• cümə, 26 Aprel, 18:19
  • Baku Bakı 22°C

Suriya ermənilərinin Qarabağa köçürülməsi dayandırılmalıdır

13.05.14 18:22 1138
Suriya ermənilərinin Qarabağa köçürülməsi dayandırılmalıdır
Azərbaycan XİN başçısı: “Ermənistanda və işğal olunmuş ərazilərimizdə təhqir edilməmiş Azərbaycan məscidi, dağılmamış mədəni və tarixi abidələrimiz qalmayıb”

Suriya ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə köçürülməsi beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ər-Riyadda ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadiyyat və əməkdaşlıq üzrə Forumun birinci iclasında çıxış edərkən deyib.
Nazir qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin hərbi işğal altında saxlamaq və bir milyondan artıq qaçqın və məcburi köçkünün öz dogma yurd-yuvalarına qayıtmasının qarşısını almaq üçün gücdən istifadə etməyə davam edir: "Həm Ermənistan ərazisində, həm də işğal olunmuş ərazilərdə təhqirə məruz qalmamış Azərbaycan məscidi və digər müqəddəs yer, dağılmamış mədəni və tarixi abidələrimiz qalmayıb".
Onun sözlərinə görə, ciddi narahatlıq doğuran daha bir məsələ Ermənistan tərəfindən demoqrafik vəziyyəti dəyişmək və öz işğalını möhkəmləndirmək məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində Suriya ermənilərinin yerləşdirilməsidir: "Bu kimi fəaliyyət beynəlxalq hüquq baxımından qeyri-qanunidir və dərhal dayandırılmalıdır".
E.Məmmədyarov zəbt olunmuş torpaqlarda həyata keçirilmiş məlum etnik təmizləmə ilə müşayiət olunan Azərbaycanın 20 faiz ərazilərinin Ermənistan tərəfindən işğalını və təcavüzünü pisləyən davamlı mövqeyinə görə bir daha İslam ümmətinə dərin minnətdarlığını bildirib: "Biz İslam ümmətinə BMT TŞ-nin, İƏT və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələrində tələb olunduğu kimi Azərbaycanın bütün işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd-şərtsiz və tam çıxarılmasına səsləyən yekdil çağırışına görə xüsusilə minnətdarıq. Biz inanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsinə dair bu mövqe bütün Ərəb Dövlətləri Liqasına üzv qardaş ölkələrin məsələyə yanaşmasında da öz əksini tapacaq".
Nazir qeyd edib ki, Azərbaycanın İslam ümmətinə dəstəyi ölkənin 2012-2013-cü illərdə BMT TŞ-yə üzvlüyü zamanı xüsusilə aşkar və faydalı olub: "Ərəb Dövlətləri Liqasının baş katibi Nabil əl-Ərəbiyə ünvanladığım məktubumda da qeyd etdiyim kimi, Azərbaycan BMT TŞ-də İslam ümmətinin haqq işinə sadiq qalıb və BMT TŞ-dəki müzakirələrin predmeti olmuş Fələstin, Suriya böhranı, Sudan, İraq və Yəmən məsələlərində fəal mövqe nümayiş etdirib. Bundan əlavə, 2013-cü ilin 28 oktyabr tarixində Azərbaycanın təşəbbüsü və sədrliyi ilə ilk dəfə BMT TŞ-nin və İƏT-in "BMT və İƏT arasında birgə əməkdaşlığın gücləndirilməsi" mövzusunda xüsusi iclası keçirilib".
E.Məmmədyarov əlavə edib ki, bu tarixi görüşün nəticəsində BMT TŞ-yə qeyri-daimi üzv olan İƏT üzv dövlətinin sədrliyi ilə ildə iki dəfə belə iclasın keçirilməsi haqqında razılıq əldə olunub: "Bu baxımdan, biz qardaş Fələstin xalqını və onların sülh, sabitliyə nail olunması, suveren və müstəqil Fələstin Dövlətinin yaradılması üçün göstərdiyi səyləri dəstəklədiyimizi bir daha təkrar edirik. Biz BMT BA-nın Fələstinə BMT-yə üzv olmayan müşahidəçi dövlət statusu vermək qərarını və Fələstin Dövlətinin UNESCO-ya qəbulu kimi bir sıra həvəsləndirici hadisələr və müsbət irəliləyişlərin şahidi olmaqdan məmnunuq".
banner

Oxşar Xəbərlər