AZE | RUS | ENG |

Tənhalığı sevməyən tənha aktrisa - Fotolar

Tənhalığı sevməyən tənha aktrisa - Fotolar
Zərnigar Ağakişiyeva: “O tamaşadan sonra əllərimdə gül dəstələri teatrdan çıxanda başa düşdüm ki, mənim yerim səhnədir...”

O, teatrdan öz xoşuna ayrılmışdı. Gedişini də özünün şəkər xəstəliyi ilə əlaqələndirmişdi. Ancaq qəlbinin dərinliklərində inciklik vardı. Aktrisa 40 il səhnəsində can qoyduğu teatrından küsmüşdü. Gah bir vaxtlar teatrda qaldırılan aktyorlarla müqavilə bağlanması, gah yaşla bağlı təqaüd söhbətləri, gah da pərdəarxası intriqalar... onu yormuşdu. Həyatı qədər sevdiyi teatrdan, kinodan, tanıdığı-tanımadığı minlərlə tamaşaçısından, bir-birindən fərqli rollarından ayrılmaq istəməsə də, getmişdi.
Bundan sonra da yaddaqalan rollar oynayacağına ümidlər çox olsa belə, aktrisa fərqinə varmadan özü ilə uzun illərin acılı-şirinli xatirələrini aparmışdı. İllər öncə teatrdakı otağında onunla üzbəüz oturub sənət taleyi haqqında söhbətləri öz dilindən eşitsəm də, artıq hər kəsdən, həmçinin jurnalistlərdən də qaçırdı. Dünən FHN əməkdaşlarının zorla açdığı qapını, əslində o çoxdan insanların üzünə qapatmışdı...
 
Çətin, ağır zəhmət tələb edən sənət məbədi
 
Zərnigar Ağakişiyeva teatr səhnəsində Dilbəri, Fəxrəndəni, Amaliyanı, Xuramanı, Tatyananı, Zivəri, Maralı, Zeynəbi, Xədicəni, Klavdiyanı, kinoda Xədicəni, Zivəri, Xurşud xanımı, televiziya tamaşalarında Mirandolinanı, Dilşadı, Həmidə xanımı, Qaynananı tamaşaçılara təkcə sevdirməmişdi, onları əsil sənət zövqünün nə demək olduğu fikrinə inandırmışdı. "Bu sənəti əsas həyat kredosu kimi qəbul etmirdim. Elə bilirdim ki, hamı dərsdən savayı dərnəyə, şahmat klubuna, mədəniyyət evinə gedib vaxtını ora sərf edir. Mən də bunu o cür qəbul edirdim. Lakin instituta daxil olandan sonra təfəkkürümdə sənət haqqında düşüncələrim tamam dəyişdi. Xüsusilə teatra işləməyə gələndə gördüm ki, doğrudan da teatr düşündüyüm kimi adi bir qurum deyil. Çətin, can aparan, ağır zəhmət tələb edən sənət məbədidir. Biz səhnədə bütün canımızı, bütün varlığımızı qoyuruq və onunla da yaşayırıq. Ona görə də sənətimiz bizim həyatımızın çox hissəsini, sonradan isə bütün varlığımızı təşkil edir” - deyirdi Zərnigar xanım.
 
Aktrisalıq onun taleyi idi
 
Aktrisa olmaq gəncliyində ağlına da gəlməmişdi. Yoxsa doğulub böyüdüyü Quba rayonundan Bakıya gəlib Ticarət-Kooperativ Texnikumunu, daha sonra Moskvanın Kooperativ Texnikumunun nəzdindəki reklam işi üzrə dekorçu-rəssam kurslarını bitirməzdi. Ancaq Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru” fakültəsinə daxil olması sakit havada qəfildən şimşək çaxmasına bənzəyib. Bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb. Rejissor Əşrəf Quliyevin dəvəti onun üçün gözlənilməz olub – çoxlarının xəyal etdiyi Akademik Milli Dram Teatrının səhnəsinə çıxıb və A.Ostrovskinin "Müdriklər” dramında Mamayeva rolunu oynayıb. "İncəsənət institutundan əvvəl şərqşünas olmaq istəyirdim. İncəsənət institutuna sənədlərimi verəndə, orta təhsilim rus dilində olduğu üçün rus bölməsinə qəbul olmaq istədim. Amma rus bölməsində yer olmadığından, qayıdanda sənədləri qəbul edən xanım "azərbaycanlı deyilsən məgər, ver sənədlərini Azərbaycan bölməsinə, indi azərbaycanlı aktrisalara böyük tələbat var” dedi. O vaxt İncəsənət institutunun tələbələrinin fəaliyyəti Tədris Teatrında başlayırdı. Mən də o teatrda bir çox tamaşalarda iştirak etmişəm. "Aydın”da, "Qırmızı yaylıqlı qovağım mənim”də, diplom tamaşam olan "Günahsız müqəssirlər”də maraqlı rollarım var idi”. 
Tədris Teatrında Zərnigar xanımın, Yaşar Nurinin və Pərviz Bağırovun "Azdrama”nın truppasına qəbul edilmək şansı yaranıb. "Rejissor məni "Azdrama"ya dəvət etsə də, bir neçə gün oraya gedib-gəlməyimə baxmayaraq, məni kollektivə təqdim etmirdilər, mən də özümü narahat hiss edirdim. Ona görə yenidən Tədris Teatrına qayıtdım. Rejissor məni görən kimi təəccübləndi, gedib rektora xəbər verdi, rektor da məni çağırıb tənbeh elədi ki, niyə üzünə açılan qapını təpiklə vurub bağlayırsan? Dedim, gedib otururam, nə deyirlər ki, bu bizim təzə aktrisamızdır, nə də kimin dublyoru olduğumu bildirirlər, qeyri-müəyyən bir vəziyyətdəyəm. Öz-özümə də fikirləşirdim ki, mən axı kimdənsə xahiş etməmişəm ki, məni "Azdrama”ya aktrisa təyin etsinlər. Sadəcə, məni Tədris Teatrındakı tamaşalarda görüb böyük səhnəyə layiq bilmişdilər. Əşrəf Quliyev isə mənim müəllimim olmaya-olmaya, kənardan məni müşahidə edib, Tədris Teatrındakı rollarımı görüb, rəhbərliyə məsləhət bilib ki, "Azdrama”nın truppasında çıxış edə bilərəm. Amma o məni kollektivə təqdim edə bilməzdi, təzə aktrisanı truppa üzvlərinə baş rejissor təqdim etməli idi”.
Bir müddət qeyri-müəyyən şəraitdə işləyib. Bir ildən sonra adının rol bölgüsü siyahısında olduğunu eşidincə xeyli sevinib: "Məlum oldu ki, "Müdriklər” tamaşasında məni Mamayeva roluna təsdiq olunan Leyla Bədirbəyliyə dublyor veriblər. Bu, mənə çox qəribə göründü. Fikirləşdim ki, bununla mənə "daha bu teatra gəlmə” demək istəyirlər. Çünki o boyda aktrisaya dublyor təyin olunmağımı başqa cür anlaya bilmədim. Məşq günü gəlib çatanda, çox həyəcanlı idim. Teatrın ən görkəmli aktyorları məşğul idilər - İsmayıl Osmanlı, Səməndər Rzayev... Leyla xanım həmin məşqə gəldi və mənim bu tamaşada ona dublyor təyin olunmağımı qəbul etdiyini bildirdi. "Otur yanımda, rejissor danışdıqca mən onun dediklərini qeyd edəcəm, sən də özün üçün qeyd et” dedi. Özü də mən məşq edən günlərdə o gəlmirdi ki, sıxılmayım. Bir gün də dedilər ki, Leyla xanım Bolqarıstana qastrola gedir, ola bilər ki, tamaşanı təhvil verməyə çatmasın. Ona görə tamaşa qaldı mənim boynumda, həm ictimai baxışı, həm premyeranı mən oynadım”.
Bu tamaşadan əvvəl Tədris Teatrının tamaşası olan "Aydın”da Susannanı oynayanda da "Azdrama”nın səhnəsinə çıxmışdı. Məhz həmin tamaşadan sonra aktrisalığın taleyi olduğunu anlayır: "O vaxta qədər fikirləşirdim ki, İncəsənət institutunda oxumağım sadəcə ali təhsil diplomu almaq üçün mənə lazımdır. Diplomu alıb, haradasa işə düzələrəm, doqquzda gedib, altıda qayıdaram. Amma o tamaşadan sonra əllərimdə gül dəstələri teatrdan çıxanda başa düşdüm ki, mənim yerim səhnədir. Tamaşa bitəndən sonra gur işıqların dumanında tamaşaçıların gözlərinin enerjisi məni elə tutmuşdu ki, başqa iş haqqında fikirləşməyimin səhv olduğunu anladım. Öz-özümə dedim, yox e, elə budur ki, var, səhnədə olmalıyam. "Müdriklər” tamaşasından sonra isə nəinki sənətdə, həm də "Azdrama”nın səhnəsində qalmaq məsələm həll olundu. İlk addımım həm rəhbərlik, həm də mətbuat tərəfindən yüksək qiymətləndirildi. Həsən Əbluc da mənim bu rolum haqqında gözəl bir məqalə yazdı. Amma bu tamaşada səhnəyə çıxana qədər çox həyəcanlanmışdım. Hətta qaçmaq istəyirdim ki, canım bu həyəcandan, qorxudan qurtarsın. Amma pərdə açılanda səhnəyə çıxıb rolumun ilk sözlərini deyəndən sonra bütün həyəcanım, qorxum yox olub getmişdi”.
Teatra gəldiyi ilk vaxtlarda ilk dəstəyi İsmayıl Dağıstanlıdan görüb. Hər dəfə gənc aktrisanı kollektivin içində görəndə deiyi "bu qız istedadlıdır, ona rol vermək, bacarığından istifadə etmək lazımdır” sözləri ona qanad verirdi. Sonralar böyük sənətkarla "Vaqif”, "Daşqın”, "Mahnı dağlarda qaldı” tamaşalarında tərəf-müqabil olub.
Zaman keçdikcə, onunla səhnəyə çıxan gənclər də "biz Zərnigar xanımın sözlərindən qol-qanad aldıq, onun dəstəyini gördük” - deyəcəkdilər...
 
Tamaşaçı sevgisini qazanandan sonra
 
Zərnigar xanım 1974-cü ildən Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Bir-birindən maraqlı rollar oynayıb, tamaşaçıların sevimlisinə çevrilib. Bəzən rol bölgüsündən narazı qaldığı anlar da olub. Belədə sakitcə teatrdan uzaqlaşıb. Yeddi illik fasilədən sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev onu yenidən teatra dəvət edəndə, həvəslə qayıdıb. "Sənət adamları, xüsusən də teatrda aktyorlar arasında intriqalar həmişə olur. Sağlam rəqabət aparanlar da olur, quyu qazanlar da. Çünki burada rol bölgüsü, tamaşaçı sevgisi məsələləri var. Tamaşaçı sevgisini qazanandan sonra artıq paxıllıq edənlərin də mövqeyi dəyişir. Əgər tamaşaçı hansısa aktyora görə teatra gəlirsə, bilet alıb tamaşalara baxırsa, deməli, o aktyor o teatrı yaşadır. Bunun süni şəkildə baş verməsi mümkün ola bilər. Amma belə halların ömrü qısa olur. Çünki səhnədə tamaşaçı ilə üz-üzə qalan aktyordur. Tamaşaçı isə aktyoru ya qəbul edir, ya da qəbul etmir”.
Zərnigar xanımın tamaşaçı tərəfindən qəbul edilməsi isə nə bəxt məsələsi idi, nə də şans. Onu tamaşaçıya istedadı, xarakterik rolları özününküləşdirmək bacarığı sevdirmişdi. Aktrisa 2011-ci ilə - teatrdan uzaqlaşana qədər Milli Dram Teatrın səhnəsində bir-birindən maraqlı, müxtəlif xarakterli obrazlar oynayıb.
 
Axı mən səhnədə yoxam...
 
Zərnigar Ağakişiyeva sənət aləmində xidmətinə görə bütün titulları qazanmışdı. Xalq artisti, prezident təqaüdçüsü idi. "Şöhrət” ordeni almışdı. Bütün bu dəyərləri ömrünü həsr etdiyi teatrdakı zəhmətinə, şəxsi xoşbəxtliyini sənət uğurlarına qurban verdiyinə görə qazanmışdı.
Zərnigar xanım tənha yaşayırdı. Teatrdan ayrılması ilə bu tənhalığı daha da dərinləşmişdi. "Təklik mənim üçün deyil, amma yaşamalıyam. Mən təqaüdə çıxan günə qədər tək olmamışam. Bu 40 ildə yanımda sənət yoldaşlarım, tamaşaçılarım olub. 40 ildə, bu gün də tamaşaçıların ürək sözlərini, onların mənə məhəbbət dolu münasibətlərini görürəm. Hətta getdikcə bu münasibət daha da güclənir. Hərdən öz-özümə deyirəm ki, axı mən səhnədə yoxam, bu nə gücdür belə? Əlbəttə, bu mənim sənətə olan məhəbbətimin payıdır, cavabıdır. Ömrümün çox hissəsini sənətə həsr etdim, o da mənə qarşı xeyirxah oldu, üzümə güldü. Buna görə mən Allahıma təşəkkür edirəm”.
Tənhalığı sevməyən aktrisa ömrünü tənhalıqda başa vurdu. Yaşadığı mənzildə 3 gündən sonra cansız cəsədinin aşkar olunması aktrisanın oynadığı faciəli rollardan da ağır oldu. Bu, "tamaşaçı sevgisi mənim sənətə olan məhəbbətimin cavabıdır” deyən, teatr və kino sənətimizə unudulmaz rollar bəxş edən aktrisanın həyatının faciəvi sonluğu oldu. Fondlarda, arxivlərdə, bir də tamaşaçıların yaddaşında isə unudulmaz rollar qaldı...
 
Təranə Məhərrəmova






Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000