• şənbə, 27 Aprel, 00:32
  • Baku Bakı 14°C

“Suveren dövlətin qərarına heç kim qarışa bilməz” - AB prezidenti

29.11.13 14:20 1338
“Suveren dövlətin qərarına heç kim qarışa bilməz” - AB prezidenti
“Avropa Birliyi Ukrayna ilə assosiasiya sazişi imzalamağa hazırdır. Qapı hələ də açıqdır. Bu gün imza atılmadı, imzalanma təxirə salındı, lakin biz ümid edirik ki, gec-tez Ukrayna sazişi imzalamağa hazır olacaq. Biz Ukrayna ilə işi davam etdirəcəyik”. APA-nın xəbərinə görə, bu sözləri “Şərq tərəfdaşlığı”nın Vilnüs sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey deyib. O bildirib ki, AB-nin mövqeyi aydındır və assosiasiya sazişinin imzalanması təklifi qüvvədə qalır.
AB rəhbəri bu tip sənədlər imzalanarkən üçüncü ölkələrin təzyiqini aşmağın vacibliyini vurğulayıb: “İndi cəsarətli olmaq və qərarlar qəbul etmək zamanıdır. Uzunmüddətli perspektivə nəzər saldıqda şübhə yoxdur ki, assosiasiya sazişinin imzalanması Ukrayna xalqının və ölkə iqtisadiyyatının xeyrinə olacaq”.
Herman van Rompey qeyd edib ki, Rusiya AB-nin strateji tərəfdaşıdır, lakin hər ölkənin müstəqil qərar qəbul etmək hüququ var: “Heç kim ölkələrin suveren qərarına qarışa bilməz”.
Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo isə bəyan edib ki, “Şərq tərəfdaşlığı” ölkələri ilə assosiasiya sazişinin imzalanması kiməsə və nəyəsə qarşı yönəlmiş proses deyil, demokratiya və inkişaf naminə prosesdir: “Məhdudlaşdırılmış suverenlik dövrü keçdi”.
J. M. Barrozo assosiasiya sazişinə dair AB-Ukrayna-Rusiya üçtərəfli məsləhətləşmələrinin aparılması haqda təklifin qəbuledilməz olduğunu da vurğulayıb: “Rusiya ilə strateji əməkdaşlığa malik olmağımız əsas vermir ki, ikitərəfli formatda gedən müzakirələrə üçüncü tərəf də qoşulsun”.
banner

Oxşar Xəbərlər