• şənbə, 27 Aprel, 03:14
  • Baku Bakı 14°C

Turizm obyektləri “Novruz axını”na hazırdır?

31.01.17 10:30 1512
Turizm obyektləri “Novruz axını”na hazırdır?
Ölkə əhəmiyyətli qeyri-neft sahələrinin inkişaf etdirilməsindən danışdıqda, bu istiqamətdə vacib sektorlardan biri də turizmdir. Neftin qiyməti düşməsi fonunda, turizm ölkəmiz üçün müəyyən qədər gəlir gətirmək gücünə malikdir. Manatın dollara nisbətən kursunun zəifləməsi, regionda baş verən hadisələr və üstəlik də viza sisteminin sadələşdirilməsi ölkəmizə gələn turistlərin sayında ciddi şəkildə özünü göstərməkdədir.
Bayram günlərində isə turist sayının çoxluğu daha qabarıq şəkildə özünü büruzə verir. Məsələn, ötən il Novruz bayramında daha çox turist qəbul etmişdik. Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov trend-ə açıqlamasında bildirib ki, martın ortalarından Azərbaycana yenidən turist axınının başlayacağı gözlənilir. Onun sözlərinə görə, turist axınının martın sonuna qədər davam edəcəyi gözlənilir.
"Turistlər üçün əsas maneə viza ilə bağlı idi”
M.Ağakərimov əlavə edib ki, artıq indidən bəzi hotellərin yerləri mart ayının ortaları üçün bronlaşdırılıb. Bu yerləri bronlaşdıranlar isə əsasən, ərəb ölkələrindən və İrandan olan turistlərdir. M.Ağakərimov qeyd edib ki, Azərbaycana turistlərin daha çox Novruz bayramı günlərində gələcəyi gözlənilir: "Əsasən, ərəb ölkələri - İraq, Birləşmiş Ərəb Əmirliyi, Qətər və İrandan daha çox turist gələcək. Yay aylarında isə Rusiyadan gələn turistlərin sayı çoxalır. Eyni zamanda, müalicə turizmi ilə əlaqədar Qazaxıstandan Azərbaycana turistlərin gələcəyi gözlənilir”.
M.Ağakərimovun fikrincə, indiyədək Azərbaycana gəlmək istəyən turistlər üçün əsas maneə viza ilə bağlı idi: "Əvvəllər turist viza almaq üçün müəyyən prosedurlardan keçməli idi. İndi isə elektron viza tətbiq edilib. Elektron viza tətbiq edildikdən sonra Azərbaycanla maraqlanan turistlərin sayı artıb. Artıq hətta Malayziya, Sinqapur, İndoneziya, Hindistan, Pakistan kimi uzaq ölkələrin turistləri də Azərbaycana maraq göstərirlər. Buna görə həmin ölkələrdən də Azərbaycana turistlərin gələcəyi gözlənilir”.
Qeyd edək ki, verilən məlumata görə, 2016-cı ilin dekabr ayının ortalarınadək olan müddət ərzində Azərbaycana gələn turistlərin sayı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz artıb.
2016-cı il ərzində Azərbaycana Rusiyadan gələn xarici ölkə vətəndaşlarının sayı 7,1 faiz, İrandan gələn vətəndaşların sayı 58 faiz , Qazaxıstandan gələn vətəndaşların sayı 15,8 faiz artıb.
"Turistlərin sayı baxımından rekord göstərici gözləyirik”
İstədiyimiz turist idi, o da gəlir və sayı da artmaqda davam edir. Bəs turistlərin sayı ötən ilkindən daha çox olsa, bizim onları qəbul etmək imkanlarımız varmı? Turizm obyektlərimiz Novruz axınına hazırdırlarmı? Bayram günləri üçün xüsusi olaraq nələr ediləcək?
