• cümə, 26 Aprel, 20:20
  • Baku Bakı 22°C

Sözdə deyil, əməldə qardaşlıq

29.04.14 08:33 1532
Sözdə deyil, əməldə qardaşlıq
Bu gün Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı bütün sahələrdə özünü göstərməkdədir. Əminliklə demək olar ki, dünya birliyinə daxil olan ölkələr arasında bir-birinə bu qədər yaxın ikinci bir dövlət tapmaq qeyri-mümkündür. Din, dil, mədəni, siyasi, tarixi bağlılıq üzərində qurulan münasibətlər bu gün artıq strateji tərəfdaşlıq həddinə yüksəlib. Təsadüfi deyil ki, iki ölkə arasında dünyada analoqu olmayan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası kimi bir işlək qurum fəaliyyət göstərir. Ümumiyyətlə, Azərbaycan hər zaman Türkiyəyə güvəndiyi kimi, Türkiyə də həmişə Azərbaycana güvənib.
Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkələrimiz arasında böyük tarixi keçmişə malik əlaqələr yüksək səviyyədədir. Yeri gəlmişkən, artıq bir neçə gündür ki, Türkiyənin və Qərbin aparıcı Kütləvi İnformasiya Vasitələri prezidenti İlham Əliyevin aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitində çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavab verməsi ilə bağlı materialını yayırlar.
Qardaş ölkənin rəsmi dövlət agentliyi – “Anadolu” prezident İlham Əliyevin çıxışından sitat gətirərək yazır: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”.
Daha sonra digər bir nüfuzlu agentlik - “Cihan” da prezident İlham Əliyevin Türkiyə-Ermənistan əlaqələri haqqında fikirlərindən daha bir sitat gətirərək yazıb: “Baş nazir Ərdoğan bir neçə il öncə bəyanatla çıxış edərək Ermənistanın rəhbərliyinə bütün arxivləri açmağı təklif etmişdi ki, tarixçilər iki xalq arasındakı münasibətlərin tarixi məqamlarını nəzərdən keçirsinlər. Ancaq bu təklif adekvat cavabla qarşılanmadı. Dünən isə baş nazir Ərdoğan erməni əsilli insanlara başsağlığı verdi, ancaq təəssüf ki, buna da Ermənistan tərəfindən müvafiq reaksiya verilmədi. Bu, aydın göstərir ki, regionda sülh istəməyən kimdir”. Yazıda prezident İlham Əliyevin bu fikirləri də yer alıb: “Azərbaycan xalqı bir sual verir: Niyə Ermənistana sanksiyalar qoyulmur? Niyə Avropa Şurasındakı Ermənistan nümayəndə heyəti səsvermə və söz hüququndan məhrum edilmir? Onlar digər bir ölkənin ərazilərini işğal ediblər, beynəlxalq hüquq normalarını pozurlar, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini kobud şəkildə pozurlar və heç bir sanksiya tətbiq edilmir, heç bir cəza verilmir. Qanunsuz, kriminal Dağlıq Qarabağ rejiminin qondarma nümayəndələri Avropa paytaxtlarına vizalar alırlar. Bu dözülməzdir və buna son qoyulmalıdır”.
Türkiyənin “HBR-A” televiziya kanalı uydurma erməni soyqırımını yeni faktlarla ifşa edib, çoxsaylı yeni faktlar nümayiş etdirib. “Ermənistan prezidenti Türkiyəni ittiham edərkən elə sərt təpgi ilə üzləşdi ki..”. Belə bir sərlövhə ilə Türkiyənin “Haber53” portalı çıxış edib. Portal prezident İlham Əliyevin aprelin 24-də Praqada “Şərq tərəfdaşlığı” proqramının 5-ci ildönümünə həsr olunmuş sammitdə çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyana tutarlı cavabını gündəmə gətirib. Yazıda Serj Sarkisyan Türkiyənin ünvanına ittihamlar səsləndirərkən prezident İlham Əliyevin kəskin cavabı ilə üzləşdiyi diqqətə çatdırılır. Bildirilir ki, Sarkisyanın əsassız iddialarına prezident bu sözlərlə cavab verib: “Bu gün təəssüf ki, Ermənistan prezidenti burada fürsətdən istifadə edərək Türkiyəyə yenidən hücum edir. Bunu etmək asandır, çünki bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm”. Eləcə də “Ensonhaber”, “Haber7”, “Medya365”, “Haberjet”, “Sondakikahaberleri”, “Haberpolitik”, “Turktime” və digər portallarda da Azərbaycan prezidentinin Praqa sammitindəki çıxışından bəhs edən şərhlər yerləşdirilib. Şərhlərdə prezident İlham Əliyevin nümayiş etdirdiyi qətiyyətli mövqe Türkiyəyə qardaş münasibətin bariz nümunəsi kimi yüksək qiymətləndirilir. Yazılarda Prezident İlham Əliyevin Türkiyə-Ermənistan münasibətləri ilə bağlı fikirləri də geniş yer alıb. Öz növbəsində “TRT-ərəbcə” televiziya kanalı da prezident İlham Əliyevin Praqada sammitindəki çıxışı ilə bağlı məlumat yayıb. Məlumatda prezidenti İlham Əliyevin sammitdə Serj Sarkisyanın uydurma erməni soyqırımı ilə bağlı əsassız mülahizələrinə qətiyyətlə cavab verdiyi vurğulanır, dövlətimizin başçısının çıxışından sitatlar gətirilir.
Prezident İlham Əliyevin Avropa İttifaqının Praqada keçirilən “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunmuş sammitindəki çıxışı Türkiyə qəzetləri tərəfindən də diqqətlə izlənib və yüksək dəyərləndirilib. Qeyd edilib ki, dövlətimizin başçısının nitqindəki dəqiq faktlar və tutarlı məntiqi mülahizələr zirvə görüşünün plenar iclasında öz çıxışını bütünlükdə qondarma erməni soyqırımına həsr etmiş Ermənistan prezidenti Serj Sarkisyanı bir daha beynəlxalq ictimaiyyət qarşısında ifşa edib. Məsələn, qardaş ölkənin nüfuzlu “Sabah” qəzeti “Aliyevden Ermenistan`a tokat gibi cevap” sərlövhəli məlumatı manşetinə çıxarıb.
“Haber-8” portalı “Azərbaycan prezidenti Azerbaycan Cumhurbaşkanı İlham Aliyev, “Türkiye`den temsilci yok fakat ben buradayım!”, “Əl-Cəzirə türk” “" İlham Aliyev`in Prag`daki konuşmasını şöyle değerlendirdi”, “Hürriyet” “Aliyev: Burada Türkiye yok ama ben varım” , “Star” “İlham Aliyev’den anlamlı tepki”, “DHA” “Helal olsun Aliyev!” qəzetlərinin də baş xəbəri belə olub. Eləcə də “Milliyyət”, “Zaman”, “Habertürk”, “Vatan” , “Sabah”, “Yeni Şafak”, “Takvim”, “Akşam” və sair məşhur qəzetləri, onlarla internet resursu “Əliyevdən Türkiyəyə dəstək”, “Əliyevdən Ərdoğana dəstək” sərlövhəli manşetlər dərc ediblər. Eləcə də Türkiyənin ingilisdilli “Todays Zaman” və “Hurriyet Daily News” saytları da prezident İlham Əliyevin Praqa sammitindəki çıxışına geniş yer ayırıblar. Materiallarda həmçinin qondarma erməni soyqırımı iddialarına son qoyulması və şəhid türk diplomatlarının xatirəsini anma mərasimi ilə bağlı iki ölkənin birgə tədbirlər keçirmələri də qeyd edilib.
“Zaman” qəzeti prezidentin çıxışı ilə yanaşı, Nyu-Yorkun “Times” meydanında keçirilmiş mitinqə toxunub. Qeyd olunub ki, iştirakçılar tədbirə Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə qatılıblar. “ABŞ-da fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor təşkilatlarının və yerli ictimaiyyətin təmsilçilərinin iştirak etdikləri mitinq ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilmiş türk diplomatların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Bildirilib ki, tədbirdə çıxış edənlər 1915-ci ildə baş verən hadisələrlə bağlı həqiqətlərdən danışmış, Birinci Dünya müharibəsində təkcə ermənilərin zərər çəkmədiklərini söyləyiblər. Əksinə, ermənilər öz millətçilərinin Osmanlı dövlətinə qarşı bəd niyyətlərinin iştirakçısına çevriliblər” deyə bildirilib.
Maraqlısı odur ki, tək Türkiyə KİV-i deyil, Misir mətbuatı da prezidentin Praqa sammitindəki çıxışına yer ayırıb. Məsələn, bu ölkənin, “Al-Balad” nəşrinin internet resursunda prezidentin Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramının beş illiyinə həsr olunmuş Praqa zirvə görüşündəki çıxışı haqqında məqalə dərc olunub. Məqalədə bildirilib ki, Azərbaycanın dövlət başçısı öz çıxışında Azərbaycan ilə Aİ ölkələri arasındakı əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib və son beş ili Avropa təsisatları ilə daha yaxın əlaqələrin qurulmasını çox əhəmiyyətli hesab edib. Prezidentin sözlərinə görə, Azərbaycan ötən beş il ərzində siyasi və iqtisadi islahatlar həyata keçirib, bu beynəlxalq təşkilata üzv olan dövlətlərlə çox konstruktiv və geniş əlaqələr qurub. Materialda prezidentin “Biz siyasi islahatlara böyük əhəmiyyət veririk və bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlığımızı önəmli hesab edirik. Demokratik inkişaf, insan hüquqlarının qorunması, qanunun aliliyinin və fundamental azadlıqların təmin olunması bizim əsas prioritetlərimizdəndir. Biz ölkəmizi müasirləşdiririk. Müasir iqtisadi sistem müasir siyasi sistemlə tamamlanmalıdır. Bu baxımdan Avropa İttifaqının nümunəsi yaxşı nümunədir” fikirləri yer alıb. Prezidentin sözlərinə görə, Azərbaycan iqtisadiyyatı son on ildə islahatlar nəticəsində dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına çevrilib. Azərbaycan dövləti ölkədə işsizliyi və yoxsulluğu aradan qaldıra bilib.
Materialda dövlətimizin başçısının bu sözləri sitat gətirilib: “Yoxsulluq Azərbaycanda 5 faiz təşkil edir. Xarici borcumuz ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir.” Məqalədə İlham Əliyevin Avropa ilə Azərbaycan arasında sıx əməkdaşlığın davam etdirilməsi zərurəti barədə dediyi sözlər də diqqətə çatdırılıb. Azərbaycan prezidentinin fikrincə, bu tərəfdaşlıq elə davam etdirilməlidir ki, qarşılıqlı faydalı və mühüm layihələri uğurla həyata keçirmək mümkün olsun. Nəşrin elektron variantında Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli barədə sözləri sitat gətirib:
“Türkiyə ilə Ermənistanın sərhədi Azərbaycanın Kəlbəcər rayonunun 1993-cü ilin aprelində işğalından sonra bağlanıb. Bundan əvvəl isə bütün azərbaycanlılar Dağlıq Qarabağdan qovulub. Dağlıq Qarabağ əhalisinin 30 faizi azərbaycanlılar idi. Kəlbəcərdən əvvəl 1992-ci ildə ermənilər Şuşanı və Laçını işğal etdilər. Daha sonra Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl - Dağlıq Qarabağın inzibati sərhədlərindən kənarda olan, ümumilikdə, 7 Azərbaycan rayonunu işğal etdilər ki, bu da Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini təşkil edir”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər