• cümə, 26 Aprel, 16:50
  • Baku Bakı 23°C

“Türkiyədə xaos yaratmaq istəyirlər”

23.07.15 11:31 2315
“Türkiyədə xaos yaratmaq istəyirlər”
Fərəc Quliyevin sözlərinə görə, supergüclər ərəb dünyasında parçalanma salandan sonra türk dünyasına da ağır zərbə vurmağı qarşıya məqsəd qoyub
Türkiyədə keçirilən son parlament seçkilərinin ardınca, konstitusiyaya uyğun olaraq, koalisiya hökumətinin qurulması üçün 45 günlük danışıqlar prosesinə başlanılıb. İyulun 13-dən start götürən bu proses artıq ikinci mərhələyə keçib. Belə bir vaxtda qardaş ölkə terror hadisəsi ilə üzləşib. İyulun 21-də Türkiyənin Suriya ilə sərhədinin yaxınlığında yerləşən Şanlıurfa bölgəsinin Suruç qəsəbəsində İŞİD terror aktı törədib. Partlayış nəticəsində ölənlərin sayı 30-u keçib, 100-ə yaxın adam yaralanıb. Terror hadisəsi əsas gətirilərək, ölkənin bir çox yerlərində PKK terrorçuları və separatçı kürdlər təxribatyönümlü aksiyalar keçirməyə və bəzi yerlərdə terror hücumları törətməyə başlayıblar. Etirazçılar “İŞİD - qatil, AKP (hakim Ədalət və İnkişaf Partiyası-müəl.) - onun himayədarı” kimi şüarlar səsləndiriblər. Bununla yanaşı, istintaq başlamamış, PKK-nın siyasi qolu HDP, Fətullah Gülənə məxsus, həmçinin Aydın Doğana bağlı media qurumları olayın İŞİD tərəfindən törədildiyini, terrorçu qurumun əsas maliyyə dəstəkçisi Qətərlə Türkiyə iqtidarının yaxşı münasibətlərini əsas gətirərək, yaşanan faciə üzərindən AKP hökumətinə hücuma keçiblər. Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı isə fərqli bəyanatla çıxış edərək, baş vermiş olayda dolayısı ilə Xalqların Demokratik Partiyasının (HDP) özünün rolunun olduğunu bildirib. Göründüyü kimi, Türkiyə yeni hökuməti formalaşdırmaq ərəfəsində təxribatlarla üz-üzə qalıb. Qardaş ölkədəki ictimai-siyasi vəziyyət, koalisiya hökumətinin formalaşdırılması, İŞİD terroru, PKK məsələsi, aksiyalar, xarici qüvvələrin bu proseslərdə rolu və sair məsələlərlə bağlı “Kaspi”nin suallarını Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev cavablandırır.
- Fərəc bəy, son parlament seçkilərindən sonra Türkiyədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Biz Türkiyə xalqının iradəsinə hörmətlə yanaşmağa borcluyuq. Seçim onlarındır. Bu baxımdan Türkiyədəki istənilən hakimiyyət, partiya seçimi tərəfimizdən normal qarşılanmalıdır. Heç bir halda bu məsələlərə müdaxilə edə bilmərik. Lakin hər zaman qeyd etmişik ki, Azərbaycan və Türkiyənin, həmçinin digər türk dövlətlərinin də xarici siyasəti koordinasiya olunur. Bizim dostlarımız da, düşmənlərimiz də birdir. Ona görə də Türkiyədə koalisiya hökumətinin formalaşdırılmasında, eləcə də digər hadisələrdə nə qədər uğurlu variant tapılarsa, monolit və legitim hakimiyyət qurularsa, bu, bizim hamımızın xeyrinə olar. Ancaq parlament seçkilərinin nəticəsi onu deməyə əsas verir ki, Türkiyədə yeni hökumətin qurulması o qədər də asan başa gəlməyəcək, qurulacaq hökumətin fəaliyyəti də rahat olmayacaq. Çünki prinsipial məqamlarda fərqlilik var ortada. Fikrimcə, son dönəmdə Türkiyə iqtidarının xüsusilə “Ergenekon davası” ətrafında yol verdiyi yanlışlıqları aradan qaldırması, ölkənin millətçi kəsimlərinə münasibətin dəyişməsi, bütövlükdə milli maraqlara söykənən davranış ortaya qoyulması müsbət məqamlardır. Amma daha geniş və bir-birinə uyuşan, gerçəkdən birlik yaradan hakimiyyətə Türkiyədə çox ciddi ehtiyac var. Bu alınacaqsa, Türkiyə bundan qazanacaq. Əgər alınmazsa, təkrar seçkilərə getmək kimi məsələlər gündəmə gələ bilər ki, bunun da sonunu indidən proqnozlaşdırmaq çətindir. Fakt budur ki, Türkiyədə indiki vəziyyət ideal sayıla bilməz.
- Söylədiklərinizdən belə qənaətə gəlmək olur ki, koalisiya hökumətinin qurulması üçün 45 günlük danışıqlar prosesi nəticəsiz ola bilər...
- Türkiyədə müxalifət partiya liderləri bəyanatlarla çıxış edərək, ölkənin taleyinin ortada qalmasına razı olmayacaqlar və birhökumətli vəziyyətdən çıxmaq üçün qüvvələrini səfərbər edəcəklər. Bu bəyanat hələlik söz olaraq qalıb. Hansısa partiyanın xaricdən dəstəyi məsələsi də çətin vəziyyət yaradır. Bütün partiyaların da təmsilçiliyinə heç kəs razılaşmır. Hər halda 45 günlük müddət AKP üçün nəticəsiz bitərsə, bu görəv digər partiyalara verilə bilər, onlar da axtarışda ola bilərlər. Bütün hallarda, koalisiya hökumətinin qurulmasını Türkiyə üçün zərərli saymıram. İstənilən 3 qüvvə hakimiyyətdə birgə təmsil oluna bilər.
- Türkiyənin Suriya ilə sərhədinin yaxınlığında yerləşən Şanlıurfa bölgəsinin Suruç qəsəbəsində terror aktı törədilib. İndiki dönəmdə belə bir faciənin törədilməsi mövcud vəziyyəti daha da gərginləşdirməyə hesablanan hadisə ola bilərmi?
- Türkiyədə qarışıqlığın olmasında, hakimiyyətsiz qalmasında, siyasi qüvvələr arasında anlaşmanın olmamasında kənar supergüclər daim maraqlıdırlar. Onlar ərəb dünyasında parçalanma salandan sonra türk dünyasına da ağır zərbə vurmaq istəyirlər. Belə bir projelər, yeni siyasi şəkillənmələr haqqında düşüncələr var. Bu niyyətlə də istənilən sabitlik faktoruna zərbələr vururlar. Bunu PKK-nın, İŞİD-in əli ilə edirlər. Bu kimi qurumlar maşadırlar və kənar güclərin təsiri altında müxtəlif terror aktları törədirlər. Son terror aktı da Türkiyədə yeni şəkillənmələr, bölgülər həyata keçirmək istəyənlərin, bölgədə yeni siyasi xəritə cızmaq istəyənlərin işidir. Belə həssas dönəmdə vəziyyətdən yeganə çıxış yolu Türkiyə daxilində milli birliyə nail olmaqdır. Bəzi detallar üzərində mövcud fikir ayrılıqlarını aradan qaldırmaq, razılığa gəlmək mümkündür. Nəzərə almaq lazımdır ki, hakimiyyətsizlik uzun müddət davam etdikcə, aksiyalar davam etdikcə, kənardan müdaxilələrlə daxili vəziyyətin daha da körüklənməsinə meyillər artacaq. Buna imkan vermək olmaz.
- Türkiyədə yaşanan son insan qətliamından sonra artıq ölkənin bir çox yerlərində PKK terrorçuları və separatçı kürdlər təxribatyönümlü aksiyalar keçirməyə və bəzi yerlərdə terror hücumları törətməyə başlayıblar. Hadisələrin bu gedişatı nəyə gətirib çıxara bilər?
- Bir qədər əvvəl qeyd etdiyim kimi, Türkiyədə başsızlıq, qeyri-müəyyənlik, hakimiyyətsizlik davam etdiyi təqdirdə, terrorçu qrupların müəyyən məqsədlər üçün istifadə edilməsi davamlı xarakter alacaq. Bununla Türkiyədə xaos yaratmaq istəyirlər. Ona görə də hakimiyyət, daha doğrusu, hakimiyyəti qurmaq istəyən iqtidar partiyası AKP özündə güc tapmalı, müəyyən təşkilati addımlarla MHP və CHP-nin qüvvəsindən istifadə edib Türkiyənin milli maraqlarına cavab verən hökuməti qurmalıdır. Belə olmazsa, vəziyyət getdikcə gərginləşə, ölkə xaosa sürüklənə bilər.
