• şənbə, 27 Aprel, 02:38
  • Baku Bakı 14°C

Ukraynanın qərarı Azərbaycanın seçimində rol oynayacaqmı?

23.11.13 08:38 1467
Ukraynanın qərarı Azərbaycanın seçimində rol oynayacaqmı?
Gələn həftə Litvanın paytaxtı Vilnüsdə keçirilməsi planlaşdırılan zirvə toplantısında Ukrayna ilə Avropa İttifaqı arasında ticarət və əməkdaşlıq sazişi imzalanmayacaq. Ukrayna Nazirlər Kabineti bu qərarını ölkənin gələcəkdə ciddi maliyyə problemi ilə üzləşməməsi ilə əsaslandırıb. Baş nazir Nikolay Azarov prosesin Ukraynanın milli maraqları nəzərə alınaraq dayandırıldığını söyləyib.
Ukrayna Nazirlər Kabineti Rusiya və MDB ölkələri ilə iqtisadi əlaqələri inkişaf etdirmək istiqamətinin daha səmərəli olduğunu düşünür. Bu isə gələcəkdə Ukraynanın Gömrük İttifaqına qoşulacağına əmin olanların sayını artırır. Bəziləri Ukraynanın bu addımının Azərbaycanın seçim etməsində də rol oynayacağını düşünürlər. Hesab edirlər ki, Rusiya ilə Avropa arasında seçim edən Azərbaycan da Ukrayna kimi şimal qonşumuzun təzyiqlərinə tab gətirməyə bilər. Politoloqlar isə ölkəmizin Rusiyadan Ukrayna qədər asılı olmadığını əsas gətirərək, bizim daha azad seçim etmək imkanımızın olduğunu qeyd etdilər.
Fikirlərini bizimlə bölüşən politoloq Elxan Şahinoğlu bildirdi ki, bu, hələ Ukraynanın son qərarı deyil. Ona görə də tam nəticədən xəbərdar olmaq üçün bir qədər də gözləmək lazımdır: “Hər şey Ukraynanın assosiativ sazişi imzalamasına doğru gedirdi. Hətta Ukrayna prezidenti bu istiqamətdə bir sıra açıqlamalar da vermişdi. Amma gördüyünüz kimi, son anda fikirlərindən daşındılar. Mən hesab edirəm ki, bu, son və qəti qərar deyil. Anlaşılan odur ki, Ukrayna hakimiyyəti son günlər Rusiyanın təzyiqi ilə daha çox üzləşir”.
Müsahibimiz Ukraynanın bu durumunu Ermənistanla müqayisə etdi. Söylədi ki, işğalçı dövlət də neçə illər Avropa İttifaqı ilə danışıqlar aparmasına rəğmən, Rusiyanın təzyiqləri qarşısında baş əymək məcburiyyətində qaldı və Gömrük İttifaqına üzv olacağını açıqladı: “İndi isə Ukrayna bu vəziyyətdədir və Rusiyanın təzyiqlərilə üz-üzədir. Ukraynanın Gömrük İttifaqına üzv olacağını qəti bəyan etmədiyini nəzərə alsaq, deyə bilərik ki, onlar bir müddətlik fasilə götürüblər. Beləliklə, Rusiyanın təzyiqlərindən yaxa qurtarmaq üçün müəyyən yollar axtarırlar”.
E.Şahinoğlu Ukraynanın bu qərarının Azərbaycanda da diqqətlə izlənildiyini, lakin ölkəmizin qərarına ciddi şəkildə təsir etməyəcəyini vurğuladı: “Azərbaycan da bu ay Avropa İttifaqı ilə assosiativ saziş imzalamayacaq. Həmçinin biz də o ölkə kimi Gömrük İttifaqına üzv olacağımızı açıqlamamışıq. Ona görə Azərbaycan da müəyyən təzyiqlərlə üzləşir. Bu məsələlər Azərbaycanla Ukraynanı daha da yaxınlaşdıra bilər. Hər iki ölkə birlikdə məsləhətləri yoğunlaşdıra, strateji müttəfiq kimi hansı istiqamətə üstünlük verəcəkləri barədə müəyyən ortaq yol tapa bilərlər. Bundan əlavə, Rusiyadan gördükləri təzyiqlər barədə də fikir mübadiləsi aparmaq mümkündür”.
Politoloq söylədi ki, Ukraynanın seçimi ölkəmizin qərar qəbul etməsinə birbaşa təsir etməsə də, bu hal Rusiyanın Azərbaycana təzyiqlərinin artmasına səbəb ola bilər: “Amma Ukrayna hələ qəti qərar vermədiyinə görə Rusiya tərəfinin ölkəmizə edəcəyi basqıdan danışmaq hələ tezdir”.
Politoloq Cümşüd Nuriyev də Ukraynanın bu qərarının ölkəmizin hər hansı bir addımına təsir göstərəcəyinə çox da inanmadığını nəzərə çatdırdı: “Ukrayna resurslarına görə kifayət qədər zəngin ölkə deyil. Buna görə də özü öz ehtiyaclarını təmin edə bilmir. Hətta Ukrayna Rusiya tərəfindən tamamilə iqtisadi blokadaya alına bilər. Ona görə də düşünürəm ki, Ukrayna bu gün onlar üçün ən düzgün qərarı verib”.
C.Nuriyevin fikrincə, Azərbaycan Avropa İttifaqına dəvət olunsa da, hələ ki bu quruma qoşulmamaqla sərfəli strategiya yürüdür: “Ukraynanın belə bir addım atması bizim ölkənin qərarını dəyişə bilməz. Prezidentimiz ən ağıllı gedişləri həyata keçirir. Onsuz da, Azərbaycan Avropa ilə ancaq viza rejiminin asanlaşdırılması məsələlərini müzakirə edir və belə bir saziş imzalamaq istəyir. Amma ölkəmiz tərəfdaşlıq və əməkdaşlıqla bağlı sazişə qoşulmağa hələ hazır deyil. Çünki Azərbaycanın ərazi bütövlüyü məsələsi əsas problem olaraq qalır”.
Müsahibimiz ölkəmizin Gömrük İttifaqına qoşulmamasını siyasi məqam kimi müsbət qiymətləndirir: “Ərazisini işğal edən dövlətlə eyni bir iqtisadi blokda olmaq sərfəli deyil. Ukrayna bu addımı ilə bir növ Gömrük İttifaqına qoşulacağını nümayiş etdirdi. Yaxın gələcək hər şeyi tamlığı ilə göstərəcək. Zənnimcə, Ukraynanın başqa çıxış yolu yoxdur. Çünki həmin dövlətin enerji təminatının 60 faizindən çoxu Rusiyadan asılıdır. Bu mənada, Ukraynanın atdığı qərar onların xeyirinədir. Azərbaycan isə onlardan yaxşı durumdadır”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər