“Türkiyənin sabitliyinə xələl gətirə biləcək istənilən qüvvənin zərərsizləşdirilməsi təbiidir”
Türkiyə Böyük Millət Məclisində bu ilin
mart ayında qəbul edilən Konstitusiya dəyişikliyindən sonra müxtəlif
partiyalardan olan 148 deputatın toxunulmazlığı qaldırılıb.Bu deputatlar
arasında Xalqların Demokratik Partiyası (HDP) üzvləri də var. Ümumilikdə isə
Böyük Millət Məclisində 550 deputatdan 59-u HDP-dən olan millət vəkilləridir. Həmin
millət vəkillərindən bəziləri terrorizm xarakterli cinayətlərin istintaqı çərçivəsində
dəfələrlə istintaqa çağırılmalarınabaxmayaraq, ifadə verməyə getməyiblər.
Ona görə də bir neçə gün bundan öncə həmin deputatlardan 12-si həbs edilib.
Türkiyə rəsmi qurumlarının bu addımından sonra ölkədə yeni terror hadisəsi törədilib,
Qərb dairələri Ankaranın ünvanına müxtəlif bəyanatlarla çıxış ediblər. Türkiyədəki
son hadisələrlə bağlı "Kaspi”nin suallarını siyasi şərhçi Vüqar Zifəroğlu cavablandırır.
- Vüqar bəy,
Türkiyə parlamentində HDP deputatlarının sayına görə üçüncü partiyadır. Bir neçə
gün bundan öncə bu partiyadan olan millət vəkilləri həbs olunub. İlk öncə bu həbslərlə
əlaqədar Sizin münasibətinizi öyrənmək istərdik...
- Türkiyə son zamanlarda bölgədə aktiv
siyasi xətt yürüdən bir ölkə olaraq, daxilində gedən proseslərə də duyarlı
yanaşmaq məcburiyyətində idi. Bu ələlxüsus özünü 15 iyul hadisələrindən sonra
daha ciddi şəkildə göstərmiş oldu. Ölkənin sabitliyinə xələl gətirə biləcək istənilən
qüvvənin zərərsizləşdirilməsi təbiidir. Diyarbəkir və eləcə də güney-doğu bölgəsində
baş verən son terror olayları ilə bağlı HDP-li həmsədrlərin ifadəsinin alınması
üçün çağırışa məhəl qoymamaları, onların saxlanmasına səbəb oldu. Ümumiyyətlə, HDP hər zaman kürd bölücü qruplaşmalarının, eləcə
də PKK-nın siyasi ruporu funksiyasını icra edib. Təsəvvür edin ki, günahsız
insanların qatili olan terrorçuların dəfnini belə təşkil edir, mərasimlərdə iştirak
edərək onları qəhrəman kimi təbliğ edirdilər. Bu səbəbdən istər ölkənin
daxilində, istərsə də bölgədə baş verənləri nəzərə alarsaq, bu həbslərin səbəblərini
asanlıqla anlamaq mümkündür.Sözügedən partiyaəslində öz fəaliyyətini
PKK-nın siyasi qanadı olaraq qurdu və bunun da bir nəticəsi olmalı idi. Həbs
edilən millət vəkilləri ilə bağlı istintaq davam edir, amma düşünmürəm ki,
onların kürd terror birləşmələri ilə hər hansı bir bağlantılarının olduğunu
sübut etmək bir o qədər çətin olsun. Zatən həmin şəxslər, belə bağlantılarının
olduqlarını gizlətmirdilər də. Bu birmənalıdır ki, terrora, bölücülüyə dəstək
verən hər kim olursa olsun, cəzasını çəkməlidir.
- Bu həbslərdən
sonra Diyarbəkirdə polis idarəsinin qarşısında terror aktı törədilib. Bu terror
aktını rəsmi Ankaranın atdığı addımlara cavab kimi qiymətləndirmək olarmı?
