirməyə yönəlik çağırışlarına da əhəmiyyət vermir. Sanki daha da qızışaraq cəbhə xəttində gərginliyi bir qədər də artırır. Q.Hüseynli real iş görmədən, sadəcə “Twitter”də çıxış etməklə problemi həll etməyin qeyri-mümkün olduğunu söyləyib: “Uorlikin “Twitter”də buna bənzər fikirləri çox olub. Bu adam Balkanlarda sülh yaradıcı missiya ilə çıxış edib və müəyyən uğurlara imza atıb. Elə bilir ki, bu cür quru çağırışlarla Dağlıq Qarabağ probleminin də həlli mümkündür. Amma həqiqət bunun əksini deyir. Əgər Rusiya Ermənistanı himayə edirsə, ABŞ heç olmasa obyektivliyi, haqqı-ədaləti müdafiə etməlidir. Lakin biz bunun da əksini görürük. Uorlikin ölkəsi açıq şəkildə Ermənistana, hətta separatçı Dağlıq Qarabağ rejiminə humanitar yardım adı altında xeyli dəstək verir. Bu, onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ sona qədər maraqlı deyil. Amerika problemə yanaşmada, - “dovşana qaç, tazıya tut” - deyir”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Uorlikin mövqeyini şərh edərkən, atəşkəs dövründən bu yana hər dəfə yeni il başlayanda həmsədrlərin optimist fikirlər səsləndirməsinə diqqət çəkib. Deyib ki, onların bu fikirləri nəyə əsasən söylədikləri bəlli deyil: “Ötən il olduğu kimi bu ilin yanvar ayı başlayanda da cəbhə xəttində gərginlik artdı, düşmən atəşkəsi intensiv pozmağa başladı. O zaman da oxşar bəyanatlar səsləndirilirdi. Konkret Uorlikə gəlincə, ötən ilin may ayında o, münaqişənin sülh yolu ilə həlli üçün 6 bəndlik təkliflər paketini irəli sürdü. Bu təkliflər Madrid planı əsasında formalaşmışdı. Həmin təkliflərin 5 bəndi tamamilə Azərbaycanın maraqlarına uyğun idi. Orada göstərilirdi ki, birinci mərhələdə işğal altında olan torpaqlar boşaldılmalı, qaçqın və məcburi köçkünlər öz evlərinə geri dönməli, kommunikasiya xətləri bərpa edilməlidir və sair. Sadəcə 6-cı bənd mübahisə doğururdu. Uorlik deyirdi ki, Dağlıq Qarabağın statusu müvəqqəti olmalıdır. Bu o deməkdir ki, referendum tarixi müəyyənləşməli, hansısa tarixdə referendum keçirilməlidir. Bu isə Azərbaycan tərəfini razı salmırdı. Lakin buna baxmayaraq, 6 bəndlik təklif üzərində işləri davam etdirmək olardı. Bunun ardınca Uorlik və ABŞ-ın Azərbaycandakı səfiri Morninqstar ilk dəfə olaraq bəyan etdilər ki, Ermənistan və separatçılar Dağlıq Qarabağa aidiyyəti olmayan Azərbaycan rayonlarını boşaltmalıdırlar. Ancaq bunun ardı sonra gəlmədi. Deyilənlər sadəcə söz olaraq qaldı, siyasətə çevrilərək Ermənistana təzyiq vasitəsi olmadı. Bu hadisələr fonunda Uorlik münaqişənin həlli ilə bağlı yenidən optimist fikir səsləndirir. Təbii ki, reallıqdan çıxış etsək bu optimizm inandırıcı görünmür”.
Politoloq Natiq Miri amerikalı həmsədr Uorlikin arzusunun xoşniyyətli olduğunu xatırlatsa da, bunun real prosesə çevrilməsini qeyri-mümkün sayıb. O, hazırda regionda geosiyasi vəziyyətin olduqca gərgin olduğunu, hətta ATƏT-in Minsk Qrupuna həmsədr dövlətlər arasında da çox böyük qarşıdurma yarandığını vurğulayıb: “ABŞ, Avropa İttifaqı və Rusiya arasında çox ciddi qarşıdurma var. Bu qarşıdurmanın hələlik nə ilə nəticələnəcəyi bəlli deyil. Bütün bu proseslərə aydınlıq gəlməyincə, eləcə də bu prosesin sonunda ümumi dünya gücləri arasında uzlaşma əldə edilməyincə, Dağlıq Qarabağ probleminin həlli qeyri-mümkündür. Çünki postsovet məkanında bir neçə dondurulmuş münaqişə var. Həmin münaqişələrin hamısını Rusiya məhz bu gün üçün yaradıb ki, vaxtilə ittifaqda təmsil olunan ölkələr Moskvadan uzaqlaşmaq istədikdə onlara təzyiq siyasəti yürüdə bilsin. Ötən il bu siyahıya Ukrayna da daxil oldu. Krım işğal olunandan sonra Ukraynanın Cənub-Şərq əyalətlərində də dondurulmuş münaqişələr hiss olunmaqdadır. Düzdür, hələlik orada hərbi əməliyyatlar aktiv fazadadır, amma Rusiyanın belə bir planı çoxdan var. Ona görə də Dağlıq Qarabağ probleminin 2015-ci ildə tamamilə həllini tapacağı reallıqdan uzaqdır. Əksinə, bu “xamır” hələ çox “su” aparacaq”.
Siyasi şərhçi bildirib ki, Qərb iqtisadi sanksiyalarla Rusiyanı boğmaqla rəsmi Moskvanın yürütdüyü siyasətdən vaz keçməsini istəyir. Onun sözlərinə görə, Rusiya öz siyasətindən geri çəkildikcə, zəiflədikcə bunun postsovet məkanındakı münaqişələrə də təsiri olacaq: “Lakin bu gün o görünmür. Onu da nəzərə almaq lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinin yaradıcısı Rusiya olduğu üçün, bu ölkənin problemin həllinə, xüsusən də Ermənistana, oradakı siyasi hakimiyyətə çox güclü təsir imkanları var. Kreml bu təsir imkanlarından o zaman istifadə edəcək ki, Azərbaycanın addımları Rusiyanın mənafeyinə uyğun olsun. Hazırda bu mənafe Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etməkdən ibarətdir. Lakin indiki həssas durumda Azərbaycan yalnız Rusiyadan yana, birmənalı qərarlar qəbul edə bilməz. Ona görə də rəsmi Bakının yürütdüyü balanslaşdırılmış siyasət ən optimal seçimdir. Əks təqdirdə Azərbaycan çox ciddi zərbələr altında qala bilər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər