AZE | RUS | ENG |

Tünzalə Ağayeva TRT Müzik-də veriliş aparacaq

Tünzalə Ağayeva TRT Müzik-də veriliş aparacaq
Müğənni: “Müqaviləni hələ ki 13 veriliş üçün bağlamışıq”


Əməkdar artist Tünzalə Ağayeva media əhlini ətrafına toplayıb yeni layihəsi ilə onları tanış etdi. “Kaspi”-nin məlumatına görə, sənətçi Türkiyənin aparıcı və məşhur musiqi kanalı olan TRT Müzik ilə birlikdə telelayihə hazırlayıb. Belə ki, Tünzalə Ağayeva Türkiyədə yayımlanan “Bir səsin cazibəsi” adlı verilişin aparıcılığını edəcək. İfaçının sözlərinə görə, TRT kanalı və Türkiyə səfirliyi onlarla əməkdaşlıq etməyi təklif edib.

Mətbuat konfransı başlamazdan əvvəl Türkiyə kanalı Tünzalə Ağayevanın ifalarından və kliplərindən ibarət hazırladıqları 5 dəqiqəlik video çarxı təqdim etdi.

Layihədə aparıcı qismində iştirak edəcək Tünzalə Ağayeva çıxışında sevincli olduğunu söylədi: “TRT kanalı mənim onların kanalında veriliş aparmağımı istəyəndə çox sevindim. Azərbaycan və Türkiyə mədəniyyətləri üçün nə isə bir iş görə biləcəyimi düşünəndə özümü xoşbəxt hiss edirəm. Proqramın adı mənim diqqətimi çəkdi. “Bir səsin cazibəsi” kəlməsi belə qulaqlara xoş gəlir. Bir neçə gündən sonra verilişin hazırlıqları üçün Türkiyəyə yola düşəcəm. Bu təklifi dəyərləndirməyimin bir səbəbi də o oldu ki, zaman-zaman Türkiyədə Azərbaycanın bir çox musiqiləri anonim olaraq ifa olunur. Mənim onlarla əlaqəmin olması haradasa bu təşəbbüsün həlli üçün önəmli olacaq. Eyni zamanda biz türk folklorunu Azərbaycanda tanıdacağıq. Bu, musiqi ilə bağlı bir layihə olduğu üçün düşünmürəm ki, mənim sənətimə hansısa bir maneçiliyi olsun. Aparıcılıq etdiyim verilişdə müxtəlif növ musiqiləri dinləyə biləcəksiz. Bu da daha çox tamaşaçının diqqətini çəkməyə bizə yardımçı olacaq. Müqaviləni hələ ki 13 veriliş üçün bağlamışıq. Amma müqaviləni hər zaman uzatmaq şansımız var. Amma mənim işlərimin çoxluğu, səfərlərim olduğu üçün bunu veriliş yayımlanandan sonra biləcəyik. Xəbəriniz olsun ki, mən müqavilənin uzadılmasının tərəfdarıyam. Proqramın məqsədi Azərbaycan musiqi sənətini və sənətçisini Türkiyədə tanıtmaqdır. Verilişdə xalqımızın sevimli sənətçilərini görə biləcəksiniz. Verilişin həm Azərbaycan, həm də Türkiyə tamaşaçısı üçün maraqlı olacağına inanıram. Proqram söhbət üzərində qurulmayacaq. Daha çox musiqiyə yer veriləcək. Çünki televiziyanın adından da görüldüyü kimi, musiqi ilə bağlıdır. Amma təbii ki, verilişə gələn qonaqlar haqda önəmli məlumatları tamaşaçılarımızla bölüşəcəm.
Bizim yerli kanallarımızdan birində də bu veriliş yayımlanacaq. Kanalın adını hələ ki açıqlamırıq. Amma yaxın zamanda onu da biləcəksiz. Xəbəriniz olsun ki, TRT Müzik kanalında ilk dəfə olaraq Azərbaycan sənətçisi veriliş aparacaq. Düzdür, TRT-nin digər kanallarında sənətçilərimiz veriliş aparıblar. Ancaq...”

Sənətçi deyir ki, Türkiyədə veriliş aparsa da, birfədəlik orda qalmayacaq: “Mən Azərbaycandakı fəaliyyətimi dayandıra bilmərəm. Həftədə bir dəfə efirdə olmaq lazımdır. Veriliş hazırlamaq da o qədər asan deyil. Çətin və məsuliyyətli bir işi üzərimə götürdüyümü bilirəm. Amma çətinlikləri, imtahanları sevirəm. Ona görə var gücümlə çalışacam ki, hər iki işimin öhdəsindən lazımınca gəlim. Bir az gərginlik olacaq. Amma bunun da öhdəsindən gələrik”.


Türkiyənin Azərbaycandakı səfirinin müavini Meral Barlak Azərbaycan ulduzlarının Türkiyə televiziyasındakı layihələrindən söz açdı: “Türkiyə televiziyasında Azərbaycanın çox gözəl sənətçilərindən olan Tünzalə xanımın veriliş aparması sevindirici haldır. Bu, mədəniyyət və sənət aləmini əhatə edən veriliş olacaq. Bu mövzularda xalqlarımızın arasında olan əlaqələrin daha da inkişaf etdirilməsi baxımından verilişin əhəmiyyəti böyük olacaq. İnanıram ki, Tünzalə xanım bu işin öhdəsindən lazımınca gələcək. Ona böyük uğurlar arzulayıram”.

Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət və tanıtma müşaviri Seyid Ahmed Arslan çıxışı zamanı Tünzalənin musiqi aləmində kifayət qədər tanınan, sözünü deyən sənətçilər sırasında yer aldığını söylədi: “Tünzalə xanımın Türkiyədə veriliş aparması bizim mədəni əlaqələrimizin daha da güclənməsinə şərait yaratmış olacaq. Azərbaycan və Türkiyə tarix boyu qardaş ölkə olub. Bu veriliş tarixdən gələn bu dostluğun davam etdirilməsi baxımından əhəmiyyətli olacaq. Azərbaycandan olan digər sənətçiləri də Türkiyədə görməkdən hər zaman məmnun oluruq. Tünzalə xanıma yeni işində uğurlar arzulayıram”.

Tanınmış modelyer Gülnarə Xəlilova ifaçının yeni layihəsində onunla birlikdə çalışacağını və hər zamankı kimi, geyimləri ilə diqqət çəkəcəyini qeyd etdi: “11 ildir ki, Tünzalə xanımla mənim işbirliyim davam edir. Tünzalə xanımın köhnə işlərinin videolarını izlədikcə, həmin kostyumlar göz önündən gəlib keçdi. Onunla çətin, maraqlı günlərimiz olub. Tünzalə xanımın Türkiyədə yayımlanan verilişində də geyimlərini mən hazırlayacam. Çalışacam ki, qardaş ölkənin efirində yayımlanacaq veriliş üçün Tünzalə xanıma gözəl geyimlər təqdim edim. Proqramın formatına, verilişə gələcək qonaqlara, musiqiləri nəzərə alıb, göz oxşayan geyimlər təqdim etməyə çalışacam. Tünzalə xanımın geyimlərində çox vaxt millilik nümunəsi olur. Bu dəfə də yəqin ki, bunu nəzərə alacağıq”.

Çıxışlar bitdikdən sonra ifaçı mətbuat nümayəndələrinin suallarını cavablandırsdı. Sevilən müğənni Azərinin də uzun müddətdir ki, Türkiyə televiziyasında veriliş apardığı, Tünzalə xanımın verilişinin ona rəqib ola biləcəyi haqda sualın cavabında Tünzalə xanım bir qədər fikrə getdi: “Mən rəqabət sözünü sevmirəm. Bütün sənət dostlarımın uğurlarına sevinməyi özümə borc bilirəm. Düşünmürəm ki, Azərinlə rəqabət aparacağıq. Hər kəsin öz yolu, öz stili var. Hər kəs özünə uyğun veriliş hazırlayıb təqdim edəcək”.
Xəbər verək ki, “Bir səsin cazibəsi” TRT kanalında canlı olaraq yayımlanacaq. Verilişi 5 nəfərdən ibarət Ankara Dövlər Orkestri müşayiət edəcək. İfalar tamaşaçılara fonoqramla deyil, canlı olaraq təqdim olunacaq. Verilişin 75 dəqiqə ərzində nümayiş olunacağı planlaşdırılır. Veriliş şənbə günləri Türkiyə vaxtı ilə 22:30-da efirə gedəcək. Təşkilatçıların sözlərinə görə, verilişdə Türkiyənin çox gözəl sənətçiləri qonaq qismində çıxış edəcəklər.

Qeyd edək ki, tədbirin sonunda Tünzalə xanıma Azərbaycan bayrağı mükafatı təqdim olundu.

Xəyalə Rəis

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.6439
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1929
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1835
CHF 1 1 İsveçrə frankı 1.6908
KWD 1 1 Küveyt dinarı 5.5954
TRY 1 1 Türkiyə lirəsi 0.3202