• cümə axşamı, 18 aprel, 06:14
  • Baku Bakı 12°C

Sonra da “pulumuz yoxdur” deyib ağlayırıq...

18.07.19 09:30 41956
Sonra da “pulumuz yoxdur” deyib ağlayırıq...
Düşüncənin gücünə inanır. Deyir ki, hər şey düşüncədən başlayar, düşüncədə yaradılar və düşüncənin məhsulu olaraq inkişaf edər. O, "kasıb doğulmaq sənin günahın deyil, amma kasıb ölmək sənin günahındır” fikrini şüuraltı ilə əlaqələndirir. Yəni ona görə, kasıb olsaq belə, gərdişi dəyişərək maddi vəziyyətimizi yaxşılaşdıra bilərik.Müsahibimiz "Peace Revolution”un Azərbaycandakı nümayəndəsi, Azərbaycanda ilk onlayn meditasiya kursunun mentoru, "Joy Studio” mərkəzinin rəhbəri, psixoloq Leyla Qasımovadır.
Çoxumuz düşüncənin gücünün fərqində deyilik. Halbuki araşdırmalara görə, bu qüvvə hər bir insanda mövcuddur . Sadəcə bəzilərimiz bu gücü hiss edərək istifadə edə bilirik. Məsələn, özündən əmin və bacarıqlı insanların işləri daha yolunda, rahat gedir. Bu, uşaqlarda da belədir. Psixoloq Rocer Ellerton deyirdi ki, fərqli düşünməyə başlamadıqca, hər gün köhnə reallığımızı yaratmaq və onu yaşamaq qismətimiz olacaq.
- Leyla xanım, şüuraltı nədir və o necə təmizlənir?
- Şüur və şüuraltı fərqli anlayışlardır. Şüur odur ki, sən orada etdiklərinin fərqindəsən. Şüuraltı isə arxa planda olan, lakin həyatına birbaşa təsir edən qüvvədir. Məsələn, mən hazırda taksidə gedirəm. Şüurum sürücünü görür. Şüuraltım isə sürücü ilə birlikdə, güzgünü, ağacı və ətrafı görür. Amma mən onun fərqində deyiləm. Şüuraltı, fərqində olmadığımız şeylərin bir növ yığınıdır. Onun xüsusi təmizlənmə qaydası yoxdur. Ancaq suallarla təmizləmək mümkündür. Məsələn, mən sizin şüuraltınızı təmizləmək istəyirəmsə, heç vaxt yol göstərə bilmərəm. Suallar verərək, şüurun görmədiklərini açırıq. Təmizlənmənin birinci yolu fərqində olmaqdır. Həqiqətən düşüncələrinin fərqində olmalısan. Məsələn, pul haqqında düşünürsənsə, sən fərqində olmalısan ki, pul sənin üçün nədir? Pula yanaşman necədir? Pulun da bir enerji olduğunu bilirsənmi? Çox vaxt insanın şüur altında "mən kasıbam” düşüncəsi olur. Birbaşa soruşanda deyir ki, xeyr, elə düşünmürəm. Amma suallarla açdıqdan sonra məlum olur ki, o düşüncə şüuraltına yerləşib. Pasient özü də təəccüblənir ki, həqiqətən belədir. Şüuraltında var və bu onun işinə təsir edir, lakin özü də bilmir ki, onu narahat edən nədir?
- Bəs kod açmaq nədir? İnsan beynində kodlar necə açılır?
- Bir şeyi əldə etmək istəyirsən, amma edə bilmirsən. İçində sənin istədiyini istəməyən, müqavimət göstərən tərəfini tap və onun düyününü aç. O bunu niyə istəmir, inanmadığı nədir? Müqavimət göstərən tərəfini ortaya çıxarandan sonra kod açılır. Bizim bir fiziki bədənimiz var. Cəmiyyət olaraq da düşünürük ki, bir şəxsiyyətə sahibik. Lakin bu belə deyil. Bədənimiz birdir, amma müxtəlif şəxsiyyətlərə sahib ola bilirik. Məsələn, bəzən özümüz də deyirik ki, bu məsələdə bir tərəfim belə düşünür, digər tərəfim fərqli. Bir tərəfin istəyir ki, çoxlu pul qazanasan. Digər tərəfin deyir ki, əsas odur, sənə kifayət edəni qazanasan. Pasientin şüuraltını açanda belə bir kod görürsən ki, 3 yaşı olanda qonşusu birdən birə varlı olub və harınlayıb. Bu da onun şüuraltnda qalıb. Ona görə də, çox pul qazanmaqdan qorxur. Kodu açmaq həmin düşüncənin fərqində olmaqdır. Düşüncənin fərqində olduqdan sonra şüuraltı onsuz da təmizlənir.
- Bəs həqiqətən pul da enerjidir? Şüuraltını təmizləməklə gəlirlərimizi artıra bilərik?
- Ətrafımızdakı hər şey enerjidir. Oturduğumuz stol, stul, ətrafda gördüyümüz bütün əşyaların təməlində enerji var. Əşyalar passiv enerjilərdir. Pul isə canlıdır. İnsanın duyğu və düşüncələri ilə birbaşa əlaqəlidir. Çoxumuzun pul haqqında düşüncələrimiz eynidir. "Ayın sonuna çatdıra bilmirəm”, "pul əl çirkidir”, "pul məni tapmaz” kimi neqativ fikirlərlə pulun enerjisinə zərər veririk. Bizim pulla bağlı etdiyimiz ən böyük səhv, ona əşya kimi baxmaq və pula yüklədiyimiz mənaların fərqində olmamaqdır. Pulun əl çirki olduğunu düşünürük və bunu tez-tez dilə gətiririk. Sonra da "pulumuz yoxdur” deyib ağlayırıq. Əgər düşünürsənsə ki, pul əl çirkidir, onda pul sənə niyə gəlsin? Hansısa zəngin insan pula əl çirki kimi baxmır. Ona qiymət verir. Sən səni istəməyən dostunun yanına getmirsənsə, pul da ona çirk kimi baxanda sənə gəlməz. Rahat olsan və düşüncələrin təmiz olsa, bütün istədiklərin həyata keçəcək. Özündə olan problemin fərqində olmaq belə, məsələni 50 faiz həll edir.
- Hər dəfə deyirlər ki, pul ehtiyacı olana yox, pulu olan adamı sevir və ona gəlir. Çünki kasıb, elə pulu çətin əldə etdiyi üçün kasıbdır.
- Bəli. Çünki varlı bolluq düşüncəsindədir və rahatdır. Kasıbın isə pula qarşı müqaviməti var. Hətta bəzi insanlar var ki, pula əhəmiyyətsiz vasitə kimi baxırlar. Bu, düzgün yanaşma deyil. Bu zaman pul sizin ətrafınızda fırlanar, amma gəlməz. Şüuraltında da pulu sevin və əhəmiyyətini dərk edin.
- Leyla xanım, bəs şüuraltımız nə vaxtdan "çirklənməyə” başlayır?
- Ana bətnində olandan. Ana nə hiss edirsə, uşaq da onu hiss edir. Tam dəqiq deyə bilmərəm, bu, yaddaşa yazılır ya yox, amma birbaşa təsiri var. Həyatımız 4 sahəyə bölürük. Fiziki, psixoloji, sosioloji və karyera. Bu 4 sahədə də uşaqlıqdan proqramlarımız olur. Məsələn, 3 yaşın var və oyuncaqlarla oynayırsan. Dünya vecinə deyil. Ananın rəfiqəsi gəlir və deyir ki, oğlum iş tapa bilmir, Azərbaycanda iş tapmaq çətindir. Ana da təsdiqləyir. Normalda insan düşünər ki, bu uşaq bu yaşda başa düşməz. Axı bizim ağ kağız kimi eqomuz var... O, bizə bələdçidir. Şüuraltı, uşaqlarda ana bətnində 8 yaşına qədər açıq olur. Böyüklərdə isə demək olar ki, həmişə açıqdır, amma bəzi aktiv vaxtları var ki, o zaman daha sürətli işləyir. Məsələn, biz yuxuya gedəndə və səhər yuxudan oyananda şüuraltımız aktivdir. Uşaq dünyaya gəlir və həyatı valideynlərindən, ətrafından öyrənməyə başlayır. O zamandan hadisələr şüuraltına yazılır və uşağın özünün düşüncələri, qaydaları formalaşır. Məsələn, ata bir dəfə yanında deyir ki, şərikim mənə filan qədər pul atdı. Yaxud pul dostları düşmən etdi. Uşaq avtomatik olaraq fikirləşir ki, deməli, pul müsbət varlıq deyil. Kiçik görünən bu nüanslar bütün həyatımıza təsir edir.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər