• cümə, 26 Aprel, 17:38
  • Baku Bakı 23°C

Türk dünyası üçün vahid informasiya məkanı - TƏHLİL

26.08.15 14:19 1259
Türk dünyası üçün vahid informasiya məkanı - TƏHLİL
Keçən həftənin ən aktual və ən az müzakirə olunan xəbəri Beynəlxalq Türk Xəbər Kanalının yaradılması haqqında Astanada keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin informasiya nazirlərinin və mediaya nəzarət edən qurumlarının rəhbərlərinin görüşündə alınmış qərar oldu. Mediada xəbər kimi getsə də, bu məsələnin dərindən təhlil edilməməsi, onun strateji əhəmiyyəti haqqında cəmiyyətə analiz edilmiş məlumatın çatdırılmaması bu məsələ haqqında oxucularımıza ətraflı məlumat vermək zərurəti yaratdı.
Qloballaşmada media və informasiyanın rolu
İnkişafının pik həddinə çatmış dünyamızda geosiyasi tarazılığın getdikcə necə pozulduğunun, bu pozuntunun nəticəsində yaranmış müharibə ocaqlarının və Yer kürəsinin bütün bölgələrində müşahidə olunan böyük köçün planetimizi böyük fəlakətlərə apardığnın şahidi oluruq. Bir tərəfdə dünyanı öz maraqlarına uyğun olaraq, öz dəyərlərini aşılayaraq qloballaşdırmaq istəyən Qərb ölkələri, digər tərəfdə bu ekspansiyaya hazırlıqsız yaxalanmış və var gücü ilə müqavimət göstərən Şərq, Asiya qitəsi ölkələri var. Əlindəki texnoloji imkanlardan, qlobal internet şəbəkəsi, kosmos rabitəsi, nəhəng korporasiyaları və inkişaf etmiş iqtisadiyyatının gücündən istifadə edən ABŞ və müttəfiqləri, Avrasiyanın torpaqları altında gizlənmiş tükənməz faydalı qazıntı ehtiyatlarına nəzarəti öz əlinə almaq üçün hərəkətə keçiblər. Başda informasiya müharibəsi olmaqla, bütün vasitələrdən istifadə edən Qərb, Avrasiyanın müxtəlif bölgələrində qaynar nöqtələr yaradaraq geosiyasi müstəvidə təhlükəli gedişlər etməkdədir. ABŞ başda olmaqla, Qərb ölkələrinin artıq onilliklərdir tarixi olan nəhəng media resursları planlı surətdə iri kapitalın maraqlarına uyğun olaraq inkişaf etməkdə olan ölkələrə qarşı intensiv psixoloji informasiya müharibəsini davam etdirirlər. Müharibələrin və lokal konfliktlərin gedişinə nəzər salsaq, görərik ki, informasiya cəbhəsində üstünlüyü qazanan tərəf, müharibənin nəticələrini də öz xeyrinə uyğun olaraq dəyişə bilir. İnformasiya müharibəsinin nəticəsi olaraq Qərb Ukraynanı Rusiyanın nəzarətindən çıxartdı və Moskvanı Krımla Donbasa qoşun yeritməklə işğal etməyə məcbur etdi. Bu gün ABŞ mediası bu işğalları rəhbər tutaraq Rusiya əleyhinə təbliğatını və Avropada möhkəmlənməsini davam etdirir. Bu, ondan xəbər verir ki, qloballaşma deyiləndə ilk növbədə, informasiya və media resursları nəzərdə tutulur. Güclü media resurslarına malik olmadan heç bir dövlət supergüc ola bilməz.
Türk dünyası üçün vahid informasiya məkanı
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin nümayəndələrinin görüşü zamanı əldə olunmuş razılığa gəldikdə isə onu qeyd etmək lazımdır ki, bu qərar hətta bir qədər gecikmiş sayıla bilər. Bu gün artıq həmin xəbər kanalı dünyanın aparıcı media resurslarından biri olmalı idi, çünki türk dünyasının əhatə etdiyi coğrafiya və auditoriya Beynəlxalq Türk Xəbər Kanalını qısa müddət ərzində dünyanın ən populyar kanalına çevirə bilər. Bu qərarın qəbul edilməsi, özü özlüyündə o deməkdir ki, Türkdilli dövlətlərin elitaları artıq artan və getdikcə yaxınlaşan geosiyasi təhlükəni sezib və qorunmaq üçün yalnız birləşmənin vacibliyini dərk ediblər. Ona görə də Türk dünyasının diqqətini özündə cəmləşdirmiş media resursları və televiziya kanallarına nəzər yetirsək, görərik ki, hələlik heç bir resurs bu geniş və çoxmilyonlu auditoriyanı öz ətrafına toplaya bilməyib. Beynəlxalq Türk Xəbər Kanalının işə düşməsi isə bu istiqamətdə, yəni Türk coğrafiyasını birləşdirmək istiqamətində atılan ən böyük addımdır.
Bu məkanda Azərbaycanın yeri və həlledici rolu
Bu layihədə öz əlverişli coğrafi mövqeyi ilə həm Türkiyəyə, həm də Orta Asiyaya ədəbi, mədəni dialekt cəhətdən yaxınlığı ilə Azərbaycan yenə prosseslərin açar ölkəsi rolunu oynayır. Azərbaycansız Orta Asiyanın Türkiyəyə çıxışı, Türkiyənin Orta Asiya ölkələrinə çıxışı olduqca məhduddur. Azərbaycan Qərblə Şərqin olduğu kimi, Türk dünyasının da birləşdirici bağı rolunu oynayır. Regionun əsas nəqliyyat arteriyası olan ölkəmiz, həmçinin informasiya sahəsində də Türkdilli ölkələr arasında liderdir. Həm informasiya resurslarının gücü, həm kosmik rabitədə heç kəsdən asılılığı olmaması baxımından, Azərbaycan bu media layihəsinə aparıcı rolu oynayan ölkə olacaq.
Şuranın yığıncağında Azərbaycanı təmsil edən Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da çıxışı zamanı dediyi kimi, ölkəmiz bu sahədə bütün təcrübəsini bölüşməyə hazırdır. Cənab Həsənovun çıxışı zamanı səsləndirdiyi "Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasının əsasında nəinki regionda, eləcə də bütün dünyada baş verən hadisələrə operativ reaksiya verilməsi üçün Türk dünyasında ümumi informasiya məkanının qurulması ehtiyacı dayanır" fikri bir daha böyük təhlükənin qarşısının yalnız birləşərək alına biləcəyinə diqqəti yönəldir.
"Hesab edirik ki, indi dövlətlərimizin informasiya və KİV sahəsində əməkdaşlığını gücləndirmək, xüsusilə milli kanallar və informasiya texnologiyaları arasında anlaşma memorandumunun imzalanması zamanıdır. Bu baxımdan bu sahədə atılan addımlar və işlərin koordinasiyası bizim üçün çox mühüm məsələdir. Burada təmsil olunan 4 türkdilli dövlət birgə xəbər kanalı yaratmaq qərarına gəlib" deyən Prezidentin köməkçisi kanal yaradılandan sonra Türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzunun artacağına əminliyini vurğulayıb.
P.S. Sevindirici haldır ki, artıq bu məsələnin vacibliyini digər türkdilli dövlətlərin rəhbərləri də anlayıblar. Layihənin baş tutması isə onu həyata keçirən dövlətlərin əlinə çox mühüm bir informasiya rıçaqı vermiş olacaq. Bundan əlavə, layihənin baş tutması vahid Turan informasiya məkanının formalaşmasına və gələcəkdə bu kanalın bazasında yeni media resurslarının yaranmasına təkan və stimul verəcək.
Alparslan
Bakuinfo.Az
banner

Oxşar Xəbərlər