Turist sayı artır, xidmətlər də yaxşılaşmalıdır - Fotolar
"Azərbaycanda turizm sənayesi mövsüm açılışına
hazırdır. Ölkədə iyunun 15-dən sentyabrın 15-ə kimi yay mövsümünün olması
nəzərdə tutulub”. Milli Turizm Təbliğat Bürosunun gəlmə turizm sahəsində
ixtisaslaşmış tur operator və turizm şirkətləri ilə görüşündə səslənən bu
fikirlər həmçinin ölkənin turizmi sahəsində mövcud olan problemləri də gündəmə
gətirdi.
"İşimizi düzgün
qursaq...”
Fevral ayından fəaliyyətə başlayan Milli Turizm
Təbliğat Bürosu ölkə turizminin inkişafı istiqamətində təbliğati işlərini
gücləndirib. Belə ki, ixtisaslaşmışturizmsənayesinin
inkişafına dairStrateji Yol Xəritəsinin
tələblərinə uyğun olaraq, turizm potensialının təbliği
istiqamətində koordinasiyalı fəaliyyətin qurulması, Bakı şəhərinin beynəlxalq
imicinin formalaşdırılması, turistlərin məlumatlandırılması, turizm firmaları,
dövlət və özəl qurumlarla birgə işlərin həyata keçirilməsi nəzərdə tutulur.
Həmçinin qurumun 2017-2020-ci illər üzrə Fəaliyyət Planı hazırlanacaq. Səmərəli
fəaliyyətin təşkili məqsədilə xarici kommunikasiyalar vasitəsilə əməkdaşlığı
həyata keçirmək üçün qurum onlayn platforma yaradacaq.
Ölkədə turizm potensialının artırılması və daha çox
turist gətirilməsini, həm ölkə büdcəsinin, həm də yeni iş yerlərinin
artırılmasına nail olmağı əsas məqsədlərdən hesab edən Milli Turizm Təbliğat Bürosunun direktoru Fuad
Nağıyev rəhbərlik etdiyi qurumun bu sferada yerli turizm
şirkətləri ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etdi: «Ölkənin turizm
imkanları və gələn turistlərin sayının artırılması üzrə işlər qarşılıqlı
şəkildə həyata keçirilməlidir. Bu işdə turizm şirkətlərinin üzərinə böyük
məsuliyyət düşür. Ölkəyə turistlərin cəlbi və onların sayının artırılmasında
hər birimiz maraqlıyıq. Həmçinin birgə fəaliyyət sayəsində mövcud problemləri
aradan qaldırmalıyıq. Bu istiqamətdə ölkədə fəaliyyət göstərən turizm
şirkətləri ilə əməkdaşlığa hər zaman hazırıq». Direktor turistlərin
məmnunluğunun vacib amil olduğunu vurğuladı: "İşimizi düzgün qursaq ölkə
büdcəsinə, ümumilikdə ümumdaxili məhsulun 5 milyona qədər artırılmasına töhfə
vermiş olarıq”.
MTB-nin
marketinq üzrə mütəxəssisi Cəmilə Talıbzadə qurumun
marketinq sahəsinə yanaşmasını bölüşdü: «Turizm eksport məhsuludur. Ancaq biz
indi onu ölkədən çıxartmağa deyil, ölkəyə cəlb etməyə çalışırıq. Biz bütün
ölkələrlə işləyə bilmərik. Bunun üçün tədqiqatlar aparılmalı, seçim edilməli və
hədəf bazarı müəyyənləşməlidir». Hər bir hədəf bazarı üçün ayrıca strategiyanın
hazırlanmasının vacibliyini bildirən C.Talıbzadə Azərbaycanın bu gün dünya üçün
o qədər populyar olmadığını da etiraf etdi: «Biz bazara daxil olanda ən azı
Gürcüstan, Rusiya və Türkiyə kimi ölkələrlə döyüşməli oluruq». Marketinq
rəhbəri Azərbaycanın yeni distansiya olduğu üçün başqa ölkələrdə yaşayan
insanların ölkəmiz haqqında məlumatlar əldə etmələrinin vacibliyini qeyd etdi: «Xarici
ölkələrdə keçirilən Mədəniyyət günləri və s. tədbirlər zamanı biz öz turizm
məhsullarımızı təqdim edə bilərik. Həmçinin xarici ölkələrə infoturlar təşkil
olunmalı, ölkəmiz haqqında çoxlu məlumatlar verilməli, digər ölkələrin
turoperatorları ilə sıx əlaqə saxlanmalı, onları Azərbaycana dəvət etməliyik».
Turizm
mənzərəsinə kölgə salan amillər
Mədəniyyət və
Turizm naziri Əbülfəz Qarayev Milli Turizm Təbliğat Bürosunun
öz fəaliyyətini daha çox müasir texnologiyalar üzərində qurmasını yüksək
qiymətləndirdi: «Müasir texnologiyalardan, internet şəbəkəsindən istifadə yolu
ilə turizm potensialının təbliğinə önəm verilməsi təqdirəlayiqdir. Təəssüf ki,
bəzən turizm şirkətləri bu innovasiyalardan səmərəli istifadə etmirlər, ya
həvəsləri çatmır, ya maraqları yoxdur». Nazir MTTB-nin həm Novruz bayramı
ərəfəsində, həm İslam Həmrəyliyi Oyunları zamanı, həm də Şoppinq festivalı
günlərində müxtəlif məkanlarda fərqli təqdimatlar keçirməklə turistlərin
diqqətini cəlb edə bildiklərini qeyd etdi: "Bu, gözəl başlanğıcdır və belə də
davam etməlidir. Azərbaycan bu büronun və turizm şirkətlərinin vasitəsilə
beynəlxalq səviyyədə turizm xidmətləri təklif edə bilər”. Nazir qurum və
turoperator rəhbərlərinə səslənərək: "Hesab edirəm ki, yeni turizm xidməti və
yeni turizm anlayışı ilə ölkəmizi ucaldan məhsul ortaya qoymaq mümkündür.
İnternet, media, fotolar, nəşrlər və s. vasitələrlə buna nail olmaq olar. Əgər
bu məhsulu ortaya qoya bilməyəcəksinizsə, onda nəyi təbliğ edəcəksiniz” - deyə nazir
sual etdi: "Azərbaycan bu gün dünyada turizm anlamında özünəməxsus yer tutur.
Ölkəyə turist axını çoxalıb. Nəhayət, turizm şirkətləri arasında da rəqabət
yaranır. Onlar «Kim turizm sərgisinə gedəcək?», «Niyə mənə yer vermədilər?» və
s. fikirlərlə rəqabət aparırlar”. Ə.Qarayev bütün turizm sərgilərində
şirkətlərin iştirakını pullu həyata keçirəcəklərini qeyd edərək, bunun bütün
dünyada belə olduğunu bildirdi: "Turizm sərgisində iştirak etmək təkcə təqdim
etdiyimiz stendin qarşısında durmaqdan ibarət deyil. Sərgiyə gedən adam öz
şirkətinin və ölkəsinin təbliğatını aparmalı, müqavilələrin bağlanmasında və s.
iştirak etməlidir. Hansı şirkətlər bunları etməyə hazırdırsa, onlarla da iş
görüləcək. Turizm şirkətlərinə lisenziyaların ləğvindən sonra xidmət
səviyyəsinin aşağı düşməsi ilə bağlı səslənən fikirlərə toxunan nazir
"Baxmayaraq ki, bu gün lisenziya mövcud deyil, amma hər bir şirkət uğurlu
olmasını düşünmək üçün ilk növbədə xidmətlərini təkmilləşdirməlidir”-deyə
səsləndi.
Nazir yaradılacaq Dövlət Turizm Reyestrinin hamı
üçün açıq olacağını bildirərək turizm şirkətlərinə öz xidmətlərinin
keyfiyyətini artırmağı tövsiyə etdi: "Nazirlik müvafiq ictimai qurumlarla
birlikdə öz namizədliyini yazmış insanın və ya şirkətin göstəricilərini
yoxlayır. Biz təkcə biznes haqqında deyil, həmçinin istehsalçılar, turistlər,
vətəndaşlar, xaricdən gələn qonaqlar haqqında düşünməliyik. İstəməzdim ki,
sabah bələdçi yalan məlumat versin, internetdə qeyri-dəqiq məlumat
yerləşdirilsin və ya hansısa şirkət insanlara turizm xidmətləri göstərmək adı
ilə pul yığıb dələduzluq etsin. Bütün bunlar bizim turizm mənzərəsinə kölgə
salan amillərdir. Turizm şirkətlərinin hamısı turizm sənayesinin iştirakçıları
kimi bu işdə məsuliyyət daşıyırlar”. Ə.Qarayev turizm şirkətlərinin ölkədə
fəaliyyət göstərən assosiasiyalara üzv olmalarını da tövsiyə etdi: "İlkin
mərhələdə assosiasiyaya üzvlük ümumi mərhələyə qoşulmağı göstərir. İctimai
qurumlara üzv olmaqla ümumi turizm maraqlarını tutmalısınız”.
Bakının brendi
Nazir Milli Turizm Təbliğatı Bürosunun əsas vəzifələrindən
birinin Bakının brendinin formalaşdırılması olduğunu qeyd etdi: «Bakının brendi
haqqında hər kəsin öz fikri ola bilər. Yəqin ki, bu da müsabiqə yolu, təfəkkür
daşıyıcılarının iştirakı ilə həyata keçiriləcək. Biz Bakı deyəndə gah "Qız
qalası”nın, gah "Alov qüllələri”nin şəkillərini təqdim edirik. Ancaq bunlar,
bütün Bakı deyil. Təəssüf ki, bu günə kimi Bakı şəhərinin brendi yoxdur”.
Ə.Qarayev qurum qarşısında duran digər bir vəzifənin turizm məhsullarının
hazırlanmasından ibarət olduğunu söylədi: "Bu məsələdə də hər bir turizm
şirkətinin tövsiyəsi lazım olacaq. İstərdim ki, təklifləriniz çeşidli olsun.
Burada tarixi, macəra, ziyarət, idman turizmi formalarında təkliflər
olmalıdır». Ə.Qarayev nazirliyin qarşısında duran məsələlərə də toxunaraq «Turizm
haqqında” qanunun yenidən qəbul olunacağını bildirdi: «Qanunvericilikdə nəzarət
və ciddi normaların tətbiqi ilə yanaşı, turizm şirkətlərinin tam sərbəst və
lazımsız müdaxilələrdən azad olunması qeyd olunur. Ümidvarıq ki, Milli Məclisin
payız sessiyasında sənəd qəbul olunacaq. Digər məsələ ölkədə Dövlət Turizm
Reyestrinin formalaşdırılmasıdır. Burada da könüllülük əsasında otellərin
dərəcəsi müəyyənləşdiriləcək və burada hostellər də yer alacaq. Ulduzsuz olsa
belə, xidmətləri varsa, reyestrin siyahısına daxil ediləcək». Nazir turizm
sahəsində təhsilin formalaşdırılması, peşə məktəblərinin açılması məsələsinə də
toxundu: «Bu, bizim maliyyədən asılıdır. Növbəti ildə 3 regionda peşə
məktəblərinin açılması planlaşdırılır». Ə.Qarayev turizm şirkətlərinə Azərbaycan
Turizm İnstitutu ilə sıx əməkdaşlıq etməyi tövsiyə etdi: «Xaricdə bütün təhsil
müəssisələrinin maliyyələşdirilməsinə böyük turizm şirkətləri, otellər sərmayə
qoyurlar ki, yüksək səviyyəli kadrlar hazırlansın. Bununla da onlar öz kadr
potensialını hazırlayırlar. Hələlik bu qaydanın tətbiqini Azərbaycan üçün real
görmürəm. Amma bu olmasa, xidmətləriniz mükəmməl olmayacaq. Təhsildə pərakəndəlik
yolverilməzdir. Siz indidən kadr hazırlığı haqqında düşünün. O cümlədən,
bələdçilərin, xidmətçilərin işlərinin qurulması haqqında fikirləşin.
Bələdçilərin hamısına Reyestr tərəfindən sertifikat veriləcək. Ölkədə
sertifikatsız bələdçi olmamalıdır”.
200
mindən artıq turist artımı
Nazir Azərbaycanda istirahət edən insanların
sayının artdığını dedi: "Bu il ötən ilə nisbətən Azərbaycana xaricdən gələn
qonaqların sayı daha da çox olacaq. Bu yay da Azərbaycana ərəb ölkələrindən,
Rusiyadan, İrandan gələcək turistlərin sayının çoxalacağı gözlənilir. "Formula 1” yarışlarının keçiriləcəyi
müddət üçün ölkəmizdəki böyük mehmanxana şəbəkələrinin yerlərinin 95 faizi dola
bilər. Artıq həmin müddət üçün sifarişlər verilib”. Azərbaycana son iki ildə
gələn turistlərin sayını açıqlayan nazir rəqəmlərdə artım olduğunu diqqətə
çatdırdı: "Keçən ilin may ayında Azərbaycana 174 min, bu ilin mayında isə 211
min nəfər turist səfər edib. Bu, kifayət qədər böyük rəqəmdir və artım
yüksəkdir. Təxminən 30 faiz artım müşahidə edilib. Ümumilikdə ötən ilin beş
ayında ölkəyə 768 min turist gəlmişdisə, bu il onların sayı 956 minə çatıb. Bu,
200 mindən çox turist artımı deməkdir. Bu, artımlar viza rejiminin
sadələşdirilməsi ilə birbaşa bağlıdır. Bu gün biz 90-a qədər ölkəyə qapımızı
açmışıq. Bu axının qarşısında turizm sənayesinin yüksək səviyyədə təqdim etdiyi
xidmətlər olmalıdır. Xidmətlərin formalaşması isə hamımızın işidir”. Nazir
təkcə xaricdən gələn insanlar üçün deyil, həmçinin Azərbaycan vətəndaşları üçün
səviyyəli, maraqlı, təhlükəsiz istirahət təşkil etməyin turizm şirkətlərinin
vəzifəsi olduğunu bildirdi: "Ölkə vətəndaşlarının asudə vaxtlarının təşkili elə
yüksək səviyyədə olmalıdır ki, bu, öz əks-sədasını versin. Azərbaycan
sakinlərində yeni turizm anlayışını formalaşdırmaq lazımdır. İnsanların hər
birinin cibinə uyğun xidmətlər verilməlidir. 10 manata da, 50 manata da, 1000
manata da istirahət etmək olar. Ancaq sizin vəzifəniz 10 və ya 20 manata malik
insanların da istirahətini keyfiyyətli təşkil etməkdir. Mən turizm bürosunun
məhz bu istiqamətdə fəaliyyətini arzulayıram. Qurumun vəzifəsi bu xidmətlərə
inam yaratmaq, dünya səviyyəsində inamlı məlumat mərkəzinə çevirmək və
Azərbaycanı tanıtmalıdır».
Nazir Azərbaycanda turizm bazarında mövcud olan
qiymət siyasətinə də toxundu: "Qiymətlər kifayət qədər qəbulolunandır.
İnternetlə bütün rayonlar üzrə qiymətlərin təhlili aparılıb. Elə rayonlar,
məkanlar var, orada adamları 10-30 manata yerləşdirirlər. Yaxud elə istirahət
yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir.
Yerləşdirmənin adambaşına qiyməti təxminən 15 manata düşür. Düşünmürəm ki, bu
gün kimsə beş manata, yaxud üç manata istirahət edə bilər. Bu, mümkün deyil.
Turizm obyektlərində qiymətlərlə bağlı sual hər mövsümdə mənə ünvanlanır. Lakin
mənim də sualım var. Siz istəyirsiniz ki, xidmətlər tam pulsuz olsun?”
Görüşdə yerli turizm operatorlar və turizm şirkətləri ölkə turizmi
ilə bağlı ictimai müzakirələrdə iştirak edərək yeni turist marşrutlarının
formalaşdırılması, ölkənin təbliğatı və turist məmnunluğunun artırılması
istiqamətində turizm firmalarının qarşılaşdığı problemləri və onların həlli ilə
bağlı birgə əməkdaşlıq imkanlarını müzakirə etdilər.
Təranə
Məhərrəmova