• cümə, 19 Aprel, 11:38
  • Baku Bakı 13°C

Türkiyə sənəti Ünlü(oğlunu) itirdi

03.10.19 09:00 1212
Türkiyə sənəti Ünlü(oğlunu) itirdi
Türkiyənin sevilən teatr və kino aktyoru Tarık Ünlüoğlu uzun sürən xəstəlikdən sonra oktyabrın 1-də 61 yaşında dünyasını dəyişdi. Onun bu ölümü türk kino aləmini, onu sevən tamaşaçıları məyus etdi.
Türkiyənin məşhur "Kurtlar Vadisi”, "Benim Annem Bir Melek”, "Avrupa Avrupa”, "Eşkıya dünyaya hükümdar olmaz” seriallarında və "Cumhuriyet”, "Kabadayı”, "Bana Masal Anlatma”, "Berlin Kaplanı”, "Kara Bela” filmlərində əsas rollarda çıxış edən mərhum aktyor, Türkiyə teatr və kino camesinin tanınmış simalarından biri idi. Teatrı, kinonu çox sevir, özünü bu sənətin fədaisi adlandırırdı.
Gedəcəyi ürəyinə damıbmış
Sevilən aktyorun son işlərindən biri reytinqli seriallardan olan "Eşkiya dünyaya hükümdar olmaz”-da canlandırdığı Ünal Kaplan rolu idi. Məhz ona görə də Türkiyə mətbuatında "Ünal Kaplan son mənzilə yola salındı” başlıqlı xəbərlər yer aldı. Yaratdığı obrazları ilə tamaşaçılarının qəlbində taxt quran aktyorun ölümü sənət dostlarını da məyus etdi. Belə ki, məşhurlar aktyorun ailə üzvlərinə baş sağlığı verir və sosial şəbəkədəki səhifələrində sənətkarla fotolarını paylaşaraq, onunla bağlı xatirələrini bölüşürlər.
Bir ilə yaxındır ki, ağciyərində peyda olan xərçənglə mübarizə aparan aktyor, 61 yaşında həyata gözlərini əbədi yumdu. Aktyorun "instaqram” hesabındakı son paylaşımı da diqqət çəkib. Sanki gedəcəyindən xəbərdarmış. Ölümündən əvvəl səhifəsində "quşlar kimi uçmaq istəyi”nin olduğunu vurğulayıb.
Türkiyədə bir neçə həftə əvvəl bu xəstəlikdən dünyasını dəyişən fenomen Neslicandan sonra xərçəngin daha bir ünlünü aparması da Türkiyə mətbuatında geniş müzakirə olunur. Türkiyədə bu xəstəliyin geniş yayıldığı vurğulanır.
Ağ ciyər xərçəngi ilə mübarizə aparan mərhum aktyor da xərçəngə qalib gələ bilməyənlər siyahısına əlavə olundu.
Aktyorun dünyasını dəyişdiyi gün onun həkimi, professor Gökan Demir Tarık Ünlüoğlunun ölümünə məyus olduğunu bildirərək, əlindən gələni etdiyini söyləmişdi: "Uzun müddət idi ki, Tarık bəy ağciyər xərçəngindən müalicə alırdı. Son günlər ona ciddi nəzarət etməyə çalışsaq da, bütün tibbi müdaxilələrə baxmayaraq, onu həyatda saxlaya bilmədik. Mən buna görə çox məyusam. Oktyabrın 1-də, saat 12:40-da biz onu itirdik. Özünə Allahdan rəhmət, ailəsinə və bütün sənətsevərlərə səbir diləyirik”.
Sənətsevərlər onunla oktyabrın 3-də İstanbul Dövlət Dram Teatrının böyük səhnəsində vidalaşacaqlar. Həmin gün Ləvənd Məscidində günorta namazı qılındıqdan sonra sənətkar Zəncirli quyu məzarlığında dəfn olunacaq.
Aktyorun bu günə qədər yaradıcılıq yoluna nəzər salsaq, istər kino, istərsə də teatrda biri birindən maraqlı obrazları ilə hələ uzun müddət yaddaşlardan silinməyəcəyini iddia edə bilərik.
İstedadlı aktyor ömrünün 60 yaşında dostlarına "Bu yaşıma qədər əsl rolumu hələ də oynamamışam” deyirmiş. Yaxşı bir aktyor olmaq istiqaməti üzərində irəlilədiyini vurğulayırmış. Özünə heç zaman peşəkar aktyor deməsə də, hər zaman seriallarda baş qəhrəmanları canlandırırdı. Deyirmiş ki, bir gün oynadığı rolları görən insanlar təəccüblənəcəklər. Mətbuat, öülümndən sonra "O, dediyini etdi, insanları təəccübləndirən son obrazını oynadı” yazır.
Özünü yerində hiss etməyən aktyor
Tarık Ünlüoğlu 1957-ci ildə İzmirdə dünyaya gəlmişdi. Ailəsi ona Rəşat Tarık Ünlüoğlu adını vermişdi. Uşaqlığı çox dinamik və hərəkətli keçib. Uşaqlıq illərində futbola böyük marağı olub. Orta məktəbi İzmirdə başa vuran Tarık, 12-18 yaşlarında məktəblərarası futbol yarışlarına qatılıb. Futbolla bərabər, aktyorluğa da böyük marağı olub. Dövründə çəkilən bütün filmləri izləyir və aktyor olmağı da arzulayır. Müsahibələrində deyir ki, Yeşilcam filmlərinin ulduzları olan Hülya Koçyiğit, Türkan Şoran kimi ulduzlara pərəstiş edib və onlarla eyni səhnədə, bir layihədə yer almağı arzulayıb: "Türkiyə kino tarixinə adını qızıl həriflərlə yazdıran bu sənətkarların oyununu izlədikdən sonra çox düşündüm. Mən də seçəcəyim sənətdə - ya futbol meydançasında, ya çəkiliş meydançasında "bir baltaya sap olmalıyam” deyirdim. Mənim bəxtim çəkiliş meydançasında gətirdi. Mən futbolçu deyil, artist oldum. Futbolçu olmaq üçün gərək bütün günü topun arxasınca qaçasan. Ona görə, mən ən rahat yolu seçdim”.
Beləliklə o, aktyorluq xəyalının arxasınca gedir. Arzularının arxasınca getmək üçün böyük əzm göstərib. Bunu onun keçdiyi yaradıcılıq yolundan aydın şəkildə görmək mümkündür. Belə ki, qarşısına qoyduğu məqsəddən heç zaman vaz keçməyib. Məktəbi bitirdikdən sonra Ankara Dövlət Konservatoriyasına daxil olub. Burada bir il təhsil aldıqdan sonra ixtisasını dəyişərək teatr bölümünə keçib. Uzun illər dövlət teatrında çalışaraq televiziyada, teatrda bir-birindən maraqlı obrazlar canlandırmağı arzu edib. Bunun üçün Konservatoriyanın onun arzuladığı bir məkan olmadığını, burada özünü rahat hiss etmədiyini deyərək, ixtisasını dəyişib. Əslində aktyorluq ixtisasından kəsildiyi üçün sənədlərini konservatoriyaya verdiyini desə də, gec də olsa yanlış seçim etdiyini anlayıb. Mərhum sənətkar müsahibələrində deyib ki, Konservatoriyada təhsil aldığı zaman əsas istəyi teatr aktyoru olduğu üçün solfecio dərslərindən imtina edib, müəllimlərinin icazəsi ilə teatr və aktyorluq dərslərinə girib və özünü aktyor kimi yetişdirməyə çalışıb: "Operada özümü inkişaf etdirə bilərdim, lakin buna heç həvəsim yox idi. Operaya daxil olduqda həyatımın ən çətin günlərimi yaşadım. Çünki burada öz yerimdə deyildim. Opera ifaçısı olmaq istəmirdim. O illəri həyatının ən pis illəri hesab edirəm. İnsanın özünü yerində hiss etməməsi, düşdüyü məkana aid olmadığını bilməsi, həqiqətən, çox ağır bir prosesdir. Konservatoriyadan atılmamaq üçün Allaha o qədər yalvarmışdım ki… Hələ də o illərim yuxuma girir”.
Mərhum sənətkarın bir dostu ona aktyor kursları keçməyə başlayıb. Özünü inkişaf etdirən Tarık teatr imtahanlarına girir. Bir baltaya sap olmaq üçün çıxdığı yolda özünü kəşf edir. 5 illik məktəbi 4 ilə bitirdi. Daha sonra Ankara Dövlət Teatrında işə düzəlir, ömrünün düz 20 ilini bu teatra həsr edir. Deyirdi ki, bu teatrdan aldığı maaşı həyatının ən gözəl günü kimi xatırlayır: "İlk maaşımı alanda özümü bir baltanın ən parlayan sapı kimi hiss edirdim”.
Pilot olmaq arzusu
Bu istəyinə çatdıqdan sonra ömrünün müəyyən yaşlarından sonra pilot olmaq həvəsinə düşüb. "Kim bilir, aktyor olmasaydım, bəlkə də yaxşı pilot olardım” - deyərək pilotların həyatlarını araşdırmağa başlayıb. Heç zaman bu ixtisasın təhsilini almasa da, dünyanı gəzib və səyahət edərkən nə qədər məsafə qət edəcəyini, təyyarənin hansı şəhərin üzərindən keçdiyini çox yaxşı bilirdi. Pilot ola bilməmişdi. Amma bundan sonrakı həyatında ən azından bir sərnişin olaraq uçarkən belə, özünü pilot ikimi hiss edirdi. Bunu sosial şəbəkədə paylaşımlarından daha çox hiss etmək mümkün idi. Qeyd edirdi ki, təyyarəyə minərkən ən çox pəncərə kənarında oturur, belə olduqda, göy üzünü, buludlara toxunaraq hiss edir.
Aktyor teatrda çalışaraq seriallarda və filmlərdə bir-birindən maraqlı obrazlar canlandırıb. Rol aldığı ilk obrazların onun üçün daha əziz olduğunu vurğulayırdı. Belə ki, 1973-cü ildə ilk dəfə Ankara Dövlət Teatrında "İstanbul əfəndisi” tamaşasında səhnəyə çıxıb, ilk serialı isə 1983-cü ildə "Qurt və quzu” olub. 1996-cı ildə "Bir kişinin anatomiyası” adlı filmdə rol alıb. Dostları ilə söhbət edərkən "Həyatın ilki və sonu çox gözəl olur” deyirmiş. Bu gün mərhumun bu sözünü xatırlayan sənət dostları sonunun heç də yaxşı olmadığını dilə gətirirlər.
Aktyor bir il idi ki, xəstəlikdən əziyyət çəkirdi. "Eşkiya dünyaya hükümdar olmaz” serialında çəkilərkən də müalicə alırdı. Serialların çəkilişləri zamanı tez-tez ağrıları tuturmuş. Artıq ağrımır daha. İndi rahatlıqla buludlara toxunur, göy üzünü hiss edir.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər