• cümə, 26 Aprel, 12:16
  • Baku Bakı 23°C

“Son hadisələr birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədardır”

01.07.15 11:48 2630
“Son hadisələr birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədardır”
Ermənistanda iyunun 20-dən başlayan etiraz aksiyaları hələ də davam edir. Ermənilər elektrik enerjisinin qiymət artımına etiraz edirlər. “Kaspi” qəzeti Ermənistanda baş verən son hadisələr haqqında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.
- İrəvanda hökumət əleyhinə keçirilən mitinqləri necə qiymətləndirirsiz?
- Ermənistanda belə bir böyük hadisənin baş verəcəyi ehtimal edilirdi. Çünki Ermənistan iqtisadiyyatı və ölkədəki sosial vəziyyət bərbad gündədir. Bu ölkə iqtisadi islahatlar keçirmək üçün heç bir resursa malik deyil. Əgər elektrik enerjisinin qiyməti artırılmasaydı, yenə də ermənilər başqa səbəblərə görə küçələrə axışacaqdılar. Ermənilərin vəziyyəti çox pisdir. Bütün bunlar Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin nəticəsidir. Hətta baş verən son hadisələr birbaşa Ermənistanın işğalçılıq siyasəti ilə də əlaqədardır. Ermənilər bu siyasətlərindən əl çəkəcəkləri təqdirdə Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşacaqdı. Ermənistan regional layihələrdə iştirak edəcəkdi. Gürcüstanın bu layihələr hesabına əldə etdiyini vəsaiti Ermənistan qazana bilərdi. Lakin hələ də Ermənistan dövləti işğalçı siyasətindən əl çəkmək fikrində deyil. Prezident İlham Əliyevin vurğuladığı kimi, Ermənistan dövləti bu siyasətdən əl çəkməyənə qədər regional layihələrdə iştirak etməyəcək. Həmçinin Ermənistan bütün fabrik və zavodlarını ucuz qiymətə Rusiya şirkətlərinə satıb. Üstəgəl rus şirkətləri də həmin zavod və fabrikləri işlətmək marağında deyillər. Elektrik enerjisi də Rusiya şirkətinin əlindədir. Qiymət artımı da həmin şirkətin qərarı ilə həyata keçirilib. Hazırda bu qərar bir müddət ərzində dondurulub. Ermənistan prezidenti mitinqlərindən çəkindiyi üçün belə bir qərar vermək məcburiyyətində olub. Lakin insanlar evlərinə getsələr belə, sabah yeni bir sosial gərginliyin yaranacağı istisna deyil.
- Aksiyaların bundan sonrakı gedişi ilə bağlı nə düşünürsünüz?
- Serj Sarkisyanın vəziyyəti çox ağırdır. Çünki hazırda insanların bir qismi meydanı tərk etsə də, bir çoxu mitinqin davam etdirməkdə israrlıdırlar. Sarkisyan mitinqi güc vasitəsi ilə dağıda bilər. Aksiya dağıdılmadığı təqdirdə, bura daha çox insan toplaşacaq və bunun qarşısını gələcəkdə almaq mümkün olmayacaq. Hətta bu aksiyalar ikinci “Maydan”a da çevrilə bilər. Bunun qarşısını almaq üçün, Sarkisyan polisin gücündən istifadə etməyi düşünür. Lakin bu variant da çox təhlükəlidir. Çünki Sarkisyan hakimiyyətə qan üstündə gəlib. Yeni iğtişaşlar Ermənistan prezidentinin vaxtından əvvəl hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Belə bir ağır vəziyyətdə Ermənistan prezidentinin yeganə dayaq nöqtəsi Rusiyadır. Rusiya Ermənistan silah almaq üçün 200 milyon dəyərində kredit ayırıb. Həmçinin Rusiya şirkəti də elektrik enerjisində guya güzəştə getdi. Şirkət qiymət artımını yalnız bir neçə aylığa dondurub. Yəni həmin şirkət elektrik enerjisinin tarifində heç bir dəyişiklik etməyib. Elektrik enerjisinin bahlaşması ermənilərin yeganə problemi deyil. Ermənistanda həyatın bütün sahələrində vəziyyət gərgindir. Bir neçə gündən sonra başqa problem də gündəmə gələ bilər. Amma bu tələbləri yerinə yetirmək imkanı yoxdur. Çünki ermənilərin xaricdən gəlirləri də çox azalıb. Təkcə Rusiyada yaşayan ermənilər deyil, başqa ölkələrdə yaşayan ermənilər də, ölkələrinə daha az pul göndərirlər. Həmçinin iqtisadi böhranda olan Rusiya da Ermənistana sosial sahədə kreditlərin ayrılmasını dayandırıb. Rusiya Ermənistana yalnız əmirləri həyata keçirən və ondan asılı olan bir dövlət kimi baxır. Bütün bunlara görə, Sarkisyanın manevr etmək qabiliyyəti zəifləyib. Ermənistanın son iki prezidenti Dağlıq Qarabağ separatçılarına başçılıq edən şəxslər olub. Yalnız Dağlıq Qarabağda əli qana batmayan siyasətçi hakimiyyətə gələrsə, biz bu münaqişənin həllinə irəliləyişi gözləyə bilərik. Levon Ter-Petrosyanın Dağlıq Qarabağ münaqişəsinin başlamasında rolu olsa da, sonradan o da bu münaqişənin mərhələli həll edilməsi zərurətini başa düşüb. Buna görə də, o Moskvanın köməyi ilə separatçılar tərəfindən devrildi. Ermənistan cəmiyyəti və siyasətçilər başa düşməlidir ki, Azərbaycan və Türkiyə ilə münasibətlər yaxşılaşmadığı təqdirdə bu ölkəni heç vaxt xoşbəxt gələcək gözləməyəcək və onlar sürünə-sürünə yaşamaqda davam edəcəklər. Ermənilər öncə Dağlıq Qarabağ ətrafında işğal edilmiş rayonları boşaltmalıdırlar. Bu, bölgədə sülhün yaranması üçün əsas amildir. Bu addıma görə, Ermənistan regional layihələrə qoşula bilər. Ermənistana Azərbaycan və Türkiyə tərəfindən investisiyaların edilməsi ölkəni dirçəldə bilər. Həmçinin Ermənistan dövləti Dağlıq Qarabağda yaşayan əhaliyə də maliyyə ayırır. Əgər Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olarsa və sülh müqaviləsi imzalanarsa Azərbaycan dövləti erməni vətəndaşlarını da saxlayacaq. Ermənistan da Dağlıq Qarabağ yükündən azad olacaq. Ermənilər Azərbaycan ordusunun gücləndiyini də unutmamalıdır. Azərbaycan dövləti sonsuza qədər münaqişənin dondurulmuş vəziyyətdə qalmasına dözməyəcək. Azərbaycanın torpaqlarını azad etməsi təqdirdə, Ermənistan ordusu kifayət qədər ciddi itki verəcək və bu, cəmiyyətdə narazılığın artması ilə nəticələnəcək. Onsuz da, hazırda biz Ermənistanda hər həftə əsgər analarının mitinq keçirdiyinin şahidi oluruq. Ermənistanın itkiləri artdıqca, cəmiyyətdə daxili gərginlik pik nöqtəyə çatacaq. Ermənilərdən fərqli olaraq biz torpaqlarımızı işğaldan azad etmək istədiyimiz üçün, itkilərə hazırıq.
- Ermənistanda keçirilən mitinqlərin arxasında hər hansı bir xarici qüvvə dayanıbmı?
- Mən İrəvanda keçirilən etiraz aksiyalarının arxasında Qərb dövlətlərinin dayandığına inanmıram. Çox vaxt ekspertlər Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi Qərbin devirdiyini deyirlər. Yanukoviçi xalq devirdikdən sonra, ABŞ və Avropa İttifaqı alternativ qüvvələrə dəstək verməyə başladırlar. İlkin məqamda problemi xalq həll etdi. Ermənistanda da insanların küçələrə Vaşinqtonun və yaxud Brüsselin təlimatı ilə çıxarıldığına inanmıram. İnsanlar ilk növbədə pis yaşayışa görə küçələrə çıxır və etiraz edirlər. Hətta ölkə müxalifəti də bu proseslərdən kənarda qalıb. Bu hadisə qəfildən, heç kimin planlaşdırmadığı anda baş verib. Həmçinin Qərb dövlətləri Ermənistanı Rusiyanın təsirindən çıxartmağa çalışır. Ola bilsin ki, bundan sonrakı mərhələdə, yəni xalq hərəkatının gücləndiyi təqdirdə Qərb dövlətləri etirazçılara dəstək verə bilər. Biz də Ermənistanda Dağlıq Qarabağ münaqişəsinin həllini istəyən qüvvələrin hakimiyyətə gəlməsini istəyirik. Lakin Qərb dövlətləri hadisələrin gedişinə nəzarət edə bilməyi Ukraynada sübuta yetirdi. Yanukoviç ölkədən qaçsa da, xalq hərəkatı qalib gəlsə də, bütün bunlar insanların problemlərin həllinə yardım etmədi. Biz də indiki məqamda düşmən dövlətin problemlərinin dərinləşməsində maraqlıyıq. Azərbaycan istəyir ki, Ermənistanın işğalçılıq siyasətinin səhv olduğunu başa düşsün. Azərbaycanın təcrid siyasəti də artıq öz nəticələrini verir.
- Mitinqlərin inqilabla nəticələnəcəyini gözləyirsinizmi?
- Ehtimal edirəm ki, Sarkisyan prezidentlik müddətini başa vura bilməyəcək. Bütün bunlar Ermənistan prezidentinin varis tapmasını da çətinləşdirəcək. Hazırda eks-prezident Robert Köçəryan prosesləri diqqətlə izləyir. Hazırkı prezident Ermənistanı uçuruma yuvarlayıb. Sarkisyanın hakimiyyəti dövründə bütün sahələrdə geriləmələr baş verib. Hətta Sarkisyani hakimiyyətə gətirən Köçəryan da onu tənqid etməyə başlayıb. Xalq hərəkatı gücləndiyi təqdirdə, müxalifət partiyaları da bu mitinqlərə qoşula və inqilab ola bilər.
- Aksiyalar Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın mövqeyini dəyişə bilərmi?
- Aksiyaların hazırda Ermənistan xarici siyasətinə təsir edəcəyini gözləmirəm. Çünki Ermənistan hakim dairəsi və siyasətçiləri özlərinə məxsus xislətə malikdirlər. Onlar ən ağır durumda belə Dağlıq Qarabağ münaqişəsində geri addım atmaq fikrində deyillər. Bəzi erməni ekspertlər reallıqları qəbul edir. Lakin Ermənistanda bu cür düşünən insanlar və siyasətçilər çox azdır. Ermənistan prezidenti bu münaqişənin həllində hər hansı bir addım atmaq istəsə, bir neçə istiqamətdə müqavimətlə rastlaşacaq. Birincisi, millətçi daşnaklar və onlara dəstək verən separatçılar öz etirazlarını bildirəcəklər. İkincisi, Rusiya müqavimət göstərəcək. Moskva Bakıdan istədiyini almadığı təqdirdə, bu münaqişənin həllində maraqlı deyil. Üçüncüsü isə xaricdə yaşayan erməni lobbisidir. Onlar Dağlıq Qarabağ separatçılarından daha radikaldırlar. Ona görə də biz Ermənistan prezidentinin işini “asanlaşdırmalıyıq” və öz torpaqlarımızı hərbi yolla geri qaytarmalıyıq.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər