• cümə, 26 Aprel, 16:48
  • Baku Bakı 23°C

Türk dünyasının qələm adamları Əskişəhərdə

07.05.14 13:06 1351
Türk dünyasının qələm adamları Əskişəhərdə
Türkiyədə "Avrasiya Türk Dünyası Kitab Sərgisi" öz işini davam etdirir. Mayın 5-də "Əskişəhər - 2013 Türk Dünyası Mədəniyyət Paytaxtı" tədbirləri çərçivəsində şəhərin Vilayət meydanında açılışı baş tutan sərgidə şəhər valisi Güngör Azim Tuna, Türkiyənin təhsil naziri Nabi Avcı, Türk Dünyası Yazarlar Birliyinin sədri, yazıçı Anar, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin sədri Bəhruz Axundov, türk dünyasının tanınmış yazarları və digər ziyalılar iştirak ediblər.
Trend-in məlumatına görə, 100-ə yaxın stendin qurulduğu sərgidə kitabsevərlər 5 gün ərzində türkdilli xalq və toplumları təmsil edən naşirlərin nəşrləri, tanınmış yazarların əsərləri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Bundan başqa, sərgidə müxtəlif dərgilər, türk sənət nümunələri, elmi-publisistik məzmunlu kitablar da nümayiş etdirilir. Mayın 10-dək davam edəcək sərgidə tanınmış yazarların imza günləri də keçirilir, bir sıra yeni kitablar təqdim olunur. Azərbaycan bu kitab bayramında 5 nəşriyyatla təmsil olunur.
Qeyd edək ki, sərgi Avrasiya Yazarlar Birliyi və Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyi tərəfindən təşkil olunub. Naşirlərimiz tərəfindən təqdim olunan nəfis tərtibatlı kitablar iştirakçıların marağına səbəb olub. Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibinə daxil olan yazarlarımız Anar, Aqil Abbas, İradə Tuncay, Rəşad Məcid, Pərvin və digərlərinin imza günləri də sərgiyə qatılanların marağına səbəb olub.
Açıq havada baş tutan bu kitab bayramında bütün əskişəhərlilər, eləcə də şəhərin qonaqları böyük həvəslə iştirak edirlər. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Türk Dünyası Yazarlar Birliyinin sədri Anar Rzayev, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinn sədri Bəhruz Axundov, millət vəkili, yazıçı-publisist Aqil Abbas, türkiyəli naşir Süleyman Koca, eləcə də sərgiyə qatılan digər türkdilli xalqların nümayəndələri tədbirin əhəmiyyətini vurğulayaraq, sərginin qardaş xalqlar arasında mədəni əlaqələrin daha da möhkəmlənməsindəki rolundan danışdılar. Bu kitab bayramının yazarlar və naşirlərin qarşılıqlı iş birliyinə də öz töhfəsini verəcəyini bildirdilər.
banner

Oxşar Xəbərlər