AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Teletibb - pandemiyanın, yoxsa zamanın tələbi?

Teletibb - pandemiyanın, yoxsa zamanın tələbi?

Cəmiyyət
08 Aprel 2020, 18:20 464
Rəqəmsallaşan dünyada distant müalicə də qaçılmaz prosesə çevrilir
 
Pandemiya bütün sahələrin qarşısına vəziyyətdən yeni çıxış yolları axtarmaq  seçimini qoyub.  Birbaşa tibb sahəsi ilə bağlı olduğundan, demək olar ki, çıxış variantlarına daha çox bu sahədə əl atılır. Bu da təbiidir. Müasir dünyanın artıq tətbiqinə başladığı teletibbin (distant müalicə və müayinə) tətbiqi də bu təcrübələrdəndir.
Koronavirusun yayıldığı Rusiyada da Dövlət Duması pandemiya şəraitində pasiyentlərin məsafəli qəbulu ilə bağlı qanun layihəsini gündəmə gətirib. Belə ki, fövqəladə vəziyyətlərdə həkim, məsafədən diaqnoz qoya və müalicə təyin edə bilər. Layihənin vacibliyi teletibbin, hətta, pandemiyadan öncə planetdə sürətlə addımladığını, hələ dünyanın "sosial məsafə” sözünü dilə gətirmədiyi vaxtlardan başlaması ilə izah edilir. Məsələn, keçən il alman qanunvericiliyində "rəqəmsal dərman” tətbiqi əmələ gəlib. Estoniya dünyada səhiyyənin rəqəmsallaşması sırasında liderlərdən sayılır. Belə ki, istənilən pasiyent aptek terminallarında həkimi ilə əlaqə saxlayıb 5 dəqiqə ərzində resept yazdıra bilər.
Artıq dünya ölkələrində teletibb üçün mobil təchizatlar yaranıb. Diabetli xəstələrdə qlükozanın səviyyəsini ölçmək, məsafədən, xəstənin ciyərlərinə qulaq asan fonendoskop, ürəyinin funksiyasını görən kordiomonitorlar, qulaq, burun, boğaz həkimləri üçün alətlər, hətta hamiləliyi təyin etmək üçün ÜSM müayinəsi mümkündür. "Görünür ki, gələcəyin tibbi başlayır”-deyə "İşdə həkim” şirkətinin rəhbəri Stanislav Sajin bildirib.
Hərçənd, qonşu ölkədə teletibbin tətbiqinə iki il bundan əvvəl cəhdlər olsa da, müzakirələrdə "Həkim xəstəni öncə əyani görməli, sonrakı müalicələrini məsafədən etməlidir” fikirləri üstünlük təşkil edib.
Tibbi Biliklərin Milli Bazasının rəhbəri Boris  Zinqerman hesab edir ki, teletibb - yeni mövzudur, ancaq müəyyən maneələr mövcuddur: "Bu, hələ geniş spektri əhatə etmir, test mərhələsindədir. Sistemin tətbiqi üçün tibbi strukturun qurulması bahalı prosedurdur və bazar, hələlik, bu avadanlıqlarla zəif təmin olunub. Bu yeniliyin tətbiqi uzun müddətli zaman istəyir. Ancaq razılaşmaq lazımdır ki, rəqəmsallaşan dünyada distant müalicə də qaçılmaz prosesdir”.
Təkcə keçən il Rusiyada 160 teletibb müalicəsi həyata keçirilib. "İndi isə vəziyyət dəyişib. Karantin dövründə tibbi xidmət artıq məsafədən müalicəni tələb edir”- deyə bildirilir. Hətta teletibbin tətbiqini və inkişafını tezləşdirmək üçün qanun layihəsinə dəstək məqsədilə mütəxəssislərdən ibarət Milli Assosiasiya da yaradılıb: "Artıq bu məsələdə sözünü koronavirus deyir. Prinsipial məqamlarda xəstəyə uzaqdan diaqnoz qoymaq və müalicə təyin etmək lazımdır. Bizə xidməti hərtərəfli təşkil etmək və həyata keçirmək qalır” deyə assosiasiyaya üzv olan  mütəxəssislər qeyd edirlər.
Seçenov adına Moskva Birinci Tibb Universiteti artıq çağırışa reaksiya verərək rəqəmsal məsafəli monitorinq platforması tətbiq edib və bu yolla həkimlər xəstələri uzaqdan müşahidə edə bilirlər. Diabet xəstələri həkimləri ilə artıq iki ayda bir dəfə canlı deyil, həftədə bir dəfə internet vasitəsi ilə ünsiyyətdə ola bilirlər. ”Mən şübhə etmirəm ki, koronavirus teletibbin inkişafına təkan verəcək”- deyə universitetin direktoru Georgi Lebedev bildirib: "Bu, artıq real dünyamızda baş verir. Koronavirusla da bağlı  məsləhət mərkəzi yaratmışıq. İstənilən həkim orda "xəstəyə hansı yardım lazımdır”- deyə həmkarı ilə məsləhətləşə bilər”. Direktor teletibbin tətbiqinin genişləndirilməsinin və inkişafının ölkələrində labüd olduğunu və bunun üçün bütün imkanlardan istifadə ediləcəyini qeyd edir: "Dünya tibb sahəsində hansı yeniliklər baş verirsə, biz də geri qalmamalıyıq. Xüsusən, teletibbin tətbiqi vacibdir və pandemiya dövrü üçün daha aktualdır”.
Hazırkı şəraitdə isə koronavirusa yoluxan xəstələrin də müayinəsi istiqamətində teletibb müayinə və müalicəsi tətbiq olunur. "Teletibb köməyi - koronavirus infeksiyasına yoluxan xəstələr üçün yeni layihədir. Audio və video əlaqələrdən istifadə olunur, həkimlər xəstələrin vəziyyətini onlayn müşahidə edir, simptomların  ağırlaşmasını və ya yüngülləşməsini müəyyən edirlər. Bundan əlavə, həkimlər xəstələrə məsləhət və onları  maraqlandıran suallara cavab verirlər. Həkimə, xəstənin vəziyyətini müəyyənləşdirmək üçün 13-15 dəqiqə vaxt lazım olur. Əlbəttə, teletibb yalnız vəziyyəti ağırlaşmayan, ev şəraitində müalicə alan xəstələrə aid edilir”- deyə təcrübənin həyata keçirilməsi haqqında məlumat verilir.
Sual yaranır: teletibb üzrə dünya  və qonşu ölkələrin təcrübəsinin bizim ölkəmizdə də tətbiqi mümkündürmü? Səhiyyəmiz, tibb işçilərimiz bu yeniliyə nə qədər hazırdırlar?
Professor, həkim-cərrah Adil Qeybulla məsələyə praqmatik yanaşır: "Əslində xüsusi təhlükəli infeksiyaların, o cümlədən, bu cür karantin infeksiyalarının müalicəsinin məsafədən idarə olunması daha məqsədəuyğundur. "Whatsap” və ya digər sosial platformalar üzərindən bunu həyata keçirmək mümkündür”. A.Qeybullanın sözlərinə görə, Çində də bu təcrübədən istifadə olunub. Belə ki, robot və dronların vasitəsilə dərmanların insanlara çatdırılması və həkim nəzarəti ilə onların idarə olunması həyata keçirilib: "Çində yalnız ağır xəstələri reanimasiyaya götürürdülər, yüngül xəstələr isə evdə məsafədən müalicə alırdılar. Hər halda, bu, bir tibbi üsuldur, xüsusən, indiki dövrdə aktuallıq kəsb edir”. Professor hesab edir ki bu uğurlu təcrübənin bizim ölkəmizdə də tətbiq edilməsi mümkündür, sadəcə, bunun üçün sistem qurulmalıdır: "Hələlik, Azərbaycan səhiyyəsində bu sistem qurulmayıb. Həkimin xəstəni Bakıda da,  Lənkəranda da, Qazaxda da, Şəki və ya Lerikdə də vahid səhiyyə sistemi ilə müalicə və hər şeyə nəzarət etmək imkanı olmalıdır. Bütün bunlar yalnız sistem vasitəsilə mümkündür. Buna görə də, əvvəlcə sistemi qurmaq, sonra isə distant müalicə üsulu kimi bunu tətbiq etmək olar. Tutaq  ki, xəstə ağırdır, həkimə gələ bilmir, amma insulin və digər dərmanların qəbuluna, qidasına nəzarət internet üzərindən mümkündür. Bu, artıq yayılmış və yaxşı təcrübədir”.
Həkim-endekrinoloq Lena Hacıyeva pandemiya zamanında bu üsulu həm də pasiyentlərə kömək kimi xarakterizə edir: "Elə xəstələr var ki, həkim onu mütləq görməli, ürəyinə, ciyərinə qulaq asmalı, əllə müayinə aparmalıdır ki, müəyyən rəyə gəlsin. Mən endekrinoloqam. Məsələn, xəstə ilə internet üzərindən söhbətləşə bilərəm. Xəstələr tez-tez müayinəyə gəlmək istədiklərini bildirirlər. Adətən şəkər xəstələr ikinci tip olurlar. Bu tip xəstələrin də yaşı çox olur. Həm yaşlarını, həm xəstəliklə bağlı immunitetlərinin zəifliyini nəzərə alaraq, onlara gəlməməyi tövsiyə edirəm. Onların yolda virusa yoluxma təhlükəsindənsə, xəstələrlə onlayn əlaqə yaratmağa üstünlük verirəm. Son vaxtlar pasiyentlərimin çoxunun onlayn müayinəsini həyata keçirir və müalicə yazıram”. Həkim deyir ki, xəstələrin analizini telefonla toplayır, hansı analizləri vermək lazım olduğunu deyir: "Sonra cavablara baxıb xəstə ilə internet üzərindən canlı danışır, onun əhvalını, rəngini gördükdən sonra resept yazıram. Bu, mümkün olan şeydir. Xəstələrin, adətən, şəkərlərini ölçmək üçün aparatları olur. Onlara şəkərlərini nə vaxt ölçmək lazım olduğunu bildirirəm. Amma bununla iş bitmir. Müəyyən müayinələr var ki, mütləq olunmalıdır. Onlayn müalicədə heç bir maliyyədən söhbət getmir. Bu, sadəcə həkimlik borcumuzdur. Mən də xəstələrə belə kömək edə bilirəm”.
Əlbəttə, dünya təcrübəsinin bəyənilməsi və tətbiqinin arzulanması çox yaxşıdır, fərdi təşəbbüslərin olması da həmçinin. Teletibbin, ümumən tətbiqi və inkişafı üçün sistemin qurulması isə bizdə hələ çox vaxt istəyir. Bəlkə, hər dəfə tətbiqi ertələnən İcbari Tibbi Sığortanın tətbiqindən də daha çox...  
 
Təranə Məhərrəmova