• şənbə, 27 Aprel, 04:30
  • Baku Bakı 14°C

Ukrayna defoltun bir addımlığında

19.10.18 18:23 495
Ukrayna defoltun bir addımlığında
Ukrayna gələn il keçiriləcək seçkilərə Rusiyanın istənilən müdaxilə cəhdini önləmək məqsədilə qrup yaradıb. "Reuters” agentliyinin yaydığı xəbərə görə, qrupu prezident Petro Poroşenkonun rəhbərlik etdiyi Milli Təhlükəsizlik və Müdafiə Şurası yaradıb. Martda ölkədə prezident, oktyabrda isə parlament seçkisi keçiriləcək. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib və ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. "Birləşmiş Ştatların və Qərbi Avropa ölkələrinin təcrübəsi göstərir ki, Kreml kibernetik və informasiya məkanından istifadə etməklə seçkilərə müdaxilə etməyə çalışacaq”,– deyə şuranın katibiAleksandr Turçinovdeyib. O əlavə edib ki, Rusiyanın istənilən yolla bu seçki prosesindən yararlanaraq Ukraynaya qarşı hibrid təcavüz planlarını gerçəkləşdirməyə çalışacağını düşünməyə legitim səbəblər var.
Moskva isə indiyədək başqa dövlətlərə qarşı kiberhücumlar həyata keçirmədiyini bildirir.
Kompüter təhlükəsizliyi şirkəti ESET bu həftə bəyan edib ki, hakerlər Ukrayna və Polşada üç enerji və nəqliyyat şirkətini yeni virusla yoluxdurublar və dağıdıcı kiberhücumlar planlaşdıra bilərlər. Bu şirkət son illər Ukraynaya qarşı bir sıra kiberhücumların təhqiqatına kömək edib. Açıqlanmış hesabatda hücumu hansı ölkənin törətməsi deyilməsə də, Britaniya adıçəkilən qrupu Rusiya hərbi kəşfiyyatı ilə əlaqələrdə suçlayırdı.
Seçkilər ərəfəsində həm də ölkənin defolt təhlükəsi ilə üz-üzə qalacağı barədə proqnozlar səslənir. Ali Rada artıq gələn il üçün dövlət büdcəsinin müzakirəsinə start verib. Ölkənin Beynəlxalq Valyuta Fondu (BVF) ilə gələcək əməkdaşlığı deputatların təsdiq edəcəyi büdcədən asılı ola bilər. Məsələ ondadır ki, BVF Ukrayna hakimiyyət orqanlarından prezident və parlament seçkiləri ərəfəsində qeyri-populyar qərarlar qəbul edilməsini tələb edir. Əgər bu tələblər yerinə yetirilməzsə, Kiyev kreditlərdən məhrum ola bilər. Bu da ölkə üçün defolt təhlükəsini yaradacaq. Yaxın vaxtlar üçün Ukrayna hakimiyyəti əhali üçün qazın qiymətlərinin təqribən 25 faiz artırılması barədə qərar qəbul etməlidir.
Ukraynalı ekspert Aleksandr Oxrimenko "Korrespondent”ə müsahibəsində vurğulayıb ki, 2014-cü ildə ölkədə hakimiyyət dəyişikliyindən sonra beynəlxalq təşkilatlar Kiyevə israrla qiymətlərin artırılmalı olduğunu bildirir, bunun əmək haqlarının artırılmasına səbəb olacağını əsas gətirir. Lakin bütün bu gözləntilər baş vermədi. Tarifləri 10 dəfə artırdılar, əvəzində isə əmək haqları artmadı. Formal olaraq ölkədə minimal əmək haqları və pensiyalar artırılır, lakin əlavələr qiymətlərin artımını kompensasiya edə bilmir. "Beynəlxalq Valyuta Fondu bizə vəd edirdi ki, islahatlar nəticəsində Ukraynada inflyasiya 2017-ci ildə 7,2 faizdən yuxarı qalxmayacaq. Bu il isə bu rəqəm 5 faizə düşəcək. Əksinə oldu. Ötən il inflyasiya 14,4 faiz, bu ilin səkkiz ayı ərzində isə artıq 11,7 faiz olub”, - deyə ekspert vurğulayıb. Bütün bunlar da əhalinin maliyyə vəziyyətinə və sadə vətəndaşların həyat səviyyəsinə təsir edir.
Cəmiyyət hakimiyyətin həyata keçirilən islahatların uğurlu olacağı barədə optimizmini bölüşmür. Razumkov Mərkəzi tərəfindən keçirilən sosioloji sorğuların nəticələrinə görə, az sayda ukraynalı hakimiyyətin islahatları barədə məlumatlıdır. Onlar bu islahatların mahiyyəti, məqsədləri barədə hər hansı bir məlumata malik deyillər. Qərb investorları da dəyişiklikləri hiss etməyiblər. A.Oxrimenko xatırladır ki, 2015-ci ildə BVF ilə imzalanan genişləndirilmiş maliyyə proqramı ilə Kiyev ölkəyə əcnəbi investisiyaların axının güclənəcəyinə ümid edirdi. "BVF-də təmsil olunan ukraynalı ekspertlər və siyasilər vəd edirdilər ki, bank tərəfindən kredit ayrılan kimi Ukraynaya 40 mlrd. dollar investisiya yatırılacaq. Cari ildə isə bu rəqəm cüzi bir həddə 5 mlrd. dollara düşüb”, - deyə o əlavə edib. BVF bu müddət ərzində 17 mlrd. dollar kredit ayırıb. Nəticədə, ölkənin qızıl-valyuta ehtiyatları bu ilin ikinci yarısında 17 mlrd. dollar təşkil edib. Halbuki, 2015-ci ildə proqnoz edilirdi ki, 2017-ci ildə bu rəqəm 28, bu ilin sonuna kimi isə 35 mlrd. dollar təşkil edəcək. BVF-nun ekspertləri Ukraynanı xarici borclar və zəif ehtiyatlar səbəbindən problemli ölkələr siyahısına daxil edib. "Qolos Amerika” xəbər verir ki, Ukrayna bu il əvvəlki dövrlərdə götürdüyü kreditləri ödəməyin pik dövrünə qədəm qoyub. Açıq mənbələrin məlumatına görə, ilin sonuna kimi ölkə 3,7 mlrd. dollar xarici və daxili borclara görə vəsait ödəməlidir. Gələn il isə bu rəqəm 7,7 mld. təşkil edəcək. Bundan əlavə, büdcə kəsirinin ödənilməsi üçün də vəsait ödənməlidir. Məhz belə bir mürəkkəb vəziyyətdə Ukraynaya BVF-nun krediti hava-su kimi lazımdır.
Ukraynalı ekspert Aleksandr Qonçarov sosial şəbəkədə yazıb ki, hakimiyyət neçə ildir ki, islahatları bəh-bəhlə təbliğ edir, lakin indi bəlli olur ki, ölkə defoltun bir addımlığındadır. Hətta BVF oktyabr icmalında Ukrayna üçün ümumdaxili məhsulun artım proqnozunu azaldıb.
Bir çoxları baş verənlərdə BVF-nu ittiham edirlər. Əcnəbi məsləhətçilər Kiyevi BVF ilə əməkdaşlıqdan imtina etməməyə, əksinə, bütün tələbləri tez bir zamanda yerinə yetirməyə çağırırlar. BBC-nin məlumatına görə, Ukrayna bütün borcların və büdcə kəsirinin öhdəsindən BVF-nun köməyi olmadan hesablaşa bilməyəcək. Öz növbəsində Dünya Bankının Ukrayna, Belarus və Moldova işləri üzrə direktoru Satu Kakxonen hesab edir ki, Ukraynanın qarşısında çox ciddi çağırışlar dayanıb və bunların öhdəsindən gəlmək Kiyevə asan başa gəlməyəcək.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər