• cümə, 26 Aprel, 19:15
  • Baku Bakı 22°C

Tarixi sənəd

04.04.19 18:21 801
Tarixi sənəd
Azərbaycanda məhkəmə-hüquq sisteminin müasir dövrə uyğunlaşdırılması üçün müstəqilliyin ilk illərindən indiyədək islahatlar həyata keçirilir. Məhz ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin nəticəsində Azərbaycan demokratik və bəşəri dəyərlərə sadiq müstəqil bir dövlət kimi formalaşdı. Ümummilli liderin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edildi. Konstitusiyanın qəbul edilməsi ilə ölkəmizdə məhkəmə-hüquq islahatlarının əsası qoyuldu.
Bu mühüm tarixi əhəmiyyətə malik sənəd ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyev tərəfindən srağagün məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanın imzalanması isə bu sahədə yeni mərhələnin əsasını qoyur. Görəsən, məhkəmə-hüquq sistemində islahatlar bu sahədə hansı müsbət dəyişiklikləri özündə ehtiva edəcək?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirdi ki, ölkə prezidenti bu fərmanı ilə 2018-ci ilin aprel seçkilərindən sonra başlamış olduğu islahatları davam etdirir: "Bu islahatlar cəmiyyətin bütün sahələrini əhatə edən və dərin xarakter daşıyan, ardıcıl və sistemli islahatlardır. Məhkəmə-hüquq sistemində ciddi islahatlara ehtiyac duyulurdu. Dövlət başçısı bir müddət öncə bunun anonsunu da vermişdi. Əgər iqtisadi, sosial, siyasi xarakter daşıyan islahatlar gedirsə, təbii ki, hüquqi islahatlar da aparılmalıdır. Mənə elə gəlir ki, təkcə məhkəmə-hüquq sahəsini deyil, digər sahələri də əhatə edəcək yeni fərmanlar veriləcək”.
F.Ağamalı vurğuladı ki, bu islahatlar inqilabi xarakter daşıyır: "Sənədlə tanış oldum. Bu fərmanda məhkəmə sisteminin tamamilə yenidən qurulmasını özündə ehtiva edən yanaşma var. Prezidentin də iradəsi ortadadır. Fərmanda şəffaflıq, qanunun aliliyi, ədalət və haqqa söykənən məhkəmə sisteminin yaradılması öz əksini tapıb. Ədliyyə Nazirliyinə və digər qurumlara müvafiq tapşırıqlar verilib. Bu sənədlər hazırlanandan sonra Azərbaycanda həqiqətən müstəqil, hansısa sifarişə əsaslanmayan, ədalətsizlikdən kənar, haqqa-ədalətə söykənən bir məhkəmə sisteminin yaradılmasını gözləyirik. Fərmanda hüquqi öhdəliklər də öz əksini tapıb. Məhkəmə-hüquq sistemində islahatları nəzərdə tutan bu fərman son dərəcə ciddi və tarixi sənəddir”.
Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Xəyal Bəşirov bildirdi ki, dövlət başçısının bu fərmanı hüquqi dövlət quruculuğu sahəsinin mühüm hissəsi olam məhkəmə-hüquq sistemində aparılan islahatların ən yeni mərhələsidir: "Ümumiyyətlə, Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində islahatların əsası 1995-ci il 12 noyabr tarixdə qəbul edilmiş Konstitusiyamızla qoyulub. Məhz Konstitusiyaya uyğun olaraq Azərbaycanda ilk dəfə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin müstəqil şəkildə bölgüsü prinsipi öz əksini tapıb. Eyni zamanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun əsasları qoyulub. Həmçinin Konstitusiyada Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasının möhkəm təməl prinsipləri öz əksini tapıb. 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Hüquq İslahatları Komissiyası yaradıldı. Məhz bu komissiya Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatların aparılması ilə məşğul olub. Qeyd edim ki, 20 ildən artıq bir müddət keçib və ötən zaman ərzində bu sahədə çox böyük işlər görülüb. Misal üçün, "Konstitusiya Məhkəməsi haqqında”, "Məhkəmələr və hakimləri haqqında” qanunlar, həmçinin digər çoxsaylı qanunvericilik aktları qəbul edilib. 2000-ci ildən başlayaraq Azərbaycanda hakimlərin seçilməsi, vəzifəyə təyin olunması müsabiqə və müsahibə yolu ilə həyata keçirilir. Görülən bu işlərin miqyasına baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin əvvəlində Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və Novruz bayramı ilə bağlı xalqa ünvanlanan təbrikində qeyd etdi ki, Azərbaycanda bir sıra sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də çox geniş və irimiqyaslı islahatlara zərurət yaranıb. Eyni zamanda dövlət başçısı vurğuladı ki, 2018-ci ildə keçirilən prezident seçkilərində Azərbaycan xalqı ona böyük etimad göstərdi və o, bu seçkilərə islahat gündəliyi ilə getmişdi. Yəni ölkə rəhbəri bütün sahələrdə, o cümlədən də məhkəmə-hüquq sistemi sahəsində geniş islahatların olacağının anonsunu vermişdi. Təbii ki, biz bunu gözləyirdik”.
X.Bəşirovun sözlərinə görə, dövlət başçısının bu fərmanında məhkəmə-hüquq sistemi ilə bağlı çox həssas məqamlara toxunulub: "Burada məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün onların fəaliyyətində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, Konstitusiyamızda və qanunlarımızda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət olunması, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanmaqdadır. Fərmanda, həmçinin bir çox sahələrə toxunulub. İlk olaraq qeyd edim ki, 29 mart tarixində "Mediasiya haqqında” qanun qəbul edildi. Ardınca mediasiya institutunun təsis olunması ilə bağlı tədbirlərin görülməsi, ölkədə "Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar prosesin yekunlaşdırılması, məhkəmələrin maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, hakimlərin iş yükünün azaldılması və çəkişmələrin vaxtında həll olunması üçün hakimlərin sayının 200 nəfərə qədər artırılması qeyd olunmalıdır. Bu islahatlara yönəlik ixtisaslaşmış məhkəmələrin yaradılması da günün aktual mövzularından biridir. Belə ki, dövlətin yürütdüyü siyasətin ən əsas hədəflərindən biri olan sahibkarlıq sahəsində olan mübahisələrin həlli ilə məşğul olan məhkəmələrin yaradılması nəzərdə tutulur. Bundan başqa, Azərbaycanda beynəlxalq arbitraj məhkəmələrinin təcrübəsinin öyrənilərək tətbiqi üçün müvafiq təkliflərin verilməsi məsələləri bu sənəddə öz əksini tapıb.
Dövlət başçısı tərəfindən qəbul edilmiş fərmanda ən çox diqqətçəkən məqamlardan biri də məhkəmə-hüquq sisteminin ayrılmaz tərkib hissəsi kimi bu gün çox böyük addımlarla inkişaf etməkdə olan Vəkillər Kollegiyasına onun vəkil üzvlərinin hakimlərlə, ibtidai istintaqı həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prosessual münasibətlərə yol verməsinin qarşısının alınması üçün tədbirlərin gücləndirməsi ilə bağlı edilən tövsiyədir. Bundan başqa, ayrıca bir institut olan Vəkillər Kollegiyasının müstəqilliyinin tam təmin olunmasına hesablanmış addım kimi dövlət hesabına həyata keçirilən hüquqi yardım üçün tələb olunan vəsaitin birbaşa Vəkillər Kollegiyasının hesabına köçürülməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi bir daha bu təsisatın məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli rolunun olmasından və dövlətin də bu rolun inkişafında çox maraqlı olmasından xəbər verir. Bütövlükdə qeyd edim ki, bu fərmanda xeyli inqilabi dəyişikliklər nəzərdə tutulub”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər