• cümə, 26 Aprel, 23:05
  • Baku Bakı 22°C

“Siz görüb edirsiniz, biz eşidərək” - Fotolar

07.03.18 10:30 5099
“Siz görüb edirsiniz, biz eşidərək” - Fotolar
30 yaşı var, 10 yaşında görmə qabiliyyətini itirib. Buna baxmayaraq, bu gün kompüterdən, telefondan rahatlıqla istifadə edir, sosial şəbəkələrdə aktivdir, yazılan mesaja operativ şəkildə səsli və ya yazılı formada cavab verir. Bundan əlavə, mütaliəni sevir, il ərzində 30-40-dan çox kitab oxuduğunu deyir. Hətta 2015-ci ildə Avropa Oyunlarında könüllü kimi də çalışıb. Bir sözlə, məqsədləri olan, pozitiv bir insandır. Pozitivliyi ilə bağlı danışanda deyir ki, hər şey insanın özünə bağlıdır. Pozitiv olmasının ona çox işdə irəli getməsinə yardımçı olduğunu deyən müsahibimiz Şəmkir rayon sakini Xanoğlan Sadiqdir.

- Görmə məhdudiyyətli insanların bir çox işləri etdiklərinə ətrafın reaksiyası həmişə möcüzə xarakterli olur. "Axı görmədən insan bu işləri necə görə bilər?” kimi fikirlər səsləndirilir. Necə edirsiniz?
- Bu suala bir neçə cür cavab vermək mümkündür. Birincisi, belə bir deyim var: əsas odur ki, insanın qəlb gözü açıq olsun. Bilirsiniz, bəzən insanlar görmək istədiklərini gördükləri üçün həqiqətləri görə bilmirlər. Həm də insan bir işdə professionallaşdıqca, deyirlər ki, gözü bağlı edə bilir. Bu, məcazi mənada deyilsə də, bizim bacarıqları mənimsəməyimizlə bağlılığı var. İnsan bir işə özünü həsr edirsə, gözü bağlı etməyi bacarırsa, artıq o işləri görmək üçün görmə qabiliyyətinin olmasına çox da ehtiyac qalmır, vərdiş sayəsində reflekslə hər işini görə bilir. Görmə əngəlli insanların istər şəhərdə hərəkət etməsi, istər əl bacarıqları, istər də başqa fəaliyyətləri sırf bununla bağlıdır. İşə sevgi, davamlı vərdiş və təcrübə sayəsində artıq bu işlər formalaşır.

- Sosial şəbəkələrdən aktiv istifadə edirsiniz, kitab oxuyursunuz, yazırsınız. Bunlar nəyin sayəsində olur?
- Kompüterlərdə JAWS For Windovs deyə ekran oxuma proqramı var. Telefonlar üçün də bunun versiyası var. Telefonda, kompüterdə ekranda olan istənilən yazını, mətni səsli şəkildə oxuyur. Əlimi kompüterdə hansı düymənin üstündə sıxıramsa, onu mənə deyir. Yaxud ox işarəsini hansı simvolun, qovluğun üzərinə gətirirəmsə, onu səsləndirir. Onun vasitəsilə mən "Word”də bir barmaqla axtara-axtara deyil, sərbəst şəkildə yazı yazıram. Ən mükəmməl yazanlar 10 barmaqla yazır, qalanlar 9 barmaqla. Mən də 9 barmaqla tam rahat mətn yaza bilirəm. Telefon da onu kimi sensordur, barmağımızı ekranda hərəkət etdirəndə hansı qovluğun üstündən keçiriksə, onu səsli şəkildə oxuyur, ikinci dəfə vuranda qovluq açılır. Məsələn, birinci dəfə üstünə vuranda deyir ki, "Whatsapp”, ikinci dəfə vuranda açılır. Tutaq ki, sizin adınızı telefonda "Aygün xanım” deyə yazmışam, əgər sizdən mesaj gəlibsə, səsli şəkildə "Aygün xanım” adlı şəxsdən neçə mesaj gəldiyini deyir. Səsli mesaj atmısınızsa, səsli mesaj gəldiyi haqqında məlumat verir. Bilirsiniz, bunlar hamısı sadə şeylərdir, xüsusi heç nəyə ehtiyac yoxdur. Siz görüb edirsiniz, biz eşidərək. Qalan hər şeydən görən adamlar kimi istifadə edə bilirik.

- Görmə qabiliyyətinizi nə vaxt itirmisiniz?
- 1997-ci ilin avqust ayı idi, 10 yaşım var idi. Sentyabr ayında 4-cü sinfə gedəcəkdim. Dərslərin başlamağına bir neçə gün qalmışdı, bir qəza nəticəsində belə oldu. Uşaq vaxtı idi, dəcəl olmuşuq, damların başında gəzmişik, yerə-göyə sığmamışıq. Uşaqlarla "Daş atdı” oynayırdıq, bir-birimizə daş atırdıq. Mənim bir gözümdə zəiflik var idi, demək olar ki, 4-5 yaşımdan sonra görmürdü. Amma o biri gözümdə heç bir problem yox idi, onunla hərəkət edirdim, məktəbə gedirdim. Sadəcə qorumaq lazım idi, amma dəcəllik etdik, "Daş atdı” oynayanda daşın biri görən gözümün qaşının üstünə dəymişdi. Bununla da gözümün tor qişa deyilən damarı qopmuşdu, sonra Moskvada əməliyyat da olundum, amma xeyri olmadı.

- Orta təhsiliniz yarımçıq qaldı?
- Bəli. 3 il orta məktəbdə oxumuşam, 4-cü sinfə 10 gün getdim. Sentyabrın 10-dan sonra gözdən əngəlli olmağım nəticəsində məktəbə getmədim. Şəmkirdə gözdən əlillər üçün məktəb olmadığı üçün orda orta məktəbi davam etdirə bilmədim, Bakıya da ailəm göndərməyib. Bizdə valideynlər övladlarını özlərindən uzağa tək göndərə bilmirlər axı.

- Görmə qabiliyyətinizi itirdiyiniz ilk dövrləri necə keçirdiniz?
- Əslində, bəlkə də uşaq olduğum üçün o günləri yüngül keçirdim. 15-18 yaşdan sonra belə bir hal baş versəydi, bəlkə də, çox ağır psixoloji fəsadları ola bilərdi. 10 yaşda şüur, təfəkkür o qədər inkişaf etmədiyi üçün düşünür ki, yəqin ki, belə olmalıymış. Fərqinə çox varmamışam deyə, həmin günləri o qədər də ağrılı keçirməmişəm. Amma məsələnin fərdi tərəfi də var. Mənim hazırda 30 yaşım var, 3 ildir ki, aktiv fəaliyyətlə məşğulam. Əl işləri hazırlayıram. Özümə şair demirəm, amma arada cızma-qaralarım olur, şeir, hekayə yazıram. 27 yaşıma qədər isə ancaq öyrənməklə məşğul olmuşam. Televiziyadan, insanlardan, dostlardan, özümdən balacalardan öyrənmişəm, məktəb oxumamışam deyə, hər bir insanı özümə bir kitab hesab etmişəm. 10 yaşımdan 27-yə qədər özümü öyrənməyə həsr etmişəm. Hər sahədə nə isə öyrənməyə çalışırdım və zamanla bunun bir nəticəsi olmalı, öyrəndiklərimi mənə qaytarmalı idı. Bir insan 17 il ərzində bilgi toplayırsa, - yanlış və ya düz olmasından söhbət getmir, cəhd edirsə, bunun bir geri dönüşü olmalı idi.

- Qeyd etdiniz ki, 3 ildir aktiv həyata başlamısınız. Bu aktivlik xüsusi bir dönüş nəticəsində yarandı, yoxsa sadəcə zamanla baş verdi?
- 2014-cü ilin sentyabrında 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə ReabilitasiyaMərkəzinə gəldim. Orada artıq 17 ildə topladığım bilik və bacarıq, potensial üzə çıxdı. Ayaq altda qalmış daşa oxşar almazı parlatmaq üçün bir zərgər lazım idi. Mərkəzdə kompüter kursuna qatıldım, sonra toxuma kursuna getdim. Beləliklə, aktiv fəaliyyətə başladım. Hazırda təlim də keçirəm, professional təlimçi deyiləm, lisenziyam yoxdur, amma öz təcrübəmi, müəyyən tədbirlərdə motivasiya xarakterli fikirləri səsləndirirəm. Ədəbi sahə ilə maraqlanıram, toxuyuram, muncuqdan müxtəlif əl işləri düzəldirəm. Həyatımı iki dövrə bölə bilərik. Mərkəzə gəlməmişdən öncə və sonra. Mərkəzə gəldikdən sonra mənim həyatımda həqiqətən də bir dönüş dövrü oldu.

- Çətinlikləriniz nələrdir?
- Məqsədlərimə gedən yolda mən də çətinliklərlə qarşılaşıram, məyus oluram, xəyal qırıqlığına uğrayıram, üzülürəm, amma çalışıram ki, bu hisslər ötəri olsun, məndə daimi qalmasın. Daimi sakin yox, qonaq olsun. 3 gündən artıq qalanda üzlərinə yaxşı baxmıram (Gülür). Mənfi duyğular hər bir insan kimi məndə də olur, amma onlar keçici olmalıdır, qalanda problem olur.

- Yaxşı danışıq qabiliyyətiniz də var...
- 2003-cü ildə ANS ÇM bölgələrdə də yayımlanmağa başladı. Demək olar ki, bütün günü evdə olurdum, radioda gözəl musiqilər verirdilər. Mən də 70-90-cı illərin Avropa musiqisini sevənəm. Ona görə günümün əsas hissəsi o radionu dinləməklə keçirdi. Hər saatın tamamında Mətanət Əliverdiyevanın təqdimatında xəbər yayımlanırdı. Radio xəbərləri də maksimum 4 dəqiqə çəkir. Ağlıma gəldi ki, aparıcı danışanda onun nitqini təkrarlayım. O danışdıqca nitqini təkrarladım. O vaxta qədər tam sərbəst danışa bilmirdim, nitqim çox zəif, söz ehtiyatım yox idi. Onun danışığını təkrarlayırdım, bəzən çatdıra bilmirdim, sözü, hərfi "yeyirdim”, amma bir neçə aydan sonra elə bir həddə çatdım ki, aparıcı ilə eyni vaxtda sinxron olaraq dayanmadan sözü təkrarlayırdım. Bu, nitqimin inkişaf etdirilməsində mənə çox kömək oldu. Ona görə həmişə deyirəm ki, mənim ilk dil müəllimim aparıcı Mətanət xanım olub.

- Bakıda yaşayırsınız hazırda?
- Yox, Şəmkirdə doğulmuşam, orda da yaşayıram. 2014-cü ildə peşə reabilitasiya mərkəzinə 6 aylıq kurs üçün Bakıya gəlmişdim, sonra rayona qayıtdım, burda öyrəndiklərimi orda tətbiq etdim. Bir aydır ki, yenə peşə reabilitasiya mərkəzindəyəm. Universitetə hazırlaşıram, inşallah daxil ola bilsəm, tələbə kimi qalıb oxuyaram. İndi Bakıda, ya hansı regionda universitetə düşəcəyimi bilmirəm, topladığım bal buna cavab verəcək.

- Hansı sahə üzrə ali təhsil almaq istəyirsiniz?
- Ağlım kəsəndən ən sevdiyim sahə politalogiya olub, amma reallığı nəzərə alanda hazırda mənim üçün uyğun olan filologiya fakültəsidir. 3-cü qrupa hazırlaşıram.

- Bütün məsələlərə pozitiv yanaşma tərziniz var. Bu pozitivlik sizə nə dərəcədə kömək olur?
- Müsbət mənada köməyi var. Fəaliyyətimdə, qarşıma qoyduğum məqsəd və hədəflərə çatmağım yolunda müsbət və əvəzsiz təsiri olur. Həyata necə baxırsansa, hər şey sənə elə qayıdır. Mən buna inanıram. Mümin Sekmanın "Hər şey səninlə başlar” adlı kitabı var, orda da qeyd olunur ki, hər şey insanın beynindən başlayır.

- Gəliriniz varmı? Əl işləri hazırlayırsınız, satışını aparırsınız?
- Birinci qrup əllilərin aldıqları 140 manat pensiyanı alıram. Əl işlərimdən demək olar ki, gəlir götürə bilmirəm. Çünki rayonda bu işə tələb demək olar ki, yoxdur. 3 ildə 100 əl işi hazırlamışamsa, onun 90-nı hədiyyə etmişəm. Həm də sırf bu işin ticarəti ilə də məşğul deyiləm. Təbliğatını aparmışam, saytlara da yerləşdirmişəm, sərgilərə də qatılmışam. Gül işini sevərək görsəm də, peşə olaraq davam etmək istəmirəm, hobbi kimi xoşuma gəlir.

- Gənc oğlansınız, ailəli deyilsiniz, bəs sevdiyiniz varmı?
- Bəli, subayçılıqdır. Hazırda sevdiyim yoxdur, amma olub, qarşılıqlı olaraq bir müddət davam edib. Lakin bir çox insan kimi mənim də başıma ayrılıq hadisəsi gəlib.

- Gələcəklə bağlı planlar nələrdir?
- Ən birinci ali təhsil almaqdır. Sonra zaman öz tələbini deyəcək, mən də ona uyğun hədəflərimi müəyyən edəcəm. Bir də yaxınlarda yox, uzun zaman üçün bir hədəfim hekayələrdən ibarət kitab, ya roman çıxarmaqdır. Amma bu, sadə bir iş deyil, özümü bu istiqamətdə tam təkmilləşdirəndən sonra mümkündür.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər