• cümə, 26 Aprel, 12:07
  • Baku Bakı 23°C

Sosial şəbəkədə məşhurluğa doğru

20.12.16 10:00 2350
Sosial şəbəkədə məşhurluğa doğru
Çox zaman orta və yaşlı nəslin nümayəndələri deyir ki, zəmanə o zəmanə deyil, bizim dövrümüzdə hər şey başqa idi. Bəs indi hansı zəmanədir? Sözsüz ki, hazırda internet, virtual həyat, sosial şəbəkələr dövründə yaşayırıq. Hansı ki, belə şərait insanların, xüsusən də gənclərin bugünkü cəmiyyətdə yer tutması üçün asan və əlverişli vasitə rolunu oynayır. Bu, nəinki Azərbaycanda bütün dünyada belədir. Artıq yavaş-yavaş televiziyalar da aktuallığını itirməyə, öz yerini sosial şəbəkələrə verməyə başlayır. İnsanlar günlərinin çox hissəsini sosial şəbəkələrdə keçirir, hətta işlərini də elə burada həll edirlər. Dövr dəyişdikcə şou-biznes, incəsənət nümayəndələri deyil, sosial şəbəkə fenomenləri tanınır və sevilirlər. Danılmaz faktdır ki, bu günün tələbatı məhz onlaradır. Belə olan halda tanınmış firmalar da məhsullarının reklamını məhz sosial şəbəkə fenomenlərinə həvalə edirlər. Televiziyaya çıxışın bahalı olduğunu və bu üsulla öz istedadlarını nümayiş etdirdiklərini deyən bu fenomenlərin isə niyyəti başqadır.
İnsanda duz olmalıdır
Bəziləri videobloggerlikdən aktyorluğa, bəziləri isə aktyorluqdan bloggerliyə doğru addımlayır. Hazırda cəmiyyətdə tanınan bəzi bloggerlərlə söhbət etdik. Onlardan bu sahəyə olan marağı xəbər aldıq. Xəzər televiziyasında yayımlanan serialların ssenaristi, aktyor, son dönəmlərdə sosial şəbəkələrdə məşhurlaşmış Elvin Ağayev həmkarı Çingiz Mütəllimovla "El Çi” səhifəsi yaradıb. Onlar digər videobologgerlərdən fərqli olaraq, fikirlərini izləyicilərinə musiqi ilə çatdırırlar: "Son vaxtlar ümumiyyətlə, bu sahədə hərtərəfli inkişaf gedir. Kobud da səslənsə, deməliyəm - insanda duz olmalıdır. Çingiz Mütəllimovla birgə sosial problemlərə toxunuruq. Şükürlər olsun ki, reytinqlərimiz də yaxşıdır. Baxılır, izlənilir, tanınırıq. Elə bilirlər ki, telefonun kamerasını yandıraraq, üzə tutub video çəksələr, hamı güləcək. Elə deyil. Güldürmək və ağlatmaq əks hisslərdir. Bunları bacarmaq çox çətindir. Mən bu gün güldürə bilirəmsə, o demək deyil ki, ağlada da bilirəm. Onu hələ sınamamışam. Bu, hər adamda alınmır. Zərurətə gəlincə isə Çingiz Mütəllimovla toyda-bayramda ikimizin tandemi çox gözəl alınırdı. Düşündük ki, musiqi savadımız olmasa da, bir az da olsa səsimiz var, birlikdə maraqlı bir şey edə bilərik. Düşündük ki, musiqilərlə maraqlı mövzulara toxunaq. Düzünü deyim ki, çəkilişlərimizin belə səs küy salacağını planlaşdırmamışdıq. İlk vinemiz banklarla bağlı oldu. Sonra bəzi avtobus şoferlərinə qınaq mahnı hazırladıq. Növbəti layihələr də hazırlanır”.
Müsahibim dedi ki, bloggerlikdən əvvəl televiziyada çalışıb: "Müxtəlif janrlı seriallara çəkilmişik. Bu sahədə olan insanları da yaxından tanıyırıq. Bu gün elə bir dövrdə yaşayırıq ki, sosial şəbəkələrdəki məşhurluq televiziyaları üstələyib. Bu da bizim tanınmağımıza təkan verdi. Təkcə seriallarda yox, həm də sosial şəbəkələrdə tanınırıq. İctimai nəqliyyatdan istifadə edirik. Əvvəllər məni Həsrət obrazı ilə tanıyırdılarsa, hiss edirəm ki, indi "O bank mahnısını oxuyan oğlan” deyirlər”.
Bu, mənim üçün əyləncədir
Tanınmış videoblogger Hüseyn Əzizoğlu dedi ki, bu sahəyə maraq hazırda çox yüksəkdir: "İnsanların gülməyə ehtiyacı var. Bu ehtiyac vineları yaratdı. Hər gün daha çox insan izləyicilərimiz sırasına qatılır. Tələb-təklif məsələsidir. İzləyici artdıqca, bəyənildikcə biz də davam edəcəyik. Biz öz səhifəmizdə ailə-məişət problemlərini, gənclərin günlük yaşam tərzlərini, müxtəlif insan tiplərini və sair nümayiş etdiririk. İzləyicilər istədikləri mövzunu seçib, onu izləyirlər. Bunu görən digər gənclər də sırf tanınmaq və izləyici toplamaq üçün vinelər çəkməyə həvəslənirlər. Amma bu hər kəsdə o qədər də keyfiyyətli alınmır. İstedadlı olmasan, heç bir şeyin faydası olmur. Özünü yormağa dəyməz. Hətta mənim videolarımın şərhində izləyici axtaranlar da var”.

H.Əzizoğlu bu sahənin gəlir gətirə biləcəyini də qeyd etməyi unutmadı: "Təbii ki, bunu qazanc mənbəyi kimi istifadə etmək istərdik. Amma hazırda bu, mənim üçün əyləncədir. Daha çox tanınmaq, daha böyük kütləyə çıxmaq üçün çalışırıq. Hər şey yavaş-yavaş yaranır. Bir il bundan əvvəlki ilə indiki günlərimi müqayisə edəndə fərqi mən də görürəm. Deməli, istəyimə çatmaq üçün bacarığım var. Qarşıma məqsəd qoymuşam və buna çatmaq üçün əlimdən gələni edəcəm”.
Aktyorların bu sahəyə meyl etdiyini söyləyən müsahibimiz bildirdi ki, onlar vine ilə qısamüddətli məşğul olurlar: "Güman edirəm ki, aktyorların bloggerliklə məşğulluğu heç də davamlı olmayacaq. Mənim işim isə budur. Bütün günü yeni ssenari üzərində düşünürəm. Çünki hər gün vine paylaşmaq asan deyil. Üstəlik, keyfiyyətli olmalıdır. Onlarda isə belə bir məsuliyyət yoxdur”.
"Belə bir inkişafa təkan verdiyimiz uçun sevinirik”
Ssenarist, "Qaynana” serialında Potu, "Bir ailəm var” serialında Orxan obrazı ilə sevilən Kənan Yusifov da 3 aydır ki, bu aləmdə tanınan simalardandır. O, həmkarı Erkin Erginlə "İki başlı” adı ilə videolar hazırlayaraq, paylaşımlar edirlər. Kənan Yusifov deyir ki, bu, sadəcə olaraq izləyicilərə bir çıxış kimi anlaşılmalıdır: "Televiziyada veriliş hazırlamaq üçün ilk növbədə maddi imkanımız yüksək olmalıdır. Ancaq sosial şəbəkələr elədir ki, biz burada hazırladıqlarımızı pulsuz şəkildə milyonlara göstərə bilirik. Təbii ki, bloggerlik hamıda istənilən şəkildə alınmır. Bizim hazırladığımız videolara böyük maraq var. 3 aydır ki, fəaliyyətdəyik arıq səhifəmizin 22 min izləyicisi var. Bu özü izləyicilərin maraqlarının göstəricisidir. Videolarımıza isə 20 mindən 110 minə qədər baxış olur. Hazırladığımız videolarla nəinki ölkə daxilinə, sərhəddən kənara da çıxa bilmişik. Bizim videolarımız türk səhifələrində də paylaşılır”.

Səhifənin adına gəlincə isə aktyor deyir ki, "İki başlı” iki mənanı ifadə edir. Burada həm iki nəfər nəzərdə tutulur, həm də hazırladıqları mövzular iki başlı olur: "Layihənin ideyası menecerimiz Orxan Cuvarlıya aiddir. Erkinlə mən ssenarist və layihənin aktyorlarıyıq. Yaranma zərurətinə gəlincə isə müəyyən bir kütlənin televiziyanı izləməməsi bizim kanallara marağın azalması, müasir insanların virtual aləmə daha çox üstünlük verməsi bizi belə bir addım atmağa sövq etdi. Biz də o kütlənin istədiklərini onlara təqdim etdik. Qeyd etmək istəyirəm ki, bu işdə televiziya senzurası olmadan öz ürəyimiz istəyən materialları çatdırmaq istədik və bu layihə bizim diqqətimizi çəkdi, peşman da deyilik. Həm də bir az fərqli, daha peşəkar yanaşmanın yeri görünürdü. Maşallah, bizdən sonra bir çox vodeobloggerlər də artıq peşəkar çəkilişlər etməyə başladılar. Belə bir inkişafa təkan verdiyimiz uçun sevinirik”.

Videobloggerlikdə qazancın olduğunu da gizlətməyən K.Yusifov deyir ki, onlar reklam çarxlarını efir və kinoteatrlar üçün çəkirlər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər