“Şuşanın gözəlliyi də, məhz tarixiliyində olacaq” - Faiq İsmayılov

AİOƏTMAMT İB sədri: "1-2 il ərzində şəhərdə böyük
dəyişikliyi müşahidə edəcəyik”
28 il düşmən tapdağında olan
tarixi və gözəl Şuşa şəhəri ötən il öz azadlığına qovuşdu. Artıq şəhərdə
Azərbaycan bayrağı dalğalanır. Ancaq düşmən, şəhərin həm gözəlliyinə, həm də
tarixiliyinə həddindən artıq zərər vurub. Hazırda əsas olan odur ki, biz
qayıtmışıq və Prezident İlham Əliyev Şuşaya səfəri zamanı dedi ki, Şuşanı
dünyanın ən gözəl şəhərlərindən biri edəcəyik.Bu gözəlliyin bərpası üçün isə
şəhərdə aparılacaq quruculuq, memarlıq işləri xüsusi önəm kəsb edir. Bu işlər
zamanı nələrə diqqət edilməsi də sual doğuran məsələlərdir. Bu istiqamətdə olan
suallar ətrafında Azərbaycanın
İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət AbidələriniMüdafiə
Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovlasöhbətləşdik.
- Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə
çevirmək üçün quruculuq, memarlıq işi necə aparılmalıdır?
- Şuşada
quruculuq, memarlıq işinin aparılması ilə bağlı danışanda, burada tarixi və
mədəni abidələrimizin bərpası da mühüm yer tutur. Çünki şəhərin qoruq
zonasında, ətraf ərazilərdə kifayət qədər yeni memarlıq işləri görüləcək. Yəni
bu ərazilərdə ən yeni texnologiyalarla, yeni və davamlı planlar həyata
keçiriləcək. Əsas məsələ Şuşadakı 350 hektarlıq qoruq zonasında olan
malikanələr, yaşayış evləri, inzibati binalar və s-dir ki, onlar öz köhnə
görkəmlərinə qayıtmalıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev dəfələrlə öz çıxışlarında Şuşanın əvvəlki vəziyyətinə qaytarılmasının
vacibliyini vurğulayıb. Bu, doğrudan da belədir. Şuşada planlaşdırılan
yenidənqurma işləri, güman edirəm ki, şəhərin əvvəlki gözəlliyini özünə
qaytaracaq.
- Şəhərin bərpası ilə bağlı danışanda, çox adam
tarixiliyin itəcəyindən narahatdır. Bu işlər necə aparılmalıdır ki, tarixiliklə
müasirlik uzlaşsın?
- Qoruq
zonasında tarixilik mütləq şəkildə qorunmalıdır. Müasirlik, qoruğun ətraf
ərazilərində ola bilər. Şuşada tarixiliyimizin qorunması üçün çoxsaylı həlli
vacib məsələlər var. Qoruq ərazisində, hardasa 17 məhəllə, 17 məhəllə məscidi,
17 hamam, 17 bulaq, saraylar, malikanələr və digər inzibati binalar olub.
Bunların hər biri özünəməxsus spesifik memarlıq quruluşuna sahibdir. Bunlarda
insanı özünə cəlb edən, tarixiliyindən başqa, necə zövqlə işlənməsidir. Tarixi
memarlığımızın bu günə qədər qorunub saxlanmasına Bakıda İçərişəhəri misal çəkə
bilərik. İçərişəhərdə hansısa müasir binanın tikilməsi o ərazinin korlanması
demək olar. Eyni zamanda, Şuşa qoruğunda da müasirləşdirmə o ərazidəki
tarixiliyi tamamilə məhv edə bilər. Binaların olduğu kimi qalması üçün, olduğu
kimi bərpa edilməlidir. Şuşanın gözəlliyi də, məhz tarixiliyində olacaq. Digər
tərəfdən, hətta sovet dövründə Şuşanın mərkəzində Yay klubu olub. Sovet
dövründə belə, Qarabağdakı erməni rəhbərlərin təkidi və tələbi ilə həmin Yay
klubu sökülmüş, yerində 3 və 5 mərtəbəli binalar tikilmişdi. Şuşanın 28 illik
işğalı dövründə hər gün orda bizim tariximiz qazıldı, memarlıq abidələrimiz,
görkəmli şəxslərin yaşadıqları evlər, malikanələr, inzibati binaların hamısı
ilbəil dağıdılırdı. Şuşanın sökülərək erməni stilinə uyğunlaşdırılması üçün
Ermənistan genişmiqyaslı planlar həyata keçirirdi və hər il bunun üçün 30
milyon dram pul ayırırdı. Yəni hər il bizim Şuşa şəhərində 30 milyon dramlıq
vandalizm aktı həyata keçirilirdi. Dağıdılırdı, sökülürdü, yerində müasir
kotteclər, restoranlar və s. tikilirdi. Yəni biz qədim, tarixi Şuşa şəhərimizə
qayıtmaq istəyiriksə, Şuşanın tarixi əhəmiyyətli binalarını olduğu kimi bərpa
etməliyik. Hətta sovet dövründə də Şuşanın bərpasında ciddi nöqsanlara yol
verilirdi. Belə ki, Şuşa şəhərində Zöhrabbəyovların mülkü vardı, 80-90-cı
illərdə "Azərbərpa” Layihə İnstitutu tərəfindən bərpa olunmuşdu. Həmin bərpa
Zöhrabbəyovun mənzilinin orijinal görkəmini tamamilə dəyişdirmişdi. Buna yol
vermək olmaz və bu işə ciddi nəzarət etmək lazımdır. Şuşanın tarixi yerlərinin
bərpası zamanı orada layihəçilər və bərpaçılardan əlavə, mütəxəssislərdən
ibarət bir nəzarət qrup da yaradılsın ki, bərpa zamanı buraxılan nöqsanlar vaxtında
aşkar olunsun və aradan qaldırılsın. Çünki bərpa bitdikdən sonra onun
dəyişdirilməsi çox çətin məsələ olur.
- Tikinti işləri aparılarkən ekoloji tarazlığın
qorunması üçün hansı addımlar atılmalıdır?
-
Ekoloji tarazlığı qorumaq üçün ilk növbədə orada olan bağ-park, monumental
tikililər yerinə qoyulmalıdır. İkinci tərəfdən, relyef nəzərə alınmalıdır.
Şuşada bu gün 8-9-10 mərtəbəli binalar tikilərsə, görkəm pozulacaq. Yəni o,
insana zövq də verməyəcək. Şuşada və Şuşa ətrafında çoxlu mineral su
ehtiyatları, bulaqlar, turizm üçün əhəmiyyətli ərazilər - Çətir şəlaləsi, İsa
bulağı, Daşaltı dərəsi və s. var. Şuşa başdan-başa təbiət abidələrindən
ibarətdir. Bu təbiət abidələr qorunmalı, yaşıllıqlar artırılmalıdır. Mən bu
yaxınlarda Qarabağ zonasının yaşıllıqlar diyarına çevrilməsinin
planlaşdırılması ilə bağlı xəbərə rast gəldim. Bu, çox gözəl olardı. Yaşıllıq
özü insan üçün xüsusi zövqdür, gözəllikdir. İnsanı daha çox cəlb edir. Bu
baxımdan təbiətimizi qorumaq və yaşıllıqları artırmalıyıq. Mən işğaldan azad
ediləndən sonra Şuşaya birinci gedən 60 nəfərlik komissiyanın tərkibində
olmuşam. Təbiətimizin dağıldığını, ağaclarımızın kəsildiyini gördüm. Bunlar da
bərpa olunmalı, yerinə qaytarılmalıdır.
- Şuşada tarixilik-müasirlik-təbiət tandemini
yaratmaq çətin olacaq?
-
Düşmənin vurduğu ziyan çox böyükdür. Bizə bir deyil, çoxsaylı istiqamətdə böyük
zərər vurublar. Həm ekoloji, həm mədəni, həm təhsil, həm tibb və s.
müəssisələrin dağıdılması və s. bizə çox böyük xərclər bahasına başa gələcək.
Amma heç bir vaxt bizim Azərbaycan üçün bu tandemi yaratmaq çətin olmayacaq.
Çünki Azərbaycanın daim inkişafda olan nümunəvi iqtisadi potensialı var. O
baxımdan, əminəm ki, nəinki təkcə Şuşa şəhərini, eyni zamanda işğaldan azad
olunmuş bütün inzibati yaşayış mərkəzlərini əvvəlki görkəminə qaytara
biləcəyik. Bir şərtlə ki, həmin ərazilərdə bir məhəlləmi, bir neçə evmi, yaxud
hər hansı bir ərazimi konservasiya olunub öz indiki formasında saxlansın ki,
ermənilərin etdiklərini biz gələcək nəsillərə öz gözləri ilə görmək imkanı
yaradaq.
- Hündürmərtəbəli binalar məsələsinə toxundunuz.
Müasir memarlıq deyəndə, hündürmərtəbəli binalar da göz önünə gəlir. Şuşanın
relyefi hündürmərtəbəli binaların tikintisi üçün nə dərəcədə uyğundur?
- Şuşa
dəniz səviyyəsindən 3000 metrdən daha çox yüksəklikdə yerləşir. Ərazi və relyef
baxımından Şuşada hündürmərtəbəli binaların tikintisi yolverilməzdir. Əgər
müasir memarlıq deyiriksə, Bakıdakı Heydər Əliyev Mərkəzinə baxaq. Nümunəvi bir
memarlıq qurğusudur. Bəli, çoxmərtəbəli deyil, amma gözəldir. Mən hər dəfə o
binanın yanından keçəndə, yeni bir element axtarıram, yeni bir element görürəm.
Müasirlik o demək deyil ki, orda 16-20 mərtəbəli binalar inşa etməliyik. Bu,
Şuşada mümkünsüzdür. Belə tikinti işləri Şuşada fəlakətlə nəticələnə bilər. Yer
sürüşmələri, zəlzələlər və s. kimi gözlənilməz təbiət hadisələrini nəzərə
alınaraq, çox güman ki, buna yol verilməyəcək.
Şuşanın relyefinə və tarixi quruluşuna uyğun, onun ətraf ərazilərində müasir
binaların tikilməsi məqsədəuyğundur və mütləq şəkildə olacaq.
- Dağlıq Qarabağ ətrafındakı rayonların yenidən
qurulmasında Türkiyə modelinin tətbiq olunacağı bildirildi. Bu, necə bir
modeldir? Şuşaya nə qatacaq?
-
Bununla bağlı çoxlu modellər təklif olunur, layihələr müzakirə olunur və
mütəxəssislər tərəfindən ölçülüb-biçilir. Həm də hər rayonun özünün fərqli
relyef quruluşu var. Bir model götürüb hər rayonda tətbiq edilməyəcək. Hər
rayona xüsusi yanaşılacaq və ona uyğun modeldən istifadə olunacaq. Ağdamda
tətbiq edilən üsul Laçın və Şuşada tətbiq olunmaya bilər.
Ərazini, bölgəni baxımlı edən fərqlilik, müxtəlif çeşidli memarlıq
nümunələridir. İstər öz memarlarımızın, istər türk, italyan, istərsə də digər
ölkələrin təklif etdikləri modellər müzakirə oluna bilər. Baxılacaq, hansı
uyğun olsa, onlardan istifadə ediləcək.
- Düşmənin Şuşaya vurduğu ziyan böyükdür. Bəs
şəhərin əvvəlki gözəlliyinin və tarixiliyinin bərpası nə qədər vaxt apara
bilər?
-
Bərpanın icra prosesinin nə qədər vaxt aparacağını demək çətin məsələdir. Bərpa
prosesi vaxt alan işdir. Adi bir tikinti prosesini çox sürətləndirmək də olar,
müasir tikinti mexanizmlərindən istifadə etməklə, hətta bir-iki aya böyük bir
tikinti quruluşunu yerinə qoymaq olar. Amma bərpa belə deyil. Bərpa olduqca
ağır, olduqca gec aparılır. Ona görə ki, orada tarixi-ornamental görüntülər,
bədii nümunələr, daş yazıları, nəqqaşlıq işləri və s. var. Onların olduğu kimi
bərpası olduqca vaxt aparan bir iş olur. Amma ümid edirik ki, biz bunların
öhdəsindən gələ, Şuşamızın görkəmini geri qaytara bilərik. Güman edirəm ki, 1-2
il ərzində Şuşada böyük dəyişikliyi müşahidə edəcəyik.
Aygün
Asimqızı
