AZE | RUS | ENG |

Sosial siyasətin başlıca hədəfi əhalinin rifah halının yaxşılaşmasıdır

Sosial siyasətin başlıca hədəfi əhalinin rifah halının yaxşılaşmasıdır
Ekspertlərin fikrincə, Prezident İlham Əliyevin son vaxtlar imzaladığı fərman və sərəncamlar, atılan addımlar Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn siyasətdir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən, cari ilin əvvəlindən daha geniş vüsət alan sosial siyasət uğurla davam etdirilməkdədir. Misal üçün, dövlət başçısının 28 yanvar 2019-cu il tarixli fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş əlavə 2725 nəfərin, o cümlədən vərəsələri 11 000 manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12 268-ə çatıb. Bunun üçün ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulub. Şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Prezident İlham Əliyev 30 yanvar tarixində "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında” daha bir fərman imzalayıb. Həmin fərmanla 2019-cu il fevralın 1-dən 12 mindən çox şəhid ailəsinin təqaüdləri artırılıb. 
 
 

Fevralın 14-də Prezident İlham Əliyev "Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”, "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” daha iki sərəncam və ""Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalayıb. Bununla da ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 vahid artırılıb. Bununla yanaşı, dövlət başçısı İlham Əliyev cari il fevral ayının sonunda "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb. Beləliklə də sosial sahəni əhatə edən, əhalinin böyük razılığına səbəb olan növbəti addım atılıb.
 
 

Prezident İlham Əliyevin 15 aprel 2019-cu il tarixdə imzaladığı sərəncam və fərmanlar isə bir sıra kateqoriyalardan olan vətəndaşlara sosial müavinətlərin və Prezident təqaüdlərinin aprelin 1-dən orta hesabla 100 faiz artırılmasını, yeni təqaüd növlərinin təsis olunmasını təmin edir. Bu dövlət sənədləri 600 minədək şəxsin, o cümlədən 300 min əlilliyi olan şəxsin sosial müavinətlərinin, Prezidentin aylıq təqaüdlərinin ciddi şəkildə artırılmasını, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdlərinin təsis olunması ilə sosial təminat sisteminin əhatə dairəsinin daha da genişlənməsini nəzərdə tutur. Bu sərəncam və fərmanlar dövlət başçısının uğurlu sosial islahatlar paketinin növbəti nailiyyəti olmaqla, əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların rifah halının yaxşılaşdırılmasında əhəmiyyətli addımın atılması deməkdir. 
 
 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov mövzu ilə bağlı bildirib ki, bugünkü sosial islahatlar paketinin həyata keçirilməsi üçün ondan əvvəlki illərdə Azərbaycanda güclü iqtisadi baza formalaşdırılıb. Deputatın fikrincə, bu baza hazırda əhalinin aztəminatlı təbəqəsinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atmağa imkan verir. Millət vəkili bildirib ki, ölkə başçısının ilin əvvəlindən başlayaraq, imzaladığı sərəncam və fərmanlar vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir: "Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti yeni mərhələyə qədəm qoyub. Yəni, insanların sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində addımlar atılır, aparılan islahatlar daha da dərinləşir. Misal üçün, problemli kreditlərlə bağlı Prezident İlham Əliyevin imzaladığı fərman bu məsələnin kökündən həll edilməsinə səbəb olub. Proses nəticəsində 900 mindən çox insanı narahat edən problem birdəfəlik aradan qaldırılacaq. Bundan başqa, bu ilin əvvəlində minimum əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, yeni müavinətlərin təsis edilməsi, digərlərinin məbləğinin artırılması ilə bağlı sərəncamlar da imzalanıb. Bütün bunlar onu deməyə imkan verir ki, Azərbaycan dövlət başçısının apardığı siyasət birbaşa vətəndaşlarımızın rifah halının yaxşılaşdırılmasına yönəlib. Sosial sahədə atılan bu addımlar son deyil və şübhəsiz ki, bundan sonra da Prezident İlham Əliyev tərəfindən sosial sahə ilə bağlı sərəncamların imzalanacağını görəcəyik. Çünki, bu gün Azərbaycan dövləti hər bir sosial paketin icrasına qadir, güclü iqtisadiyyata malik ölkədir”.
 
 

Millət vəkili Musa Quliyev isə bildirib ki, bir müddət bundan öncə Azərbaycanda yeni pensiya və sosial müavinət formalarının təyin olunması ilə əlaqədar qaydaların hazırlanması istiqamətində Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə xüsusi tapşırıq verilib. Deputat vurğulayıb ki, müharibə veteranlarının təqaüdünün artırılması, əlillərə baxan şəxslərə yeni təqaüdün ayrılması və digər bu istiqamətdə aprelin 15-də imzalanan sənədlər verilən tapşırıqların həyata keçirilməsi məqsədi daşıyır. M.Quliyev onu da diqqətə çatdırıb ki, Azərbaycanın iqtisadi gücü artdıqca, əhalinin sosial müdafiəsinin artırılması tədbirləri ardıcıl olaraq həyata keçiriləcək. Onun qənaətincə, bu, Azərbaycan dövlətinin sosial mahiyyətindən irəli gələn bir siyasətdir: "Ölkə başçısının imzaladığı fərmanla yeni müavinət növü təsis olundu və digər sosial müavinətlərin də artırılması təmin edildi. Bu müavinətlər aprelin 1-dən hesablanacaq. Bildiyiniz kimi, pensiya alan Qarabağ müharibəsi veteranları ilə pensiya yaşı çatmayan müharibə veteranlar arasında fərq var idi. Bu fərq tamamilə aradan qaldırıldı və pensiya alan Qarabağ müharibəsi veteranlarının müavinətlər 6 dəfə qalxmış oldu. Əgər əvvəllər onlar 11 manat alırdısa, indi 80 manat alacaq. Ölkə başçısı tərəfindən imzalanan fərman 18 yaşına çatmış əlil uşağa və birinci qrup əlilə qulluğa görə xüsusi sosial müavinətin verilməsi ilə də bağlıdır. Bu da 50 manat təşkil edir. Bununla bağlı uzun müddət həm ictimaiyyətdə həm də Milli Məclisdə müzakirələr aparılıb. Prezident İlham Əliyev imzaladığı fərmanla bu məsələni də həll etmiş oldu. İndi ailəsinin üzvünə qulluq etməyə görə müavinət veriləcək ki, bu da Prezident İlham Əliyevin aztəminatlı ailələrə qayğı və diqqətinin növbəti ifadəsidir. Xatırlayırsınızsa, ölkə başçısı bu ilin əvvəlində bəyan etmişdi ki, 2019-cu il sosial müdafiə baxımından xüsusi il olacaq. İnanıram ki, bundan sonra da əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atılacaq. Pensiyalar, müavinətlər, təqaüdlər daha da artacaq, yeni iş yerləri yaradılacaq və digər sosial layihələr həyata keçiriləcək. Dövlət başçısının da söylədiyi kimi, Azərbaycan dövlətinin siyasətinin mərkəzində xalqımız, onların sosial rifah halının daha yaxşılaşması dayanır”.
 
 

Müsahiblərin fikrinə dəstək olaraq qeyd edək ki, ictimaiyyət nümayəndələri Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasəti, icra olunan qərarları rəğbətlə qarşılayırlar. Bu addımlarla Prezident İlham Əliyev bir daha nümayiş etdirir ki, güclü sosial siyasətin başlıca hədəfi əhalinin rifahının təminatıdır. Sözügedən siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsipləri dayanır.
 
Alpər TURAN

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962