- Terror aktının törədilməsində HDP-nin – kürdlərin maraqlı olması barədə mülahizələr də Türkiyə mətbuatında yer almaqdadır. Sizcə, bu mülahizələr nə dərəcədə doğrudur?
- Türkiyədə kürd problemi yoxdur. Bu ölkədə kənardan idarə olunan PKK problemi var. Türkiyədə bütün millətlər türkiyəçilik möqeyindən çıxış edərək, hər zaman rahat yaşaya biliblər. HDP-nin aparıcı qüvvələrindən bir qismi əslində PKK-nın parlamentə soxulmaq istəyən qruplarıdır. Bunun başqa adı yoxdur. Onların etiraz aksiyalarında çağırışları, səsləndirdikləri şüarlar, qaldırdıqları plakatlar və bayraqlar onu göstərir ki, həmin qruplar Türkiyənin bütövlüyündən başqa hər şeyi istəyirlər. Ona görə də terror aktına görə günahkarı AKP, MHP, CHP-də axtarmaq absurddur. Bu terror aktında maraqlı və günahkar olanlar PKK və onu idarə edənlərdir. Bütövlükdə kürdlər deyil, onların separatçılığa meyilli, xarici dairələrin təsiri altında olan, əlaltı funksiyasını yerinə yetirən az bir qismi belə hadisələrdə öndə gedənlərdir. İŞİD-in özü də kənardan idarə olunan, müxtəlif ölkələrə qarşı təzyiq və təsir xarakteri daşıyan terror qruplaşmasıdır. Vaxtilə Türkiyə NATO və ümumilikdə Qərb üçün strateji əhəmiyyət daşıyır, bu ölkə NATO-nun cənub qalası hesab olunurdu. Çünki o zamanlar SSRİ adlı güclü imperiya var idi. Lakin SSRİ süqut edəndən sonra sırf islam faktoruna görə Türkiyəyə qarşı ögey münasibət sərgilənməyə başlanılıb. Almaniya kansleri Merkel mətbuata açıqlamasında “Avropa İttifaqı xristian birliyidir və burada Türkiyəyə yer yoxdur” deməklə Qərbin münasibətini tam ifadə edir. Ona görə də xaricdən idarə olunan qüvvələr vasitəsilə Türkiyənin zəiflədilməsi planı ortadadır. Bu planın baş tutmaması üçün Türkiyədə birliyə, bərabərliyə, milli və dövlətçilik maraqlarına cavab verən güclü koalisiya hakimiyyətinə ciddi ehtiyac var.
- Terror hadisəsi baş verər-verməz, istintaq başlamamış, PKK-nın siyasi qolu HDP, Fətullah Gülənə məxsus, həmçinin Aydın Doğana bağlı media qurumları olayın İŞİD tərəfindən törədildiyini bildirib, bunun üzərindən AKP hökumətinə qarşı hücuma keçiblər. Fətullah Gülən və Aydın Doğanın Amerikada əlaqələrini nəzərə alsaq, Türkiyə daxilində gərginliyin yaranmasında bilavasitə ABŞ-ın da maraqlı olduğunu deyə bilərikmi?
- İstənilən dövlətdə, o cümlədən Türkiyədə də maraqlı qüvvələr var ki, baş verən hər hansı hadisədən sui-istifadə edib hakimiyyəti dəyişsinlər. Ona görə də dövlət, xalq və milli maraqları heç bir halda özəl maraqlara qurban vermək olmaz. Partiya, qrup və şəxsi maraqları zamanı gələndə milli maraqlara görə qurban vermək lazımdır. Təəssüf ki, Türkiyədə hakimiyyətdə olanlarla savaş aparan siyasi qüvvələr öz maraqlarını üstün tuturlar. Bu zaman isə milli maraqlar ayaqlar altına atılır. Belə olmaz. Terrorla bağlı istintaqın sonunu, suların durulmasını gözləmək lazımdır. Bunun ardınca isə birlik nümayiş etdirərək, milli maraqları müdafiə etmək lazımdır.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər