Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin

Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin

Cəmiyyət
27 Aprel 2017, 11:00 745
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) srağagün Strasburqda keçirilən yaz sessiyasının plenar iclasında "Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi müzakirə olunub. Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumundan sonra ölkə üzrə məruzəçilərin hazırladıqları hesabatda Türkiyənin monitorinq mərhələsinə qaytarılması təklif olunub. Gərgin müzakirələr zamanı bəzi assambleya üzvləri sənədə əlavə və dəyişikliklər təklif etsələr də, bu təkliflərin heç biri qəbul edilməyib. Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair müddəa olduğu kimi saxlanılıb. Müzakirələr zamanı AŞ PA-dakı Türkiyə nümayəndə heyəti ilə bərabər, Azərbaycandan olan nümayəndə heyəti də buna öz etirazını bildirib. Ancaq buna baxmayaraq, sonda qətnamə layihəsi tam şəkildə səsə qoyularaq qəbul edilib. Qərarın lehinə 113, əleyhinə 45 parlamentari səs verib. Baxmayaraq ki, Türkiyə 13 il əvvəl monitorinq prosesindən çıxarılmışdı və post-monitorinq mərhələsində idi, son hadisə nəticəsində Türkiyə monitorinqdən çıxarıldıqdan sonra yenidən monitorinq altına alınan ilk ölkə olub.
 
 

AŞ PA-nın yaz sessiyasının plenar iclasında Türkiyə ilə əlaqədar qəbul edilən qərar qardaş ölkədə olduğu kimi Azərbaycan cəmiyyətində də narazılıqla qarşılanıb. Millət vəkilləri, siyasətçilər, politoloqlar Türkiyəyə qarşı olan qərarı ədalətsiz və qərəzli münasibət kimi qiymətləndiriblər. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə AŞ PA-nın Türkiyə ilə bağlı qərarını bu ölkəyə qarşı aparılan kampaniyanın növbəti mərhələsi kimi şərh edib. O, deyib ki, 1963-cü ildən Türkiyənin müraciətinə baxmayaraq, ölkə Avropa Birliyinə qəbul edilmir, ölkənin PKK terror təşkilatına qarşı mübarizəsi dəstəkləmir. Deputat ötən il Almaniya parlamentinin uydurma "erməni soyqırım”ını tanıyaraq, Türkiyəyə qarşı böyük bir haqsızlıq etdiyini də xatırladıb. Bildirib ki, bir müddət əvvəl türkiyəli nazirlərin Avropaya buraxılmaması, AŞ PA-nın Türkiyəni post-monitorinq mərhələsindən yenidən monitorinq mərhələsinə qaytarması isə Avropa Şurasının özünün öz nizamnaməsini ciddi surətdə pozması deməkdir: "Türkiyə sıradan bir ölkə deyil. Dünyanın və regionun nüfuzlu ölkələrindən biridir, dünyanın stabilliyinə və təhlükəsizliyinə ciddi töhfə verir. Türkiyə həm də Avropa Şurasının siyasi xəttini müəyyənləşdirən ölkələrdən biridir və bu ölkənin nümayəndəsi vaxtilə AŞ PA-nın prezidenti olub. Türkiyənin müstəqil daxili və xarici siyasəti Avropada müəyyən dairələrin xoşuna gəlmir. Onlar Türkiyəni zəif, iradəsiz, ən əsası isə Qərb dairələrinin maraqlarına uyğun siyasət aparan bir dövlət kimi görmək istəyirlər”.

Millət vəkili A.Mirzəzadə əlavə edib ki, AŞ PA-nın son qərarı Avropa təşkilatlarının ikili standartlarından da xəbər verir: "Ermənistanda seçkilər ciddi qanun pozuntuları ilə keçirilir, AŞPA bu məsələyə münasibət bildirmir. Ermənistan beynəlxalq hüquq normalarını pozaraq qonşu Azərbaycan torpaqlarının bir hissəsini işğalda saxlayır, ancaq AŞ PA Azərbaycanla Ermənistanı tərəzinin bir gözünə qoyur. Müşahidələr göstərir ki, anti-türk kampaniyası çox əcaib bir xarakter alıb. Bu, heç də Avropaya başucalığı gətirmir. Bu, Avropaya yeni düşüncə gətirilməsinin vacibliyini vurğulayır. Avropa özünün elan etdiyi və dünyaya nümunə göstərdiyi demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərinə qayıtmalıdır, ədalətsizliyi və ikili standartları fəaliyyətindən kənarlaşdırmalıdır”.
 
 

Millət vəkili, politoloq Rasim Musabəyov AŞ PA-nın Türkiyədə monitorinqi bərpa etmək qərarını ədalətsiz və qərəzli hadisə kimi səciyyələndirib. Onun fikrincə, Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin. Deputat "Azərtac”a açıqlamasında bildirib ki, Türkiyə beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarı olsa da, bu gün hadisələr başqa məcrada cərəyan edir. R.Musabəyovun sözlərinə görə, AŞ PA-nın Türkiyə ilə bağlı ədalətsiz və qərəzli qərarı Azərbaycanda da haqlı narazılıq doğurub: "Türkiyə respublika kimi 100 illiyini qeyd etməyə hazırlaşır. Ötən müddətdə böyük çətinliklərə baxmayaraq, Türkiyə özünün oturuşmuş demokratik cəmiyyətini qurub. Kiminsə kənardan baxıb buna qiymət verməsinə ehtiyac yoxdur. Ona görə də düşünürəm ki, Avropa Şurası Parlament Assambleyasının bu qərarı heç bir məntiqə sığmır.  AŞ PA-nın bu qərarı təşkilatda islamofobiya meyillərinin qalib gəldiyindən, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığından xəbər verir. Bu qurumun monitorinqlərinin müəyyən dairələrin mənafeyinə xidmət etdiyi, müstəqil dövlətlərə təzyiq vasitəsi olduğu artıq heç kəs üçün sirr deyil”.
 
 

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə hesab edir ki, Avropa Şurasının Türkiyə ilə bağlı qəzəli qərarının arxasında qardaş ölkənin müstəqil siyasət həyata keçirməsi dayanır. O, Türkiyənin 60 ildən artıqdır Avropa İttifaqına üzv seçilmək üçün müraciət etdiyini xatırladıb. Qeyd edib ki, uzun illər keçməsinə baxmayaraq, hələ də məsələ müzakirə mövzusu olaraq qalır. Millət vəkilinin sözlərinə görə, bu müddət ərzində Türkiyədən həm iqtisadi, həm də demokratik təsisatları zəif olan ölkələr belə Avropa İttifaqına daxil olub: "Çox təəssüf ki, Avropada yenidən "Səlib yürüşü” təfəkkürü, anitisemitizm  güclənməkdədir. Avropada yəhudilərə qarşı çox xoşagəlməz hadisələr baş verir, müsəlmanlarla bağlı isə ictimai rəydə mənfi fikirlər formalaşdırılır. Bunun özü çox təhlükəli prosesdir. Əgər Avropa Berlin divarlarına bənzər yeni divarlar inşa edəcəksə, bu, nəticə etibarilə mənfi hadisələrə təkan verə bilər. Amma Azərbaycan əməkdaşlığa hər zaman açıq ölkədir. Bu gün Azərbaycan, eləcə də qardaş ölkə Türkiyədə yeni qlobal proseslərdə liderlik funksiyasını daşıyır”.
 
 

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu AŞ PA və bu kimi digər Avropa strukturlarını əslində Qərb imperializminin milli dövlətlərə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizm kimi qələmə verib. Bildirib ki, zahirən insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri müdafiə edən mühüm bir Avropa strukturu kimi görünən bu təşkilatlar əslində imperializmin maraqlarına xidmət edir: "Mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu cür qurumlara cəlb olunur və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci əsas hissəsi işə düşür. Bu mərhələdə öz məqsədlərinə çatmaq, yəni, dövlətləri öz istəklərinə uyğun şəkildə idarə etmək, onları istismar etmək üçün addımlar atılır. Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır. Bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir. Əgər konkret ifadə etməyə çalışsaq, Avropa İttifaqının bütün struktur vahidləri, o cümlədən AŞPA müsəlman ölkələrinə qarşı əməlli-başlı siyasi terror müharibəsi aparır. Onlar, belə demək mümkündürsə, insan hüquq və azadlıqları silahı ilə hücum edir, Yaxın Şərqdə başlatdıqları idarəolunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışırlar. Bu hibrid müharibə növü Qərb imperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir. Bu müharibə idarəolunan xaos nəzəriyyəsinə və vətəndaşların insan hüquqları adı ilə aldadılaraq öz əlləri ilə qurduqları dövləti yıxmağa əsaslanır. Bundan sonra isə həmin ölkənin dövləti həmin xalqın başına uçurulur və bütün sərvəti talan edilir. Ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna çevirməyə hesablanmışdı. Ancaq türk xalqı "qoca qitə”nin bu hiyləsinə aldanmadı. Əksinə, referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞ PA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir”.
 
 

Milli Məclisin deputatı Bəxtiyar Əliyevin fikrincə, AŞ PA-nın Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı ədalətsizdir və demokratik dəyərlərə tamamilə zidd olmaqla bərabər, qardaş ölkənin aparıcı rolunu azaltmaq məqsədi daşıyır. O, Türkiyənin son 15 ildə çox böyük inkişafa nail olduğunu diqqətə çatdırıb. Bildirib ki, Avropa bu cür siyasi təzyiq vasitələrindən istifadə etməklə Türkiyənin həm Avropada, həm də şərqdə aparıcı rolunu kiçiltməyə çalışır. Millət vəkilinin sözlərinə görə, eyni təzyiqlər Azərbaycana və digər müsəlman ölkələrinə qarşı da edilir: "AŞ PA-nın bu qərarı təşkilatda islamofob meyillərin qalib gəldiyini, müsəlman ölkələrinə qarşı ikili standartlar siyasətinin yeni dalğasının başlandığını göstərir. Bu cür təzyiq vasitəsilə öz şərtlərini qəbul etdirməyə çalışırlar. Bununla Avropa Şurası özü öz prinsiplərini sual altına qoymuş olur”.
 
 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov da hesab edir ki, AŞ PA-nın qardaş Türkiyə ilə bağlı monitorinqi bərpa etmək qərarı subyektivdir, qərəzli xarakter daşıyır. O, bildirib ki, son vaxtlar bəzi dairələrin, xüsusilə Avropa təsisatlarının sifariş xarakterli sənədlər qəbul etməsi hazırda Avropada, Qərbin təşəbbüsü ilə yaradılan əksər beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurasında ikili standartların və islamofob əhval-ruhiyyənin hökm sürdüyünü göstərir. Professorun fikrincə, AŞ PA-nın monitorinqləri müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi daşıyır: "Qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu sənəd Avropa Şurasının birinci belə subyektiv, antiislam, antitürk mahiyyəti kəsb edən qərarı deyil və çox güman ki, gələcəkdə də biz bu cür ədalətsiz qərarların şahidi olacağıq. Halbuki həm Azərbaycan, həm də Türkiyə antiqərb mövqeyində deyil və Qərblə bütün sahələrdə ədalətli, bərabərhüquqlu əməkdaşlığa və tərəfdaşlığa hazırdır. Amma təəssüf ki, son zamanlar Avropada müsəlman və türk xalqlarına qarşı bir ovqat hökm sürür. Bu siyasətin Qərbə, Avropaya nə verəcəyini tarix özü göstərəcək. Amma Azərbaycan dövləti heç vaxt imkan verə bilməz ki, onların bu kimi ədalətsiz qərarları dünya ictimaiyyətinə təlqin olunsun və real həqiqət kimi zorla insanların şüuruna yeridilsin. Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ölkəmizə və qardaş Türkiyəyə qarşı ədalətsiz mövqeyini, Qərbin islamofob dairələrinin müsəlman dövlətlərini hədəfə almaq səylərini heç vaxt qəbul etməyəcək.

Rufik İSMAYILOV