"Şahdağ” Turizm Mərkəzinin marketinq meneceriGülnar Mustafayeva "Kaspi”yə açıqlamasında bildirdi ki, hələ ki, bayram hazırlıqlarına başlanılmayıb. Amma ümumilikdə kompleksdə bayram ərəfəsində Novruzun atributlarını özündə əks etdirən tədbirlər təşkil edilir: "Bayram hazırlıqlarına hələ başlamasaq da, turist qəbul etməyə həmişə hazırıq. Amma Novruz bayramı üçün xüsusi bayram paketləri və s. hələ hazır deyil. Zənglər qəbul edirik, bayram paketlərimiz hazır olmadığı üçün satış başlamayıb. Ümumiyyətlə, Novruz bayramı ərəfəsində otelimizdə bayramın bütün atributları olur. Kosa, keçəl, bahar qızı, ənənəvi bayram şənliklərimiz olur. Yeni il bayramı ərəfəsində Şahdağ Turizm Mərkəzi turistlərin sayı baxımından rekord vurmuşdu. Novruz bayramında da eyni rekordu gözləyirik. Viza məsələsinin sadələşdirilməsi, xüsusilə ərəb ölkələrindən gələn turistlərin sayının artmasına səbəb olmuşdu. Novruz bayramında da daha çox turistlərin gəlməsini gözləyirik və qarşılamağa da hazırıq”.
Atlant Ailəvi İstirahət və Əyləncə Mərkəzindən bildirildi ki, bayram ərəfəsində turistlərin sayında nə qədər artım olsa, problem yoxdur, qəbul etməyə hazırdırlar. Bayram günlərində isə Novruzla bağlı müxtəlif şənliklər təşkil ediləcək.
"Bu il turist axını daha çoxdur”
Lerikdə yerləşən "Relaks” İstirahət Mərkəzinin icraçı direktoru Aytən İbrahimovanın sözlərinə görə, artıq onlarda bayram günləri ilə bağlı sifarişlər var: "Martın 19-dan 25-nə qədər Novruz bayramı ilə əlaqəli xüsusi bayram günlər olur. Həmin günlərdə demək olar ki, otel tam dolu olur. Bayram şənlikləri təşkil edirik, milli folklorumuz nümayiş etdirilir. Bu ərəfədə İrandan daha çox sifariş olur. Amma müxtəlif ölkələrdən qonaqlarımız da gəlir. Müəyyən qədər biletlərimiz satılsa da, hələ ki, bayram üçün boş yerlərimiz var. Kampaniyamız da var. İstirahət mərkəzində iki gün dincələnlər üçün bir gün pulsuzdur”.
A.İbrahimova onu da bildirdi ki, bu il turist axını daha çoxdur, ona görə bilet satışı da tez başlayıb. O, turist sayı çox olacağı təqdirdə, qəbul etmək üçün şəraitin olduğunu da qeyd etdi.
"Heç Avropa ölkələrində də turistlərin təhlükəsizliyinə belə təminat verilmir”
"Luna Travel”turizmagentliyinin direktoru, hüquqşünas Rəhman Quliyev isəbildirdi ki, regionda gedən son siyasi prosesləri nəzərə alsaq, Azərbaycana daha çox turist cəlb etmək mümkündür. Daha çox turist cəlb etmək üçün ilk növbədə qiymət siyasətimizi daha uyğun aparmalıyıq: "Turistlər üçün biletlərin, otellərin qiymətləri normallaşdırılmalıdır. Azərbaycanda elə istiqamət var ki, ölkə vətəndaşı üçün 50, xarici vətəndaş üçün 70 manatdır. Bunu doğru qiymət siyasəti hesab etmirəm. Kommersiya baxımından bəlkə də belə məsləhətdir, amma belə hallar olmasa, daha yaxşı olar. Xaricilərə daha güzəştli kampaniyalar verməliyik ki, ölkəmizə gəlməkdə maraqlı olsunlar. Azərbaycanda ictimai asayiş yüksək səviyyədə qorunur. Bu da turistlərin rahatlıqla ölkəmizə gəlmələrinə imkan verir. Heç Avropa ölkələrində də turistlərin təhlükəsizliyinə belə təminat verilmir. Bunu turistə aşılamaq lazımdır”.
R.Quliyev deyir ki, Avropaya, İstanbula gedə biləcək qədər turist ölkəmizə gəlsə, onları ölkəmizdə qarşılamaq üçün kifayət qədər yer də var, imkan da: "Turizm obyektləri, otellər, otel tipli müəssisələr var. Bununla yanaşı, regionlarda əhaliyə şərait yaradılıb ki, turistləri qonaqlama imkanına sahib olsunlar. Bu həm onların sosial vəziyyətinin yaxşılaşdırılması üçündür, həm də turistlər üçün sərfəli qalma yerlərinin sayının artması deməkdir”.
"Böyük səməni festivalı, kosa, keçəl...”
R.Quliyevin sözlərinə görə, bayram günlərində daha çox turist cəlb etmək üçün Novruzu bir növ brendləşdirilmiş şəkildə qonaqlara təqdim etməliyik: "Mən hər zaman təklif edirəm ki, turizm komplekslərində Novruzun simvolu olan Səməni ilə bağlı festival keçirilsin. Səməni festivalı Azərbaycanın bir rəmzi brendi olaraq turistlərə təqdim edilə bilər. Bu, xaricdən gələn turistlərə daha maraqlı gələcək, onları bura daha çox cəlb edəcək. Bu gün turistlər Dubaya şopinq festivalına, Braziliyaya karnavala görə gedirlərsə, Azərbaycana da "Səməni festivalına gedirik” kimi bir fikir yaratmaq lazımdır. O nöqteyi-nəzərdən, bayramı turistlər üçün daha maraqlı etmək olar. Turistlər üçün quru bayramlar maraqsız olur. Ocaqdan tullanma, böyük səməni festivalı, kosa, keçəlin olması və s. bayram əhval-ruhiyyəsi olmalıdır. Yavaş-yavaş buna start vermək lazımdır”.
R.Quliyev onu da bildirdi ki, Novruz bayramını son illər beynəlxalq aləmdə ictimailəşdirmişik. Amma növbəti illərdə bunu daha da genişləndirməliyik ki, daha çox turist cəlb edə bilək: "Turizmlə bağlı xarici ölkələrdə sərgilərdə bunu daha da çox işıqlandırmaq lazımdır. Dünyanın istənilən yerində hansısa turistdən Braziliyaya nə vaxt getmək istədiyini soruşsalar, " karnaval vaxtı gedərdim” cavabını verər. Novruz bayramını da biz bu cür şüur altına oturda bilərik”.
"Bayram hər regionda özünəməxsus şəkildə təşkil edilsin”
Azərbaycan Turizm və MenecmentUniversitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov deyir ki, artıq turizm obyektlərinin bir çoxunda Novruz bayramı ilə bağlı hazırlıqlar gedir. Və bayram ərəfəsində ötən ilkindən iki dəfə çox turist gəlməsi gözlənilir: "Bu mövsüm daha çox turist qəbul edə biləcəyik. Xüsusilə, qonşu İranda martın 15-dən 30-nadək qeyri-iş günüdür. 15 gün ərzində həm İran, həm Ərəb ölkələrindən daha çox turist axını olacağı gözlənilir. Keçən ilkinin 2 qat artığı bizdə müşahidə oluna bilər. Turizm şirkətləri, mehmanxanalar indidən buna hazırlıq görürlər. Azərbaycanda gündəlik 40 min turistin qalması üçün yer var. Bu yetərli olsa da, yaxın 5-10 il ərzində bu rəqəmin 100 min olmasına çalışılır ki, daha çox turist qəbul edə bilək”.
R.Səfərovun sözlərinə görə, bayramlar turizm sektorunda "tədbirlər turizmi”nin tərkibinə daxildir. Bu tədbirlər isə elə təşkil edilməlidir ki, bir dəfə gələn turist bir də gəlmək istəsin: "Tədbiri elə təşkil etməliyik ki, turistlər böyük zövq alsınlar. Bunun üçün təklif edirik ki, bayram hər regionda özünəməxsus şəkildə təşkil edilsin. Çünki turistlər təkcə Bakıya deyil, regionlara da üz tutacaqlar. Fərqlilik turizmə canlılıq gətirir. Turist bir zonamızdan digərinə keçəndə fərqli bir mədəniyyət, mətbəx, fərqli nə isə olacağını gözləməlidir və biz hər regionda onu təqdim etməliyik. Bu sistemi qura bilsək, növbəti ildə həmin turistlərin yenidən ölkəmizə gəlmələrinə nail ola bilərik. Hər zonanın özünəməxsus rəqsləri, mətbəxi öz əksini tapmalıdır.Bizdə də bu istiqamətdə hər il müəyyən dəyişikliklər edilir. Növbəti illərdə biz daha fərqli işlər görülməsinə nail olmağa çalışmalıyıq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər