• cümə, 26 Aprel, 21:46
  • Baku Bakı 22°C

Türkiyə İŞİD-ə qarşı aparıcı hərbi qüvvə roluna iddia edir

09.09.16 12:23 1008
Türkiyə İŞİD-ə qarşı aparıcı hərbi qüvvə roluna iddia edir
İllərdir davam edən Suriya böhranının həllində irəliləyiş əldə edilə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, özünü "İslam Dövləti” elan edən İŞİD terror qruplaşmasının "paytaxtı” - Raqqanın azad edilməsində ABŞ-a kömək etməyə hazırdır. Əgər bu ssenari reallaşarsa, onda Suriyada gedən hərbi əməliyyatlarda vəziyyət köklü şəkildə dəyişmiş olacaq. Və Ankara İŞİD-ə qarşı başlanacaq quru əməliyyatında aparıcı qüvvə olacaq. Lakin Türkiyə belə bir addım atılması müqabilində kürd məsələsinin həllində əl-qolunun açılmasına imkan verilməsini, daha çox sərbəstlik tələb edəcək.
Qeyd edək ki, Türkiyə prezidenti sensasion bəyanatı "Böyük 20”liyin Çində keçirilən sammitindən geri dönərkən təyyarədə verib. R.T.Ərdoğan və amerikalı həmkarı Barak Obama silahlılara qarşı birgə addımlar barədə razılığa "G20” görüşündə gəliblər. Türkiyə prezidenti əlavə edib ki, Türkiyənin bu cür birgə addımlar atmaqda "heç bir problemi yoxdur”.
R.T.Ərdoğanın şərhi Türkiyə mətbuatında dərc edilib. ABŞ-dan isə heç bir şərh yoxdur. "Obama, Raqqa ilə bağlı birgə nəsə etmək istəyir” - deyə Ərdoğan bildirib. "Biz bunun bizim üçün problem olmayacağını bildirdik. Mən bildirdim ki, əsgərlərimiz bir araya gəlib bunu müzakirə etməlidir, daha sonra gərəkli olan ediləcək” - deyə Türkiyə prezidenti əlavə edib. O bəzi təfərrüatlar barədə danışsa da, daha geniş müzakirələrin olacağını bildirib.
İŞİD-in Raqqa şəhərini ələ keçirməsi qruplaşma üçün ən vacib hadisələrdən hesab edilir və hazırda şəhər cihadçıların faktiki paytaxtı sayılır. Şəhərdə hələ də 250 minlə 500 min arası insanın yaşadığı deyilir və sakinlərə qarşı zorakılıq hadisələri ilə bağlı xəbərlər yayılır.
Beləliklə, hazırda Suriyanın şimalında genişmiqyaslı hücumu ilə Türkiyə ölkədə əsas hərbi oyunçulardan birinə çevrilib. Lakin kürd qüvvələrinə qarşı Ankaranın hərəkəti Ərdoğan hökumətinə qarşı uğursuz çevriliş cəhdindən sonra onsuz da zəif olan ABŞ-Türkiyə münasibətlərini gərginləşdirib. İndi isə hər iki tərəfdən əlaqələrin yaxşılaşdırılması ilə bağlı istək var və Raqqanın İŞİD-dən alınmasına dair birgə döyük plan da bu istəyin tərkib hissəsidir. Bu, Vaşinqtonun Türkiyənin Suriyada strateji maraqlarını tanıması olacaq. Türkiyənin rolunun hara qədər davam edəcəyi barədə heç bir detal verilməsə də, Raqqaya hücum olacağı təqdirdə, Türkiyə sərhədinə yaxın bölgə şəhəri tərk edən İŞİD qüvvələrindən mühafizə edilməlidir. Bundan əvvəl Ankara Türkiyənin Suriya ilə sərhədi boyunca Suriya ərazisindəki zolağı terrorçulardan təmizləmək məqsədini elan etmişdi. Terrorçu dedikdə Türkiyə İŞİD-dən başqa, həm də ABŞ tərəfindən dəstəklənən kürd YPG qüvvələrini nəzərdə tutduğunu bildirirdi. ABŞ iki müttəfiqinin – Türkiyə və Suriya kürdlərinin toqquşmasını istəmir. Lakin indi baş nazirin müavini Nureddin Canıklı deyib ki, Türkiyə Silahlı Qüvvələri "Suriyanın dərinliklərinə” doğru hərəkət edə bilər. Canıklı, həmçinin bildirib ki, Türkiyənin hərbi əməliyyatları başlanandan bəri 110 İŞİD və kürd döyüşçüsü öldürülüb.
Türkiyənin Suriyadakı əməliyyatından ABŞ-la yanaşı Rusiya da narahatlıq ifadə edib.
Qərb mediası yazır ki, Obama administrasiyasından bu bəyanatlarla əlaqədar heç bir şərh verilməyib. Bir sıra təhlilçilər bunu onunla əlaqələndirirlər ki, ABŞ Türkiyənin İŞİD-ə qarşı passiv olduğu uzun müddətdə Raqqanı kürdlərin də daxil olduğu Suriya Demokratik Qüvvələri ilə tutmağa hazırlaşırdı. Bu barədə əsasən YPG kürd birləşmələrinin rəhbərləri bəyanatlar verirdilər. Təhlilçilərin fikrincə, Ərdoğanın təklifi son vaxtlarda olduğu kimi, ABŞ üçün dilemmalar yaratmaqda davam edir. Digər tərəfdən Qərb təhlilçiləri Türkiyənin Raqqanın İŞİD-dən təmizlənməsinə təkbaşına başlayacağına şübhə edirlər. Onların fikrincə, Türkiyə ordusu çevriliş cəhdinin ardınca həyata keçirilən islahatlarda xeyli zəifləyib. Çevrilişdə iştirakda şübhəli bilinən çox sayda zabit həbs edilib və ya vəzifələrindən kənarlaşdırılıb. Türkiyənin Suriyadakı hərbi texnikasının da kifayət qədər köhnə olduğu deyilir. HəttaTürkiyə tanklarının "muzey eksponatı” olduğunu deyənlər var.
Raqqa isə kifayət qədər güclü istehkam olaraq qalır. İD-in "xilafətin” paytaxtı elan etdiyi bu şəhərdə 250-300 min arasında əhalinin olduğu təxmin edilir.
Suriya münaqişəsinin başlamasından bəri Türkiyə ilk dəfədir ki, açıq şəkildə Azad Suriya Ordusuna hərbi dəstək vermək üçün başqa ölkəyə hərbi müdaxilə etmiş oldu. Bir çox müstəqil araşdırmaçıların rəyinə görə isə, Türkiyə Suriya ərazisinə qoşun yeritməklə əslində çox böyük riskə gedir. Türkiyə qoşunlarının Suriyada hələ uzun müddət qalacağı istisna deyil. Aydındır ki, Türkiyənin burda hərbi varlığının üç prioritet məqsədi var: birincisi, Suriya-Türkiyə sərhəd bölgələrində fəallaşan, özünü İslam Dövləti adlandıran qruplaşmanı buradan birdəfəlik uzaqlaşdırmaq, ikincisi, Suriyada təsiri get-gedə artan etnik kürdləri Fərat çayının şərq tərəfinə sıxışdırmaq, üçüncüsü, azad edilən ərazilərdə (Cərablusdan Azaz şəhərinə qədər) terrorçulardan tamamilə təmizlənmiş bufer zona yaratmaq. Bufer zonanın yaradılmasının Suriyadakı münaqişədən qaçmağa çalışan qaçqınların hərəkətini daha da asanlaşdıracağı gözlənilir. Bu məqsədlərin qısa müddətdə həyata keçirilib-keçirilməyəcəyini demək çətin olsa da hələ ki üstünlüyün Türkiyənin tərəfində olduğu aydındır.
Bir faktı da qeyd edək ki, Ankaranın kürd məsələsindəki mövqeyi ilə heç də bütün ölkələr razı deyil. Rəsmi Vaşinqton və rəsmi Kreml Suriyada fəaliyyət göstərən PYD-nin (və onun hərbi qanadı YPG) əsas dəstəkçiləri olaraq bilinirlər. Digər maraqlı məqam isə Türkiyənin hərbi müdaxiləsinə Rusiya və İranın münasibətidir. Bilindiyi kimi, İran və Rusiya həm Suriyanın ərazi bütövlüyünü, həm də Bəşər Əsəd rejimini dəstəkləyirlər. Türkiyədə də Ərdoğan hökumətinin son vaxtlar prezident Bəşər Əsədə qarşı nisbətən daha mülayim bəyanatlar səsləndirməsi onu göstərir ki, Ankaranın Suriya siyasətində ciddi dəyişikliklər gözlənilir. Məhz buna görə də İran və Rusiya Suriyada davam edən hərbi əməliyyatlara sərt reaksiya verməkdən çəkinirlər. Bütün bunlara baxmayaraq, qeyd edildiyi kimi, Türkiyənin keçirdiyi hərbi əməliyyatların da kifayət qədər riskləri çoxdur. Beynəlxalq araşdırmaçılar Türkiyənin bilərəkdən "Suriyadakı bataqlığa” girdiyini qeyd edirlər. Düzdür, risklər olsa da, türklərin İŞİD-ə qarşı uğurlu əməliyyatları Qərb ölkələrinin də maraqlarına xidmət edir.
Ümumilikdə isə Rusiya, İran, ABŞ və Əsəd rejimi ilə razılığa gəlinmədən Türkiyənin burda hər hansı ciddi hərbi uğurlara imza atması olduqca qəliz məsələdir. Yaxın Şərqdə daha da dərinləşən böhran böyük ehtimalla Türkiyənin yeni xarici siyasət kursu götürməsinə səbəb olacaq. Danılmaz həqiqətdir ki, Türkiyə özünün bu çətin günlərində yeni siyasi paradiqmaya və strategiyaya ciddi ehtiyac duyur.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər