• cümə, 26 Aprel, 13:51
  • Baku Bakı 23°C

Tbilisi Moskvanın orbitinə dönür?

20.02.19 17:49 605
Tbilisi Moskvanın orbitinə dönür?
Rusiya və Gürcüstan arasında danışıqların növbəti raundu fevralın 27-də Praqada baş tutacaq. Rusiya tərəfini növbəti dəfə də danışıqlarda xarici işlər nazirinin müavini Qriqori Karasin, gürcü tərəfini isə baş nazirin Rusiya ilə qarşılıqlı münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze təmsil edəcək. Praqa danışıqları 2012-ci ildə Gürcüstanda hakimiyyət dəyişikliyindən sonra start götürən qeyri-formal görüşdür. Tərəflər ənənəvi olaraq iqtisadi və humanitar məsələləri müzakirə edirlər. Tbilisi Moskvanın separatçı Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasından sonra səfirini geri çağırıb. Hazırda da iki ölkə arasında dialoq yalnız beynəlxalq Cenevrə diskussiyaları çərçivəsində keçirilir. Sonuncu görüş ötən ilin oktyabrında baş tutub. Görünən odur ki, hakimiyyətə gələn "Gürcü arzusu” üçün artıq Abxaziya və Cənubi Osetiya ikinci plana keçib və onlar artıq təzyiqlər qarşısında duruş gətirə bilmirlər. Bir növ işğal faktı artıq kənara qoyulur. Müxalifətin narazılığına və etirazlarına baxmayaraq, "Gürcü arzusu” Rusiyanın qaz monopolisti "Qazprom”dan qaz almağa da qərar verib.
"Exo Moskva” yazır ki, Rusiyanın qaz nəhəngi Gürcüstana qaz çatdırmaqda davam edəcək. "Energetika Nazirliyi qaz şirkəti ilə danışıqların finiş mərhələsinə çıxıb. Yeni razılaşmanın həcmi açıqlanmır, lakin hökumət rəsmilərinin səsləndirdikləri bəyanatlar qazın həcminin artırılacağından xəbər verir. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi də belə qərara gəlib ki, "Qazprom” gürcü bazarında qalmaqda davam edəcək. Nazirlikdən bildirirlər ki, ölkənin davamlı inkişafı üçün Rusiya qazı zəruridir”, - deyə nəşr yazır. Nazir Georgi Kobuliya bildirir ki, Rusiyanın dövlət korporasiyası ilə sazişin müddətinin uzadılması guya Azərbaycan tərəfindən monopollaşma təhlükəsinin qarşısını ala biləcək. Gürcü tərəfi bu qənaətə hansı əsaslarla gəldiyinə aydınlıq gətirə bilmir. Halbuki, rəsmi Bakı gürcülər üçün ən ağır vaxtlarda, konkret olaraq ölkə blokada vəziyyətinə düşdükdə belə, təzyiq və təsirlərə baxmayaraq qaz tədarükünü davam etdirib, hətta əlavə yardımlar da göstərib. İndi isə gürcü nazir bildirir ki, "biz istəmirik ki, Azərbaycan yeganə tədarükçü və monopolist kimi qalsın. İstəyirik ki, Azərbaycan gürcü bazarında qalsın. Lakin müəyyən həcmdə Rusiyadan da qaz alaq. Bizim əhali və şirkətlər bundan böyük xeyir görəcəklər. Rəqabət minimal olacaq, eləcə də qiymətdə də fərq yaranacaq”, - deyə gürcü nazir vurğulayıb. Kobuliya əlavə edib ki, "Qazprom”la sazişin imzalanması prosesində enerji müstəqilliyi, eləcə də təhlükəsizlik məsələləri nəzərə alınacaq. Parlament müxalifəti hökumətin diversifikasiya ilə bağlı bu cür "qayğısını” milli maraqların qurban verilməsi kimi qələmə verib. "Exo Kafkaz”ya açıqlamasında "Avropa Gürcüstanı” Partiyasından olan deputat Yelene Hoştariya bildirib ki, ölkə rəhbərliyi bununla da Tbilisini Moskvanın orbitinə qaytarır. "Rusiya işğalçıdır və özünün qaz iynəsini siyasi məqsədlərinə çatmaq üçün istifadə edir. Rusiya heç zaman diversifikasiya mexanizmi rolunu oynaya bilməz. Artıq illər tələb olunacaq ki, Rusiyadan asılılığı aşağı salaq. Nə vaxta kimi yazılmış həqiqətləri təkrarlamaq olar?”
Maraqlıdır ki, gürcü tərəfi öz arqumentini Azərbaycanın Gürcüstana satdığı qazın martın 1-dən 10,5 faiz artırması ilə əlaqələndirir. Məlumat üçün bildirək ki, SOCAR Georgia Gas (SOCAR-ın törəmə müəssisəsi) Gürcüstanın qaza olan tələbatının 90 faizini ödəyir. SOCAR Georgia Gas-ın nümayəndəsiAnton Samsonidzebu qərarı onunla izah edib ki, larinin kursunun ABŞ dollarına münasibətdə dəyişib. Nəticədə qazın satış tarifində də dəyişmə baş verib.
Gürcü tərəfi Azərbaycanın bu addımını Rusiyadan enerji daşıyıcılarının cəlb edilməsi üçün əsas sayır. "Vahid Milli Hərəkat”dan olan deputat Roman Qotsiridze deyib ki, monetizasiyadan əvvəl Gürcüstan tranzit zamanı 200 milyon kubmetr rus qazını özünə saxlayırdı, bu isə 40 milyon dollar deməkdir."İndi isə bizə tranzitə görə 11 milyon dollar verirlər, daha doğrusu, biz təxminən 30 milyon dollar itiririk”, - o bildirib.Tranzitlə bağlırazılaşma imzalanmayıb. "Buo deməkdir ki, Gürcüstan yarım ildir rus qazını Ermənistana heç bir razılaşma olmadan göndərir”, - deyəQotsiridze əlavə edib. Gürcüstanın qaza tələbatı ildə təxminən 2,5 mlrd. kubmetr təşkil edir. Özünün facebook səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yazıb ki, "Azərbaycan ən kritik anlarında bizi qazsız qoymayıb. Bizim ən kritik anlarımızda belə qaz tədarükündən imtina etməyən Azərbaycan kimi strateji tərəfdaşımız var. Bir tərəfdə soyuq qışda qaz kəmərini partladıb Gürcüstanı qazsız qoyan Rusiyadır, digər tərəfdə rus qazından minimum 20 faiz daha ucuz Azərbaycan. İvanişvili əhaliyə bahalı qaz satışından on milyonlarla lari qazanacaq”.
Yeri gəlmişkən, ekspert dairələrində hakimiyyətin qazın nəqlində diversifikasiya planına Moskva ilə münasibətlər baxımından ehtiyatla yanaşılma əks olunur. Enerji ombudsmanı Salome Vardiaşvili "Exo Kafkaza”ya bildirib ki, Azərbaycan tarifləri artırmaq qərarını dəqiq arqumentlərlə əsaslandırmalıdır. O, SOCAR-ın bəyanatı ilə tanış olduğunu və mövqelərini yaxşı bildiyini, lakin gətirilən arqumentləri kifayət etmədiyini bildirib. Əlavə edib ki, bu artım kiçik və orta biznesə ciddi zərbə vuracaq və insanların mövqeyini nəzərə almaq gərəkdir. O da qeyd edilir ki, Tbilisinin Rusiyanın qaz nəhəngi ilə danışıqları böyük ehtimalla fevralın sonlarına başa çatmalıdır. Mübadilənin predmeti Ermənistana Gürcüstan ərazisi ilə qazın tranzitində yeni sazişin imzalanmasıdır. Əvvəlki sazişin müddəti 2018-ci ilin dekabrında başa çatır.

Azər NURİYEV






banner

Oxşar Xəbərlər