• cümə, 26 Aprel, 21:28
  • Baku Bakı 22°C

Teleserial çəkilişinə pul ayrılması alqışlanır

23.05.14 10:08 2071
Teleserial çəkilişinə pul ayrılması alqışlanır
Srağagün Milli Televiziya və Radio Şurasının növbəti iclasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 4 aprel 2013-cü il tarixli sərəncamına əsasən, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə maliyyə vəsaitinin ayrılması məsələsinə baxılıb. MTRŞ-nin qərarı ilə milli teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə milli ümumrespublika özəl yayımçılarının hər birinə 200 000 manat məbləğində maliyyə yardımı ayrılıb.
Biz də bu məsələylə bağlı televiziya ekranlarında nümayiş olunan, reytinq cədvəllərində ön sıralarda yer alan serialların rejissorları ilə danışdıq. Onların sözlərinə görə, seraillara ayrılan məbləğ ilk növbədə məhsulun keyfiyyətindən xəbər verir.
“Bir ailəm var” serialının baş rejissoru Rüfət Şahbazov teleseriallara ayrılan pulların serialın keyfiyyətinə böyük təsiri olduğunu deyir: “Kino, xüsusilə də serial elə bir sahədir ki, bu işləri mükəmməl səviyyədə hazırlamaq və ekran qarşısında əyləşən tamaşaçılara təqdim etmək üçün böyük maliyyə tələb olunur. İşini bilən rejissora isə yaradıcı kollektivin lazım olması əsas məsələlərdəndir. Yaxşı aktyor heyəti, müasir standartlara cavab verən texnika, peşəkar çəkiliş qrupu, həm də gecə-gündüz işləyən yaradıcı heyət lazımdır. Onların da ən yaxşısını seçmək üçün təbii ki, maliyyəyə ehtiyac duyulur. Teleserialların çəkilişi üçün ayrılan maliyyəyə görə, biz Azərbaycan Respublikası prezidentinə təşəkkürlərimizi bildiririk. Bu vəsait bizə imkan yaradacaq ki, çəkdiyimiz serialların keyfiyyətini daha da qaldıraq. Biz bu ölkənin serial sektoruna xidmət edirik. Ölkə rəhbərliyi seriallara bu dərəcədə diqqət göstərirsə, nə xoş bizə”.
“Qız yükü” serialının rejissoru İntiqam Hacılının sözlərinə görə, serial çəkilişində əsas məsələ peşəkarlarla işləməkdir: “Telekanalların bəziləri serial sahəsindən başı çıxan, bilgili insanlarla işləyirlər. Hansı ki, onlar kinonun serial ssenarisini, onun sxemasını, tamaşaçıları necə cəlb etməyin formasını bilirlər. İkinci önəmli məsələ isə maliyyə məsələsidir. Serialdakı komanda və serialın başında duran adam ən önəmli amildir. Ədəbiyyatçılara, yazarlara serial ssenarisini verməklə bu sahəni inkişaf etdirmək olmaz. Tutalım ki, maliyyə var və onu rejissora təhvil verirsən. Deyirsən ki, al bu 10 milyonu, get serial çək. Əgər onun serial və kino sahəsindən başı çıxmırsa, nə çəkib gətirəcək? İstəyirsən ona 100 milyon ver, istəyirsən 2 milyon. Araşdırın, görün bu son iki ildə çəkilən seriallardan hansının rejissoru kinematoqrafiyadan gəlib. 90 faiz kinodan başı çıxmayan adamlardır. İşi kino sahəsində çalışan insanlara, peşəkarlara həvalə etmək lazımdır. Bununla da hər şey düzələcək”.
“Sonuncu fəsil” serialının baş rejissoru Rövşən İsax seriallara pul ayrılmasının bir çox yaxşı dəyişikliklərə səbəb olacağını qeyd etdi: “Prezident İlham Əliyev 2012-ci ildə serial çəkilişlərinə 4 milyon, 2013-cü ildə 5 milyon manat pul ayırdı. İndi də ölkə başçısının teleserialın inkişafına ciddi məbləğdə pul ayırması o deməkdir ki, lazımi nəticəni görməyib. Bu mənim subyektiv fikrimdir. Yəqin televiziyalar bu işə bir az daha diqqətlə yanaşarlar. Televiziya kanalları indi daha diqqətlə fikirləşəcəklər ki, serial çəkilişlərini kimə həvalə etsək, daha yaxşı nəticələr əldə edə bilərik. Getdikcə, kəmiyyət azalacaq, keyfiyyət yüksələcək”.
Serialların yüksək səviyyəli çəkilməsi üçün onu peşəkarlara həvalə etmək lazım olduğunu söyləyən Rövşən İsax vəziyyətin elə də ürəkaçan olmadığını bildirdi: “Peşəkar dedikdə, təkcə rejissoru nəzərdə tutmuram, seriallarda çəkilən aktyorlar da peşəkar olmalıdır. Çəkmək o deyil ki, bir gözəl modelə rol verirsən, olur gözəl film. Sənin maşının varsa, “gəl səni də filmə çəkim” kimi fikirləri kənara qoymaq lazımdır. Filankəsin bağı var, onu da seriala çəkim kimi söhbətlər olmamalıdır. Nəticədə Azərbaycan tamaşaçısı seriala baxıb belə qənaətə gəlir ki, bizim seriallarımız biabırçılıqdı. İndi efirdə elə seriallar yayımlanır ki, onlar dərnək səviyyəsindədir. Bunları efirdə yayımlamaq ayıbdır. Bu bir deyil, iki deyil ki, deyəsən eybi yox. Həmin serialların içərisində bir dənə yaxşısı olanda da onun özünü sübut etməsinə qədər daş qayadan ayrılır. Azərbaycan tamaşaçısında milli seriallar haqqında artıq pis təəssürat yaranır, buna görə də o, yaxşıya da baxmır. Ayrılan pulun azalması yaxşı serialın ortaya çıxmasına səbəb olacaq. Azərbaycan cəmiyyətinin siyasi durumuna uyğun gəlməyən mövzular götürülür. İnsanda elə bir təəssürat yaranır ki, ölkədə bütün günü atışma gedir. Kim kimin xətrinə dəyir, silahını götürüb gedir onun nəslini qırır. Amerikadakı döyüş filmlərinin bizdə dərnək səviyyəsində variantları nümayiş olunur. Bir də türk filmlərindəki melodramanı xatırladan aktyor oyunları yer alır. Bir var zəif serial, bir də var dərnək, özfəaliyyət. Hansı ki, onu efirə buraxmaq olmaz. Bu, biabırçılıqdır”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər