• şənbə, 27 Aprel, 02:09
  • Baku Bakı 14°C

“Ukrayna hərtərəfli ağır vəziyyətdədir”

25.09.14 13:03 2096
“Ukrayna hərtərəfli ağır vəziyyətdədir”
Rəsmi Kiyev Luqansk və Donetskə xüsusi status verilməsi barədə Minsk protokolunu imzaladıqdan sonra Odessa da muxtariyyət tələbi ilə çıxış etməyə başlayıb. Bu isə vaxtilə Rusiyanın Ukraynanın federallaşması barədə təkidlərini yenidən gündəmə gətirib. Belə bir vəziyyətdə jurnalistlər qarşısında çıxış edən Ukrayna prezidenti Pyotr Poroşenko ordunun zəiflədiyini, hərbi texnikanın böyük hissəsinin məhv edildiyini bildirib. Luqansk və Donetskə xüsusi status verilməsi, Odessanın muxtariyyət tələbi, Ukraynanın federallaşması, sabiq baş nazir Yuliya Timaşenkonun ittihamları və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Şahin bəy, Luqansk və Donetskin ardınca Odessanın da eyni tələblə çıxış etməsi nəyə işarədir?
- Biz öz təcrübəmizdən də bilirik ki, separatizmin qarşısında geri çəkildikcə onların iştahası daha da artır. Misal üçün, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və ölkəmizin ərazi bütövlüyü, sərhədləri BMT tərəfindən təsdiq olunub. Sovetlər dönəmində Dağlıq Qarabağa muxtariyyət statusu verildi. XX əsrin sonlarında isə ermənilər Dağlıq Qarabağa “müstəqillik” verilməsi tələbi ilə çıxış etdilər. Bununla da bölgədə vəziyyət gərginləşdi və müharibə oldu. Həmin vaxtdan bu günə kimi bu problemin tənzimlənməsi dalana dirənib. İndi həmin situasiya Ukraynada baş verir. Ukraynanın şərqindəki separatçılar da silahlı münaqişəyə keçməzdən qabaq Luqansk və Donetskə böyük səlahiyyətlərin verilməsi tələbi ilə çıxış edirdilər. Sonradan bu tələblər silahlı münaqişə ilə müşayiət olundu. İndi isə Kiyev hökuməti Luqansk və Donetskə xüsusi səlahiyyətlər vermək istədiyi bir vaxtda separatçılar “müstəqillik”dən danışırlar. Artıq onlar muxtariyyət deyil, qəti şəkildə “müstəqillik” şərtini irəli sürürlər. Bununla paralel olaraq, Rusiyadakı müəyyən dairələr Luqansk və Donetskdən bir qədər də irəli gedərək, adını “Novorosiyya” qoyduqları böyük bir ərazinin müstəqil olmasını istəyirlər. Bu əraziyə Odessanı da əlavə edirlər. Bundan ruhlanan Odessadakı bəzi siyasi qüvvələr daha geniş muxtariyyət tələbi irəli sürməkdədirlər.
- Ukrayna prezidenti ordunun zəiflədiyini, hərbi texnikanın böyük hissəsinin məhv edildiyini bildirib. Belə olan halda o, nəyə görə əvvəlcədən separatçılarla danışıqlara deyil, savaşa üstünlük verirdi?
- Hesab edirəm ki, vəziyyətin bu dərəcəyə gəlib çatmasında Ukrayna hakimiyyətinin də günahları var. Çünki müharibə oldu və qarşıya əsas məqsəd kimi separatçıların olduğu əraziləri nəzarət altına götürmək qoyuldu. Amma bu məqsədə çatmaq mümkün olmadı. Müharibədən sonra Ukrayna prezidenti Poroşenko jurnalistlər qarşısında etiraf etdi ki, ordunun savaş aparmaq gücü qalmayıb. Onun sözlərinə görə, separatçılara qarşı savaşda Ukrayna ordusunun hərbi texnikasının 60-65 faizi məhv edilib. Belə vəziyyətdə Ukrayna hökuməti məcbur olub separatçılarla danışığa getməliydi. O zaman belə bir sual yaranır ki, əgər nəticə belə olacaqdısa, savaşmaq nəyə lazım idi? Elə əvvəlcədən Ukrayna prezidenti danışıqlara başlayaydı. Amma məsələ burasındadır ki, Poroşenkonun vəziyyəti olduqca ağır idi. Əgər müharibə etməsəydi Viktor Yanukoviçi devirən millətçilər indiki prezidenti də satqın adlandıracaqdılar. Qeyd edəcəkdilər ki, guya ordu Luqansk və Donetskə yeridilsə idi separatçıları məğlub etmək mümkün olacaqdı. Ona görə də Ukrayna prezidenti zəif ordu ilə müharibəyə girdi. Nəticədə Rusiya separatçılara ciddi dəstək verdi və Ukrayna ordusu geriyə otuzduruldu. Poroşenko etiraf edir ki, Rusiya heç vaxt Ukraynanın şərqində məğlub olmaqla barışmayacaq. Ona görə də separatçılarla danışıqlara getdi. İndi onun dili uzundur ki, gördünüz, problemin həlli üçün yeganə yol sülh danışıqlarına başlamaqdır. Bütün bunlara baxmayaraq, düşünürəm ki, millətçi kəsim yenə də Poroşenkoya qarşı təzyiqi artıracaq, prezidenti satqınçılıqda ittiham edəcəklər. Əslində isə o, reallıqdan çıxış edərək, Luqansk və Donetskə yüksək status verir.
- Proseslərin gedişində Rusiya tərəfi Ukraynanın unitar dövlət kimi yaşaya bilməyəcəyini əsas gətirərək, onun federallaşmasını təkid edirdi. Luqansk və Donetskdən sonra Odessanın da eyni tələblə çıxış etməsini nəzərə alsaq, deyə bilərikmi ki, Kreml artıq bu istəyinə çatmaqdadır?
- Bu təhlükə realdır. Əgər sözügedən ərazilərə yüksək status verilirsə, niyə Ukraynanın başqa bölgələrinə bu tətbiq edilməsin? Ona görə də bayaqkı sualda qeyd etdiyim kimi, Odessa da eyni mövqedən çıxış edir. İstisna deyil ki, nə vaxtsa Ukraynanın qərbi də müəyyən statuslar tələb etsin. Söhbət ondan gedir ki, Ukraynada hakimiyyətin qurulması prinsipləri dəyişə bilər. Mərkəzdənqaçma meyllərinin güclənməsi nəticəsində başqa bölgələrə də xüsusi səlahiyyətlər verilə bilər. Təhlükəli məqam budur ki, sabah həmin bölgələrə nəzarət itər, vergilərin toplanmasında rəsmi Kiyev müəyyən problemlər yaşayar. Bu isə maaşların verilməsində, sosial məsələlərdə problemlər yaşadar. Ona görə də Ukrayna hərtərəfli ağır vəziyyətdədir. Poroşenko özü də istisna etmir ki, bölgələrə geniş səlahiyyətlər verilsə, Odessa və ya qərb bölgələri ilə də eyni danışıqlar başlaya bilər. Separatçılıq elə bir xəstəlikdir ki, bu gün “xüsusi status” tələb edənlər sabah mütləq “müstəqillik” istəyəcəklər. Luqansk və Donetsk hələ indidən özlərini “müstəqil” dövlət kimi qələmə verir. Baxmayaraq ki, Ukrayna parlamenti onlara “yüksək status”un verilməsi barədə qərar qəbul edib. Belə bir vaxtda müharibənin sona çatdığını da demək olmur. Çünki Ukrayna ordusu zəif gücü ilə olsa belə, hələlik ölkənin şərqindəki bəzi əraziləri nəzarətində saxlaya bilib. Məsələn, Mariupol ukraynalıların tam nəzarətindədir. Separatçılar isə bu ərazini də ələ keçirməyə çalışırlar ki, böyük bir bölgəyə sahib olsunlar. Ona görə də yaxın vaxtlarda yeni silahlı toqquşmaların olması istisna deyil. Çünki Rusiyanın köməyini görən separatçılar əks hücumla istəklərinə qismən nail olublar. Bu da onların iştahalarını bir qədər də artırıb. Ümumiyyətlə, Luqansk və Donetskə yüksək statusun verilməsi domino effekti yaradacaq və Ukraynanın bəzi bölgələri də eyni tələblə çıxış edəcəklər. Son nəticədə referendum məsələsinin gündəmə gətirilməsi isə Ukraynanın federallaşması, parçalanması ilə nəticələnə bilər.
- Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko Kiyev hökuməti ilə separatçılar arasında Minsk protokolu imzalanmasını Vladimir Putinin öz məqsədinə çatması kimi qələmə verib. Bildirib ki, rəsmi Kreml bununla Qərbə atəşkəs illüziyasını göstərib, sanksiyaların növbəti mərhələsinə keçidi dayandırıb və Ukrayna ordusunun müdafiə sistemini demobilizasiya edib. Sizcə, sabiq baş nazirin fikirləri reallığa uyğundurmu?
- Timoşenko demoqogiya ilə məşğuldur. Ukraynanın indiki vəziyyətə düşməsində əsas günahkarlardan biri də odur. Vaxtilə Viktor Yuşşenko ilə birlikdə “narıncı inqilab” edib Ukraynanı irəliyə aparmalıydılar. Lakin Timoşenko baş nazir təyin ediləndən sonra əsas hədəf kimi Yuşşenkonu seçdi və onunla mübarizə aparmağa başladı. Beləliklə də “narıncı hökumət” dağıldı, heç bir müsbət nəticə əldə edilmədi, ölkə iqtisadiyyatında yüksəliş olmadı. Hətta Yuşşenko ikinci prezident seçkilərində çox ağır məğlubiyyətlə üzləşdi. Ardınca Timoşenko Rusiya ilə elə bir qaz anlaşması imzaladı ki, bu, ölkəsinə baha başa oturdu, Ukrayna borc içində səfalətə sürükləndi. İndi də ortaya çıxıb Poroşenkonun ayağının altını qazmağa başlayır, hər addımbaşı ona problemlər yaradır. Onun bu siyasəti nəticəsində öz partiyası da dağıldı. Əsas fiqurlar Timaşenkosuz yeni xalq cəbhəsi hərəkatı yaratdılar, onunla bir sırada dayanmaq istəmədilər. Belə bir vəziyyətdə onun ortaya çıxıb ittihamlar səsləndirməsinin əsas məqsədi Poroşenkoya daxili və xarici siyasətdə problemlər yaratmaqdır. Lakin anlamır ki, indiki prezidentə problemlər yaratmaqla Ukraynanın vəziyyətini daha da çətinləşdirir. Sözügedən regionda ikinci elə bir dövlət yoxdur ki, Ukrayna qədər problemləri olsun. Təsəvvür edin, ölkənin ərazi bütövlüyü pozulub, Krım işğal olunub, separatçılıq baş qaldırıb, korrupsiya, oliqarx sistem hələ də qalmaqdadır, büdcə darmadağın olub, sosial təminat məsələsi həllini tapmır, maaşlar gecikir, ölkənin xaricdən kredit, qış aylarında Rusiyadan qaz almaq imkanları məhdudlaşıb və sair. Bu reallıqlar kontekstində Timaşenkonun Poroşenkoya süni əngəllər yaratması onu deməyə əsas verir ki, gələcəkdə indiki prezidentə qarşı da qiyam qaldırılıb üçüncü “Maydan” hadisələri təkrarlana bilər. Bu isə Ukraynanın sonu deməkdir.
- Rəsmi Kiyevin ünvanına səsləndirilən ittihamlardan biri də Minsk protokolunun imzalanmasından sonra artıq ABŞ-ın Ukraynanı özünə əsas tərəfdaş görməməsi, ölkənin NATO-dan kənarda qalması ilə bağlıdır. Sizcə Qərb yaşanan proseslər çərçivəsində Ukraynaya hərtərəfli dəstək göstərə bilirdimi?
- Qərbin Ukraynaya real kömək göstərmədiyi barədə səslənən fikirlər həqiqəti əks etdirməkdədir. Xatırlayırsınızsa, Poroşenko ABŞ-a səfəri çərçivəsində çıxış edərək ölkəsinə edilən humanitar yardımlara görə minnətdarlığını çatdırdı. Eyni zamanda bildirdi ki, Ukraynaya bunlarla yanaşı, silah, hərbi sursat, kreditlər lazımdır. Səfər zamanı Poroşenkonun bu çıxışlarına çoxlu əl çaldılar, ancaq reallıqda Ukraynaya ABŞ özü də yardım etmədi. Gəlin bir qədər əvvələ qayıdaq və baxaq görək Ukraynada bütün bu proseslərin başlanmasına səbəb nə oldu. Başlıca səbəb keçmiş prezident Yanukoviçin Avropa İttifaqı ilə Assosiativ sazişi indiki məqamda imzalamaqdan imtina etməsi oldu. Nəticədə insanlar Avropa şüarları ilə küçələrə axışdı. O zaman düşünmək olardı ki, Avropa Ukraynanı müdafiə edəcək, hərtərəfli dəstək olacaq. Lakin ölkənin şərqində separatçılar silahlananda belə, Ukrayna real dəstək ala bilmədi. Onsuz da zəif olan Ukrayna ordusu Rusiyanın hərbi dəstəyini görən separatçılarla savaşda ağır məğlubiyyətə uğradıldı. Yenə də Qərb hərbi dəstək vermədi. İndiyə kimi də rəsmi Kiyev Qərbdən silah ala bilmir. Hazırda isə məsələ gəlib ora çıxıb ki, Ukrayna Avropa İttifaqı ilə Assosiativ sazişi imzalasa da, iqtisadi maddələr 2016-cı ildən işə düşəcək. Bax, indi belə bir sual ortaya çıxır ki, Yanukoviçi nə üçün devirdilər? Onsuz da bu adam seçkilərə gedir, müxalifətlə anlaşırdı. Amma Qərb səbirsizlik nümayiş etdirib Yanukoviçi devirdi və sonda hadisələr ölkənin parçalanmasına gətirib çıxardı. Qarşıdan qış gəlir və bunun Ukraynaya yaşadacağı ağır iqtisadi çətinliyi bir kənara qoysaq, separatçıların gələcəkdə yeni iddialarına qarşı Qərb Kiyevə hərbi dəstək verə biləcəkmi? Ölkə iqtisadiyyatını dirçəltmək üçün kreditlər ayıracaqmı? Bütün bu suallar hələ də açıq qalır. Açıq qaldıqca da ukraynalıların Qərbə olan rəğbəti getdikcə azala, Avropaya olan inamın itə bilər.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər