• şənbə, 27 Aprel, 05:47
  • Baku Bakı 14°C

Ukraynanın avrointeqrasiya cəhdləri dövlət quruluşunun dəyişməsi ilə nəticələnə bilər

02.04.14 10:23 1356
Ukraynanın avrointeqrasiya cəhdləri dövlət quruluşunun dəyişməsi ilə nəticələnə bilər
Bir müddətdir ki, Rusiya və Qərbin maraqlarının qarşıdurma meydanına çevrilmiş Ukraynanın indi də gələcək taleyi müzakirə predmetinə çevrilib. Maraqlı məqam isə odur ki, bu prosesdə Ukrayna dövləti və xalqı iştirak etmir. Müzakirələrin, danışıqların tərəfləri qismində Rusiya və Qərb, xüsusilə ABŞ təmsil olunur. Sanki bu dövlətlər öz aralarında ikitərəfli münasibətlərə aid hansısa məsələni müzakirə edirlər. Onların verəcəkləri qərar isə Ukrayna dövləti və xalqı üçün son qərar olmalıdır.
Əslində isə hər kəsə məlumdur ki, müzakirə tərəflərini yalnız öz milli maraqları düşündürür. Hər biri «qurban»dan bacardıqca çox pay əldə etməyə çalışır. Bu qarşıdurmada Ukraynanın nə qazanacağı, nə itirəcəyi isə onlar üçün o qədər də maraqlı deyil. Məsələn, Qərb və ABŞ üçün Ukraynanın 600 min kvadrat km-lik dövlət kimi Avropaya inteqrasiyası ilə 570 min kvadrat kilometrlik (Rusiyaya birləşdirilən Krımın ərazisi təxminən 30 min kvadrat kilometrdir) Ukraynanın inteqrasiyası arasında fərq yoxdur. Əsas odur ki, Rusiyanın nüfuz dairəsində olan bir dövləti də özünə tərəf çəkə bilsin. Qərbin, ABŞ-ın qazancı budur. Hazırkı danışıqlar isə həm görüntü xatirinə, həm də Rusiyanın daha artığına iddia etməsinin qarşısını almaq məqsədilə aparılır. Rusiya isə onsuz da Ukraynada əsas söz sahibi funksiyasını itirib. Hakimiyyətə Qərbmeyilli qüvvələr gəlib və onların tezliklə Ukraynanı avrostrukturlara möhkəm tellərlə bağlayacağı real görünür. Bunun əvəzində isə heç olmasa bu münaqişədən hansısa qazancla çıxmaq lazımdır. Bu qazanc qismində isə Rusiya Krım kimi strateji bir bölgəni öz nəzarətinə almağı gördü. Apardığı danışıqlar isə Krımın ilhaqını legitimləşdirmək və Ukraynadakı rusdilli əhali kartından istifadə etməklə bu ölkədəki gələcək proseslərə nəzarət imkanı əldə etməyə hesablanıb.
Xarici işlər naziri Sergey Lavrovun Ukraynanın federativ dövlətə çevirməklə bağlı səsləndirdiyi fikir də bu məqsəddən irəli gəlir.
Göründüyü kimi, Ukraynadan maksimum «qazanc əldə etmək» uğrunda Qərblə Rusiya arasında ciddi mübarizə gedir. ABŞ dövlət katibi Con Kerri və S.Lavrovun danışıqları isə yuxarıda qeyd edildiyi kimi, bir növ, sövdələşmə və bazarlıq mahiyyəti kəsb edir. Tərəflərin «qabaqdan gəlmiş» bəyanatları, qarşılıqlı hədələri də məhz buna hesablanıb. Buradan belə çıxır ki, nə Krım Ukraynaya qaytarılacaq, nə də Ukrayna Avrointeqrasiya yolundan dönəcək. Hər iki tərəf Ukraynadan öz payını aldıqdan sonra sakitləşəcək.
Bəs baş verən bu həngamədən Ukraynanın qazancı nə olacaq? Bu isə nə Rusiyanı, nə də Qərbi maraqlandırır. Bunu Ukrayna xalqı, Ukrayna siyasətçiləri düşünməlidir. Daha doğrusu, düşünməli idilər. Hansı ki, bəziləri Ukraynanı Rusiyanın ağuşunda, bəziləri isə Qərbin qoynunda görürdülər. Xüsusilə hazırkı iqtidar baş verənlərdə daha çox məsuliyyət daşıyır. Çünki onlar Qərbin dəstəyi ilə Rusiyanın regiondakı avtoritetini qəbul etmiş və atdığı addımlarda bunu nəzərə alan qanuni prezidenti devirərkən, Rusiyanın atacağı adekvat addımları hesablamalı idilər. Onlar Rusiyanın Ukraynanın hansı zəif nöqtələrindən basa biləcəyini nəzərə almalı idilər. Lakin görünən odur ki, avrointeqrasiya tərəfdarları işin bu qədər böyüyəcəyini ağıllarına belə, gətirməyiblərmiş. Ola bilsin ki, Qərb dövlətləri onları vəd etdikləri dəstəklə arxayın salıbmış.
Bu gün isə Qərb öz qəti mövqeyini ortaya qoymur. Və yaxud yuxarıda qeyd etdiyimiz kimi, bunda o qədər də maraqlı deyil. Sadəcə bəzi əhəmiyyətsiz sanksiyalarla, bəyanatlarla işini bitmiş sayır. Heç olmasa, Ukraynanın hazırkı liderləri Qərbin 2008-ci ildə Saakaşvilinin başına açdığı oyunları xatırlayaydılar.
Əslində Qərbin Ukraynaya görə Rusiya ilə müharibə edəcəyini düşünmək belə, sadəlövhlük olardı. Lakin bütün hallarda Ukraynanı hazırkı çıxılmaz duruma salaraq onun üzərindən siyasi sövdələşmələrə gedilməsi siyasi əxlaq nöqteyi-nəzərindən doğru deyildir. Digər tərəfdən isə Qərbin hazırkı müəyyən qədər tərəddüdlü mövqeyi onun postsovet məkanındakı nüfuzuna, etibarına inamı azalda bilər. Əksinə, Rusiya xofunu gücləndirə bilər. Belə situasiyada isə region dövlətlərinin Avropa İttifaqına deyil, könülsüz şəkildə də olsa Gömrük ittifaqı kimi qurumlara meyillənməsinə gətirib çıxara bilər.
S.Lavrovun son Paris görüşündən sonra verdiyi bəyanatdan açıq-aşkar hiss olunur ki, tərəflər Ukraynanın dövlət quruluşunun gələcək modelini müzakirə etməyə start veriblər. Belə ki, Lavrov federativ dövlət quruluşuna keçilməsinin vacibliyini qeyd edərək bildirib ki, Ukrayna müxtəlif regionlarına geniş muxtariyyət verən federasiya halında birləşməlidir. Lavrov federativ və neytral dövlət olduğunu elan edən yeni Ukrayna konstitusiyasının qəbul olunmasını da tələb edib.
Rusiya xarici işlər nazirinin bu fikirləri bir daha təsdiq edir ki, artıq Ukraynanın gələcək taleyi müəyyənləşmək üzrədir. Bir tərəfdən Rusiyanın son aqressiv hərəkətlərinin qarşısının alınmasının mümkünsüzlüyü, digər tərəfdən isə Ukraynadakı rusdilli əhalinin mümkün provokativ mərkəzdənqaçma meyilləri Qərbi bu məqamda Rusiya ilə bazarlığı yekunlaşdırmağa və geri çəkilməyə məcbur etməkdədir. Çünki əks təqdirdə Qərbin Ukraynanı bir dövlət kimi bütövlükdə itirmək təhlükəsi yarana bilər. Bu mənada Rusiya ilə danışıqlardan az itki ilə çıxmaq Qərbin başlıca məqsədidir.
Göründüyü kimi, Qərb Ukrayna məsələsində hazırda dişsiz vəziyyətdədir. Hər hansı ehtiyatsız hərəkət Rusiya tərəfindən ciddi nəticələr doğuran adekvat addımla qarşılana bilir. Bu isə digər nəticələrlə yanaşı, ən azından Qərbin enerji asılılığı olan ölkə ilə düşmən düşməsinə səbəb ola bilər.
Bir daha qeyd edək ki, bu oyunlardan itirən yeganə tərəf varsa, o da Ukraynadır. Birincisi, Ukrayna öz ərazi bütövlüyünü itirir, ikincisi, xalq öz firavanlığını, cəmiyyət stabilliyini, üçüncüsü, iqtisadiyyat öz dayanıqlığını, itirir, böhran vəziyyətinə düşür. Ən əsası isə belə şəraitdə Ukrayna bir dövlət kimi əzəmətini, qürurunu itirməkdədir.
Bu dövlətin başbilənləri isə ölkənin poliqona çevrilməsinin qarşısını almaq əvəzinə, xarici qüvvələrin «peşka»sına çevrildilər. Əslində müdrik siyasətçilər dövlətin, millətin maraqlarını öndə tutaraq qərar qəbul etməli idilər. Nəinki Qərbin və yaxud da Rusiyanın. Bu gün isə artıq gecdir. Obrazlı ifadə ilə deyilsə, «ox yaydan çıxıb». İndi Ukrayna dövləti və cəmiyyətinin Qərblə Rusiyanın hansı razılığa gələcəyini gözləməkdən başqa çarələri qalmayıb. Çünki başqa çıxış yolu yoxdur.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər