• cümə, 26 Aprel, 05:04
  • Baku Bakı 16°C

“Söyüş və təhqir küçə psixologiyasının məhsuludur və heç kimə başucalığı gətirmir”

23.03.18 18:21 1117
“Söyüş və təhqir küçə psixologiyasının məhsuludur və heç kimə başucalığı gətirmir”
Müxtəlif bəhanələrlə Azərbaycanı tərk edərək Avropaya sığınan antimilli ünsürlər son vaxtlar ölkəmiz əleyhinə kampaniya aparmaqdadırlar. Xaricdəki erməni diaspor təşkilatlarının, ermənipərəst dairələrin əlində alətə çevrilən belə şəxslər Azərbaycan dövlətini və xalqını, ayrı-ayrı rəsmi şəxsləri hədəfə alarlar. Öz "fəaliyyətləri” ilə düşmən dəyirmanına su tökən bu antimilli ünsürlər Amerika, Avropa ölkələri üzərindən sosial şəbəkələrdə səhifələr yaradır, küçə söyüşləri ilə "bəzədilən” statuslar, milli-mənəvi dəyərlərimizə zidd olan əxlaqsız karikaturalar paylaşırlar. Təbii ki, onların bu xəyanətkar davranışları Azərbaycan cəmiyyətində birmənalı olaraq qınanır, siyasi mübarizə üçün düzgün yol hesab edilmir. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da "Facebook” profilində bununla bağlı status yazaraq, baş verənlərin mahiyyətini tam çılpaqlığı ilə ortaya qoyub, başlanan çirkin kampaniyanın hansı məqsədə xidmət etdiyini göstərib.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da sosial şəbəkə vasitəsilə qeyd olunanlara münasibətini açıqlayıb. O, ölkə və xalq üçün həssas və taleyüklü proseslər olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, bu prosesləri layiqli həyata keçirmək yalnız bir toplumun gələcəyi baxımından əhəmiyyətli deyil: "Burada söhbət xalqın və dövlətin dünyada özünü necə təsdiqləməsindən də gedir. Seçki məhz özünütəsdiq imkanlarının nümayiş meydanı, bir növ indiqatorudur. Son günlər baş verənlər isə onu deməyə əsas verir ki, bəziləri məsələnin mahiyyətini ya düzgün anlamaqda çətinlik çəkir, ya da… Seçki siyasi düşərgələrin milli maraq və mənafelər naminə birliyə, həmrəyliyə çağırış marafonudur. Marafonda məhz milli maraq və mənafeləri uzlaşdırmağı ən yaxşı bacaranlar qalib gəlir. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun gündəmə gətirdiyi fikirlər son dərəcə önəmlidir. Dövlət rəsmisinin söylədikləri hakim komandanın siyasi qütblərə məhz xalq və dövlət naminə həmrəylik üçün uzatdığı əldir. Mübarizəni bu əli sıxaraq da aparmaq mümkündür. Amma bəziləri bu əlin nəyə görə uzandığını düşünə bilməyəcək dərəcədə piyada təfəkkürə malikdir...”.

Millət vəkili bildirib ki, seçkiyə konkret siyasi düşərgənin sırf özünü təsdiqləmək imkanı kimi də yanaşmaq mümkündür. Onun fikrincə, hər bir cinahın bu imkandan maksimum faydalanmaq əzmi, prinsipiallığı, barışmazlığı anlaşılandır, təbiidir: "Ancaq özünü isbat etmək tərzi vacib məqamdır. Əfsus ki, bizlər bunun sivil formasından çox, müəyyən mənada qurşaqdan aşağı zərbə vurmağa oxşayan təzahür formalarıyla baş-başayıq. Xüsusən də sosial şəbəkələrdə və internet media orqanlarında siyasi opponent saydıqları şəxslərə, onların ailə üzvlərinə qarşı təhqiramiz fikirlər səsləndirənlər, yazanlar sanki yarışa giriblər. Bu adamlar özlərini kimlərəsə göstərmək, "baxın, biz də iş görürük” mesajı vermək istəyirlər. Tam əminəm ki, onların özlərini göstərməyə çalışdıqları qüvvələr də mübarizə vasitələrindəki primitivliyi təqdir etmirlər. Sadəcə məqsədləri bəllidir və bu məqamda "məqsəd vasitəyə bəraət qazandırır” deyib gülüş obyektinə çevrilmişləri seyr etməkdən zövq alırlar. Deməli, əsas olan kimlərinsə məqsədlərində çirkin vasitəyə çevrilməməkdir. Təəssüf ki, biz bəzilərinin timsalında bunun əksini də görürük...”.

Millət vəkili Ə.Amaşov qeyd edib ki, bir qrup şəxs məskunlaşdıqları xarici ölkələrdə millətimizə və xalqımıza məxsus dəyərlərə, bu dəyərləri yayan, təbliğ edən insanlara qarşı söyüş səlibi elan ediblər: "Əlbəttə, əvvəllər də belələrinə az rast gəlməmişik. Müxtəlif beynəlxalq konfranslarda ermənilərin və gürcülərin siyasi düşərgə müxtəlifliyindən asılı olmayaraq, milli maraqlar naminə birgə hərəkət etdiklərini müşahidə etdiyimiz halda, belələrinin qırmızı cizgiləri keçmələrinin həyasızlıq motivlərindəki rəngarənglikdən heyrətlənmiş və təəssüflənmişik. Axı necə ola bilər ki, sivil Qərb ölkəsində məskunlaşıb bu qədər sivil olmayan tərzdə mübarizə aparasan? Bu adamlar yaşadıqları cəmiyyətdəndəmi heç nə öyrənməyəcək, öyrənməyə çalışmayacaq qədər tükəniblər? Axı bu adamların yaşadıqları Qərb cəmiyyətlərində siyasətçilər kifayət qədər vətənpərvərdirlər, milli ideya və baxışların fövqündədirlər. Bunlara nə olub görəsən?!”.

Millət vəkili bildirib ki, Azərbaycan dünyanın harasında yaşayırsa-yaşasın, hər bir azərbaycanlının Vətənidir: "Hadisə və proseslərə baxışdakı hər cür müxtəliflikdən asılı olmayaraq, bu Vətəni və bu Vətənin dəyərlərini qorumaq lazımdır. Bu dəyərlərdə təhqir, siyasi mübarizəni qazanmaq naminə özünə qarşı guya mənəviyyatsızlıq edildiyinə dair nələrisə uydurmaq, mənsub olduğu xalqın qurub-yaratdığı dövlətin atributlarına qarşı cılız davranış nümayişi əsla yoxdur. Bu dəyərlərdə mərdlik, bütövlük, sadiqlik, ardıcıllıq, qətiyyət, alicənablıq var. Xalq bu dəyərləri özünün həyat amalına çevirənləri sevir və onlara hər zaman etimad göstərir. Şübhəsiz ki, 11 aprel Prezident seçkisi də bu etimadın növbəti təntənəsi kimi tarixdə layiqli yerini tutacaqdır”.

Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğluisə qeyd olunanlarla bağlı bildirib ki, müasir texniki tərəqqi postmodernist cəmiyyətlərə ən müxtəlif ictimai kommunikasiya vasitələri təqdim edir. Onun sözlərinə görə, hazırda internet resursları üzərindən çox fərqli metod və üsullarla ünsiyyət qurmaq istədiyinin kütləvi auditoriyaya asanlıqla çıxmaq mümkündür: "Yeni resurslarla informasiyanın idarə olunması və onun ictimai rəyə təsirinin səmərəli təşkili daha asandır. Ona görə də bütün informasiya cəmiyyətlərində bu vasitədən məmnuniyyətlə istifadə edirlər. Əgər informasiyaya institusional forma verməklə onu hətta idarəetmə vasitəsinə çevirməyin mümkünlüyünü də nəzərə alsaq, belə universal vasitədən istifadə etməyin nə qədər zəruri olduğunu görə bilərik. Azərbaycan da qlobal informasiya məkanının subyektlərindən biridir və ölkəmizdə internet istifadəçilər 80 faizdən çoxdur. Belə olduqda əlbəttə bu resursların imkanlarından ilk növbədə informasiya təhlükəsizliyimizə cavabdeh olan qurumlar istifadə etməlidirlər. Elə edirlər də. Çünki informasiya məkanımızın düzgün istiqamətə yönləndirilməsi milli maraqlarımız baxımından strateji əhəmiyyətli məsələdir”.

