• çərşənbə, 24 Aprel, 06:31
  • Baku Bakı 13°C

Türk dünyası tarixi dirçəliş astanasındadır

14.10.19 22:49 1077
Türk dünyası tarixi dirçəliş astanasındadır
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Özbəkistanı öz üzvlüyünə qəbul etməyə hazırdır. Türkmənistan isə hal-hazırda müşahidəçi üzv olmağı planlaşdırır.
Sovet İttifaqı dağıldıqdan sonra türkdilli respublikaların sosial, iqtisadi və siyasi birliyi regionun geosiyasi gündəminin əsas mövzularından birinə çevrilmişdir.
Sovet dövründə Türkiyə Orta Asiya ölkələri ilə əlaqədar birmənalı mövqe nümayiş etdirmişdir. NATO üzvü olan Türkiyə həmin dövrdə SSRİ-nin dağılması ehtimalı reallaşdıqdan sonra yaxın mədəni əlaqələrin qurula biləcəyi ehtimalını nəzərə alaraq son dərəcə ehtiyatlı şəkildə Moskva ilə münasibətlərdə maraqlı olduğunu göstərməyə çalışırdı.
Türk dünyasının birləşməsi xəyalı sosialist imperiyasının parçalanmasından sonra yenidən canlanmış, Krımlı ziyalı İsmayıl Qaspiralının məşhur "İşdə, əməldə, fikirdə birlik” düsturu növbəti mərhələdə bu istiqamətdə həyata keçirilən siyasi fəaliyyətin hərəkətverici qüvvəsi olmuşdur.
1991-ci ildə Türkiyə yeni yaranan Türkdilli dövlətlərin müstəqilliyini tanıyan ilk ölkə olmaqla yanaşı həmin dövlətlərin, yəni Azərbaycanın, Qırğızıstanın, Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın həm siyasi, həm də iqtisadi sahədə inkişafını istiqamətləndirəcəyini vəd etmişdir.
Nəticədə Türkdilli dövlətlərin başçılarının 1992-ci ildə Ankaradabaş tutan zirvə toplantısı bu baxımdan kifayət qədər ümidverici xarakter daşıyırdı. Həmin vaxt əmtəə və xidmətlərin azad hərəkəti, ortaq investisiya və inkişaf bankının təsis edilməsi, kommunikasiya sistemlərinin inteqrasiyası və ən mühümü, Türkiyənin ərazisindən müstəqilliyini yeni əldə etmiş dövlətlərin karbohidrogen ixracatında əsas nəqliyyat və tranzit qovşağı kimi istifadə olunması kimi mütərəqqi ideyaların türkdilli dövlətlərin əsas məqsədləri olduğu elan edilmişdi.
Lakin inteqrasiyanın dərinləşməsini əngəlləyən bir neçə amilin təsiri, habelə erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalının davam etdirilməsi və prezident İslam Kərimovun hakimiyyətdə olduğu dövrdə Ankara ilə Daşkənd arasında münasibətlərin aşağı səviyyədə olması həmin məqsədlərin reallaşdırılmasını qeyri-mümkün etmişdir.
Buna baxmayaraq mədəni sahədə əməkdaşlıq zəifləməmişdir. 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının(TÜRKSOY)yaradılması gələcək siyasi əməkdaşlığın gücləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri idi, hərçənd onun əsas fəaliyyət məqsədi dünyanın bütün türkdilli icmaların qeyri-siyasi müstəvidə birləşməsi ilə məhdudlaşırdı. Bununla belə, Ankara zirvə toplantısının yekun bəyannaməsində qeyd edilən iqtisadi və siyasi məqsədlərin reallaşması üçün siyasi və iqtisadi sahədə fəaliyyət göstərəcək yeni qurumun yaradılması zərurətə çevrilmişdi.
Bu proses 2009-cü ildə bağlanan Naxçıvan Sazişi ilə Türk Şurasının təsis edilməsindən sonra yenidən vüsət almışdır. Yaradıldığı tarixdən etibarən Şura son dərəcə ciddi addımlar atmağa başlamış, üzvə ölkələrin arasında ortaq infrastruktur və logistika layihələrindən tutmuş işgüzar sahədə, təhsil və idman sahələrində əməkdaşlığa qədər bir çox məsələlərin həllinə can atmışdır.
Buna misal olaraq Şuranın özünün təhsil üzrə qolu olan Beynəlxalq Türk Akademiyasını yaratmasını, hal-hazırda isə üzv ölkələr üçün Türk xalqlarının ortaq tarix dərsliyinin ("Ortaq türk tarixi") hazırlamasını göstərmək olar. Şuranın başlıca məqsədi əsrlər boyu davam etmiş müstəmləkəçilik dövrünün və despotik kommunist rejiminin nəticəsində yaranmış nəhəng boşluğun aradan qaldırılmasıdır.
Hal-hazırda təşkilat Şərqlə Qərb arasındakı münasibətlərə yeni məna qazandırmaq iqtidarında olan yeni anlayışı bərqərar edə biləcək tarixi dirçəlişin astanasındadır.
AI üzvü olan Macarıstan da Şuranın fəaliyyət konsepsiyasına böyük maraq göstərir. Macarıstanın müşahidəçi dövlət statusu verilməsi üçün ərizə ilə müraciət etməsi, baş nazir Orbanın Türk Şurasının altınıcı zirvə toplantısında iştirak etməsi, eləcə də Macarıstan xalqının özünün türk mənşəyinə hörmətlə yanaşmasını bəyan etməsi kimi təşəbbüsləri Şuranın Budapeşt ofisinin açılması ilə özünün zirvə nöqtəsinə çatmışdır. Bir AI üzvü olan ölkənin Şuranın fəaliyyətinə qoşulması onun imicinin yüksəlməsinə xidmət etməklə yanaşı türkdilli dövlətlərlə eyni kökdən gələn digər xalqları da təşkilata üzv olmağa həvəsləndirə bilər.
Macarıstanın maraq nümayiş etdirməsindən sonra Özbəkistan və Türkmənistanın türkdilli dövlətlərlə əlaqədar xarici siyasətində də necə deyərlər, buzlar əriməyə başlamışdır. TÜRKSOY tərəfindən Marı şəhərinin 2015-ci il boyunca türk dünyasının "mədəniyyət paytaxtı" elan edilməsi ilə Türkmənistan türkdilli dövlətlərlə əməkdaşlığa "yaşıl işıq yandırdığını" artıq nümayiş etdirmişdir.
Türkiyə Xarici İşlər naziri Çavuşoğlunun Özbəkistanın Şuranın tam hüquqlu üzv olmaq üçün , Türkmənistanın isə müşahidəçi statusu almaq üçün müraciət etdiyini bəyan etməsi Naxçıvan Sazişinin 10-cu ildönümündə Şuranın özü üçün müəyyən etdiyi yolda irəlilədiyini göstərir.
Heç şübhəsiz, Şuranın marağının əsas şərtləndirici amili Şərq-Qərb münasibətlərində yeni anlayışa və alternativlərə ehtiyac olmasıdır. "Yeni İpək Yolu", "Bir Qurşaq - Bir Yol" kimi təşəbbüslərin və türkdilli dövlətlərin gələcək iqtisadi ittifaqının reallaşması bu sahədə köklü dəyişikliklərə gətirib çıxara, "oyunun qaydalarını" dəyişə bilər.
Sovet İttifaqının dağılmasının regiona dəyişikliklər küləyini gətirməsi kimi, indi də Türk Şurasının regional geosiyasət səhnəsində yeni reallıq formalaşdırması və türk xalqlarının ortaq maraqlarına, dinc şəraitdə yaşamasına, çiçəklənməsinə xidmət edən əməkdaşlığı ilə əlaqədar xəyalları reallaşdırmasının vaxtı gəlib çatmışdır.
Turan QAFARLI
TRT World – Siyasi Analisti
Bu məqalənin originalı TRT World üçün ingilis dilində qələmə alınmışdır:https://www.trtworld.com/opinion/the-turkic-world-is-on-the-edge-of-a-historic-revival-30327
banner

Oxşar Xəbərlər