Sosial ədaləti təmin edəcək qərar
Bu
günlərdə Prezident İlham Əliyev Əmək, məşğulluq, sosial müdafiə və sosial
təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında
fərman imzalayıb. Azərbaycanda modern və çevik idarəetmənin təmin edilməsi,
dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya
şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə göstərilən
xidmətlərin elektron qaydada həyata keçirilməsi istiqamətində əhəmiyyətli işlər
görülüb. Bununla belə, vətəndaşlara xidmət göstərilməsində şəffaflığı və
operativliyi təmin etmək üçün əmək, məşğulluq, sosial müdafiə və sosial təminat
sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, müvafiq informasiya
sistemlərinin formalaşdırılması, informasiya texnologiyalarının tətbiqi ilə
innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və
süründürməçilik hallarının qarşısının alınması yönündə bir sıra əlavə
tədbirlərin görülməsinə zərurət var.
Fərmanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri
əsasında "Mərkəzləşdirilmiş elektron informasiya sistemi” (MEİS) yaradılması
qeyd edilir. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə
razılaşdırmaqla üç ay müddətində MEİS haqqında əsasnamənin və portal haqqında
əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək
tapşırılıb.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib
Məmmədovbildirdi
ki, fərman əhalinin dövlətin sosial təminat
sahəsindəki xidmətlərinə çıxışını daha da
asanlaşdırılacaq: "Bu
yaxınlarda prezident Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
nəzdində DOST agentliyinin yaradılması haqda fərman vermişdi. Həmin fərmana
görə, nazirliyin göstərdiyi bütün xidmətlərin, o cümlədən əmək, məşğulluq,
sosial təminat, əlilliyin təyin olunması xidmətlərin həmin agentlik vasitəsi
ilə həyata keçirilməsi nəzərdə tutulub. Həmin fərmandan irəli gələrək xidmətlər
əsasən internet üzərindən və onlayın qaydada həyata keçirilir. Bu günlərdə
prezidentin imzaladığı bu fərman isə əslində yaxın gələcəkdə yaradılacaq olan
DOST agentliyinin fəaliyyətinin elektron şəkildə təminatını daha da
yaxşılaşdırmaq məqsədi daşıyır. Sistemin əsasnaməsi 3 ay müddətində təsdiq
olunmalıdır. Bundan başqa, bu müddət ərzində portalın hansı qaydada fəaliyyət
göstərəcəyinə dair sənəd təsdiq olunmalıdır. O cümlədən, qanunvericiliyə
müvafiq qaydada dəyişikliklər ediləcək. Məsələn, elə qaydalar var ki, orada
internet üzərindən xidmətlər nəzərdə tutulmayıb. Bu mənada həmin qanunvericilik
aktlarına müvafiq dəyişikliklər ediləcək. Qeyd etdiyim kimi, bütün bunlar üçün
prezident üç ay müddət təyin edib. Hazırda yüz minlərlə insan Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin xidmətlərindən istifadə edir. Bu xidmətlərin hər
biri ayrı-ayrı idarələrdə həyata keçirilir. Əsas məqsəd bütün bu xidmətləri
vahid pəncərədə cəmləşdirmək və bu xidmətlərin internet vasitəsi ilə həyata
keçirilməsini təmin etməkdən ibarətdir. Düşünürəm ki, fərman əhalinin dövlətin
sosial təminat sahəsindəki xidmətlərinə çıxışını asanlaşdıracaq və korrupsiya
halları tamamilə aradan qaldırılacaq. Çünki birbaşa ünsiyyət aradan qaldırılır”.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyev söylədi
ki, son illər prezidentin rəhbərliyi altında sosial
sahədə ciddi islahatlar aparılır: "Aparılan islahatların tərkib hissəsi olaraq
əhalinin sosial müdafiəsi, səhiyyə, təhsil sahələrində dünyanın ən innovativ
təcrübələri öyrənilərək Azərbaycanda tətbiq edilir. Bu mənada dövlət başçısının
imzaladığı bu fərman Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti
ilə bağlı əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bürokratiya
hallarının aradan qaldırılması, rüşvətxorluq və süründürməçiliyin tamamilə
sıfra endirilməsi, o cümlədən göstərilən
xidmətin operativ və çevikliyinin daha da artırılması məqsədi daşıyır. Dünyanın
aparıcı və inkişaf etmiş ölkələrində bu sistemlər tətbiq olunur. Sosial
xidmətin elektronlaşdırılması ilk növbədə vətəndaşın məmurla ünsiyyətinin
azaldır və hesab edirəm ki, məhz bu amil neqativ halları aradan qaldıracaq.
Digər tərəfdən, elektron qaydada xidmətlərin tətbiqi ilə hər iki tərəfin
vaxtına qənaət ediləcək. Bununla yanaşı, qeyd etdiyim ki, elektron xidmət
görülən işlərin keyfiyyətinin və mədəniyyətin yüksəldilməsinə yönələn bir
addımdır. Bütövlükdə götürdükdə, son dövrlərdə Azərbaycanda elektron hökumətin
qurulması istiqamətində işlər aparılır. Bu sahədə aparılan islahatlar hökumət
quruculuğunun tərkib hissəsi kimi qəbul edilə bilər. İşədüzəlmə, sosial
yardımların alınması, pensiya və müavinətlərin təyinatı, əlilliyin
ekspertizası, əlillərin reabilitasiyası və onlara göstəriləcək sosial
inteqrasiya ilə bağlı xidmətlərin keyfiyyətini yüksəltmək üçün bu işlər
görülür. Daha əvvəl ölkə başçısının fərmanına əsasən DOST agentliyi yaradıldı.
Həmçinin əməyin mühafizəsi fondunun yaradılması ilə bağlı işlər aparılır. Sonuncu
fərmana əsasən, xidmətin elektronlaşdırılması əhali tərəfindən də böyük
məmnunluqla qarşılanır. Çünki 21-ci əsr elektron xidmət dövrüdür. Hesab edirəm
ki, bu fərmandan irəli gələn məsələlər qısa müddətdə həll olunacaq. Gələcəkdə
qanunvericiliyə müvafiq dəyişikliklərin ediləcəyi də istisna deyil. Görülən bu
işlər sosial ədalətin təmin olunmasında böyük rol oynayacaq”.
Şəbnəm Mehdizadə