• şənbə, 27 Aprel, 04:30
  • Baku Bakı 14°C

Türkiyədə keçiriləcək seçkilər önəmli mərhələdə

23.05.18 09:00 879
Türkiyədə keçiriləcək seçkilər önəmli mərhələdə
Türkiyədə iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri ilə bağlı partiyalar irəli sürdüklərideputatlığa namizədlərin siyahısını Yüksek Seçim Kuruluna(Mərkəzi Seçki Komissiyası) təqdim ediblər. Sürprizlərə dolu siyahılar böyük maraq və müzakirələrə səbəb olub. Ən çox sürpriz doğuran siyahı hakim partiya Ədalət və İnkişaf Partiyasının (AKP) siyahısı olub. Siyahıda 600 nəfərin adı yer alıb ki, onlardan126-sı qadındır. Siyahıda AKP-nin hazırda deputat olan167 üzvünün də adı da var.Bundan əlavə, 149 deputat təkrar namizəd göstərilməyib. Sürpriz olan odur ki, bir çox nazirlərin adları siyahıya salınmayıb. Türkiyə mediası bunu, adları siyahıda olmayan nazirlərin gələcək hökumətdə təmsil olunmayacağı kimi şərh edib. Adlarını siyahıda görməyən nazirlər - Mehmet Şimşek, Nihat Zeybekci, Naci Ağbal, Faruk Özlü ve Ömer Çelikdir. Türkiyənin baş naziri Binəli Yıldırım İzmirdən, Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici isə Ankaradan namizəd göstərilib. Adları siyahıda yer alan nazirlər isə bunlardır – Binəli Yıldırım, Bəkir Bozdağ, Fikri İşık, Rəcəb Akdağ, Hakan Çavuşoğlu, Abdülhamid Gül, Fatma Betül Sayan Kaya, Jülidə Sarıeroğlu, Mehmet Özhaseki, Mevlüt Çavuşoğlu, Berat Albayrak, Osman Aşkın Bak, Ahmet Eşref Fakıbaba, Bülent Tüfenkci, Lütfü Elvan, Numan Kurtulmuş, Süleyman Soylu, Nurettin Canikli, Veysel Eroğlu, Ahmet Arslan, Ahmet Demircan, İsmet Yılmaz.
Bəzi nazirlərin millət vəkili siyahısına salınması kulislərdə çaşqınlıq yaradıb. Adı prezident köməkçisi kimi keçən baş nazir Binəli Yıldırımın TBMM rəhbəri olacağı bildirilir. Bəzi nazirlərin 9 ay sonra keçiriləcək bələdiyyə seçkilərində namizəd olacaqları da irəli sürülür. Ən maraqlısı odur ki, Ərdoğanın partiyasının siyahısında idmançılar da təmsil olunub. Motosikletçi Kenan Sofuoğlu, keçmiş futbolcu Alpay Özalan, güləşçi Selçuk Çebi, sabiq nazir Mehmet Ağarın oğlu Tolga Ağar, sabiq spiker Bülent Arınçın oğlu Ahmet Mücahit Arınç namizədlərin siyahısında yer alıb. Jurnalist Ayşe Böhürler, prezidentin mətbuat xidmətində çalışmış Alev Dedegil, Özlem Zengin, Gülşen Orhanın da adı siyahıda var. Sabiq futbolçu Tanju Çolak və müğənni İbrahim Tatlısesin isə adları siyahıya salınmayıb.
