• şənbə, 27 Aprel, 06:48
  • Baku Bakı 12°C

Tariximizin sirli qalası

23.12.14 20:07 3394
Tariximizin sirli qalası
Müstəqilliyinin 24-cü ilini yaşayan Azərbaycan zəngin təbii ehtiyatları ilə yanaşı, həm də gözəl təbiətə malikdir. Dünyada mövcud olan 11 iqlimdən 9-a malik olan Azərbaycan tarixi abidələri ilə də məşhurdur. Bu abidələr özlərində zəngin tarixi həqiqətləri yaşadırlar. Bununla yanaşı, həmin abidələrin təbliğinə də ehtiyac var. Müstəqillik illərində tarixi abidələrin qeydiyyata alınması, qorunması ilə bağlı xeyli işlər görülüb. Lakin onların geniş ictimaiyyətə tanıdılması ilə bağlı hələ də böyük boşluqlar var.
Ölkə vətəndaşları, Azərbaycana gələn turistlərin bu barədə məlumatlar alması üçün mənbələr də mövcud deyil. Xüsusilə də paytaxtdan kənarda yerləşən tarixi abidələrin tanıdılması ilə bağlı böyük boşluqlar hiss olunur. Nəzərə alsaq ki, bu təqdimetmənin turizm baxımından da böyük əhəmiyyəti vardır, onda bu sahədə araşdırmaların aparılması kommersiya baxımından da əhəmiyyətli ola bilər.
Belə abidlərdən biri də İsmayıllı rayonu ərazisində yerləşən Xanagah Qız qalasıdır. Bakı Qız qalası dillər əzbəri olsa da, Xanagah Qız qalası haqqında məlumatlar o qədər də geniş deyil. Halbuki bu abidə möhtəşəmliyinə görə heç də Bakıdakı adaşından geri qalmır.
Biz də bu reallıqları nəzərə alaraq Xanagah Qız qalası ilə bağlı məlum həqiqətlərə işıq tutmağa çalışdıq. İsmayıllı rayonunun Xanagah kəndinin yaxınlığında yerləşən qala Ax-ox çayının sahilində, sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır.
Araşdırmalar zamanı belə bir qənaət formalaşdı ki, bu qala hələ tarixçilərimiz, arxeoloqlarımız tərəfindən lazımi səviyyədə öyrənilməyib.
Ətrafda elə bir relyef var ki, qalaya asanlıqla çıxmaq çox çətindir. Xüsusilə də payız və qış aylarında bələdçi olmadan qalaya yaxınlaşmaq belə çətindir.
Xanagah Qız Qalasına giriş yalnız Ax-ox çayın yatağı vasitəsilədir. Ax-oxun qolu olan Qarasunun yatağı ilə təxminən 500 metr gedəndən sonra qalaya çıxmaq mümkündür. Digər səmtlərdən qalaya qalxmaq sadəcə mümkün deyil. Çünki sıldırım qayalı dağ var. Dağın sıldırım qayalar arasında çıxmaq mümkün olan yerlərə də hasarlar çəkilib. Praktiki olaraq həmin ərazilərdən qalaya qalxmaq mümkünsüzdür. Qalaya gediş-gediş üçün əsas olan Qarasu adlı dərədir. Əvvəllər dərənin də qalaya gedən hissəsi sərt divarlarla hörülmüş olub. İndi isə o divar bir qədər dağılmış vəziyyətdədir. Bütün bunlar göstərir ki, Qız qalası çox möhkəm müdafiə xarakterli bir qala olub və demək olar ki, o xüsusiyyətlərini bu gün də qoruyub saxlayır. Bu gün də qalaya yalnız həmən Qarasu dərəsi ilə qalxmaq mümkündür.
Bu ərazilərlə bağlı elmi araşdırmaların müəllifi professor Qafar Cəbiyev isə qalanı yaxınlıqdakı Cavanşir qalasına bənzədir. Onun fikrincə, ola bilsin ki, bu qalaların memarları da eyni olub. Çünki qalaların ərazi seçimi və memarlıq son dərəcə oxşardır. Hər iki qalanın Şərq tərəfi ilə çay axır. Hər ikisində həmin çaylar abidənin qabağından dolanır. Qalaların digər tərəfləri isə dərin dərələrdir. Hər iki qalaya yalnız Şimaldan giriş var. Əslində bu qalalar ada vəziyyətindədir - dağların, dərələrin əhatəsindəki ada.
Qalanın sahəsi bir hektar yarımdan artıqdır. İçərisində çoxlu tikili qalıqları var, amma onlar ötən müddət ərzində böyük dağıntıya məruz qalıb. Həmin tikililərin bəzilərinin indi ancaq bünövrələri qalıb. Onların hansı məqsədlərlə istifadə olunması da məlum deyil. Yəni tikililər yaşayış üçün olub, yoxsa hansı məqsədlərlə istifadə olunub, bunları müəyyənləşdirmək çətindir.
Ümumilikdə qalanın tikinti xüsusiyyətləri çox yüksəkdir. Qala divarlarının böyük bir hissəsi bu gün də öz möhkəmliyini qoruyub saxlayır. Qarın, yağışın, günün altında uzun müddət qalsa da, qala daşlarının bir dənəsində də aşınma yoxdur.
Qala nə vaxt tikilib?

İsmayıllı təhsil şöbəsinin məsləhətçisi, tarixçi Ramiz Baloğlanova görə, qalanın tikili xüsusiyyətləri onun IX-XI əsrlərə aid olduğunu göstərir. Tikinti prosesində kirəc məhlulundan istifadə olunub. Qala əsasən yonulmamış çay daşlarından tikilib. Bəzi yerlərdə yonulmuş daşlar da var. Diqqətlə baxanda qala divarlarında bişmiş kərpicdən də istifadə olunduğunu görmək mümkündür. Qalada istifadə olunmuş bişmiş kərpiclər də öz ölçülərinə görə fərqlənir. Digər qalalarda belə bişmiş kərpiclərə rast gəlinmir. Bu kərpiclər çox güman ki, qalanın tikilməsi üçün xüsusi olaraq bişirilib.
Tarix elmləri doktoru, bu ərazilərlə bağlı elmi araşdırmaların müəllifi Qafar Cəbiyev isə hesab edir ki, elmi mənbələrdə Xanagah qız qalasının tikilmə tarixinin XI – XII əsrə aid edilməsi doğru deyil. Bu tarix bəzən qalanın tikintisindəki bəzi elementlər nəzərə alınaraq müəyyənləşdirilib. Amma əslində XI əsrin sonlarında qalada əsaslı bərpa işləri aparılıb. Qalanın tikilmə tarixini isə VII-VIII əsrlərə aid etmək olar.
Tarixçi alimin sözlərinə görə, əslində qalanın ilkin tikintisində bişmiş kərpicdən istifadə olunmayıb. Bu tikinti məhsulundan sonrakı dövrlərdə qalada əlavə möhkəmləndirmə işləri aparılarkən istifadə edilib: «Cavanşir qalasında bir ədəd belə bişmiş kərpic yoxdur. Qız qalasında isə var. Və buna əsasən bəzi müəlliflər yazır ki, Xanagah Qız qalası XII əsrdə tikilib. Amma elə deyil. O da VII əsrin sonlarında - VIII əsrin əvvəllərində tikilib. Sadəcə olaraq sonradan onun bəzi yerləri uçub, yamaclardan daşla işləmək çətin olub, həmin anda kərpic artıq populyarlaşmışdı. Ona görə də bərpa işləri kərpiclə aparılıb».
Təbii ki, hər bir qala bir tarixi şəxsiyyətin, hökmdarın bizlərə qoyub getdiyi yadigar olur. Bu baxımdan Xanagah Qız Qalası da istisna deyildir. Tarixçilər hesab edirlər ki, həm bu qala, həm də onun yaxınlığındakı Cavanşir qalası Girdiman hökmdarı Cavanşirin adı ilə bağlı ola bilər. Qafar Cəbiyev də hesab edir ki, Xanagah Qız qalası Cavanşirin dövründə tikilmiş müdafiə istehkamlarından biridir. Çünki onun hökmdarlığı dövründə bu regionda çoxsaylı müdafiə istehkamları tikilib.
Ramiz müəllim isə deyir ki, əslində qala Ərəb xilafətinin dağıldığı dövrlərdə inşa edilib. O vaxt yerli feodallar arasında tez-tez çəkişmələr olurdu. Onların arasında əraziləri ələ keçirmək üstündə gərgin mübarizələr gedirdi. Çox güman ki, Xanagah Qız qalası da bu ərazidə hansısa mövqe tutan, yerini möhkəmləndirən feodallardan biri tərəfindən inşa edilibdir: «Məncə, bu qalanın adı tarixdə qalan hansısa böyük hökmdarla əlaqəsi yoxdur».
Qız qalası rəvayətləri

Qalanın adı ilə bağlı da müxtəlif versiyalar var. Ramiz müəllim deyir ki, Qız qalası adı ilə Azərbaycanda bir neçə qala var. Bakıdakı Qız qalası paytaxtın simvoluna çevrilib. Respublikanın digər yerlərində də qız qalaları var. Onların hamısı ilə bağlı rəvayətlər, izahatlar yayılıb. Məsələn, göstərilir ki, bu qalalar hansısa qızların adı ilə bağlıdır. Başqa bir fikir də var ki, bu qız qalaları gözətçi qalalarıdır: «Ancaq mənim fikrimcə, Xanagah Qız qalasının xüsusiyyəti belədir ki, bu, gözətçi qalası ola bilməz. Çünki bu qala elə bir yerdə yerləşir ki, uzaq məsafələri görmək mümkün deyil. Buradan hansısa istiqamətdə gəlib keçən düşmən qüvvələrini görmək də çətindir. Deməli bu, gözətçi qalası deyil».
Tarixçi həmsöhbətimiz deyir ki, başqa bir fərziyyəyə görə, Xanagah Qız qalası Oğuz qalaları silsiləsindəndir. Həmin qalalar Azərbaycana oğuzların gəldiyi dövrdə inşa edilibdir. Sonrakı dövrlərdə bu ərazilər Səlcuqların nəzarətində olubdur. Azərbaycandakı Qız qalalarının da əksəriyyəti məhz həmin dövrlərdə tikilib: «Ancaq bu fərziyyənin də üstündə tam dayanmaq mümkün deyil. Çünki Oğuz qalalarının da bu cür dağlıq ərazilərdə tikməsi o qədər ağlabatan deyil. Çünki onlar müdafiə olunmağa gəlməmişdilər. Onların gəlişi bir növ hücum xarakterli idi. Bu qalalardan da hansısa əraziyə hücum etmək mümkün deyildi. Yalnız müdafiə xarakterlidir».
Qız qalaları ilə bağlı digər bir fərziyyə ondan ibarətdir ki, onlar elə adlarından da göründüyü kimi, əsl qız qalaları olub. Yəni müharibələr dövründə qalalar qız-gəlinlərin qorunması üçün istifadə edilib. Q.Cəbiyev isə deyir ki, Qız qalaları təkcə Azərbaycanda deyil, Orta Asiyada, Qara dəniz sahillərində, İranda, İraqda, Hindistanda, Avropanın bir sıra ölkələrində də var. Xalq arasında onların haqqında məzmunca bir-birinə bənzəyən və ya tamamilə fərqlənin çoxsaylı əfsanələr var. Onların bir qismi bu qalaların hansısa hökmdarın qızının şərəfinə tikildiyindən, başqa bir qismində isə sevgi macəraları ilə bağlı tikildiyi barədədir. Amma bu rəvayətlərin qalalarla heç bir əlaqəsi olmadığı da hiss olunur. Q.Cəbiyevə görə tədqiqatçıların bir qrupu hesab edir ki, bu qalaların adlarındakı «qız» sözü «oğuz» sözünün tədricən təkamülə uğramış formasıdır. Qız qalalarının «göz qalası», «gözətçi qalası» olduğunu söyləyənlər də var.
Bəziləri isə bu qalaları «köz qalası» adlandıraraq onları atəşpərəstliklə də əlaqələndirməyə çalışırlar. Q.Cəbiyev deyir ki, Qız qalalarının əksəriyyəti, o cümlədən Xanagah qız qalası da müdafiə qalalarıdır. Onların quruluşu və strateji mövqeyi yalnız bu cür düşünməyə əsas verir. Bu qalalar əsasən feodal basqınları və müharibələri zamanı qadın və qızların qorunması mühafizəsi üçün nəzərdə tutulub. Çünki müharibələr vaxtı tərəflərdən birinin digərinin qadın və qızlarını əsir götürməsi çox təhqiramiz hal hesab olunurdu…. Ona görə də onların qorunması üçün bu cür xüsusi qalalar tikilirdi.
Xanagah Qız qalasının bir xarakterik xüsusiyyəti də odur ki, o, heç vaxt o, heç vaxt düşmən tərəfindən dağıdılmayıb. Çünki qalanın kənar divarları, əsas divarları, hətta qalaya qalxan yollar üzərində olan divarların əksəriyyəti indiki dövrdə də salamat qalıb: «Bu onu göstərir ki, düşmənin bu qalaya daxil olub onu dağıtması mümkün olmayıb. Divarların dağıntılara məruz qalması yalnız təbii şəraitlə bağlıdır».
Tarixin sonrakı dövrlərində ara müharibələri azaldığından, Azərbaycan ərazisində möhkəm dövlətlər formalaşdığından bu cür qalaların, o cümlədən Xanagah Qız Qalasının əhəmiyyəti bir qədər azalıb. Qalanın girəcəyindəki möhkəm divarlar bu gün də salamat qalmaqdadır.
Ardı var

İlham QULİYEV
Fotolar Elçin Murad-ındır

Bu məqalə Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb

banner

Oxşar Xəbərlər