Millət vəkili vurğulayıb ki, informasiyanı bir qrup manipuliyatorun istismarına vermək qətiyyən olmaz: "Çünki informasiya ictimai rəyi həmrəy edə biləcək gücə sahib olduğu kimi onu milli maraqların əleyhinə də formalaşdıracaq gücə sahibdir. Vəziyyət belə olduqda ölkəmizin informasiya təhlükəsizliyi kimi vacib məsələlərlə məşğul olan qurumlar və onlara rəhbərlik edən şəxslər də bütün növ vasitələrdən, o cümlədən Facebook, Twitter, WatsApp kimi vasitələrdən istifadə etməlidirlər. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu tipli strateji məsələləri dərindən bilən məmur kimi əlbəttə yeni vasitələrdən dövlət maraqlarımız üçün istifadə etməlidir və çox effektiv də istifadə edir. Ancaq görünür qlobal imperializmin bu silahından bir azərbaycanlı məmurun imperializmin nökərlərinə qarşı belə uğurla istifadə etməsi həmin nökərlərin və hətta onların ağalarının xoşuna gəlmir. Ona görə də öz məntiqsiz məntiqlərinə görə, bunu müxtəlif formada yozmağa çalışırlar. Onlara elə gəlir ki, beləliklə ictimai rəyi manipulyasiya edərək onu doğru yoldan sapdıracaqlar. Ancaq xəbərləri yoxdur ki, kifayət qədər intellektual əsaslarda formalaşan Azərbaycan ictimai rəyi nəinki manipulyasiya ediləcək qədər sadəlövh, tam əksinə onunla manipulyasiya etmək istəyənləri qınayacaq qədər kamildir”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəbildirib ki, həyatımızın mühüm bir hissəsi olan ənənəvi media ilə yanaşı, elektron KİV, xüsusilə də sosial media və sosial şəbəkələr sürətlə inkişaf edir. Onun qənaətincə, hətta dünyanın supergüc dövlətlərində belə, siyasi kampaniyalar zaman sosial şəbəkələr mühüm faktor kimi çıxış edir: "Azərbaycan da beynəlxalq birliyin mühüm bir tərkib hissəsi kimi bu inkişafdan özünə pay götürür. Artıq ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı kifayət qədərdir. Sosial şəbəkələr artıq siyasi arenada özünə yol açaraq geniş polemika, müzakirə meydana çevrilib. Təbii ki, bu vasitədən düzgün, yerində və əxlaq çərçivəsində istifadə etdikdə daha effektli və təsirli olur. Lakin bir neçə müddətdir ki, şəxsi ambisiyalarının əsirinə çevrilmiş bəzi insanlar bütün "sərhədləri” aşaraq, heç bir əxlaq, etik normalara sığmayan fikirlər səsləndirir, mübarizə üsulunun ən "axırıncı yoluna” əl atırlar. Qeyd etdiyimiz kimi, sosial şəbəkələr həyatımızın mühüm bir parçasına çevrilib. Bu virtual məkandan yaşından, cinsindən, sosial statusundan asılı olmayaraq hər kəs öz fikir və düşüncələri, dünya görüşü və tələbatına uyğun istifadə edir. Bu mənada hər bir istifadəçi virtual da olsa ictimaiyyət arasında olduğunu unutmamalı, paylaşdığı fikir və düşüncələrinə diqqət yetirməlidir. Təəssüf ki, qeyd etdiyimiz bir qrup insan bütün milli, mənəvi dəyərlərin üstündən xətt çəkərək dövlətə, onun dəyərlərinə, dövlət rəsmilərinə qarşı çirkin kampaniya aparırlar. Sözsüz ki, bu, yolverilməzdir. Söyüş və təhqir küçə psixologiyasının məhsuludur və heç kimə başucalığı gətirmir. Ona görə də bu cür ünsürlərə qarşı ciddi şəkildə mübarizə aparmalı, bütün platformalarda, eyni zamanda virtual məkanda etik normalara əməl etməklə onlara lazımı cavab verməliyik, sivil mübarizə üsulunu aşılamalıyıq”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər