• cümə, 26 Aprel, 08:48
  • Baku Bakı 12°C

Tramp Putinlə görüşə görə sərt tənələrə tuş gəldi

17.07.18 16:25 389
Tramp Putinlə görüşə görə sərt tənələrə tuş gəldi
Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın görüşü çox güman hələ uzun müddət müzakirə mövzusu kimi qalacaq. Görüşün əsas nəticəsi budur ki, iki ölkə arasında müxtəlif məsələlərdə dərin fikir ayrılıqları olsa da, dialoq davam edəcək. Qaranlıq qalan məsələ İranla bağlıdır. İki ölkə lideri arasında bu ölkə ilə bağlı razılaşma əldə olunmadı. İranı çökdürməkdə qətiyyətli olan Tramp güman ki, bu planında heç bir dəyişiklik etməyəcək. Prezidentlər Suriya və Ukrayna məsələsində də mövqeləri dəyişmədilər. Hər iki məsələ ilə bağlı hər hansı razılıq əldə edilmədi. Bu görüşə qədər ehtiyat edilirdi ki, Tramp Krımın ilhaqını qəbul edə bilər. Lakin Helsinkidə bu da baş vermədi. Mətbuat konfransında prezidentlər Ukrayna mövzusuna ümumiyyətlə toxunmayıblar. Görünür, Tramp üçün Ukrayna mövzusu açıq-aşkar arxa plana keçib. Halbuki, Barak Obamanın dövründə Ukrayna mövzusu aktual idi. Çünki Ukraynadakı hadisələr məhz Obamanın dövründə cərəyan etmişdi. Bu görüşə baxmayaraq, Tramp Avropanın Rusiyadan enerji asılılığının əleyhinədir və bu durumu dəyişməyə çalışır. Bununla yanaşı, Tramp mətbuat konfransında Rusiyanı və Putini düşmən deyil, yaxşı mənada rəqib adlandırdı.
Maraqlı olan odur ki, Tramprusiyalı həmkarı ilə görüşdən sonra tənqidçiləri ilə yanaşı, dostlarının da tənqidinə tuş gəlib. Çoxlarının fikrincə, onun Putinə qucaq açaraq ölkəsinin müttəfiqlərini kiçiltməsi Birləşmiş Ştatların müdafiə etdiyi dəyərlərə xəyanətdir.
ABŞ Nümayəndələr Palatasının spikeriPaul Ryan deyib ki, Tramp Ədliyyə Departamentinin və kəşfiyyat agentliklərinin Rusiyanın 2016-cı ildə seçkiyə müdaxiləsiylə bağlı qənaətini şübhə altına almaqla səhvə yol verib. "Prezident Rusiyanın müttəfiqimiz olmadığını unutmamalıdır. Birləşmiş Ştatlarla Rusiya arasında mənəvi bərabərlik yoxdur”,- deyə Ryan deyib. Respublikaçılar Partiyasından prezidentliyə iki keçmiş namizəd də Trampın Putinə tərəf tutmasını pisləyib. 2012-ci ildə respublikaçılardan prezidentliyə namizəd olmuşMitt RomneyTrampın davranışını "utancverici, demokratik prinsiplərimizə zidd” adlandırıb, onun "milli bütövlüyə, qlobal miqyasda ABŞ-a göstərilən etimada ziyan vurduğunu” vurğulayıb. "Rusiya bizim bir nömrəli geosiyasi düşmənimiz olaraq qalır”,– deyə Romney vurğulayıb.
2008-ci ildə prezidentliyə namizəd olmuş senatorCon Makkeynisə Trampın Helsinki sammitindən sonra Putinlə birgə keçirdiyi mətbuat konfransını "Amerika prezidentinin tarixən ən biabırçı performansı”, "faciəvi səhv” adlandırıb. "Prezident Tramp Putinə qarşı durmağı həm bacarmadığını, həm də buna həvəsi olmadığını göstərdi. İndiyədək heç bir prezident tiran qarşısında belə alçalmamışdı”,– Makkeyn söyləyib. Hətta Trampa yaxınlığı ilə seçilən müttəfiqləri belə sarsıldıqlarını, prezidentin sammitlə bağlı mövqeyindən narahat olduqlarını dilə gətiriblər. Nümayəndələr Palatasının keçmiş spikeri, əvvəllər Trampı tənqidlərə qarşı müdafiə etmişNevt Qinqriçsammiti Trampın prezidentliyi dövründə "ən ciddi səhvi” adlandırıb. Prezidentin öz partiyasından gələn tənqid o qədər güclü olub ki, Ağ ev konqresmenlərlə görüşəcəyini açıqlayıb. Ancaq görüşə kimlərin qatılacağı bildirilməyib.
Demokratlar da Trampı daha sərt tənqid ediblər, onun ABŞ-ın tarixi roluna xəyanət etdiyini vurğulayırlar. Bəzilərinin fikrincə, onun Putinlə "xəyanətkar” davranışı hətta impiçmentlə nəticələnə bilər.
Keçmiş Milli Kəşfiyyat direktoruCeyms KlapperTrampın Putinlə razılaşmasını "inanılmaz kapitulyasiya”, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəriCon Brennanisə "xəyanətə bərabər” adlandırıb. "O, tamamilə Putinin cibindədir”,– Brennan tvitində yazıb.
Keçmiş vitse-prezidentCo Baydendeyib ki, "yaltaq diktatorlar Amerikanın maraqlarını irəli apara bilməyəcəklər. Bu, bizim təhlükəsizliyimizə təhlükədir”. Respublikaçı senator Ben Sasse isə bildirib ki, iki ölkə arasında münasibətlərin pozulmasında hər iki tərəfin təqsirkar olduğunu bəyan etmək "cəfəngiyyat” idi. NATO-nun keçmiş baş katib müavini Aleksandr Verşbov CNN telekanalına deyib: "Prezident Tramp Putinlə yaxşı münasibətləri iki ölkə arasındakı münasibətlərlə eyniləşdirmək səhvini davam etdirir. Belə görünür ki, o, ruslara Krımın ilhaqı, seçkimizə müdaxilə, Suriyadakı aqressiv siyasət məsələlərində pas verir”.
Bir çox təhlilçilər hələ bu görüşdən əvvəl deyirdilər ki, sammit Putin üçün bir uğur olacaq və o, Rusiyanın ABŞ-la bərabərhüquqlu tərəf olduğunu və təcrid olunmadığını isbat etməyə fürsət tapacaq. Trampın tənqidçiləri onu da bildirirlər ki, sammit Rusiya prezidentinin xeyrinə olub. Mətbuat konfransında Putinlə yanaşı dayanan Tramp öz ölkəsinin kəşfiyyat orqanlarının Rusiyanın ABŞ seçkisinə müdaxiləsi barədə gəldiyi nəticələri açıq şəkildə sual altına alıb. Belə görünürdü ki, o, Putinin Rusiyanın seçkiyə müdaxilə etmədiyinə dair bəyanatını qəbul edir.


Azər

banner

Oxşar Xəbərlər