- Bəli, olar. Baş verən terroru birmənalı
şəkildə rəsmi Ankaranın atdığı addımlara cavab kimi qiymətləndirmək mümkündür. Hətta
mən deyərdim ki, bu proses müəyyən narazılıqlara da təkan verəcək və baş verən
terror hadisələri ölkənin cənub-şərq bölgəsi ilə məhdudlaşmaya da bilər. İri şəhərlərdə
də terror təhlükəsi gözləniləndir. Unutmayaq ki, Türkiyənin son zamanlar bölgədə
yeritdiyi aktiv siyasət fonunda belə təhlükələr həmişə mövcud olub. Bu səbəbdən
qardaş ölkənin belə addım atmazdan əvvəl istənilən nəticələri hesabladığını və
bu kimi ssenarilərə də hazır olduğunu düşünmək olar.
- Həmin
hadisələr zamanı Türkiyədə telefon vasitəsilə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı
və facebook, whatsap, twitter, youtube-yə ancaq kompyuter vasitəsilə giriş mümkün
oldu. Demokratik bir ölkədə belə bir məhdudlaşdırma nə dərəcədə düzgündür?
- Sosial media alətləri yalnız öz
fikrini sərbəst şəkildə ifadə etmək üçün bir vasitə deyil, eyni zamanda, sürətli
xəbərləşmə imkanıdır. Bu tip əməliyyatların keçirildiyi zaman müəyyən məhdudiyyətlərin
tətbiq edilməsi, heç şübhəsiz ki, təhlükəsizlik baxımından və planlaşdırılan əməliyyatın
özünün qarşıya qoyulan hədəfə çatmaqla sonuclandırılması baxımından çox önəmlidir.
Bu hal, sırf təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından önəmli
olduğundan, burada hər hansı demokratik fikir məhdudiyyətindən söhbət gedə bilməz.
Birincisi ona görə ki, bu, müvəqqəti xarakter daşıyır və müəyyən vaxtdan sonra
bu məhdudiyyətlər götürülür. İkincisi isə, bu məhdudiyyətlər tam tətbiq edilmir
və müəyyən çərçivəni və ya dairəni əhatə edir. Siz özünüz də qeyd etdiyiniz
kimi, bilgisayarlardan sosial şəbəkələrə daxil olmaq üçün heç bir məhdudiyyətlər
yox idi. Bu səbəbdən də, hər hansı bir şəkildə məsələyə demokratiya acısından
baxmaq yanlış olardı. Hələ onu da nəzərə alaq ki, aparıcı Qərb ölkələrində,
ABŞ-ın özündə belə bu kimi əməliyyatlar həyata keçirildiyi zaman FTB və MKİ tərəfindən
belə məhdudiyyətlər tətbiq edilir və bu, normal qarşılanır.
- Türkiyənin
ədliyyə naziri Bekir Bozdağ bölgəyə 150-yə yaxın ölkədən ölmək və öldürmək üçün
adamların gətirildiyini, həmçinin bunun beynəlxalq bir layihə olduğunu, Türkiyəyə,
insanlığa, müsəlmanlığa qarşı yönəldiyini bildirib. Kimlər bu layihəni yönəldirlər?
- Bölgədə marağı olan hər dövlətin baş
verənlərə öz baxışı var. Elə bir faktı qeyd edim: Bu gün İraqda 62 ölkənin əsgəri
var. Bu gün Yaxın Şərqdə baş verənləri yalnız ayrı-ayrı ölkələrdə mövcud olan
daxili, siyasi-hərbi müxalifət qarşıdurması olaraq səciyyələndirmək mümkün
deyil və proseslər çoxdan lokal çərçivədən çıxıb. Suriyada, İraqda cərəyan edənlər
dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır. İstər region
ölkələri, məsələn, İran, İsrail, Səudiyə Ərərbistanı və ya Qətər, istərsə də
bölgədə mövqelərini qorumağa çalışan güclər – ABŞ, Rusiya, Avropa ölkələri
hadisələrə öz hədəfləri və maraqları çərçivəsində baxırlar. Problemin açılması
müşkül olan bir düyünə çevrilməsinə təkan verən ən başlıca səbəb, müxtəlif ölkələrin
orada baş verənlərə öz maraqları çərçivəsindən baxmalarıdır. Bu ölkələrdən hər
birinin özünə məxsus "həqiqətləri” var və bu "həqiqətlər” hər ölkə üçün tamamən
fərqli səciyyə və xüsusiyyətlərə malikdir.
- Sizcə,
nə üçün beynəlxalq ictimaiyyət terrorla mübarizədə Türkiyəyə yetərincə dəstək
vermir?
- Çünki terror təşkilatlarına yanaşmada
ikili standart var. Məsələn, nə üçün əsrin əvvəllərində olmayan bir soyqırımı
nağılına həvəslə inanan Qərb, Xocalını görməzdən gəlir və ya elə 1918-ci il
mart soyqırımı tarixi həqiqətini bütün faktlara rəğmən qəbul etmir? Yəni, eyni
yanaşma hər zaman özünü, müxtəlif fərqli məqamlardan olsa belə, göstərməkdədir.
Lozanna razılaşmasından sonra Qərb həmişə Türkiyəyə qarşı erməni və kürd
kartlarından istifadə edib. İndi də istifadə etməkdədir. Çünki ortada maraqlar,
hədəflər var. Həmin maraqların təmin edilməsi, o hədəflərə çatmaq üçün əgər, məsələn,
Brüsselin mərkəzində PKK üçün siyasi çadır qurmaq və hətta onu polislərin
mühafizəsinə almaq lazımdırsa, o zaman belə də olacaq, necə ki, oldu, sən buna
etiraz etsən də. Türkiyənin regional güc olaraq ortaya çıxması, Yaxın Şərqdə öz
maraqlarını müdafiə etməsi, milli və dövlət maraqlarından çıxış edərək öz
qırmızı cizgilərini elan etməsi, heç şübhəsiz ki, digər gücləri qane etmir. Belə
olan halda terror, etnik separatizm, bölücülük – bu zaman qardaş ölkəni daxildən
yıpratmağa, gücdən salmağa hesablanmış ən effektiv üsul kimi istifadə edilir.
Burada eyni zamanda fərqli maraqlar çərçivəsində mövcud olan baxışların müxtəlifliyi
də ciddi məqamdır. Ümumiyyətlə, Yaxın Şərqdə marağı olan, iştirakçı olan qüvvələrin
hər biri etnik-dini ideoloji istiqamətli radikal qruplaşmaların "xidmətlərindən”
hər zaman istifadə edirlər. Bu zaman həmin təşkilatlara vahid münasibət bəslənmədiyindən,
bir ölkə üçün terror təşkilatı kimi qəbul edilən silahlı birlik, digəri üçün az
qala müttəfiq səviyyəsində olur. Məsələn, YPG və ya "Haşti-şaabi” kimi.
- HDP-dən
olan deputatların həbsinə Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Kati
Pari, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer, eləcə də Avropa
İttifaqı və ABŞ-dan olan digər şəxslər dərhal reaksiyalar verdilər. Hətta
Türkiyə prezidentinin ünvanına müəyyən aşağılayıcı ifadələr də səsləndirildi.
Maraqlıdır, Avropa İttifaqı və bəzi ölkələr hansı haqla Türkiyəyə demokratiya dərsi
keçməyə çalışırlar? Onların buna mənəvi haqları çatırmı?
- Fikrimcə, heç bir ölkənin digər ölkənin
daxili məsələlərinə qarışmaq haqqı yoxdur. Türkiyə bu gün açıq şəkildə terrorla
müharibə aparır. Baş verənlər fonunda Suriyanın ikinci Əfqanıstan, Türkiyənin
isə Pakistana çevrilməsi təhlükəsinin qarşısı alınmalıdır. Əgər bunun yolu,
daxildə müxtəlif dağıdıcı fəaliyyətdə olan siyasi qruplaşmaların məsuliyyətə cəlb
edilməsindən keçirsə, bu, mütləq olmalıdır. Daha yaxşı olardı ki, Avropa
Birliyi, öz yaradılış dəyərlərini bir daha xatırlayaraq, terror və etnik
separatizm məsələlərinə beynəlxalq hüquq müstəvisində baxış sərgiləyə, nəinki
terror təşkilatlarına qucaq açmaqla, bundan təzyiq elementi kimi istifadə edə.
Bu ilin martında Brüsseldə baş verən terror, əslində günümüzdə necə qlobal bəla
ilə üz-üzə qaldığımızın və bu təhlükədən dünyanın heç bir yerində
sığortalanmanın mümkünsüz olduğunun göstəricisi idi. Keçən ilə damğasını vurmuş
Paris terroru kimi Brüsseldə baş verənlər də əslində kifayət qədər ciddi və
eyni zamanda düzgün şərhini gözləyən mesajlarla zəngin oldu. Lakin Avropa hələ
də bu mesajları doğru oxumaq istəmir.
- R.T.Ərdoğan
son açıqlaması ilə Qərbi birbaşa terrora dəstək verməkdə ittiham edib. Belə sərt
açıqlama Qərblə Türkiyə arasındakı münasibətlərə necə təsir edə bilər?
- Hər halda, son bir neçə ayda bu
münasibətlərin heç də normal olmadığı ortadadır. Əslində Türkiyə prezidentinin
öz çıxışında qeyd etdiyi məqamlar və irəli sürdüyü ittihamlar əsaslıdır. Bu gün
Türkiyədə terrorda ittiham olunan şəxslər Almaniyaya sığınıblarsa, demək ki,
buna etiraz etmək azımdır. Qərb Türkiyəyə terrorla mübarizədə dəstək verməlidir.Qərb
birmənalı şəkildə terrorla mübarizə sahəsində gördükləri işlərə və götürdüyü
öhdəliklərə nə dərəcədə əməl etdiyinə nəzər yetirməlidirlər.
- Hazırda
İŞİD-in dayaqlarına qarşı hücum əməliyyatına start verilib. Bu əməliyyatlarda Türkiyənin
bir qədər arxa planda saxlanıldığının şahidi oluruq. Sizcə,
bu, Türkiyənin mövqelərini zəiflətmirmi?
- Zəiflətmir, təbii ki. Rakkaya hücumu
təşkil edən "Suriya Demokratik Qüvvələri” yaxın keçmişdə biri-biriləri ilə kəskin
şəkildə qarşıdurmalar yaşayan qüvvələrin Qərbin rəhbərliyi ilə bir araya gəlməsi
nəticəsində formalaşıb. Əslində belə bir koalisiyanın uzunömürlü olacağı şübhəlidir.
SDQ adından verilən açıqlamada PYD-YPG qüvvələrinin adlarının xüsusi
vurğulanması faktı isə, Türkiyənin bu hücuma bir qədər kənardan dəstək verəcəyini
düşünməyə əsas verir. Xatırlayırsınızsa, təqribən bir həftə əvvəl Türkiyə
prezidentinin hətta müvafiq açıqlaması olmuşdu ki, Türkiyə və ABŞ Rakkanı birgə
azad edə bilərlər və bunu etmək üçün "YPG"-yə ehtiyac yoxdur. Lakin
görünür Qərb, xüsusən də ABŞ, iki ay bundan əvvəl Fəratın sol sahili ilə bağlı
verdiyi qərarla incik saldığı kürd müttəfiqlərinin könlünü, "Fəratın qəzəbi” ilə
təkrar qazanmağa çalışır.
Rufik
İSMAYILOV