• şənbə, 27 Aprel, 08:11
  • Baku Bakı 12°C

Sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır

04.12.18 09:30 909
Sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Azərbaycanda ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu sosial siyasət dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ-hüquqi bazaya söykənməsi ilə diqqət çəkir. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gətirilən ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında ölkə iqtisadiyyatı tənəzzüldən çıxdı, daxili sabitlik təmin olundu və yalnız bu tədbirlərin ardınca sosial siyasət sahəsində əhəmiyyətli addımlar atıldı.

Hər bir vətəndaşın sosial rifahına xidmət edən bu sosial-iqtisadi siyasət 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, sözügedən sahədə geniş islahatlar həyata keçirilib. Bu istiqamətdə atılan addımlar çərçivəsində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması xüsusilə diqqət çəkir. Buna daha bir misal olaraq, Prezident İlham Əliyevin cari ilin 19 aprel tarixində "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalamasını göstərmək olar. Həmin sənədə əsasən, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

Sosial ədalət və şəffaflıq tam təmin edilir
Noyabrın 14-dən başlayaraq birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla və şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Şəhid hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında sorğu verərək ödəmə almaq hüquqlarını öyrənir, ardınca da notariat kontorlarına müvafiq sənədləri təqdim edir, vərəsəlik şəhadətnaməsi əldə edirlər. Növbəti mərhələdə sənədlər notariat kontorları tərəfindən elektron qaydada nazirliyə təqdim olunur. Nazirlikdəki müvafiq işçi qrupu həmin sənədlərin təhlilini aparır. Sənədləşmə proseduru tam başa çatdıqdan sonra vərəsələrə Fərmanda göstərilən məbləğdə birdəfəlik ödəmənin verilməsinə başlanılır.

Birdəfəlik ödəmə almaq hüququ olan vərəsələr
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bununla bağlı bildirib ki, şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsəsi birdəfəlik ödəmə almaq hüququna malikdir. Nazir qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrasının yüksək səviyyədə təmin edilməsi, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesinin tam şəffaf, qanunauyğun və vətəndaş məmnunluğuna səbəb ola bilən səviyyədə həyata keçirilməsi üçün bütün səylər səfərbər olunub. Onun sözlərinə görə, şəhid hərbi qulluqçuların 99 faizinin vərəsəsi birdəfəlik ödəmə almaq hüququna malik olduğunu öyrənib. Davamlı olaraq, vərəsələrin sənədlərinə baxılır və şəhid hərbi qulluqçular üzrə vərəsələrə Fərmanda nəzərdə tutulan ödəmənin verilməsi barədə qərarlar qəbul olunur, müvafiq vəsaitlərin ödənişi prosesi davam etdirilir.

S.Babayev vurğulayıb ki, ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib: "İllər öncə şəhid hərbi qulluqçulara görə sığorta ödənişi ilə təmin edildikləri üçün yenidən birdəfəlik ödəmə almaq hüququna malik olmayanların kiçik bir qrupu da var. Həmin insanlar indiyədək heç vaxt sığorta ödənişi almadıqları iddiası ilə narazılıq bildiriblər. Bu insanlar nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul olunublar. Onlara vaxtilə ödəniş aldıqlarına dair təsdiqedici sənədlər bir daha təqdim olunmaqla, ətraflı izahat işi aparılıb”.
Sosial siyasətin məqsədləri
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblimövzu ilə bağlı mətbuata açıqlamasında deyib ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi, xüsusən də ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək qayğı göstərilməsi daim dövlətin diqqət mərkəzindədir. O bildirib ki, hər bir cəmiyyət öz inkişafına uyğun olaraq sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir: "Baş verən ictimai, iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun, mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir. Sosial siyasətin qarşısına qoyulmuş məqsədlərə nail olmaq üçün onun həyata keçirilməsi mexanizminin böyük əhəmiyyəti var. Bu mexanizmin əsas elementi iqtisadiyyatı inkişaf etdirməkdir. Çünki iqtisadiyyatda uğur qazanmadan, yüksək maliyyə imkanlarına nail olmadan sosial siyasəti lazımi səviyyədə inkişaf etdirmək mümkün deyil. Azərbaycanda ulu öndər Heydər Əliyevin müəllifi olduğu sosial siyasət cəmiyyətin hər bir fərdini əhatə edir. Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərinə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası, ailə, qadın və uşaq problemlərinə yüksək diqqət, əhalinin məşğulluğunun təmin edilməsi, uğurlu gənclər siyasəti dövlətimizin prioritetləri sırasındadır. Prezident İlham Əliyevin 19 aprel tarixli Fərmanı və bundan irəli gələn addımların atılması da qeyd etdiklərimizə daha bir nümunədir”.
Şəhid ailələrinə diqqət
Millət vəkili, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu da qəzetimizə açıqlamasında dövlət başçısının məlum fərmanını, ümumilikdə Azərbaycanda həyata keçirilən sosial siyasəti vətəndaşlara, o cümlədən şəhid ailələrinə diqqət və qayğısının növbəti təzahürü kimi qiymətləndirdi. Dedi ki, bu proses qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla şəffaf şəkildə həyata keçirilir: "Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının müəyyənləşdirdiyi bu strateji kursa uyğun olaraq reallaşdırılan məqsədyönlü dövlət siyasəti ona istiqamətləndirilib ki, ölkənin dinamik iqtisadi inkişafından əhalinin bütün təbəqələri, ələlxüsus da xüsusi qayğıya ehtiyacı olan insanlar bəhrələnə bilsinlər. Azərbaycanda cəmiyyətin ayrı-ayrı təbəqələri arasında ədalətli resurs bölgüsünü təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir və beləliklə, dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər”.
Etibarlı sosial müdafiə
Deputat H.Babaoğlu Azərbaycanda hərbi qulluqçuların, şəhid ailələrinin, müharibə əlillərinin etibarlı sosial müdafiəsinin təmin edilməsinə xüsusi diqqət göstərildiyini vurğuladı. Onun sözlərinə görə, son illərdə Prezident İlham Əliyevin məqsədyönlü siyasətinə uyğun olaraq hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə daha geniş şərait yaradıb: "Bu sahədə dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. Bütövlükdə respublikamızda dövlətin Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğısı davamlı və çoxşaxəli səciyyə daşıyır. Son 15 ildə Prezident İlham Əliyev Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına yönələn bir neçə fərman və sərəncam imzalayıb. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli sərəncamı Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Sərəncama uyğun olaraq, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət vəsaiti hesabına hər cür rahatlığa malik mənzillər verilir. Ölkəmizdə müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə dövlət vəsaiti hesabına minik avtomobillərinin verilməsi də ənənə halını alıb. Respublikamızda müharibə əlillərinə, şəhid ailələrinə minik avtomobilləri, mənzillər verilməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Son 20 il ərzində ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, altı mindən çox minik maşını verilib ki, bu da dövlətin müvafiq kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Bu siyasət eyni ardıcıllıqla bu gün də davam etdirilir”.
Humanist siyasətin bariz nümunəsi
Quba rayonunun Birinci Nügədi kəndinə yaşayan şəhid anası Qalina Şirinbəyova da şəhid ailələrinin dövlətimizin diqqət və qayğısına sığındığını dilə gətirib. O, "Azərtac” vasitəsilə Prezident İlham Əliyevə şəhid ailələrinə və bu kateqoriyadan olan digər şəxslərə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib. Qeyd edib ki, 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının bariz nümunəsidir: "Oğlum Pərviz Şirinbəyov 1993-cü ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Onunla bərabər digər üç qardaşı da Vətənimizin müdafiəsi uğrunda silaha sarılmışdı. Əlbəttə, hər bir ana üçün oğul itkisinə dözmək çətindir. Şəhidlər qanlı döyüşlərə atılanda hər hansı maddiyyat haqqında düşünməyiblər. Onlar Vətənlərini azğın düşməndən müdafiə etmək üçün canlarından keçiblər. Şəhidlər, o cümlədən oğlum Pərviz xalqımızın yaddaşında daim yaşayacaq. Prezident İlham Əliyevin Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsi dövlətimizin bizə qayğısıdır. Fərmanda qeyd olunan 11 min manat vəsait tam şəffaf şəkildə mənim də hesabıma köçürüldü. Bununla yanaşı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün evlər tikilir, onların problemlərinin həllinə həssaslıqla yanaşılır. Mən düşmən tapdağı altında olan torpaqlarımızın Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad olunacağına inanıram”.
Dövlətin qayğısı
1993-cü il iyulun 28-də Gədəbəy döyüşlərində şəhid olan hərbi qulluqçu Sərdar İbrahim oğlu Məmmədovun qardaşı Sədi Məmmədov da Azərbaycan Prezidentinə şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsinə görə minnətdarlığımı bildirib, bunu dövlətin qayğısı kimi qiymətləndirib. S.Məmmədov həmin vəsaitin hesabına köçdüyünü və aldığını söyləyib.

Sonda bir daha vurğulamaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan, bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısının 2018-ci il 19 aprel tarixli Fərmanı və ondan irəli gələn məsələlərin həlli də bu siyasətin davamı olmaqla, Azərbaycan Prezidentinin humanistliyinin, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının bariz nümunəsidir.
Bəxtiyar MƏMMƏDLİ
Yazı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

banner

Oxşar Xəbərlər