• şənbə, 27 Aprel, 06:14
  • Baku Bakı 12°C

“Son seçkilər müxalifətin sonu idi»

07.02.14 08:49 1248
“Son seçkilər müxalifətin sonu idi»
Son 10 il ərzində Azərbaycanın hansı sürətlə inkişaf etdiyi hər bir vətəndaşımızın, o cümlədən ölkəmizlə maraqlanan əcnəbilərin gözü qarşısında baş verib. Azərbaycan iqtisadi inkişaf tempinə görə bu 10 il ərzində daim dünya liderləri sırasında öz yerini qorumağı bacarıb.
Bu fakt dünyanın aparıcı analitik mərkəzləri tərəfindən də dəfələrlə təsdiqlənib. Əlbəttə ki, həm iqtisadi, həm də digər sahələrdə inkişaf ölkəmizin beynəlxalq səviyyədə qüdrətinin artmasına gətirib çıxarır. 10 il ərzində aparılmış uğurlu siyasətin nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma üzv olmaqla və eyni zamanda bu quruma sədrlik etməklə mühüm tarixi nailiyyətə imza atdı. Eyni zamanda Azərbaycan inkişaf etmiş Avropa cəmiyyətinin üzvü kimi qitənin bir sıra mədəni, humanitar, idman tədbirlərinə ev sahibliyi etmək statusu qazandı.
Eyni zamanda ölkəmiz ötən 10 il ərzində müasir qərb dəyərlərinin mənimsənilməsi, demokratik-hüquqi dövlət quruculuğu sahəsində ciddi nailiyyətlər qazandı. Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının hərtərəfli inkişafı üçün şərait yaradıldı. Bütün bunlar isə əlbəttə ki, prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində mümkün olub. Dövlət başçısının da dediyi kimi, Azərbaycan tarixində heç vaxt indiki qədər güclü olmayıb.
Lakin sirr deyil ki, Azərbaycan dövlətinin uğurları bir sıra daxili və xarici qüvvələrin ürəyincə deyil. Məlum olduğu kimi, aparılan siyasətin uğurları artdıqca xalqın prezidentinə inamı da artır, xalq-dövlət, xalq-prezident həmrəyliyi güclənir. Bu da daxili ənənəvi radikal qüvvələri narahat edir. Çünki belə bir şəraitdə onların destruktiv nağıllarına dəstək verəcək insanlar tapılmır. Bu cür situasiya hazırda da müşahidə edilməkdədir. Belə ki, dövlətin qüdrətləndiyi bir şəraitdə keçirilmiş son prezident seçkiləri hər kəsin gözü qarşısında radikal qüvvələrin növbəti ağır məğlubiyyəti ilə nəticələndi. Çünki prezident İlham Əliyev və onun komandası radikal müxalifət kimi, xalqla yalnız seçkidən-seçkiyə deyil, daim təmasda olur, onun problemlərinin həllinə səy göstərir.
Ölkəmizin güclənməsi, beynəlxalq nüfuzunun artması, dünyanın qüdrətli dövlətləri ilə bərabərhüquqlu qurulan ikitərəfli münasibətlər, cəsarətli xarici siyasət, hərbi qüdrətin artması və s. insanların diqqətindən yayınmır. Görülən işlər, əldə olunan uğurlar siyasi cəhətdən yetkin Azərbaycan xalqı tərəfindən qiymətləndirilir. Həmçinin dövlət başçısının dövlət idarəçilik sistemində həyata keçirdiyi struktur islahatları, kadr dəyişiklikləri, korrupsiya ilə mübarizə istiqamətindəki qətiyyətli addımlar da xalq tərəfindən müsbət qarşılanır və ona etimadı artırır. Dövlət başçısının xüsusilə də rüşvətxorluq və korrupsiya ilə bağlı prinsipial mövqeyi daha çox diqqəti cəlb edərək vətəndaşlarda rəğbət yaradır. Halbuki, bu gün ölkədə rüşvət və korrupsiyanın baş alıb getdiyini iddia edənlərin hakimiyyətdə olduqları müddətdə hansı hoqqalardan çıxdıqları xalqın yadından çıxmayıb.
Bir sözlə, hazırda aparılan uğurlu siyasətin xalq tərəfindən dəstəkləndiyi danılmaz gerçəklikdir. 9 oktyabr prezident seçkiləri öncəsi və ondan sonrakı dövrdə prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə qarşı aparılan qarayaxma kampaniyasının uğursuzluğu və əks-effekt verməsi bir daha Azərbaycan xalqının öz seçimini, yolunu düzgün müəyyənləşdirdiyini göstərdi.
Yuxarıda qeyd etdiyimiz kimi, prezident İlham Əliyevin nüfuzunun artması və Azərbaycan dövlətinin güclənməsi bir sıra xarici qüvvələri də narahat edir. Çünki qüdrətlənən Azərbaycana öz mövqelərini diktə etməkdə çətinlik çəkirlər. Azərbaycan gücləndikcə öz maraqlarını daha da ciddi qorumağı bacarır. Bu isə onlarda qıcıq doğurur. Belə bir şəraitdə həmin xarici qüvvələr ölkə daxilindəki «beşinci kalon»un- radikal müxalifətin «xidmətlər»indən istifadə etməyə cəhd göstərirlər. Əlbəttə ki, iqtidara daim düşmən münasibətdə olan Azərbaycan müxalifəti də bu «missiya»nı həvəslə öz üzərinə götürməyə çalışır. Azərbaycan xalqı bu cür «xəyanət»lərlə dəfələrlə üzləşib. Belə bir hal 2012-ci ildə «Avroviziya» musiqi yarışması öncəsi də baş vermişdi. Musiqi yarışmasından istifadə edərək ölkəmizin beynəlxalq nüfuzunun ləkələnməsinə çalışan xarici qüvvələrə daxili radikallar da cani-dildən dəstəkçi olmuşdular. Bu tip çirkin kampaniya 9 oktyabr prezident seçkiləri öncəsi və sonrası da bir müddət xarici qüvvələr tərəfindən körükləndi. Lakin bütün bu oyunlar sonda Azərbaycan xalqının qələbəsi ilə başa çatdı.
Növbəti dəfə xalqın böyük dəstəyini qazanan prezident İlham Əliyev 10 il ərzində uğurla həyata keçirdiyi siyasətini növbəti beş illikdə də davam etdirmək iradəsini ortaya qoyur. Dövlət başçısı ölkədə bütün sahələrdə islahatlar kursunu davam etdirir. Ölkə həyatının bütün sahələri, seqmentləri inkişaf edir, dəyişir, yeniliklərə uyğunlaşır. Bu, istər-istəməz cəmiyyət həyatına, siyasi sistemə də öz təsirini göstərməlidir. Lakin nədəndirsə, ötən 20 illik müddət ərzində radikal müxalifət düşərgəsi öz ətalətini qoruyub saxlamağı bacarır. Simalar taktikalar, mübarizə metodları dəyişməz qalır. Bu, 20 ildə radikalların yeganə «uğur»u hesab oluna bilər.
Ötən seçkilərdə almış olduqları ağır məğlubiyyət isə onların bu ətalətinin hələ davam edəcəyinə işarə olmaqla yanaşı, nə vaxtsa dirçələcəkləri ehtimalına yer qoymur. Hətta xarici dəstək olsa belə.
Radikal müxalifətin mövcud durumuna, onun antimilli fəaliyyətinə ən mükəmməl qiyməti isə dövlət başçısı İlham Əliyev fevralın 5-də “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda çıxışında verib: “Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkiləri də bunu göstərdi. Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçkilər də göstərdi. Son seçkilər müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi”.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər