Sosial-iqtisadi inkişafı göstərən ən etibarlı vasitə - Fotolar

Sosial-iqtisadi inkişafı göstərən ən etibarlı vasitə - Fotolar

İqtisadiyyat
02 Oktyabr 2019, 10:00 503
Əhalinin iqtisadi ehtiyacları və davranışları ictimai həyatın müxtəlif mərhələlərində fərqlənir və onların yaş-cins strukturunda baş verən dəyişikliklər ölkənin ümumi iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqların və gənclərin sağlam mühitdə formalaşması səhiyyə və təhsil sahələrinə investisiyaları tələb edir. Buna görə də əhalinin sayı, tərkibi və məskunlaşması, eləcə də artım tendensiyası haqqında məlumatlar mühüm iqtisadi, siyasi və elmi əhəmiyyət kəsb edir. Bu məqsədlə əhali haqqında ən dolğun məlumatlar məhz əhalinin siyahıyaalınmasından əldə edilir. 

Sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu

Ona görə də oktyabrın 1-dən 10-dək Azərbaycanda əhalinin növbəti - müstəqillik dövründə sayca üçüncü dəfə siyahıyaalınması aparılacaq. Siyahıyaalınma Prezident İlham Əliyevin 2016-cı il 7 sentyabr tarixli Fərmanına əsasən icra olunur. Ölkənin hər bir inzibati ərazi vahidi üzrə təşkilati plan tərtib edilib, yerli icra hakimiyyətləri ilə razılaşdırılaraq Dövlət Statistika Komitəsi tərəfindən təsdiqlənib. Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb ediləcək işçilərə olan tələbat müəyyənləşdirilib. Qeyd edək ki, Azərbaycanda müəyyən edilmiş sosial-iqtisadi siyasət kursuna uyğun qərarların qəbulu üçün statistik məlumatlara olan tələbat nəzərə alınmaqla siyahıyaalma və sorğu vərəqələri hazırlanıb, digər metodoloji sənədlər təsdiqlənib. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkə daxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və sair mühüm göstəricilər üzrə suallar öz əksini tapıb. Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub.
 


Əhatəliliyinə və miqyasına görə fərqlənir

İlk olaraq belə bir sual yaranır ki, 3-cü dəfə keçirilən əhalinin siyahıya alınması əvvəlkilərdən nə ilə fərqlənəcək? Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, siyahıyaalmanın fərqli cəhətlərini göstərmək üçün hesab edirəm ki, ilk növbədə sorğu vərəqələrinin müqayisəli təhlillərinin aparılması daha düzgün olardı: "Belə ki, 1999-cu ildə keçirilmiş əhalinin ilk siyahıyaalınmasında tərtib edilmiş sorğu vərəqəsində 17 sual və siyahıyaalma vərəqəsində 4 sual olmaqla cəmi 21 sual qeyd edilmişdir, 2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasında 29 sual sorğu vərəqəsində və 6 sual siyahıyaalma vərəqəsində olmaqla ümumilikdə 35 sual öz əksini tapmışdır. Cari siyahıyaalmada isə sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapmışdır. Bu siyahıyaalmada suallar öz əhatəliliyi, miqyasına görə keçirilmiş digər iki siyahıyaalmada tərtib olunmuş suallardan fərqlənir. Belə ki, bu il keçiriləcək siyahıyaalmada əvvəlki iki siyahıyaalmadan fərqli olaraq, suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı suallar öz əksini tapmışdır”. 
 


Əlillərin sosial müdafiəsi, inteqrasiyası ilə bağlı dövlət siyasəti

T. Budaqov qeyd edib ki, bu suallarda ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək: "Bu da öz növbəsində, əlillərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinin inkişafı üçün zəruri məlumatlara olan tələbatın ödənilməsi səviyyəsini artıracaq. Bununla yanaşı, əldə ediləcək məlumatlar Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq konvensiyalar, o cümlədən BMT-nin "Əlillərin hüquqları haqqında” Konvensiyası çərçivəsində götürülmüş öhdəliklərin milli səviyyədə icrasının daha dolğun statistik qiymətləndirilməsinə və beynəlxalq təşkilatlardan daxil olan əhalinin bu kontingentinə dair sorğuların əhatəli cavablandırılmasına imkan verəcək”.   
 


Ciddi və məsuliyyətli yanaşılarsa…

Əvvəlki siyahıya alınma ilə builkinin fərqindən danışarkən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elmira Axundova qeyd edir ki, həmin dövrlərdə prosesə formal yanaşma olub: "Əhalinin siyahıya alınması mühüm və çətin prosesdir. Düşünürəm ki, bu iş çətinliklə başa gələcək, əgər formal olmasa. Çünki 10 il əvvəl də siyahıyaalınma zamanı məsələyə formal yanaşılıb. Məsələn, mənim evimə gələn, siyahıya alan olmadı. Digər tərəfdən, unutmamalıyıq ki, əhalinin bir hissəsi bölgələrdədir və bu danılmaz faktdır ki, həmin əhalinin bir qismi də iş üçün ya Rusiya, ya İran, ya da Türkiyədədirlər. Maraqlıdır, onların siyahıya alınması necə olacaq? Ona görə bu məsələyə ciddi yanaşmaq, hər bir detalı nəzərə almaq lazımdır. Şəxsən mənə həqiqətən maraqlıdır ki, bizim milli tərkibimiz necədir, biz kimik, kimlərdən ibarətik? Düşünürəm ki, bu siyahıyaalınma prosesindən sonra xalq olaraq özümüzü daha yaxşı tanıyacağıq. Təbii ki, işə ciddi və məsuliyyətli yanaşılarsa”. 

Millət vəkilinin ölkə xaricində olan vətəndaşların siyahıya alınması məsələsinə toxunması ilə ortaya maraqlı sual çıxır. Bəs, xaricdə yaşayan həmyerlilərimizin siyahıya alınması necə olacaq?
 
 

Bəs, xaricdə yaşayan soydaşlarımız?

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirir ki, bu proses Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən aparılacaq: "İşləmək, təhsil almaq və digər məqsədlərlə xarici ölkələrdə yaşayan vətəndaşlarımızın və onlarla yaşayan ailə üzvlərinin siyahıyaalınması "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına əsasən Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən aparılacaq”. 

Maraqlıdır, sözügedən prosesin siyasi, iqtisadi və sosial baxımdan mahiyyəti nədir, növbəti mərhələdə nə kimi əhəmiyyəti olacaq? 
 


Milli kimlik məsələsinin həlli

Siyasi şərhçi Azər Həsrət deyir ki, siyahıyaalma hər şeydən öncə insanların sayının müəyyənləşdirilməsi, statistikanın ortaya qoyulması ilə bərabər milli kimlik məsələsinin də həll edilməsində mühüm rol oynayır. Bu gün Ermənistanın ərazisində bir vaxtlar türklərin yaşaması ilə bağlı məlumatları biz haradan əldə edirik? Təbii ki, keçmiş statistikalardan. Düzdür, indiki qədər elmi əsaslarla aparılan iş olmayıbsa da, o dövrdə əldə olan statistikaya əsaslanıb əminliklə deyə bilirik ki, İrəvan şəhərinin özündə belə ermənilər həmişə azlıqda olublar, gəlmədirlər. Bunların hamısı siyahıyaalmaların nəticəsidir. İndiki dövrdə Azərbaycan, əlbəttə ki, inkişaf etmiş, yeni demokratik dövlət olaraq özünün bugünkü gününü, çağdaş durumunu sənədləşdirilməlidir. Bu baxımdan, siyahıyaalınma önəmlidir. Burada əhalinin tərkibindən tutmuş ayrı-ayrı etnik ünsürlər, insanların yaşayış vəziyyəti, həyat şəraiti və s. məsələlər öz əksinmi tapır. Bütün bunlar birbaşa vətəndaşın öz dilindən eşidilərək qeydə alınır. Yəni bu, artıq hansısa manipulyasiyalara yer qoymur. Ümumilikdə isə Azərbaycanın bu gününün gələcək üçün rəsmiləşdirilməsi, siyahıyaalması çox mühüm məsələdir. Ən azından ona görə ki, əvvəllər ermənilər çıxıb boş-boş iddialarla üstümüzə gələndə biz onların qarşısına tarixi sənədlərini qoyduq. Gələcəkdə də bu cür hərəkətlər olacağı təqdirdə Azərbaycan özünün sənədləşdirilmiş rəsmi dəlillərini ermənilərin də, başqalarının da qarşısına qoya biləcək”. 
 


Məhsuldar işçi qüvvəsinin müəyyənləşdirilməsi
 
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə əhalinin siyahıya alınmasının məhsuldar işçi qüvvəsinin müəyyənləşdirilməsində mühüm rol oynayır: "Bu, əhalinin sayının, təbii artım tempinin müəyyənləşdirilməsi baxımından vacibdir. Sözügedən prosesdə digər bir vacib məqam strukturun müəyyən edilməsidir. Xüsusilə gənclərin və digər yaş kateqoriyasından olanların sayının bilinməsi baxımından vacibdir. Əhalin siyahıya alınması həmçinin iqtisadi əhəmiyyət daşıyır. Çünki burada məhsuldar işçi qüvvəsinin müəyyənləşdirilməsindən, Bakı və bölgə üzrə necə paylanmasından söhbət gedir. Bu da fərqli regionlarda və sektorlarda ixtisaslı kadra olan tələbin öncədən müəyyənləşdirilməsinə və ödənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsinə kömək edəcək. Siyahıyaalma həmçinin urbanizasiya prosesinin də hansı səviyyədə olmasını bəlli edir. Nəticə etibarı ilə hansısa istiqamətdə problem varsa, dövlət bu prosesin nəticələrindən istifadə etməklə həmin problemlərin qısa zamanda həllinə çalışır”.
 

 
Sosial-iqtisadi inkişafının ən yaxşı göstəricisi
 
"Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, hüquqşünas Mayis Əliyev qeyd edir ki, siyahıyaalma bütün ölkələrdə tətbiq edilən və əhalinin tərkibinin öyrənilməsi ilə bağlı ən etibarlı vasitələrdən biridir: "Miqrasiya prosesinin genişləndiyi bir dövrdə əhalinin bir yerdən başqa yerə köçməsi, ailələrin tərkibi, strukturu, gəlirlərinin tərkibinin öyrənilməsi baxımından müasir dövr üçün əhalinin siyahıyaalınması olduqca əhəmiyyətlidir. Ümumiyyətlə, əhalinin sosial-iqtisadi inkişafının ən yaxşı göstəricisi məhz siyahıyaalınmadır. İlk növbədə əmək bazarının planlaşdırılması, əhalinin məşğulluğunun təmin edilməsi baxımından bu proses mühüm əhəmiyyət kəsb edir. Siyahıyaalınma zamanı verilən suallar mənzil probleminin aydınlaşmasına, bu sahədə olan problemlərin həllinə zəmin yaradacaq. Həmçinin hansı sahələrə daha çox investisiya qoyulmasını müəyyənləşdirməkdə böyük rol oynayacaq. Digər tərəfdən işçi qüvvəsinin peşə üzrə təsnifatlaşmasına da təsirsiz ötüşməyəcək. Siyahıyaalma həmçinin vergi ödəmələrinin, istehlak səbətinin tərkibinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır”. 
 
Günel Azadə 
 
Yazı Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinə təqdim edilir