“Turan Mübarizi” kitabının təqdimat mərasimi keçirilib - Fotolar
Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan
Respublikasının Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Türk xalqlarının
Ümumdünya Konqresinin prezidenti, yazıçı, professor Yəhya Caniyarın Milli qəhrəman
Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən "Turan Mübarizi” kitabının təqdimat
mərasimi keçirilib.
Tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru,
professor Ələddin Əliyev, Milli Məclisin deputatı Fərəc Quliyev, İslam ölkələri
jurnalistləri Assosiasiyasının sədri, əməkdar jurnalist, tanınmış yazıçı və
publisist, filologiya üzrə fəlsəfə doktoru Fazil Abbasov, Azərbaycan Rus İcmasın
İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Soixnuşina Nina İvanovna, Gənc
Tamaşaçılar teatrının aktisası Xalidə Şərifova, eyni zamanda universitetin müəllim
və tələbələri iştirak edib.
Öncə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor
Ələddin Əliyev Mübariz İbrahimovun türk xalqlarının qəhrəmanlığını bütün
dünyaya sübut etdiyini bildirib, onun həyatını işıqlandırmağın böyük şücaət
olduğunu qeyd edib. Professor Ə.Əliyev professor Yəhya Caniyara belə bir qəhrəmanlıq səlnaməsini ərsəyə gətirdiyi
üçün təşəkkürünü bildirib.
M.İbrahimovun xalqımızın igidlik nümunəsi olduğunu söyləyən
ADU-nun Pedaqoji (ingilis dili-alman dili) fakültəsinin dekanı, professor Fikrət
Cahangirov onun timsalında xalqımızın məğlubedilməz qəhrəmanlığından söz açıb,
ölümsüzlük fəlsəfəsinin əsasını qoyduğunu, öz ölümü ilə əbədi qəhrəmanlığa
qovuşduğunu deyib. "Turan Mübarizi” kitabının oxucularda vətənpərvərlik
hissinin möhkəmlənməsində, M.İbrahimov kimi ölməz qəhrəmanların mühüm əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Professor Fikrət Cahangirov kitab haqqında məruzə ilə
çıxış edib, ətraflı məlumat verib.
Daha sonra çıxış edən Milli Məclisin deputatı Fərəc
Quliyev tədbirin ərsəyə gəlməsinə görə universitet rəhbərliyinə təşəkkür edib, "Turan
Mübarizi” kitabının dünya xalqlarına Azərbaycan xalqının vətənpərvərliyini,
igidliyini sübut edəcəyini söyləyib. Eyni zamanda o, kitabın motivi əsasında
filmlərin çəkiləcəyinə ümid etdiyini, habelə dünya
ictimaiyyətinə M.İbrahimovun həyatının daha yaxından tanıdılacağını deyib.
Digər çıxış edənlər də kitab haqqında təəssüratlarını
bölüşüblər, müəllifi təbrik ediblər.
Xalq artisti Niyaməddin Musayev vətənpərvərlik
mövzusunda mahnı ifa edib. Sonra ADU tələbələri M.İbrahimovun qəhrəmanlığını əks
etdirən tamaşa da nümayiş ediblər.
Tədbir çərçivəsində professor Y.Caniyarın həyatı
haqqında ADU TV tərəfindən hazırlanmış sənədli film nümayiş olunub.
Sonda professor Yəhya Caniyar universitet rəhbərliyinə
tədbirin təşkil olunmasına görə dərin minnətdarlığını bildirib. "Turan
Mübarizi” kitabının ərsəyə gəlməsində M. İbrahimov kimi vətənpərvərlik ruhunda
böyüyən qəhrəmanlarımızın, həmçinin xalqımızın müxtəlif tarixi dövrlərdə üzləşdiyi
faciələrin böyük rolu olduğunu söyləyib.