• cümə, 26 Aprel, 14:17
  • Baku Bakı 23°C

Türkiyənin Kastamonu şəhəri 2018-ci il üçün TÜRKSOY-un mədəniyyət paytaxtı seçilib

05.12.17 15:50 3644
Türkiyənin Kastamonu şəhəri 2018-ci il üçün TÜRKSOY-un mədəniyyət paytaxtı seçilib
Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY-un mədəniyyət nazirləri Daimi Şurasının 35-ci toplantısı keçirilir.
AZƏRTACxəbər verir ki, toplantıda Türkiyənin Kastamonu şəhəri TÜRKSOY tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Toplantıda Kastamonunun türk dünyasının mədəniyyət paytaxtına namizədliyi TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirləri tərəfindən dəstəklənib.
İclasda iştirak edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Hüseyn Yayman çıxışında türk dünyası mədəniyyət paytaxtı layihəsinin şəhərlərin bir marka dəyəri qazanmasında mühüm rol oynadığını bildirərək 2018-ci ildə ölkəsinin bənzərsiz şəhəri Kastamonunun seçilməsindən böyük məmnunluq duyduqlarını deyib. O, Kastamonuda da 2013-ci ildə TÜRKSOY-un mədəniyyət paytaxtı seçilən Əskişəhərdə türk dünyası mədəniyyət paytaxtı proqramı çərçivəsində həyata keçirdikləri türk xalqları mədəniyyət bayramı kimi bayram keçirmək niyyətində olduqlarını söyləyib.
2018-ci ildə TÜRKSOY-un 25-ci ildönümünü bayram edəcəklərinə diqqət çəkən H.Yayman, yaddaşlarda qalacaq və gələcəyə ötürüləcək bir il olması üçün bütün imkanlarından istifadə edəcəklərini bildirib.
Kastamonu valisi Yaşar Karadeniz də, şəhərin Anadolunun qədim yaşayış mərkəzlərindən olduğunu vurğulayaraq qeyd edib ki, 7 min illik tarixə malik olan mədəniyyət şəhəri Kastamonu, 900 ildən çoxdur türk yurdudur.
Qeyd edək ki, təxminən 375 min əhalisi olan Kastamonu tarixi və mədəni yerləri və təbiət ilə diqqət çəkir. Ərazisinin 65 faizi meşə ilə örtülü, geniş flora və faunaya malik olan Kastamonu, eyni zamanda müxtəlif çöl heyvanlarının məskənidir. 170 kilometrlik dəniz sahili ilə Qara dənizin ən uzun sahil zolağının yerləşdiyi Kastamonu dünyanın ən böyük kanyonlarından biri olan Valla kanyonu, dünyanın ən iri mağaralarından İlgarini mağarası şəlalələri və digər təbii zənginlikləri ilə tanınır.
banner

Oxşar Xəbərlər