O ki qaldı digər partiyalara - ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyası da 600 namizəd irəli sürüb. CHP sədri Kamal Kılıçdaroğlu İzmir, sabiq sədr Deniz Baykal Antalya, Abdullatif Şener Konyadan namizəd olub. İYİ Partiya da 600 namizəd irəli sürüb. Sədr Meral Akşenerin razılaşdırdığı siyahıda sürpriz adlar var. Maraqlı odur ki, tarixçi Yusuf Halaçoğlu namizəd olmayıb. Süleyman Dəmirəlin həkimi Aylin Cesur isə namizəd olub. Milliyyətçi Hərəkat Partiyasının sədri Bahçeli məmləkəti Osmaniyedən namizəd olub. Səadət Partiyası da namizədlərinin siyahısını hazırlayıb. Kürdyönümlü HDP də 600 namizədin adını MSK-ya təqdim edib. Bir faktı da qeyd edək ki, ötən gün sədr Səlahəddin Dəmirtaşın həbsdən təxliyə olunması tələbi ilə bağlı qərar verilib. Millət vəkili Ayşə Acar və bir neçə vəkil Ankara Ağır Cəza Məhkəməsinə müraciət edərək Dəmirtaşın həbsdən buraxılmasını tələb edib. Məhkəmə tələbi rədd edib. Yeri gəlmişkən, Türkiyədə iyunun 24-də keçiriləcək prezident və parlament seçkiləri tək qardaş ölkədə deyil, regionda ən ciddi siyasi hadisələrdən biri kimi dəyərləndirilir. Türkiyənin hakim koalisiyası AKP və MHP-nin təşəbbüsü ilə keçirilən növbədənkənar seçkilər bu tandem üçün iqtidara davam fürsəti, müxalifət üçünsə hakimiyyətə gəliş şansı hesab olunur. AKP-MHP ittifaqının növbədənkənar seçkilər qərarı gözlənilməz olsa da, bu addım Türkiyə daxilində çox da geniş müzakirələr doğurmadı. Gözlənildiyi kimi, seçkilər elan olunduqdan sonra AKP-MHP birliyi çox əmin-arxayınlıqla kampaniya hazırlıqlarını davam etdirməkdədirlər. Hakim düşərgə ilə müqayisədə, müxalifət daxilində izaholunmaz eyforik ovqat yaranıb.
Bir faktı da qeyd edək ki, prezident seçkilərində Ərdoğanın qələbəsi şübhə doğurmasa da, parlament seçkilərinin nəticələri AKP-nin gözləntiləri ilə üst-üstə düşməyə bilər.
Yeri gəlmişkən, seçkiöncəsi Türkiyə iqtisadiyyatında maraqlı proseslər baş verir və bu vəziyyət heç də hakimiyyətə uğur vəd etmir. Söhbət türk lirəsinin dəyərini itirməsi, iqtisadiyyatda yaşanan süstlükdür. Türk lirəsi son 4 ildə ortalama 2 dəfəyə yaxın dəyərini itirib. ABŞ dollarının ən çox dəyər qazandığı aylardan biri 2018-ci ilin mart ayının sonları olub. 3.80 türk lirəsi civarında olan dollar, son 2 ayda 4.50 səviyyəsinə qalxıb. Bunda ABŞ prezidenti Donald Trampın İranla nüvə razılaşmasından çıxmasının rolu da olub. Türkiyədə digər problem işsizlikdir. İşsizlik 10 faizi üstələyib, turizm və inşaat sektorunda son vaxtlara qədər durğunluq var idi, idxal-ixrac əməliyyatları azalmışdı, xarici borc artırdı. Lirənin dəyərsizləşməsi digər malların qiymətinə də avtomatik təsir edir. Əhali bundan narahatdır. Çünki dollar qalxdıqda, ilk olaraq yanacağın qiyməti qalxır. Bu da avtomatik olaraq, ərzağın qiymətlərinə təsir edir. Beynəlxalq Valyuta Fondu (BVF) da Türkiyə iqtisadiyyatında yaranan durumdan narahatdır. BVF-nin hesabatları da bundan xəbər verir. Buna baxmayaraq, Türkiyədə turizmdə çətin günlər arxada qalxıb, bu sektorda canlanma müşahidə olunur. Türkiyəyə turist daşıyan gəmilərin sayı artır. Bəs dolların kursu necə olacaq? Türkiyədə hamı 24 iyun prezident və parlament seçkisinin nəticəsini gözləyir. Seçki sonrası iqtisadiyyatın yerinə oturacağına dair müxtəlif fikirlər var. Rəcəb Təyyub Ərdoğanın yenidən prezident seçilməsi iqtisadiyyatda sabitliyin bərpa olunmasına yardımçı ola bilər. Bütün problemlər həll olunmasa da, yaşam standartlarının düzələcəyinə dair inam var. Bundan başqa, Türkiyənin iştirak etdiyi böyük regional layihələr var ki, onlar da iqtisadiyyata müsbət təsir etməlidir. Bu sırada Türkiyənin Azərbaycanla birgə reallaşdırdığı böyük layihələrin xüsusi rolu var.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər