AZE | RUS | ENG |

“Teymurilər Muzeyi” və ya tarixə pəncərə

“Teymurilər Muzeyi” və ya tarixə pəncərə
Tədqiqatçılar Özbəkistandakı tarixi tikililərin naxış və bəzəklərinin təravətini itirməməsinin sirrini hələ də çözə bilməyiblər

Daşkənd muzeylər şəhəridir. Bu muzeyləri ziyarət etmədən ölkənin keçdiyi uzun tarixi yol, zəngin mədəniyyəti və incəsənəti haqqında məlumat əldə etmək çətindir. "Özbəkistan tarixi muzeyi”, "Repressiya qurbanları muzeyi”, "Sənət muzeyi”, "Təbiət muzeyi”, "İncəsənət muzeyi”, "Dəmiryolu muzeyi”, "Geologiya muzeyi”, "Astronomiya muzeyi” və s. memarlıq üslubu və eksponatlarının zənginliyi ilə fərqlənən muzeylərə səfər edən, həmçinin incəsənəti qiymətləndirən turistlər vaxtın nə zaman gəlib keçdiyindən xəbər tutmurlar. Bu baxımdan Daşkənd Mərkəzi Asiyanın ən maraqlı yeri hesab olunur.
 
Ümumilikdə isə özündə 27 dövləti birləşdirən güclü, mərkəzləşmiş imperiyanın yaradıcısı Əmir Teymurun hakimiyyəti illərində bütün ölkə üzrə tikilən Ak-Saray sarayı, Qur Əmir mavzoleyi, Bibi-xanım məscidi, Xoca Əhməd Yasəvi mavzoleyi, Şahzində mavzoleyi və s. unikal arxitektura tikililəri sırasında muzeylər də mühüm yer tutur. Düzdür, Daşkənd muzeylərinin tarixi 1966-cı il zəlzələsindən sonrakı illəri əhatə edir, amma eksponatlarının tarixi çox-çox qədim və nadirdir.
 
 
 
Orta, Cənubi və Qərbi Asiyanın, həmçinin Qafqazın və Rusiyanın tarixində mühüm rol oynayan Teymurilər imperiyasının yaradıcısı Əmir Teymuru Özbəkistanda milli qəhrəman kimi dəyərləndirilər. Odur ki, ölkənin təkcə tarixinə deyil, bu gününə də aid olan bütün nəsnələrdə görkəmli sərkərdənin adı yer alıb. Bu gün təkcə özbəklər deyil, həmçinin dünyanın tədqiqatçı alimləri də "Əmir Teymur", "Teymurləng", "Sultan Teymur", "Topal Teymur" adı ilə tarixdə qalan sərkərdə haqqında indi də bilmədiklərimiz çox şeylər var” - deyirlər.
 
Tarixin güzgüsü
 
"Dövlət Tarixi Teymurilər Muzeyi” isə muzeylər sırasında mühüm yer tutur. Böyük sərkərdənin adını daşıyan küçədə yerləşən muzey tarixin güzgüsü, Özbəkistan sakinləri üçün tarixə pəncərə hesab olunur. "Teymurilər Muzeyi” Daşkəndin düz mərkəzində yerləşir.
Şərq arxitekturası ənənəsinə uyğun olaraq tikilən muzeyin gümbəz formasında olan tavanı qızılı işləmələrlə bəzədilib. Göy rəngi sevən böyük sərkərdənin "Mən göylərin rəngini öz ölkəmə gətirmək istəyirəm” sözləri nəinki təkcə paytaxtın memarlıq üslubunda, həmçinin ölkənin ayrı-ayrı tarixi şəhərlərində yer alan arxitekturada əksini tapıb. "Teymurilər Muzeyi”nin həm xarici fasadı, həm də daxili interyerini əsasən göy rəng təşkil edir.
 
 
 
Orta Asiyanın tarixinə, Əmir Teymurun və Teymurilərin hakimiyyəti dövrünə həsr olunan muzey Özbəkistanın nadir elmi obyektləri siyahısındadır. Muzey 1996-cı ildə Əmir Teymurun anadan olmasının 660 illiyi münasibəti ilə ölkənin mərhum prezidenti İslam Kərimovun təşəbbüsü ilə açılıb. 2006-cı ildə muzeyin 10 illiyinə həsr olunan «Teymurilər Dövlət Tarixi Muzeyinin 10 ili» adlı ekspozisiya açılıb. 2007-2011-ci illərdə isə «Özbəkistanda və xaricdə Teymurilər epoxası abidələrinin öyrənilməsi» adlı fundamental tədqiqat layihələri həyata keçirilib. Əmir Teymurun və Teymurilərin hakimiyyəti dövrünə aid olan materiallar, görüşlərin şəkilləri və əlyazmalar araşdırılıb və bəzisi yazışmalardan sonra muzeyə gətirilib.
 
Muzeyin binası klassik şərq üslubundadır. Üç mərtəbədən ibarət olan bina bütünlüklə Teymurilərin tarixinə həsr olunub. Muzeyin interyeri mərmər sütunlar, divar naxışları, şərq miniatürləri, 20 kiloqramdan çox işlənən qızıl zərvərəqlərlə bəzədilib. Divarları özündə Əmir Teymurun həyatını və ölkənin qədim tarixindən tutmuş, müasirliyinə qədər əks etdirən naxışlarla bəzədilib. Divar rəsmlərinin üzərində 4 rəssam işləyib və hər gün görülən işlər barədə ölkənin o zamankı prezidenti İslam Kərimova məlumat verilib. 
 
 
 
Muzeyin girişindəki 2 ton 700 kq ağırlığı, 106 şamdanı, 8,5 metr hündürlüyü olan büllur çilçıraq da öz unikallığı ilə diqqət çəkir. Muzeyin eksponatları «Özbəkistan əlyazmalarının mədəniyyət və tarixi», «Xaricdə irsimiz», «Əmir Teymurun həyatından epizodlar», «Əmir Teymur və Teymurilər - rəssamların gözü ilə», «Əmir Teymur və Teymurilər epoxası alim və yazıçıların gözü ilə» tematikasına uyğun sərgilənib.
 
Muzey eksponatları Teymurilərin 488 il davam edən hakimiyyətini əks etdirmə baxımından qiymətli mənbələrdir. Divarda hakimiyyəti idarə edən Teymurilərin ad və soyadları, həmçinin "Əmir Teymur dövrünün xəritəsi” də yer alıb.
Muzeydə Əmir Teymur və Teymurilər hakimiyyətinin epoxasına həsr olunan 5 mindən çox eksponat saxlanılır ki, bunların sırasına əlyazmalar, Əmir Teymur və Teymurilər epoxasına aid arxeoloji, etnoqrafik, numizmatik materiallar daxildir. Ekspozisiyalarda üzərində böyük sərkərdənin gerbi həkk olunan gümüş və qızıl pullar, keramik və qızıl əşyalar, silahlar, o dövr döyüşçülərinin hərbi geyimləri, musiqi alətləri, əmirlərin xələtləri, Mirzə Uluqbəyin astronomik alətləri və Teymurilər epoxasına aid digər dəyərli əşyalar nümayiş olunur. Teymurilər epoxasına aid naxışlar və rənglər, üzərindən 600 ildən çox vaxt keçməsinə baxmayaraq özünün əvvəlki görkəmini qoruyub saxlayıb.
 
 
 
Muzeyin eksponatları böyük tarixi əhəmiyyətə malikdir və sübut edir ki, Əmir Teymur təkcə dövlət xadimi olmayıb, həmçinin elm, incəsənət, mədəniyyət, sənətkarlıq, mənəviyyatın himayədarı olub. Məhz onun dövründə ölkənin sənətkarlığı, mədəniyyət və incəsənəti inkişaf edib. Teymur özündən sonra çoxlu sayda əzəmətli memarlıq tikililəri saxlayıb. Bunlardan bir çoxu dünya mədəniyyətinin xəzinələrinə daxildir. Teymurun tikililəri onun bədii zövqünü nümayiş etdirib. Onların yaradılmasında Teymurun şəxsən özünün fəal iştirakı olub.
 
Muzey fondunun direktoru Nərgiz Holovanın sözlərinə görə, muzey hər gün arxeoloji tapıntılarla zənginləşir.
Ekspozisiyaların əsas ideyası Əmir Teymur və Teymurilər epoxasının ruhunun böyüklüyünü ziyarətçilərə çatdırmaqdır. Bələdçi deyir ki, Teymurilər dövründə təkcə bədii sənətkarlıq inkişaf etməyib, həmçinin kitab işi, kalliqrafiya, miniatür incəsənəti məktəbi, xalçaçılıq sənəti ən yüksək inkişaf həddinə çatıb. Müxtəlif ölkələrdə yığılan kitablardan ibarət zəngin kitabxana da Əmir Teymurun ədəbiyyata olan sevgisinin göstəricisidir.
 
 
 
Muzeydə Ak-Saray sarayının, Bibixanım muzeyinin, Səmərqənd və Buxara şəhərlərinin də maketi nümayiş olunur. 24 ilə tikilən və Əmir Teymurun yay iqamətgahı sayılan Ak-Sarayın möhtəşəm görüntüsü ziyarətçiləri ayaq saxlamağa məcbur edir. 70 metr hündürlüyü olan saraydan bu günə 36 metr hündürlükdə tikili qorunub saxlanıb. Muzeydə Teymurilər dövlətinin gücünə şahidlik edən digər arxitektura abidələri də nümayiş olunur. Muzeyin birinci mərtəbəsində qorunan əsas eksponatlardan biri Quranın surətidir.
 
Muzeyi Nizaməddin Şaminin «Zəfərnamə», Əlişir Nəvainin «Xəmsə»sinin miniatürlərindən ibarət nümunələrin surətləri bəzəyir. Eksponatlar sırasında, həmçinin Buxara, Səmərqənd, Heratdan gətirilən qızıl və gümüş sikkələr, əl işləri, keramik qablar və s. nadir əşyaları görmək mümkündür.
 
Bir milyondan çox turist
 
"Teymurilər Muzeyi”ni hər gün turistlər, qonaqlar, tələbələr, məktəblilər, ölkənin bütün bölgələrindən gələn insanlar ziyarət edir. Gün ərzində muzeyə 200-400, il ərzində bir milyondan çox insan gəlir. O cümlədən, muzeyin ziyarətçiləri arasında dövlət başçıları, parlament nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, elm və mədəniyyət xadimləri var.
 
Muzeyin otaqlarından biri qonaqların hədiyyələrindən ibarətdir. Muzeyin eksponatları Fransada, ABŞ-da, Almaniyada, Avstriyada nümayiş olunub. Muzey Özbəkistanın elmi mərkəzi kimi çıxış edir. Onun nəzdində təşkil olunan müxtəlif elmi qruplar ayrı-ayrı kitabların nəşri ilə məşğul olurlar. Məsələn, «Əmir Teymur dünya tarixində», «Hivə – minlərlə günbəzlər şəhəri», «Buxara – Şərq mirvarisi», «Şahrisabz – min illiyinin irsi» və s. nəşrlər bu sıradandır.
İspan səfiri Ruy Gonzaler Klavixo səyahətnaməsində Əmir Teymurun hakimiyyət illərini araşdıraraq maraqlı məqamları üzə çıxarıb. Səfirin "Səmərqəndə Əmir Teymur sorağıyla səyahət” kitabının surətinə də muzeydə rast gəlmək mümkündür.
 
 
 
Bələdçinin dediyinə görə, dünyanın ayrı-ayrı ölkələrinin tədqiqatçıları Özbəkistandakı muzey, mavzoley, mədrəsə, məscid və s. tikililərin divarlarını, fasadlarını və günbəzlərini bəzəyən naxış və bəzəklərin, rənglərin əsrlərdən bəri görkəmini itirməməsinin sirrini hələ də çözə bilməyiblər. Fakt odur ki, ölkə boyu sıralanan tikililər hər il daha çox ziyarətçi cəlb etməklə ölkəni turizm üçün açıq qapıya çevirir.
 
Təranə Məhərrəmova
Daşkənd
 



Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176