• cümə, 26 Aprel, 21:54
  • Baku Bakı 22°C

“Susma” mahnısının motivini görüntülərlə dəyişiblər

25.06.13 16:52 1986
“Susma” mahnısının motivini görüntülərlə dəyişiblər
Son zamanlar “Şeron” qrupunun ifa etdiyi yeni mahnı gündəmin əsas mövzusu olaraq qalır. “Susma” mahnısına görə bir aydır ki, qrup haqqında gəzən söz-söhbətlər səngimək bilmir. Belə ki, “Susma” mahnısı internetdə müxalifətin siyasi aksiyalarından çəkilmiş görüntülərin əks olunduğu videonun müşayiəti ilə yayılıb.
Bu videonun yayılmasından sonra qrup üzvlərinin guya həbs olunduğu və təhqirlərə məruz qaldığı, toylara dəvət olunmadığı, hər kəsin onlardan üz çevirdiyi kimi xəbərlər yayılmağa başladı. Bütün bu söz-söhbətlərə son qoymaq üçün qrupun üzvləri dünən Beynəlxalq Mətbuat Mərkəzində mətbuat nümayəndələrini cəm edib, açıqlama verdilər.
Qrupun daimi üzvü Ülvi Cəfərov mahnıya çəkilən klipə etiraz edərək bildirdi ki, mahnı vətənpərvər mövzuda oxunub, lakin mahnıya başqa görüntülərin verilməsi onun motivini tamamilə dəyişib: “Bu mahnını biz oxumuşuq. Mahnını dövlətə qarşı deyil, Xocalı soyqırımına qarşı “susma” şüarı altında ifa etmişik. Təəssüflər olsun ki, bu klipə hansısa mitinqdən çəkilmiş görüntülər verilib. Bu düzgün deyil. Yaxşı olardı ki, bu mahnıya Xocalı soyqırımı, işğal olunmuş torpaqlarla bağlı klip çəkiləydi. Biz indiyə qədər bəstəkar Hüseyn Abdullayevin bir neçə mahnısını ifa etmişik, lakin ilk dəfədir ki, bu cür halla rastlaşmışıq. Mahnını işğal olunmuş torpaqlarımıza görə yazmışıq. Bilmirik ki, bu, kim tərəfindən çəkilən klipdir, yığılan kadrlardır. Bununla bağlı Hüseyn Abdullayevlə indiyədək əlaqə saxlaya bilməmişik. Sadəcə, kimlərsə bundan sui-istifadə edib. Bu mahnı sırf vətənpərvərlik mövzusunda yazılıb və biz də vətənpərvərlik mövzusunda olduğuna görə bu mahnını ifa etmişik. Sonradan kimlərsə bunu siyasiləşdirdi. Biz siyasətçi deyilik ki, müharibəyə başlayaq. Öz işimizlə məşğuluq. Tutaq ki, xalq artisti Mübariz Tağıyevin də ”Qalx, qalx, ulu torpaq" mahnısı o kadrlarla birgə göstərilsə, görün, nə həngamə qopar. Bizə heç bir təzyiq olmayıb. Çünki biz təzyiq olunacaq heç bir şey etməmişik”.
Qrupun digər üzvü Məlik Hacıyev də baş verən məsələlərə aydınlıq gətirərək öz vəzifələrinin yalnız mahnını ifa etmək olduğunu, ancaq mahnının sonrasından xəbərsiz olduqlarını bildirdi: “Vətənpərvər ifaçı olaraq belə mahnıları tez-tez ifa edirik. Bu mahnının üstünə bu cür görüntülərin yığılmasına etiraz edirik. İstəyərdik ki, o mahnıya Qarabağ hadisələrindən görüntülər qoyulsun. Sadəcə, sonradan mahnı üzərində video düzəldilib və internetə yerləşdirilib. Biz 10 ildir ki, Hüseyn Abdullayevin mahnılarını oxuyuruq. “Susma”nı da vətənpərvərlik mövzusunda olduğu üçün sevə-sevə oxumuşuq. Klipin isə bizimlə əlaqəsi yoxdur”.
Mətbuat nümayəndələrinin “bu klipdə rolu olan Hüseyn Abdullayein özü ilə nə üçün söhbət etməmisiniz” kimi sualına cavab verən Məlik Hacıyev onu siyasətçi kimi tanımadıqlarını, ancaq bəstəkar kimi çox gözəl musiqiçi olduğunu söylədi: “Bundan sonra bizə gələn təkliflərlə ətraflı maraqlanacağıq. Bizə hər yandan mahnıları oxumaq üçün təkliflər gəlir. Bundan sonra təklif olunan mahnının ünvanını araşdırıb, sonra ifa edəcəyik. Bizi də başa düşmək lazımdır. Hüseyn Abdullayevin mövqeyinə gəlincə isə, söhbətimiz olmayıb. Onunla əlaqə yarada bilirsinizsə, bizi calaşdırın, biz də danışaq ki, vəziyyət niyə bu yerə gəlib çıxıb?”
Çıxışlarını bitirən ifaçılar bundan öncə ifa etdikləri “Torpağın səsi” mahnısının klipini təqdim edib, onların məqsədlərinin nəyə xidmət etdiyini göstərməyə çalışdılar.
Mətbuat nümayəndələrinin “Susma” mahnısı ilə bağlı nə üçün bir aydan sonra açıqlama verilməsi ilə maraqlanmalarına cavab olaraq M.Hacıyev mətbuat konfransı keçirməyə son zamanlar yayılan şayiələrə görə ehtiyac duyduqlarını söylədi: “Hər gün mətbuatda bir yazı çıxır. Guya bizi incidirlər, təzyiq edirlər, toylara buraxmırlar. Məqsədimiz odur ki, mətbuata deyək ki, bizə heç bir təzyiq yoxdur, hər zamankı kimi el məclislərində iştirak edirik. Sözügedən mahnını da vətənpərvər ruhda olduğu üçün oxumuşuq. İstəməzdik ki, ifa etdiyimiz mahnı bu cür təbliğ olunsun. Bu mahnını motivini dəyişən görüntülərdir”.
Daha sonra qrup üzvləri ölkə başçısı İlham Əliyevi hər zaman dəstəklədiklərini, onun mədəniyyətimizə və ifaçılara olan qayğısını dilə gətirərək bu il seçkidə səslərini ona verəcəklərini söylədilər.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər